Dünyada ikinci yerdə...
09.02.2022 [10:59]
Davos Forumunun enerjiyə əlçatanlıq reytinqi üzrə
Mübariz ABDULLAYEV
Hər bir ölkənin iqtisadi gücü həm də onun ixracında hansı məhsulların yer alması ilə ölçülür. Azərbaycanın ixracının strukturuna nəzər saldıqda burada xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi olduğunu görərik. Sadalanan malların hamısı strateji əhəmiyyətli məhsullardır. Dünya miqyasında eyni bir ölkənin sadalanan strateji məhsulların hamısını ixrac etməsi praktikası çox nadir hallarda rast gəlinən bir nümunədir. Qürurverici haldır ki, Azərbaycan da belə azsaylı ölkələr sırasında yer alır. Bəli, ixrac etdiyimiz məhsulların bir çoxu təbii sərvətlərdir. Ancaq Azərbaycanın timsalında biz öz təbii sərvətlərindən səmərəli istifadə edən, bu sərvətlərdən qazanılan vəsaitləri davamlı şəkildə milli-strateji məqsədlərə yönəldən bir ölkə görürük. Respublikamızın məqsədyönlü siyasətinin uğurlu nəticələrini, həmçinin respublikamızda elektrik enerjisi istehsalının artmasının timsalında izləyə bilərik.
Enerji müstəqilliyi
Müstəqilliyimizin ilk çağlarında respublikamızda elektrik enerjisi ilə təchizatda ciddi çətinliklər var idi. Əhalinin və iqtisadiyyatın elektrik enerjisinə olan tələbatı ödənilmirdi, ölkəmiz daxili ehtiyacının müəyyən hissəsini idxal hesabına qarşılayırdı. Aydın məsələdir ki, elektrik enerjisinin çatışmazlığı şəraitində insanların rifah halının yaxşılaşmasından, həmçinin iqtisadiyyatın inkişafı ilə bağlı uğurlardan bəhs etmək mümkün deyil. Buna görə də Prezident İlham Əliyev hələ 18 il bundan əvvəl qarşıya ölkə üzrə yeni generasiya güclərinin yaradılması ilə bağlı mühüm vəzifələr qoydu. Müəyyənləşdirilən hədəflərə çatmaqdan ötrü bütün ölkə üzrə müxtəlif istiqamətlərdə genişmiqyaslı işlərə start verildi. Bura magistral və paylayıcı xətlərin yenilənməsi, itkilərin azaldılması məqsədilə görülən işlər, qabaqcıl idarəetmə sisteminin tətbiqi və s. daxil idi. Bəhs olunan dövrdə yeni generasiya güclərinin yaradılması ilə bağlı statistika daha əhatəlidir. Belə ki, son 18 ildə ölkə ərazisində böyük həcmdə dövlət investisiya qoyuluşu hesabına 30-dan çox elektrik stansiyası tikilib. Bunların sırasında 525 meqavat gücündə “Sumqayıt”, təxminən 800 meqavat gücündə “Cənub”, 400 meqavata yaxın gücü olan “Şimal-2”, generasiya gücü 300 meqavat olan “Səngəçal” elektrik stansiyaları xüsusi yer tutur. Eyni zamanda, respublikamızın müxtəlif bölgələrində modul tipli beş stansiya tikilib ki, onların da hər birinin generasiya gücü təxminən 90 meqavatdır.
Aparılan belə məqsədyönlü siyasət sayəsində vəziyyət tədricən dəyişdi. Artıq bir neçə ildir ki, respublikamızın enerji müstəqilliyi tam təmin olunub. Hazırda Azərbaycan elektrik enerjisinə olan daxili tələbatını bütünlüklə yerli istehsal hesabına qarşılayır, eyni zamanda, ölkəmizin müəyyən həcmlərdə ixrac imkanları yaranıb. 2021-ci ilin sonlarına ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 7538,4 MVt təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 21,9 MVt artım deməkdir. Elektroenergetika sistemində ümumi gücü 6237,7 MVt olan 18 istilik elektrik stansiyası istismar olunur.
Təbii ki, ölkə üzrə elektrik enerjisi ilə təminatın əsaslı şəkildə möhkəmlənməsi vətəndaşların rifah halının yaxşılaşmasına müsbət təsir göstərir. İnsanlar, necə deyərlər, həyatlarının işıqlı olmasından məmnundurlar. Eyni zamanda, Azərbaycanın enerji təminatının yaxşılaşması beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Prezident İlham Əliyev Bakıda fevralın 4-də baş tutan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısındakı çıxışında bundan məmnunluğunu bildirərək vurğulayıb: “Biz elektrik enerjisi infrastrukturuna böyük həcmdə investisiya yatırmışıq və deyə bilərəm ki, Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, enerjiyə əlçatanlıq reytinqində biz dünyada ikinci yerdəyik”.
