Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Xarici investorların maraq dairəsində

Xarici investorların maraq dairəsində

30.06.2022 [10:11]

Mübariz ABDULLAYEV

İqtisadiyyatın investisiya təminatı hər bir ölkənin inkişafını şərtləndirən əsas amillərdən biridir. Bu baxımdan, Azərbaycanın vəziyyəti nikbinlik üçün ciddi əsaslar yaradır. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi ilə ardıcıl şəkildə həyata keçirilən yeni nəsil islahatlar, idarəetmə mexanizminin təkmilləşdirilməsi, investisiyaların təşviqi mexanizminin işə salınması, biznes mühitinin optimallaşdırılması, uzunmüddətli dövrü əhatə edən daxili sabitlik və bu kimi digər amillər Azərbaycanın hər cəhətdən müsbət imicini formalaşdırır və ölkəmizin investisiya cəlbediciliyini artırır. Bunun təsdiqi olaraq qeyd edək ki, qısa müstəqillik tarixində respublikamıza 300 milyard dollardan artıq həcmdə investisiyalar yönəldilib ki, bunun da təxminən yarısı xarici mənbələrdən formalaşıb.

Diqqəti çəkən əsas məqamlardan biri də ondan ibarətdir ki, yerli və xarici investorlar respublikamızda yalnız ənənəvi sahə olan neft-qaz sektoruna sərmayələr yönəltmirlər. Milli iqtisadiyyatımızın qeyri-neft sektorunda da investisiya cəlbediciliyi kifayət qədər yüksəkdir. 2022-ci ilin birinci rübündə ölkəmizdə neftdən kənar iqtisadiyyat üzrə investisiya qoyuluşu 10 faizdən çox artıb. Prezident İlham Əliyev 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında Azərbaycanın yüksək investisiya cəlbediciliyinə diqqət çəkərək vurğulayıb: “Hesab edirəm ki, bu gün Azərbaycanda biznes mühiti tamamilə lazımi səviyyədədir və Azərbaycan xarici investisiya üçün olduqca cəlbedici ölkələrdəndir”.

Beynəlxalq maliyyə qurumları ilə uğurlu əməkdaşlıq

Xarici borcun azaldılması strategiyasını uğurla reallaşdıran Azərbaycana yüksək etimadın əlaməti olaraq nüfuzlu beynəlxalq maliyyə qurumları respublikamızla əməkdaşlığa böyük önəm verirlər. Belə qurumlardan biri Qara Dəniz Ticarət və İnkişaf Bankıdır (QDTİB). Bank bu günədək Azərbaycanda özəl sektora 510 milyon avro məbləğində kredit ayırıb. Bununla yanaşı, QDTİB yerli maliyyə bazarlarının inkişafında da fəal iştirak edir. Elə bu günlərdə QDTİB “Rabitəbank” və “Turanbank” ilə müqavilələr imzalayıb. Müqavilələr çərçivəsində qurum “Rabitəbank”a 10 milyon, “Turanbank”a 5 milyon dollar məbləğində kredit ayırıb. Yeni müqavilələrin imzalanması bir qədər bundan əvvəl Bakıda keçirilən QDTİB-Azərbaycan biznes forumu çərçivəsində baş tutub.

“Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanla yeni əməkdaşlıq imkanlarını nəzərdən keçirir”. Bunu bankın prezidenti Dmitri Pankin deyib. Azərbaycanın mühüm səhmdar olduğunu bildirən bankın prezidenti diqqətə çatdırıb ki, regionda baş verən proseslər fonunda QDTİB öz fəaliyyət istiqamətlərini müəyyənləşdirməlidir.

Öz növbəsində Azərbaycan da qurumla əməkdaşlığa böyük önəm verir. Bunu nəzərə çatdıran QDTİB-in Azərbaycan üzrə rəhbəri, Bankın Rəhbərlər Şurasının hazırkı sədri, maliyyə naziri Samir Şərifov vurğulayıb: “2019-cu ilin avqustun 1-də Bakı Fond Birjasında QDTİB-nin korporativ istiqrazları üzrə hərrac keçirilib və cəlb edilmiş vəsaitin özəl sektorun maliyyələşdirilməsi üçün istifadəsi nəzərdə tutulub. Bununla da QDTİB Azərbaycanda milli valyuta ilə istiqraz yerləşdirən ilk beynəlxalq maliyyə qurumu olub”. Nazir işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması prosesində QDTİB-i yerli və xarici sahibkarların biznes layihələrinə kredit dəstəyi göstərməyə dəvət edib.

