Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan qlobal enerji bazarında ciddi rola malik olan bir ölkə kimi özünü təsdiqləyib

Azərbaycan qlobal enerji bazarında ciddi rola malik olan bir ölkə kimi özünü təsdiqləyib

07.03.2013 [01:05]

Yanacaq resurslarının nəqlinə başlandığı gündən diversifikasiya siyasətinə üstünlük verən Azərbaycanın atdığı qətiyyətli addımlar çoxşaxəli enerji marşrutları sisteminin yaradılmasına mühüm töhfə verib
Enerji siyasəti bu gün dünyada mühüm və strateji rola malikdir. Qloballaşan dünyanı enerji təhlükəsizliyi məsələsindən kənarda təsəvvür etmək qeyri-mümkündür. Son illər bu problem bəşəri əhəmiyyətli məsələ kimi dünyanın diqqət mərkəzindədir. Belə ki, müasir dünyada iqtisadiyyatın və əhalinin davamlı olaraq yanacaq-enerji resursları ilə təchizatı və enerji effektliyi problemi ölkənin enerji təhlükəsizliyinin əsasını təşkil edərək, dövlətin inkişaf səviyyəsinin mühüm göstəricilərindən biri hesab olunur. Zəngin təbii sərvətlərə, davamlı iqtisadiyyata və müasir texnologiyalara malik olan müstəqil Azərbaycan dövləti dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində də aparıcı rola malikdir. Müstəqillik əldə etdikdən sonra bir sıra iri regional və beynəlxalq enerji layihələrinə imza atan Azərbaycan bu istiqamətdə həyata keçirdiyi strategiyanı hazırda da uğurla davam etdirir. Bu gün ölkəmiz Avropanın əsas enerji tərəfdaşına çevrilib və bu qitənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Rəsmi Bakının bu strategiyası ölkəmizin regionda mövqeyini möhkəmləndirməklə yanaşı, xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişafına da müsbət təsir göstərməkdədir.
Məlum olduğu kimi, ötən əsrin 90-cı illərində Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə beynəlxalq tərəfdaşlarla uzunmüddətli əməkdaşlıq şəraitində ölkənin zəngin təbii sərvətlərinin istifadə edilməsi haqqında strateji qərarın qəbul olunmasıyla həm də Azərbaycanın Avropada enerji təhlükəsizlik tələbatlarına töhfə verməyə hazır olduğu nümayiş etdirildi. “Əsrin müqaviləsi” və 1996-cı ildə “Şahdəniz” qaz yatağının işlənilməsi üzrə müqavilə Azərbaycanın enerji siyasətinin inkişaf etdirilməsi üçün ciddi əsaslar yaradıb. Bu siyasət nəticəsində 1994-cü ildən başlayaraq Azərbaycan regional əməkdaşlıq və inteqrasiyaya töhfə verən, regionu Avropaya daha da yaxınlaşdıran bir sıra enerji və nəqliyyat layihələrini həyata keçirib. Azərbaycan Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Tbilisi-Ərzurum (BTƏ) əsas neft və qaz ixrac boru kəmərlərini istifadəyə verməklə və Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu layihəsini həyata keçirməklə, həm Şərq-Qərb enerji və nəqliyyat dəhlizinin reallaşmasına, həm Avropanın enerji təhlükəsizliyinə, həm də regionun tranzit əhəmiyyətinin artmasına öz töhfəsini vermiş olur. Bu layihələrdən əldə edilən siyasi və iqtisadi mənfəətlərlə yanaşı, Azərbaycan regional əməkdaşlığın gücləndirilməsində də aparıcı dövlətə çevrilib.
Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bildirib ki, Azərbaycan dünya miqyasında qlobal enerji bazarında ciddi rola malik olan bir ölkə kimi artıq özünü təsdiqləyib: “Bəzi Avropa ölkələrinin enerji balanslarında Azərbaycanın enerji daşıyıcıları 30-35 faiz təşkil edir. Yəni, biz bu baxımdan, bir neçə Avropa ölkəsinin enerji təhlükəsizliyində bilavasitə iştirak edirik. Əgər bizim zəngin qaz resurslarımızı da buna əlavə etsək və bayaq qeyd etdiyim kimi, deməli, irəli sürülmüş layihələri uğurla, vaxtında icra etsək, Azərbaycan onilliklər bundan sonra Avropanın, bölgənin, dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində əvəzolunmaz rol oynayacaqdır. Əlbəttə bu, bizim həm iqtisadi, həm siyasi çəkimizi artıracaqdır. Mən buna çalışıram. Hesab edirəm ki, biz buna nail ola bilmişik ki, bu gün Azərbaycan istənilən sahədə doğrudan da, çox ciddi beynəlxalq oyunçuya çevrilibdir”.
