TANAP enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir
21.06.2018 [10:03]
Prezident İlham Əliyev: TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur
Ardıcıllıqla həyata keçirilən məqsədyönlü siyasət sayəsində güclü dövlətə çevrilən Azərbaycan özünün geniş imkanlarından istifadə edərək regional və qlobal əməkdaşlığın dərinləşməsinə sanballı töhfələr verir. Bu barədə söhbət açarkən ölkəmizin moderatorluğu, güclü siyasi və maddi dəstəyi ilə reallaşdırılan enerji layihələrinin önəmini xüsusi qeyd etmək lazımdır. İndiyədək Azərbaycanın enerji ehtiyatlarının istehlakçılara çatdırılması üçün inşa edilən neft və qaz kəmərləri paralel şəkildə tərəfdaş ölkələrə böyük fayda gətirib. Bir neçə gün bundan əvvəl isə qardaş Türkiyənin Əskişəhər şəhərində daha bir mühüm enerji layihəsinin - TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib. TANAP Xəzərin Azərbaycan sektorunda yerləşən zəngin “Şahdəniz” yatağından hasil ediləcək qazı Türkiyədən keçməklə Aralıq və Adriatik dənizlərinə, oradan isə Avropa ölkələrinə daşıyacaq Cənub Qaz Dəhlizinin çox mühüm seqmentlərindən biridir. Prezident İlham Əliyev sözügedən təntənəli mərasimdəki çıxışında yeni enerji layihəsinin önəmindən bəhs edərək bildirib: “TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir”.
TANAP kimi nəhəng enerji layihəsinin uğurla reallaşmasında Türkiyə ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olması, o cümlədən də iki qardaş ölkənin liderlərinin siyasi iradəsi həlledici amil rolunda çıxış edib. Bu cəhətə diqqət çəkən Prezident İlham Əliyev “TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur”, - deyə vurğulayıb.
Türkiyə-Azərbaycan birliyi, qardaşlığı ölkələrimiz, bölgəmiz və Avrasiya üçün önəmli amildir
Bu gün Azərbaycanla Türkiyə arasında müxtəlif istiqamətləri əhatə edən əlaqələr xalqımızın Ümummilli lideri Heydər Əliyevin müdrik “Bir millət, iki dövlət” yanaşmasına uyğun olaraq kifayət qədər yüksək səviyyədə qurulub. İki dost və qardaş ölkənin siyasi maraqları üst-üstə düşür və bir-birini tamamlayır. Həm Azərbaycan, həm də Türkiyə regional və qlobal əməkdaşlıq platformalarında ədalət mövqeyində dayanır və daim bir-birinə möhkəm dəstək nümayiş etdirirlər. Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Azərbaycanda Türkiyənin Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə əldə etdiyi uğurlar böyük rəğbətlə qarşılanır. Hazırda Prezident Ərdoğanın yorulmaz fəaliyyəti nəticəsində Türkiyə dünya miqyasında böyük gücə çevrilib. Türkiyə o ölkədir ki, dünya gündəliyini müəyyən edir.
Azərbaycan və Türkiyə, eyni zamanda, iki ölkə arasında yüksək səviyyədə olan siyasi əlaqələrin ruhuna uyğun olaraq iqtisadi sahədə münasibətlərini dərinləşdirir və qarşılıqlı sərmayə qoyuluşunu getdikcə artırırlar. İndiyə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına təqribən 14 milyard dollar sərmayə yönəldib. Yaxın perspektivdə bu rəqəmin 20 milyard dollara çatacağı proqnozlaşdırılır. Türkiyə tərəfinin Azərbaycan iqtisadiyyatına yönəltdiyi sərmayənin həcmi isə 12 milyard dollara bərabərdir. Sərmayə qoyuluşunun belə böyük həcmlərlə ölçülməsi iki qardaş ölkənin bir-birinə olan inamını ifadə edir. Ancaq dost və qardaş ölkələrə bu qədər yatırım qoyula bilər. Kifayət qədər yüksək səviyyədə olan Türkiyə-Azərbaycan münasibətlərindən söhbət açarkən belə bir mühüm amili də vurğulamaq yerinə düşər ki, qarşılıqlı əlaqələrin möhkəmlənməsi yalnız iki ölkəyə fayda gətirmir, həm də regional və qlobal miqyasda gedən proseslərə öz müsbət təsirini göstərir. Bu məqama diqqət çəkən Prezident İlham Əliyev deyib: “Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz birliyimizdədir. Biz uzun illərdir ki, bu birliyi nümayiş etdiririk. Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bir-birini bu qədər dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün, bölgəmiz üçün, Avrasiya üçün önəmli amildir”.
