Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Valyuta Fondunun nikbin proqnozu...

Valyuta Fondunun nikbin proqnozu...

18.04.2024 [10:44]

Azərbaycanda iqtisadi artımın yüksələcəyi gözlənilir

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda iqtisadi artımla bağlı proqnoz göstərcilərində dəyişikliklər edib. Təşkilatın “World Economic Outlook” adlı aprel hesabatında qeyd edilir ki, Azərbaycanın makroiqtisadi göstəriciləri əvvəlki ilə nisbətdə daha da yaxşılaşacaq. Belə ki, Fondun ilin əvvəlindəki proqnozunda Azərbaycanda 2024-cü il üzrə iqtisadi artımı 2,5 faiz proqnozlaşdırıldığı halda, yeni proqnoz ssenarisində ümumi daxili məhsulun (ÜDM) artımı üzrə proqnoz 2,8 faiz səviyyəsinə yüksəldilib. 2025-ci ildə isə iqtisadi artımın 2,3 faiz təşkil edəcəyi ehtimal olunur.

Valyuta Fondu Azərbaycanda iqtisadi artımı niyə yüksəldib?

Əvvəla, bəzi beynəlxalq maliyyə institutları 2024-cü ildə qlobal geosiyasi proseslərin, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən gərginliyin fonunda beynəlxalq enerji bazarlarında enerji daşıyıcılarının qiymət sabitliyinin pozulacağını, xüsusilə də neftin qiymətində enişlərin baş verəcəyinə, neftin orta bazar qiymətinin 70 dollar olacağına dair gözləntilərlə çıxış edərək bunun neft ixrac edən ölkələrin iqtisadiyyatını təsirləndirəcəyini irəli sürürdülər. Bu xüsusda da Azərbaycanın neft-qaz satışlarından gəlirlərinin azalması müqabilində iqtisadi artım tempinin 2 faizdən çox olmayacağı ehtimal olunurdu. 2024-cü ilin birinci rübü bu ehtimalların doğru olmadığını təsdiqlədi. Neftin dünya birjalarında orta qiyməti 85-90 civarında olmaqla nəinki enerji ixracatçılarının gəlirlərinə və tədiyyə balanslarına mənfi təsirlər etdi, əksinə əlavə dəyərlərin yaranması üçün kapital resurslarının dayanıqlılığını motivasiya etdi.

İkincisi, Azərbaycan iqtisadiyyatı 2024-cü ilin ilk rübündə özünün iqtisadi artım gücünün neftdən deyil, qeyri-neft sahələrindən asılı olmasını nümayiş etdirməklə, ÜDM-in enerji amili üzərində dayanmadığını isbatladı. Belə ki, cari ilin yanvar-mart aylarında ölkəmizdə 29 milyard manatdan çox ÜDM istehsal olunub ki, bu nominal və fiziki dəyər etibarilə əvvəlki ilin müvafiq göstəricisindən 4 faiz çoxdur. ÜDM-in mövcud artım dinamikası həm də dünya üzrə ümumi iqtisadi artım göstəricisindən (3,5-4) yüksəkdir. ÜDM-in strukturuna diqqət etdikdə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyərin cəmi 0,4 faiz, qeyri neft-qaz sektorunda isə 6,7 faiz artdığını görə bilərik. Bu rəqəmlər bir daha onu göstərir ki, Azərbaycanda əlavə dəyərin baza sütunu artıq enerji sektoru deyil, iqtisadi inkişafın əsas ağırlıq yükü və dayanıqlı sütunları birbaşa qeyri-neft sektorun? əsaslanır. Hazırda qeyri-neft sektorundakı artımın 6,7 faiz təşkil etməsi iqtisadi inkişafın hərəkətverici drayverlərinin artıq daha işlək olmasından xəbər verir.

Onu da vurğulamaq lazımdır ki, qeyri-neft sektorunun artmasında əsas amillər biznes sektorunun fəallığımnın yüksəlməsi, tikinti-inşaat, xidmət, turizm sahələrində yeni əlavə dəyərin formalaşması, neftdən kənar sahələrdə yığım mənbələrinin genişlənməsi, şəffaflaşma ilə bağlı görülən tədbirlər, bölgələrdə yeni müəssisələrin yaradılmasıdır.

