Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Qiymət artımı: görünən və görünməyən səbəblər

Qiymət artımı: görünən və görünməyən səbəblər

19.01.2022 [10:01]

Deputatın qənaətinə görə, qiymətləri 20-25 faiz endirmək mümkündür

Mübariz

Ölkədə hər kəs bu və ya digər dərəcədə istehlak bazarı ilə əlaqədədir. Son vaxtlar istehlak bazarında baş verənlər isə heç də alıcıların ürəyincə deyil. Söhbət bazarlarda, mağazalarda, iaşə obyektlərində və xidmət müəssisələrində qiymətlərin durmadan bahalaşmasından gedir. Necə deyərlər, piyada müştərilər at belinə çıxan qiymətlərə çata bilmirlər.

 İstehlak bazarında real vəziyyət

Piştaxta arxasında dayananlar bir-birləri ilə yarışa çıxıblarmış kimi qiymətləri durmadan qaldırırlar. Hətta elə təsəvvür yaranır ki, ayrı-ayrı məhsulların qiyməti sanki hər gün dəyişir. Qiymətlərin qalxması həm ölkədə istehsal olunan, həm də xaricdən gətirilən məhsullarda müşahidə edilir. O cümlədən həm kənd təsərrüfatı, həm də sənaye  məhsulları, eləcə də əhaliyə göstərilən xidmətlər bahalaşır. Qeyd edək ki, bu dəfə istehlak bazarındakı real vəziyyətlə Dövlət Statistika Komitəsinin məlumatları əsasən üst-üstə düşür. Qurumdan verilən məlumatda bildirilir: “2021-ci ildə istehlak qiymətləri indeksi 2020-ci ilə nisbətən 106,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 108,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 105,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,8 faiz təşkil etmişdir”.

Məlumatda bahalaşan məhsulların uzun siyahısı təqdim olunur. Bura daha çox bahalaşan məhsullardan qarabaşaq yarması, makaron məmulatları, düyü, toyuq, mal və qoyun əti, təzə və dondurulmuş balıq, qatılaşdırılmış şəkərli və pasterizə olunmamış üzlü süd, pendir, kəsmik, yoqurt, xama, yumurta, kərə və günəbaxan yağları, süfrə marqarini, nar, heyva, banan, alma, armud, qoz, fındıq, xiyar, pomidor, kartof, soğan, sarımsaq, mərci, şəkər və şəkər tozu, konfetlər, çay, qəhvə və kakao tozu, limonad kimi məhsullar daxildir. Hətta iş o yerə çatıb ki, balqabağın da adı daha çox bahalaşan məhsulların siyahısında yer alıb.

Unun və çörəyin qiymətinin qalxmasını ayrıca qeyd etməliyik

Qiymətlərin qalxması marafonunda unun və çörəyin qiymətinin qalxmasını da xüsusi qeyd etməliyik. Un və çörək gündəlik təlabat məhsullarıdır və əhali mental dəyərlərimizdə xüsusi hörmətlə, şükranlıqla qarşılanan bu nemətlərin qiymətlərinə həssaslıqla yanaşır. Necə də belə yanaşılmasın? Ölkəmizdə çoxlu sayda elə insanlar var ki, hətta yağlı bir xörəklə çörək yeməsə, deyəcək ki, doymadım.

Məlumat üçün bildirək ki, ölkəmizdə taxıla olan daxili təlabatın cəmi 60 faizi yerli istehsal hesabına ödənilir. Tələbatın 40 faizi həcmində taxıl isə respublikamıza ixrac olunur. Beləliklə, respublikamızda idxal qiymətləri və emal xərcləri nəzərə alınmaqla, hazırda unun və çörəyin real qiyməti formalaşdırılıb. Belə ki, 50 kq-lıq bir kisə unun topdansatış qiyməti - 35,9 manat, 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 50 qəpik, 650 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 65 qəpik səviyyəsində müəyyənləşdirilib. Güman edirik və arzulayırıq ki, unun və çörəyin qi?­mətində olan bu dəyişiklik axarıncı yox, axırıncı olacaq.

Qiymət artımına təsir göstərən qaçılmaz reallıqlar

Əlbəttə, ekspertlərin də bildirdikləri kimi, son vaxtlarda qiymətlərin, necə deyərlər kəllə-çarxa çıxmasına birbaşa təsir göstərən qaçılmaz reallıqlar var. Dünya çapında müşahidə edilən bir sıra arzuolunmaz proseslər bizim ölkəmizə də təsirsiz ötüşmür. Pandemiya şəraitində məcburi qapanmalar və iqtisadi fəallığın artmasına mənfi təsir göstərən digər amillər bu sırada yer alır. Belə demək mümkündürsə, hazırda qloballaşan dünyanın problemləri də ümumi səciyyə daşıyır. Həmçinin iqlim dəyişiklikləri, qlobal istiləşmə, dünyanın müxtəlif regionlarında baş verən müharibələr də ərzaq məhsulları istehsalında özünün mənfi izlərini qoymaqdadır. Dünyada ərzaq məhsullarının qiymətinin mütəmadi qaydada artmasını şərtləndirən digər mühüm amil isə Çinin öz tələbatından artıq ərzaq tədarükü görməsi ilə bağlıdır. Bəli, iqtisadiyyatı getdikcə genişlənən, əhalisi artan Çin yalnız bu gününün deyil, həm də nəhəng ölkənin sabahının ərzaq təminatı qayğısına qalır. Bunun mənfi fəsadları isə dünya üzrə ərzaq məhsullarının həcmlərinin azalmasında və qiymətlərin qalxmasında öz əksini tapır.