İki ölkənin fəal iştirakı ilə reallaşdırılan enerji və nəqliyyat layihələrinin miqyası kifayət qədər genişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Supsa xətləri mükəmməl enerji infrastrukturudur və ötən illərdə hər iki ölkənin iqtisadiyyatına böyük fayda gətirib. İki qardaş ölkənin təşəbbüsləri ilə reallaşdırılan və 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Asiya ilə Avropanı birləşdirir. Yeni nəqliyyat infrastrukturu vasitəsi ilə yüklər daha qısa müddətdə daşınır. Prezident İlham Əliyev 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, ötən il isə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə iştirak etməsini məmnunluq hissi ilə xatırlayıb. “Bu gün bu tarixi gündə də biz birlikdəyik. Bu, onu göstərir ki, bizim təşəbbüsümüzlə irəli sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun arxasında düşünülmüş siyasət, güclü iradə və bizim qardaşlığımız dayanır”, - deyə Azərbaycanın dövlət başçısı vurğulayıb.
Bütövlükdə, regional inkişafa güclü təkan verən Azərbaycan-Türkiyə əməkdaşlığının böyük perspektivi var. Azərbaycan sərmayəsi hesabına Ege bölgəsinin ən iri limanı olan “Petlim” limanının inşa edilməsi böyük əhəmiyyət daşıyır. Qeyd edək ki, bu, Türkiyənin üçüncü böyük limanıdır. Liman iki mərhələdə istifadəyə verilib. “Petlim” gəmilərin yan alması üçün 700 metr uzunluğunda bərədən, 42 hektarlıq konteyner saxlama sahəsindən, eləcə də 150 metrlik karqo və yük bərəsindən ibarətdir. Yaxın zamanlarda “Star” neft emalı zavodunun istifadəyə verilməsi hər iki ölkənin imkanlarını daha da artıracaq. Yeni neft emalı müəssisəsinin inşası ilə Azərbaycan Türkiyəyə ən böyük sərmayə yatıran ölkəyə çevriləcək.
TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir
Məlumdur ki, son illərdə Azərbaycan qazının Avropa qitəsinə böyük həcmlərdə çatdırılması ilə bağlı bir çox müzakirələr aparılıb və daim yeni təşəbbüslər göstərilib. Lakin əfsuslar olsun ki, aparılan müzakirələr bir nəticə vermirdi. Ayrı-ayrı dairələrdə və ölkələrdə açıq dənizə çıxışı olmayan Azərbaycanın uzaq Avropaya qaz nəql etməsinə septik yanaşılırdı. Belə olan halda Türkiyə və Azərbaycan yeni bir layihəni irəli sürdülər. TANAP adlanan bu layihə üzrə anlaşmanı 2012-ci ildə İstanbul şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzaladılar.
Qeyd edək ki, TANAP layihəsinin icrası bir sıra texniki və maliyyə məsələlərinin həllini tələb edirdi. Lakin artıq bütün çətinliklər arxada qalıb. Ötən müddətdə böyük iş həcmi yerinə yetirilib. Xatırladaq ki, uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.
TANAP Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Yeni dəhliz vasitəsilə Xəzərin qaz ehtiyatları Avropa İttifaqının mərkəzi ölkələrinə çatdırılacaq. Prezident İlham Əliyev TANAP-ın istifadəyə verilməsini iki dost ölkənin növbəti zəfəri kimi dəyərləndirib: “TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir”.