Bir məqamı da nəzərə çatdıraq ki, qeyri-neft sektorunda yaranan əlavə dəyərin əsas resurs mənbəyi  və ya fiskal yığım gücü birbaşa qeyri-neft vergilərinin üzərində cəmləşməkdədir. Bu səbəbdən 2024-cü ilin ilk rübündə ötən illərdən davam edən qeyri-neft fiskal yığımlarının artımı qeydə alınmaqdadır. Belə ki, 2024-cü ilin ilk rübündə vergi daxilolmalarında qeyri-neft vergilərinin payı 11,3 faiz çoxalıb və 3 ayda  qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 2,9 milyard manat təşkil edib. Bu, ümumi vergilərin 68 faizi deməkdir. Hazırda ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə çatmaqdadır və bu amil həm də onu göstərir ki, ÜDM-in qeyri-neft bölməsi ilə vergi yığımlarının qeyri-neft sektorunda paralel olaraq artımlar gedir.

Bütün bu meyilləri nəzərə alan Valyuta Fondu Azərbaycanda qeyri-neft iqtisadiyyatının inkişaf templərini nəzərə alaraq, iqtisadi artıma dair proqnozları yaxşılaşdırıb. Fondun ortamüddətli dövr üzrə də proqnozları olduqca nikbindir və  hesabatda 2024-2028-ci illərdə Azərbaycan iqtisadiyyatının orta illik artım tempinin 2,3 faiz, 2029-2032-ci illərdə isə illik 2,4 faizdən yuxarı olacağı əks etdirilib.

Qeyd edək ki, BVF-nin cari və ortamüddətli dövr üzrə proqnozları Azərbaycan hökumətinin inkişaf ssenariləri ilə təxmini olaraq üst-üstə düşür.

Proqnozlara əsasən  ortamüddətli  dövrdə ölkədə qeyri-neft ÜDM-nin həcminin 2024-cü ilin sonuna 84,2 milyard manat, 2027-ci ildə isə 106,8 milyard manata qədər artacağı və real artım tempinin 4,6-5 faiz intervalında olacağı gözlənilir. 2023-cü ildə neft-qaz sektoru üzrə ÜDM-nin real ifadədə 0,3 faiz azalacağı gözlənilir. Neft-qaz sektorunun ümumi iqtisadi artımda payı tədricən azalacaq və artımın əsas hərəkətverici dayağı qeyri-neft sektoru olacaqdır. Belə ki, ÜDM-də 2023-cü il üzrə qeyri-neft gəlirlərinin 77,6 milyard manat və ya 64,9 faiz, 2024-cü ildə 84,2 milyard manat və ya 71,1 faiz təşkil edəcəyi gözlənilir. 2027-ci ildə isə bu rəqəmin 106,8 milyard manat və ya 78,7 faizə çatacağı proqnozlaşdırılır. Neft-qaz ÜDM-nin payı isə cəmi 21,3 faiz təşkil edəcək.

Qarşıdakı illərdə Azərbaycanın qeyri-neft sektoru üzrə gəlirlərin yüksək artımında əsas mənbələrdən biri kimi işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası da mühüm rol oynayacaq. İşğaldan azad edilmiş ərazilərimizdə bir çox iqtisadi fəaliyyət sahələrinin inkişaf potensialının olmasını nəzərə alsaq, yaxın 4-5 ildə bu bölgənin iqtisadi artıma töhfələri olacaqdır. Belə ki, kənd təsərrüfatı sahələrindən arıçılıq və maldarlıq balıqçılıq potensialı olan Zəngilan, Kəlbəcər, Qubadlı, Cəbrayıl, Xocalı, Laçın, Tərtər və Füzuli rayonlarında artıq aqrar layihələrin təməlləri qoyulmaqdadır. Yaxın perspektivdə bu bölgədə ən azı 232 min hektar sahədə əkinlərin olacağı proqnozlaşdırılır ki, bu da ölkə üzrə bitkiçilik məhsullarının istehsalının təxminən 12-15 faiz artımına səbəb olacaqdır. Hazırda bu ərazilərdə heyvandarlıq təsərrüfatlarının yaradılması işləri də davam etdirilir. Həmin bölgədə təqribən 45 min ton ət və 240 min ton süd istehsalının olacağı proqnozlaşdırılır ki, bu da idxalın əvəzedilməsi və ərzaq təhlükəsizliyinin gücləndirilməsi baxımından regionun əhəmiyyətinin böyük olmasını bir daha göstərir. Azərbaycanda qeyri-neft iqtisadiyyatının potensiallarının güclənməsində işğaldan azad edilmiş rayonların töhfəverici rolunun möhkəm bazalardan biri olacağına dərin zəmin yaradır.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 192 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Maraqlı

Fədakar alim...

25 May 11:30

Ədəbiyyat

Qadının kəşfi

25 May 11:20

Gündəm

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31