Qeyd edək ki, respublikamızda enerji güclərinin bərpası və yenilənməsi istiqamətində işlər hazırda da davam etdirilir.
Prezident İlham Əliyev fevralın 8-də yenidən qurulan dövlətlərarası strateji əhəmiyyətə malik 330/220/110/10 kilovoltluq “Yaşma” qovşaq yarımstansiyasının açılışında iştirak edib. Eyni zamanda, yaxın vaxtlarda Qobu qəsəbəsində təxminən 400 meqavat gücündə yeni elektrik stansiyasının açılışı gözlənilir. Bütün bunlar Azərbaycanın enerji sisteminin dayanıqlılığının getdikcə artmasını təsdiqləyən faktlardır.
Bərpa olunan enerjiyə keçid
Bərpa olunan enerjiyə keçid dünya üçün yeni çağırışdır. Nüfuzlu beynəlxalq enerji təşkilatlarının qiymətləndirmələrinə görə artıq dünyada bərpa olunan enerji mənbələrinin payı elektrik enerjisinin qoyuluş gücündə 36,5%-ə, elektrik enerjisinin istehsalında isə 29%-ə yüksəlib. Beynəlxalq Enerji Agentliyi 2050-ci ildə elektrik enerjisi istehsalının, təxminən 90%-nin bərpa olunan enerji mənbələrinin payına düşəcəyini, bu göstəricinin 70%-nin isə yalnız külək və günəş enerji mənbələrindən əldə ediləcəyini proqnozlaşdırır.
Azərbaycan da bərpaolunan enerjiyə keçid istiqamətində inamlı addımlar atır. Ölkəmizin enerji sistemində alternativ və bərpaolunan enerji mənbələrinin rolu getdikcə artmaqdadır. Azərbaycanda bərpaolunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Hazırda bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1300,7 MVt-dır ki, bu da ölkənin ümumi elektrik enerjisi istehsalı gücünün təxminən, 17,3%-ni təşkil edir. Qarşıya qoyulan hədəf isə 2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələdə ölkənin elektrik enerjisinin istehsal gücündə bərpaolunan enerji mənbələrinin payının 30%-ə çatdırılmasıdır.
O cümlədən ötən il Vətən müharibəsində işğaldan azad edilən ərazilərimiz də bərpaolunan enerji mənbələri ilə kifayət qədər zəngindir. Bütövlükdə, işğaldan azad edilmiş ərazilərimiz 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Respublikamızın alternativ və bərpaolunan enerji sektorunun inkişafı ilə bağlı planları genişdir. Energetika naziri Pərviz Şahbazovun verdiyi məlumata əsasən, yaxın vaxtlarda müxtəlif layihələr çərçivəsində Azərbaycan bərpa olunan enerji mənbələri sektoruna 500 mln. ABŞ dolları həcmində xarici investisiya cəlb edəcək. Son vaxtlarda icrasına başlanan layihələr bu hədəfin tam real olduğunu təsdiqləyir. Yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. “Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaq. Bu infrastruktur obyekti həm ölkəmizin enerji təhlükəsizliyinə töhfə verəcək, eyni zamanda, çoxlu iş yerlərinin yaradılmasına səbəb olacaq. Həmçinin ölkəmizin təbii qaza qənaətlə bağlı planlarında olan məsələlər də öz həllini tapacaq. Belə ki, stansiyanın işə düşməsi ilə respublikamız ildə 200 və yaxud 300 milyon kubmetr qaza qənaət etmək imkanı qazanacaq. Azərbaycanın bərpaolunan enerji sektorunun inkişafı ilə bağlı hədəflərinə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Bizim, həmçinin Xəzər dənizinin qiymətləndirilməsinə dair xüsusi proqramımız var. İlkin rəqəmlər göstərir ki, Xəzər dənizinin texniki potensialı 150 min meqavatdan çoxdur. Artıq biz bu potensialın inkişafı ilə bağlı aparıcı beynəlxalq enerji şirkətlərindən müəyyən ilkin təkliflər almışıq. Düşünürəm ki, bu, çox təbii olacaq. Çünki Azərbaycan artıq uzun illərdir özünü etibarlı enerji mənbəyi kimi sübut edib”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31