Cənub Qaz Dəhlizi Avrasiyada yeni əməkdaşlıq formatı yaradıb
Bu günlərdə istifadəyə verilən TANAP-ın daxil olduğu Cənub Qaz Dəhlizi Avrasiyada yeni funksional regional və beynəlxalq əməkdaşlıq formatı yaradıb. Çox haqlı olaraq Cənub Qaz Dəhlizinin icrasına qoşulan tərəfdaşları eyni məqsəd uğrunda yumruq kimi birləşən güclü komandaya bənzədirlər. Son dərəcə böyük səylə çalışan bu komanda layihənin icrası yolunda bütün maneələri dəf etməyə və böyük məqsədə çatmağa nail olub. “Cənub Qaz Dəhlizi Avrasiyada yeni əməkdaşlıq, işbirliyi formatını təşkil edir. Əgər işimizin əvvəlində - 2000-ci illərin əvvəllərində Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı yaranmışdırsa, bu gün qeyd etdiyim kimi, yeddi ölkə bu layihədə iştirak edir. Daha üç ölkə bizim gələcək tərəfdaşlarımız kimi bu layihədə iştirak edəcək. Biz çalışmalıyıq ki, Azərbaycan qazının Avropa qitəsinə çatdırılması istiqamətində daha böyük işlər görək və bizim əhatə dairəmiz daha geniş olsun”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Biz yuxarıda Azərbaycanın, Türkiyənin və Gürcüstanın iştirakı ilə formalaşan regional əməkdaşlıq formatı çərçivəsində reallaşdırılan enerji və nəqliyyat layihələri barədə söhbət açdıq. Uğurla həyata keçirilən bu layihələr sayəsində üç qonşu dövlət arasında münasibətlər yeni çalarlarla daha da möhkəmlənib və bütövlükdə regionda müsbət reallıqlar yaranıb. Cənub Qaz Dəhlizinin reallaşdırılmasında da üç ölkənin qarşılıqlı səyləri mühüm rol oynayır.
Yeni layihənin ərsəyə gəlməsində Amerika Birləşmiş Ştatları hökumətinin böyük köməyi olub. Ümumiyyətlə, ABŞ Azərbaycanın fəal iştirakı ilə reallaşdırılan əksər layihələrə həm siyasi, həm də mənəvi və maliyyə cəhətdən dəstək göstərib. Bu baxımdan Cənub Qaz Dəhlizi layihəsi də istisna təşkil etməyib.
Eyni zamanda, irimiqyaslı enerji layihələrinin reallaşdırılmasında Böyük Britaniya hökuməti həmişə Azərbaycanın yanında olub. Böyük Britaniya hökuməti Cənub Qaz Dəhlizinin həyata keçirilməsinə də öz dəstəyini göstərib.
Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlıq formatında energetika sektoru çox böyük yer tutur. Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsində Avropa İttifaqı önəmli rol oynayıb. Hələ 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanıb. Azərbaycanın və Avropa İttifaqının təşəbbüsü ilə son dörd il ərzində Bakıda hər il Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasları keçirilir. 2015-ci ildən bu günə qədər Avropa İttifaqı bu toplantılarda ən yüksək səviyyədə təmsil olunur.
Azərbaycanın dünyada məşhur olan transmilli şirkətlərlə 1994-cü ildə “Əsrin müqaviləsi”ndən başlayan uğurlu əməkdaşlığı Cənub Qaz Dəhlizi çərçivəsində daha da möhkəmlənib. Belə ki, yeni enerji layihəsinin icrasında Azərbaycanın beynəlxalq brendə çevrilən SOCAR şirkəti, həmçinin BOTAŞ və BP kimi transmilli şirkətlər iştirak ediblər.
Bütövlükdə, Cənub Qaz Dəhlizinin icrasında yeddi ölkə iştirak edir. Bunlar Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyadır. Eyni zamanda, üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro perspektivdə layihəyə qoşulmaq niyyətlərini bildiriblər.