Hazırda BTC neft boru kəməri və BTƏ qaz boru kəməri Avropa və digər beynəlxalq bazarlara Azərbaycan və Mərkəzi Asiyanın neft və qazını çatdırır. Bu cür layihələr Azərbaycanla yanaşı, Gürcüstan və Türkiyənin inkişafı və rifahına xidmət edir, bütöv regionun təhlükəsizliyini möhkəmləndirir. Məhz, 2004-cü ildə Avropa İttifaqı ilə sıx əməkdaşlıq çərçivəsində irəli sürülən “Bakı prosesi” adlanan təşəbbüs Qara və Xəzər dənizlərinin sahilinə çıxan dövlətləri, eləcə də, Aİ-ə üzv ölkələri daha geniş regional enerji əməkdaşlığına aid problemləri müzakirə etmək məqsədilə bir araya gətirmək məqsədini daşıyırdı. Digər məqsəd regionda enerji tranziti və ticarətin asanlaşdırılması üçün imkanların birgə araşdırılması idi.
Göründüyü kimi, iri qaz istehsalçısına çevrilən ölkəmiz hasil etdiyi təbii qazın müxtəlif marşrutlarla ixracında da maraqlıdır. Bu gün Azərbaycan qazı Rusiya, İran, Gürcüstan və Türkiyəyə ixrac edilir. Yəni, hazırda Azərbaycan qaz ixracı marşrutlarının diversifikasiyasına nail olub. Ölkəmizin enerji sektorunun inkişafı, “Şahdəniz” layihəsinin ikinci mərhələsinə hazırlıq, “Ümid” yatağının kəşfi və işlənməyə hazırlanması, “Abşeron” blokunda iri qaz yatağının aşkarlanması və digər perspektiv işlər isə yaxın illərdə Azərbaycanda təbii qaz hasilatının həcminin əhəmiyyətli surətdə artacağına dəlalət edir. Bu isə yeni ixrac imkanlarını inkişaf etdirmək zərurəti yaradır. Bu baxımdan, Trans-Anadolu qaz kəməri layihəsinin (TANAP) reallaşdırılması xüsusi əhəmiyyətə malikdir. Əksər ekspertlərin vurğuladığı kimi, Azərbaycan və Türkiyə arasında imzalanan TANAP-ın reallaşması da dünyada enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcək. Belə ki, sözügedən layihə Türkiyə-Azərbaycan enerji əməkdaşlığını inkişaf etdirməklə yanaşı, həm də, Avropanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır.
Xatırladaq ki, ötən il iyunun 26-da İstanbulda Azərbaycanla Türkiyə arasında imzalanan tarixi sənəd noyabr ayında parlamentdə ratifikasiya edildikdən sonra Prezident İlham Əliyev “Azərbaycan və Türkiyə hökumətləri arasında təbii qazın Türkiyəyə satışı və Azərbaycandan gələn təbii qazın Türkiyə ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” sazişin təsdiq edilməsi haqqında qanunu imzalayıb.
Əlavə edək ki, Türkiyə TANAP layihəsində Azərbaycanın əsas tərəfdaşıdır. Layihənin reallaşdırılması ilə Türkiyənin Gürcüstandan başlayan sərhədindən Avropada bitən sərhədinə qədər olan məsafədə Xəzər hövzəsindən çıxan Azərbaycan qazının Avropa bazarlarına birbaşa nəqli nəzərdə tutulur. TANAP layihəsi iki ölkənin bu sahədə tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə, həmçinin, Xəzərin Azərbaycan sektorundan çıxan zəngin qaz ehtiyatlarının (hazırda 2,6 trilyon kubmetr qaz ehtiyatı aşkarlanıb) Türkiyə vasitəsilə Avropa bazarlarına çıxarılması, birinci əldən realizə olunması və əldə olunmuş gəlirin Azərbaycanın və müvafiq olaraq Türkiyənin inkişafına yönəldilməsinə, dünyada enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək. 7 milyard dollarlıq bu layihə 5 il içində tamamlanacaq və ilkin olaraq keçiriciliyi 16 milyard kubmetr olan boru kəmərinin gücünün sonradan 50 milyard kubmetrə çıxarılması nəzərdə tutulur. 80 faizi Azərbaycana, 20 faizi Türkiyəyə (“BOTAŞ” və TPAO şirkətləri) məxsus olacaq Trans-Anadolu qaz kəməri ilə nəql ediləcək qazın 6 milyard kubmetri Türkiyənin daxili ehtiyacları, 10 milyard kubmetri isə Avropaya satış üçün nəzərdə tutulur.