Manipulyasiyalar yox deyil

İqlim dəyişikliklərini və mənfi xarici təsirləri heç bir halda hazırda ölkəmizin istehlak bazarında yaşananların və məhsulların göz qamaşdıran qiymətlərinin yeganə səbəbi kimi göstərmək doğru olmazdı. Yuxarıda sadalanan daha çox bahalaşan məhsulların bir çoxu ölkəmizin regionlarında yetişdirilir və yaxud milli şirkətlərimiz tərəfindən buraxılır. Belə olan halda xaricdə qiyməti qalxan hansısa bir məhsulun Azərbaycanda da çox “operativ”  qaydada bahalaşmasının məntiqini necə izah etmək mümkündür? Belə “operativliyin” adı manipulyasiyadır. Bu barədə “Yeni Azərbaycan”a danışan Milli Məclisin deputatı Vahid Əhmədov diqqətçəkən bir məqama toxundu. Ölkədə qiymətlərin bahalaşmasını “çox ciddi və fəsadlara yol aça biləcək məsələ” kimi səciyyələndirən Milli Məclisin deputatı bildirdi ki, ənənələrə görə mal-qara saxlayan hər bir fermer bir neçə aylıq yem ehtiyatını əvvəlcədən tədarük edir. Lakin biz praktikada onun şahidi oluruq ki,  yem ehtiyatını əvvəlki qiymətlərlə tədarük edən fermerlər də xaricdəki qiymət artımını bəhanə gətirərək bazara çıxartdıqları mal-heyvanın, ətin qiymətini həmən bahalaşdırırlar. Bu, doğru yanaşma sayıla bilməz.  

İnhisarçılar iş başında

Dövlət Gömrük Komitəsinin və digər müvafiq qurumların and-aman edib “ölkədə inhisarçılıq yoxdur” demələrinə rəğmən, qiymələrin qalxmasında monopolistlərin heç də az rol oynamadıqları hər kəsə gün kimi aydındır. Başqa sözlə desək, istehlak bazarında qiymətləri məhz monopolistlər diktə edirlər və yaxud bu prosesə onlar birbaşa öz təsirlərini göstərirlər. Müşahidələrə əsasən, monopolistlər istehsal, təchizat və idxal zəncirlərində özlərinin dominant mövqelərini qorumağa çalışırlar və hələlik buna nail olurlar. “Bu, bir faktdır ki, monopoliyadan tam xilas ola bilməmişik. Monopolistlər bir sıra hallarda ölkəyə onların nəzarətindən kənar malların gətirilməsinə maneçilik törədirlər. Digər bir problem topdansatış bazaları ilə bağlıdır. Sirr deyil ki, həmin bazalardan heç də hamı mal ala bilmir. Ortada dəllallar var və bu da qiymətlərə təsirsiz ötüşmür. Təəssüf ki, yarmarkalarda da buna oxşar hallarla rastlaşılır. İmkan yaratmaq lazımdır ki, fermerlər məhsullarını bazarlara özləri çıxartsınlar. Bu halda kənd təsərrüfatı məhsullarının qiymətlərində enmələri müşahidə edə bilərik”, - deyə Vahid Əhmədov bildirib.

İqtisadi qurumlar fəal işləməlidirlər

Ölkədə qiymətlərin astronomik səviyyədə yüksəlməsinin qarşısını almaq üçün müəyyən tənzimləyici alətlərdən istifadə etmək mümkündür. İlk növbədə, daxili istehsal qorunmalıdır. İstehsalın artırılmasını təşviq edən müxtəlif tədbirlərin əhatə dairəsinin genişləndirilməsinə nail olmaq lazımdır. İndiki halda gömrük idxal rüsumlarının azaldılması da baha qiymətlərdən qaçmağın mühüm yollarından biridir. Nə qədər ki, ölkəyə gətirilən mallara  yüksək gömrük rüsumları və ƏDV-lər tətbiq olunacaq, bazarlarımızda da qiymətlər aşağı düşməyəcək. Bu gün ölkənin istehlak bazarı lakmus kağızı kimi iqtisadi qurumların fəaliyyətini əks etdirir. Etiraf etməliyik ki, bu fəaliyyət qənaətbəxş deyil. “Hökumət fəal işləməlidir və qiymətlərin optimallaşmasına təsir göstərə biləcək tədbirlər görməlidir”, - deyə Vahid Əhmədov bildirib.

Rəqabət məcəlləsi qəbul edilsə...

Biz yuxarıda ölkəmizdə hələ də inhisarçılığın mövcud olmasından bəhs etdik. Bu, həm də qanunvericilik bazasının möhkəmləndirilməsi zərurətini gündəmə gətirir. Nə qədər qəribə görünsə də, indiyədək respublikamızda rəqabət məcəlləsi qəbul edilməyib. Monopolistlər də bir sıra hallarda qanunveicilik bazasındakı boşluqlardan istifadə etməklə öz şərtlərini diqtə etməyə nail olurlar. Milli Məclisin deputatı Vahid Əhmədov qəzetimizə eksklüziv müsahibəsində belə bir hüquqi sənədin qəbuk edilməsinin önəminə diqqət çəkərək vurğulayıb: “Hökumət rəqabət məcəlləsini hazırlayaraq Milli Məclisə təqdim etməlidir. Bəhs olunan sənədin qəbul olunması ilə ölkədə haqsız rəqabətə son qoymaq və qiymətlərin 20-25 faiz aşağı salınmasına nail olmaq mümkündür”.

Paylaş:
Baxılıb: 270 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

28 May 10:15

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31