Digər enerji layihələrində olduğu kimi, Cənub Qaz Dəhlizinin istismarı da Azərbaycana və digər tərəfdaş ölkələrə böyük fayda gətirəcək. Həm şirkətlər, həm də layihəyə qoşulan ölkələr uzun illər ərzində yeni enerji dəhlizindən böyük iqtisadi mənfəət və siyasi dividendlər qazanacaqlar.
Yeni enerji layihəsi mənbələrin və marşrutların şaxələndirilməsi üçün geniş imkanlar açıb
Cənub Qaz Dəhlizinin icrası nəzərdə tutulan qaydada və real vaxt rejimində davam etdirilir. İndiyədək dəhlizin üç layihəsi - ehtiyatları 1,2 trilyon kubmetr qaza bərabər olan “Şahdəniz-2” yatağının işlənilməsi, Cənubi Qafqaz Kəməri və TANAP üzrə işlər bütünlüklə tamamlanıb. TAP layihəsində isə işlərin 72 faizi icra olunub. TAP-ın yaxın iki ildə bütünlüklə istismara hazır olacağı proqnozlaşdırılır. Beləliklə, Avropanın 40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi olan Cənub Qaz Dəhlizinın icrası tamamlanacaq.
Cənub Qaz Dəhlizi və onun çox mühüm seqmenti olan TANAP enerji təhlükəsizliyi məsələlərinin həllində mühüm rol oynayacaq. Yeni layihə, çox haqlı olaraq, enerji təhlükəsizliyi layihəsi kimi səciyyələndirilir. “Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Hazırda dünyanın reallıqları elədir ki, enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyi məsələsi kimi qəbul edilir. Bu barədə söhbət açarkən bir neçə il bundan əvvəl Avropa ölkələrinin üzləşdikləri çətinlikləri xatırlamamaq mümkün deyil. Soyuq qış aylarında istehlakçılara “mavi yanacaq” ötürülməsi dayandırılmışdı. Müxtəlif bəhanələr gətirilirdi. Açıq-aydın görünürdü ki, enerji amili siyasi təzyiq vasitəsinə çevrilib. Enerji mənbələrinin və marşrutların şaxələndirilməsi layihəsi olan Cənub Qaz Dəhlizi belə riskləri əhəmiyyətli dərəcədə azaldacaq. Azərbaycanın prinsipial və dəyişməz mövqeyi belədir ki, enerji amili heç vaxt siyasi təzyiq, tərəfdaşlara ambisiyalar diqtə etmək, əlavə üstünlüklər qazanmaq vasitəsinə çevrilməməlidir. Bəhs olunan dəhliz Azərbaycan üçün alternativ ixrac marşrutudur. Bununla respublikamızın müstəqil enerji siyasəti həyata keçirmək imkanları daha da artıb. Eyni zamanda, istehlakçılar öz tələbatlarını müxtəlif mənbələrdən ödəmək imkanı qazanacaqlar. Avropadakı istehlakçılar özlərinin “mavi yanacağ”a olan tələbatlarını uzun illər idi ki, eyni, dəyşməz mənbələrdən ödəmək məcburiyyətində idilər. Təkcə marşrutların şaxələndirilməsi istehlakçı ölkələrin enerji müstəqilliyini tam şəkildə təmin edə bilməzdi. Mənbələrin şaxələndirilməsinə böyük zərurət var idi. Xəzərin Azərbaycan sektorunda yerləşən zəngin “Şahdəniz” və digər yataqlar Avropa istehlakçıları üçün yeni mənbələrdir. Beləliklə, biz Cənub Qaz Dəhlizinin timsalında həm enerji mənbələrinin, həm də marşrutların şaxələndirilməsinin şahidi oluruq. “Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Enerji təhlükəsizliyi isə hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Cənub Qaz Dəhlizinin önəmi məhz bundadır - enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı yeni yollarla Türkiyəyə və Avropa bazarlarına çıxarılacaqdır. Cənub Qaz Dəhlizi həm yeni yollar, həm də yeni mənbə layihəsidir. Bu, sözün əsl mənasında, enerji şaxələndirilməsi məsələsinə xidmət göstərir”, - deyə Prezident İlham Əliyev bildirib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19