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) da Azərbaycanda investisiya fəallığını artırmağa böyük maraq göstərən beynəlxalq maliyyə qurumlarının sırasında yer alır. Azərbaycanla qurumun hər iki tərəfin maraqları əsasında qurulan əməkdaşlığı davamlı səciyyə daşıyır. İndiyədək AYİB-in maliyyə dəstəyi ilə respublikamızda bir sıra layihələrin reallaşdırılması uğurla təmin edilib. Cari il aprelin sonunadək AYİB-in Azərbaycandakı aktiv portfelinin həcmi 33 layihə üzrə 823 mln. avro (ödənilməmiş öhdəliklər daxil olmaqla) təşkil edib. Bütövlükdə, bank indiyədək Azərbaycana 181 layihə üzrə 3,390 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 86,1%-i (2,917 mlrd. avro) borc götürənlər tərəfindən artıq icraya yönəldilib. Ümumi investisiyaların 12%-i özəl sektorun payına düşüb.

Avropa Yenidənqurma və İnkişaf Bankı cari il martın 15-də Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan “Qaradağ” Günəş Elektrik Stansiyasının (GES) inşasının maliyyələşdirilməsində də iştirak edəcək. Qurum BƏƏ-nin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək “Qaradağ” GES-in inkişafına, tikintisinə və sonrakı istismarına 51 mln. ABŞ dolları məbləğində uzunmüddətli üstün hüquqa malik kredit ayrılmasını təsdiqləyib.

Yeni elektrik enerjisi stansiyalarının yaradılması prioritet istiqamətlərdən

biri kimi

Azərbaycan özünün zəngin potensialından istifadə etməklə ölkə üzrə elektrik enerjisi istehsalını artırmağı hədəfləyib. Qürurverici haldır ki, respublikamız elektrik enerjisinin idxalçısından onun ixracatçısına çevrilib. Yeni yaradılan generasiya gücləri bu sahədə ölkəmizin ixrac imkanlarını daha da artıracaq. Azərbaycanın elektroenergetika potensialının yüksək olması xarici investorların da maraq dairəsindədir. Biz yuxarıda AYİB-nın “Qaradağ” Günəş Elektrik Stansiyasının (GES) inşasının maliyyələşdirilməsində iştirak etməklə bağlı niyyətini diqqətə çatdırdıq. Bütövlükdə, bu sırada yer alan xarici şirkətlərin sayı kifayət qədər çoxdur. Bu barədə söhbət açarkən  Azərbaycana dost olan Səudiyyə Ərəbistanının şirkətlərinin fəallığını xüsusi qeyd edə bilərik. 2022-ci ilin yanvar ayında bu ölkənin “ACWA Power” şirkəti tərəfindən “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Bütünlüklə xarici investisiya hesabına inşa olunacaq bu stansiyanın gücü 240 meqavata bərabərdir. “Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanda bərpa olunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaq.

Oxşar müqavilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə də imzalanıb. “Masdar” tərəfindən qurulacaq GES ildə 500 milyon kVt/saat elektrik enerjisinin istehsal olunmasına, 110 milyon kubmetr təbii qaza qənaət edilməsinə, 200 min ton karbon emissiyasının azaldılmasına, yeni iş yerlərinin yaradılmasına imkan yaradacaq. Layihənin dəyəri 200 mln. ABŞ dollarıdır. Stansiya “Cənub” yarımstansiyasına qoşulmaqla enerji sisteminə inteqrasiya olunacaq.

Qeyd edək ki, həm “ACWA Power”, həm də “Masdar” bütün dünyada tanınan şirkətlərdir. Ölkəmizlə bu qurumlar arasında əməkdaşlığın təməli də onların beynəlxalq səviyyədə fəaliyyəti ciddi şəkildə araşdırıldıqdan sonra qoyulub.  Belə ki, yüksək rəqabət və şəffaflıq mühitində üç mərhələdə seçim prosesi həyata keçirilib. Seçim prosesinin nəticəsinə müvafiq olaraq Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və BƏƏ-nin “Masdar” şirkətlərinə üstünlük verilib.

Azərbaycanın yeni generasiya güclərinin yaradılmasında əməkdaşlıq etdiyi transmilli şirkətlərdən biri də BP-dir. Bu şirkət indiyədək Xəzərin Azərbaycan sektorunda neft hasilatında fəal iştirak edib. Perspektivdə isə bu əməkdaşlıq həm də yeni generasiya güclərinin yaradılması istiqamətində davam etdiriləcək. Belə ki, şirkətin investisiyaları hesabına işğaldan azad edilmiş ərazilərin cənubunda - Cəbrayıl rayonunun ərazisində günəş elektrik stansiyası inşa olunacaq. Stansiyanın gücü 240 MVt-a bərabər olacaq.

Paylaş:
Baxılıb: 167 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Xəbər lenti

94 il əvvəl...

13 Avqust 11:31

Ədəbiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

13 Avqust 10:25

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31