Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / 2026-cı ildə vergi siyasətinin əsas istiqamətləri

2026-cı ildə vergi siyasətinin əsas istiqamətləri

07.11.2025 [10:36]

Məlum olduğu kimi, 2026-cı ilin dövlət büdcə layihəsinin Milli Məclisin komitələrində müzakirəsinə başlanılıb. Büdcənin ilkin göstəriciləri barədə məlumatlar ictimaiyyətə təqdim edilib. Eyni zamanda, büdcə layihəsində bir sıra fiskal alətlər, o cümlədən növbəti ildə vergi-gömrük siyasətinin əsas istiqamətləri barədə təkliflər öz əksini tapıb. Həmin təkliflər paketində ən mühüm və son günlər ictimaiyyətdə xüsusi maraq doğuran məqamlardan biri 2026-cı ildən etibarən muzdlu işlə bağlı gəlirlər və sosial sığorta ödənişləri üzrə mexanizmin tətbiqidir. Bu qərar əslində yenilik deyil, 2019-cu ildə özəl sektorda və qeyri-neft  bölməsində qüvvəyə minmiş gəlir vergisi güzəştlərinin bərpasına keçiddir. Belə ki, 2019-cu il yanvarın 1-dən tətbiq edilən vergi və sosial qanunvericiliyin tələblərinə əsasən, özəl sektorda çalışanlar üçün 7 illik vergi güzəştlərinə start verilmişdi və həmin müddət gələn il yanvarın 1-də bitir.

Kölgədən şəffaf və leqal əmək bazarına keçid

Yeri gəlmişkən, 2019-cu ildən tətbiq edilən gəlir vergisindən azadolma siyasəti ölkəmizin əmək bazarının leqallaşdırılmasında dönüş nöqtəsinə çevrilib. Bu qərar minlərlə işçinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsinə, qeyri-formal məşğulluğun əhəmiyyətli dərəcədə azalmasına şərait yaradıb. Belə ki, 2019 -2024-cü illər ərzində əmək müqavilələri üzrə işçilərin sayı 34 faiz artaraq 1 milyon 873 min nəfərə çatıb. Qeyri-neft sektorunun özəl bölməsində məşğulluq 82 faiz artıb, əməkhaqqı fondu 2,5 dəfə böyüyərək 24 milyard manata, sosial sığorta haqları üzrə daxilolmalar isə 5,7 milyard manata yüksəlib.

Bu dinamika həm iqtisadi fəallığın, həm də sosial ədalət mexanizmlərinin gücləndiyini sübut edir. Dövlətin atdığı addımlar nəticəsində işçilərin sosial müdafiəsi artıb, sahibkarlar üçün isə sabit və proqnozlaşdırıla bilən vergi mühiti formalaşıb.

Səmərəli və optimal vergi mexanizmi

Hökumət 2019-cu ildən əvvəlki vergitutma mexanizminə qayıtmaq istəmədiyindən bu sahədə ədalətli və özəl bölməyə ağırlıq yaratmayan mütənasib və səmərəli vergi siyasətinə keçməyi qərara alıb. Belə ki, əvvəlki gəlir vergisi üzrə metodologiyaya əsasən,  (2019-cu ildən əvvəl) 2500 manatadək olan əməkhaqqından 14 faiz, 2500 manatdan artıq gəlirdən isə 25 faiz vergi tutulduğu halda, hökumət bu sxemə təkrar geri qayıtmayaraq, tamamilə başqa vergi dərəcələr təklif etməklə özəl sektor üçün optimal vergitutma mexanizmi formalaşdırır. Mərhələli şəkildə artırılacaq yeni vergi sxeminin növbəti ildə dərəcəsi 3 faiz təşkil edəcək ki, bu da mövcud 14 faizlik dərəcədən 11 faiz azdır. Belə ki, 2026-cı ildən etibarən, işçilərin əksəriyyətini əhatə edən 2500 manatadək gəliri olan şəxslər üzrə gəlir vergisi 3 faiz olacaq. Nəticədə, qanunvericiliyə uyğun olaraq dövlət seltorunda qüvvədə olan 14 faizlik vergi yükünə nisbətən özəl sektorun gəlir vergisi 80 faiz azalma ilə davam edəcək. 2027-ci ildə isə bu rəqəm 5 faizə çatdırılacaq və yenə də 14 faizlik vergi yükünə rəğmən 65 faiz azalma ilə müşayiət olunacaq. Özəl sektorun gəlir vergisi 2028-ci ildən isə 7 faizə çatdırılacaq ki, bu da digər sektor təmsilçiləri ilə müqayisədə 50 faiz az vergitutma deməkdir.