Sözügedən layihə 4 mərhələdə həyata keçirilərək. Onun ilk mərhələsi 2018-ci ildə başa çatacaq, 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd. kubmetrə, 2023-cü ildə 23 mlrd. kubmetrə, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. Gələcəkdə isə Bolqarıstan, Rumıniya, İtaliya istiqamətində uzana, TAP-a (Transadriatik boru kəməri) da qoşula bilər.
Qeyd edək ki, “Şahdəniz-II” layihəsi çərçivəsində hasil olunacaq təbii qazın nəqlini təmin etmək üçün Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Azərbaycan və Gürcüstan hissələrinin (Səngəçaldan tutmuş Gürcüstan-Türkiyə sərhədinədək) buraxılış gücünün artırılması da əsas hədəflərdəndir. TANAP layihəsinin işə düşməsi “Şahdəniz-II” layihəsi üzrə qaz hasilatına başlanması vaxtı ilə uzlaşdırılıb və 2017-ci il üçün nəzərdə tutulub.
TANAP layihəsinin reallaşması nəticəsində ARDNŞ-in Türkiyəyə yatırdığı investisiyaların həcmi 17 mlrd. dollara çatacaq. Layihənin reallaşması nəticəsində Türkiyə sənayesinə ən çox investisiya yatıran şirkət ARDNŞ, ən böyük ölkə isə Azərbaycan olacaq.
Sözügedən müşavirədə Azərbaycanın təşəbbüskarı olduğu TANAP layihəsinin əhəmiyyətini vurğulayan dövlət başçısı bildirib ki, TANAP layihəsi regional çərçivədə artıq qəbul edilir: “Çox şadam ki, biz indi tərəfdaş ölkələrlə bu layihənin icra edilməsi üçün konkret tədbirlər görürük və 2013-cü ildə əlavə tədbirlər görüləcəkdir. Bu layihənin icrası bizim uzunmüddətli inkişafımızı təmin edəcəkdir. Vaxtilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin layihəsi də Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanı irəliyə aparan layihə kimi təqdim edilmişdir. Bu gün biz bunun gözəl bəhrələrini görürük. TANAP layihəsi də bundan sonra onilliklər ərzində Azərbaycanın iqtisadi və digər maraqlarını eyni dərəcədə təmin etmək üçün çox ciddi bir vasitə olacaqdır. Bu layihənin icrası üçün güclü iradəmiz vardır. Bu, birinci növbədə lazım olan məsələdir. Eyni zamanda, texniki imkanlarımız vardır. Əvvəlki layihələrin icrası nəticəsində əldə edilmiş maliyyə imkanlarımız vardır. Beynəlxalq maliyyə qurumları ilə səmərəli əməkdaşlığımız da artır və bu, gözəl tarixə malikdir”.
Beləliklə, yanacaq resurslarının nəqlinə başlandığı gündən diversifikasiya siyasətinə üstünlük verən Azərbaycanın atdığı qətiyyətli addımlar regionun və dünyanın enerji təhlükəsizliyini təmin edib, çoxşaxəli enerji marşrutları sisteminin yaradılmasına əlverişli zəmin yaradıb. Azərbaycan hökuməti nümayiş etdirdiyi siyasi iradə ilə trans-enerji layihələrinin çəkilişinə səbəb olub, Avro-Asiya Neft Nəqli Dəhlizi sisteminin yaradılmasını reallaşdırıb. Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan enerji siyasətini həyata keçirərkən neft və qaz amilindən heç vaxt siyasi məqsədlər üçün istifadə etməyib və tərəfdaşları ilə qarşılıqlı səmimiyyət prinsiplərinə söykənib. Bunu daha açıq şəkildə ölkəmizin neft və qaz ixrac etdiyi dövlətlərə olan münasibətlərinin fonunda müşahidə etmək olar.
SEVİNC

Paylaş:
Baxılıb: 1386 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30