Bu siyasətin mərhələli şəkildə həyata keçirilməsi sahibkarlara və işçilərə yeni vergi qaydalarına rahat uyğunlaşmağa kömək edəcək. Yəni biznesə birbaşa yük düşməsinin qarşısı alınacaq.  Verginin mərhələli tətbiqi iqtisadiyyatda qiymətlərin və maaşların sabit qalmasına da dəstək verəcək. Nəticədə həm işçilər, həm də sahibkarlar üçün daha təhlükəsiz keçid təmin ediləcək.  Yeni qaydalar üzrə özəl sektorun muzdlu işdən əldə olunan gəlirlərə münasibətdə ümumi vergi yükü 33-37 faiz olacaq ki, bu da region ölkələrindəki ümumi  yük ilə eyni, bir çox ölkələrlə müqayisədə isə bir qədər aşağı səviyyədədir.

Sosial və tibbi sığorta haqlarında azalma

Növbəti ildə vergi siyasəti ilə paralel olaraq, özəl sektorun ümumi ödənişlər yükünü azaltmaq üçün sosial sığorta sistemində dəyişikliklər nəzərdə tutulur. Belə ki, aylıq gəliri 8 min manatdan çox olan şəxslər üçün sosial sığorta dərəcəsinin 25 faizdən 21 faizə endirilməsi əmək motivasiyasını artıracaq, yüksək ixtisaslı mütəxəssislərin özəl sektorda fəaliyyətini təşviq edəcək.  İcbari tibbi sığorta haqları isə  4 faizdən 1  faizə endiriləcək. Bu mexanizm həm işəgötürən, həm də işçi üçün daha ədalətli yük bölgüsü yaradacaq, işəgötürənlərin xərclərini azaltmaqla yeni iş yerlərinin açılmasına və maaş fondlarının genişlənməsinə təkan verəcək. Yeni mexanizm həm sosial sabitliyi, həm də iqtisadi dinamizmi eyni anda gücləndirən balanslı model kimi çıxış edir.

Beləliklə, yeni gəlir və sosial sığorta mexanizmi Azərbaycanın iqtisadi idarəetməsində yeni bir mərhələyə keçidin əsasını 2019-cu ildən bəri həyata keçirilən islahatlar iqtisadiyyatı stimullaşdırmaq və adaptasiya dövrünü keçmək məqsədi daşıyırdı və hökumət faktiki olaraq bu məqsədlərə nail olub. Yeni dövrdə isə əsas hədəf sabitlik, davamlı sosial təminat və bərabər əmək münasibətlərinin qurulmasıdır. Bu baxımdan işçi və işəgötürən üçün daha aydın qaydalar, gəlirlərin şəffaf uçotu, sosial fondların dayanıqlılığı və yerli istehsalın təşviqi bu modelin əsas istiqamətləridir.

Sahibkarlığın dəstəklənməsi, investisiyaların təşviqi

Onu da xatırladaq ki, dövlət  Vergi Məcəlləsində bir sıra optimallaşma və güzəşt tədbirlərini də nəzərdə tutur ki, bu dəyişikliklərin də əsas mahiyyəti kiçik və orta sahibkarlığa dəstək məqsədi daşıyır. Belə ki, illik dövriyyəsi 200 min manat olan vergi ödəyicilərinin ƏDV qeydiyyatına düşməsinin və vergi yükünün artmasının qarşısını almaq üçün hövbəti ildən həmin sahibkarların illik dövriyyəsi 400 min manata çatdırılacaq. Nəticədə onlar ƏDV qeydiyyatına düşmək öhdəliyi ilə üzləşməyəcəklər və aşağı vergi rejimində sahibkarlığın inkişafı təşviq olunacaq.

Habelə ictimai iaşə müəssisələrində çalışan biznes təmsilçiləri 3 il müddətinə POS-terminal vasitəsilə qəbul etdikləri ödənişlər üzrə formalaşan dövriyyənin 50 faizini ƏDV-dən çıxacaq ki, bu da nəticədə onların 6 faizlə vergiyə cəlb edilməsinə səbəb olacaq. Eləcə də kənd təsərrüfatında istehsalçıları dəstəkləmək və əhalinin ekoloji təmiz məhsullarla təminatını artırmaq məqsədilə yeni vergi təşəbbüsü qüvvəyə minəcək, balıqçılıq sahəsi üçün yeni vergi güzəştləri nəzərdə tutulur. Eyni  zamanda, sahibkarlığın dəstəklənməsi və strateji sahələrə investisiyaların təşviqi, vergi və gömrük inzibatçılığı mexanizmlərinin  təkmilləşdirilməsi  kimi  addımlar atılması da planlaşdırılır.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 65 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

YAP xəbərləri

MEDİA

Bakıda ilk dəfə...

07 Noyabr 09:51

Mədəniyyət

Sosial

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30