Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / “Elit” olmayan”toxum subsidiya”sı

“Elit” olmayan”toxum subsidiya”sı

17.04.2024 [10:44]

Hesablama Palatası “toxum subsidiyalarının verilməsi ilə bağlı nöqsanları açıqlayıb. Palatanın məlumatına görə, mülkiyyətçilərə əkin üçün “Elit” sinifli toxum alınmadığı halda “R1” reproduksiyalı toxumlara görə, subsidiya ödənişi həyata keçirilib. Belə ki, “Elit” sinifli toxumun gömrük bəyannamələri, elektron qaimə-fakturalar və Kənd Təsərrüfatı Nazirliyinin “Elit” toxumunun güzəştli satışı üzrə bölgüsündə təsdiqlənən toxum alışı üzrə alınmadığı müəyyən edilib. Faktiki olaraq toxumçuluq təsərrüfatlarına daha aşağı sortda olan toxum subsidiyaları ödənilib və subsidiyaların ödənişlərində şəffaflıq pozulub.

HP bununla yanaşı,  ümumi toxum subsidiyalarının 2021-ci ildə 73,2 %-ni, 2022-ci ildə 53,7 %-ni əldə etmiş hüquqi və fiziki şəxslərin həmin toxumun istehsalı üçün müvafiq əkin sahələrini də bəyan etmədiyini müəyyənləşdirib.

Göründüyü kimi subsidiyaların verilməsində müvafiq sənədlərin, eləcə də elektron qaimə-fakturalar və idxal gömrük bəyannamələrinin nəzarətinin zəif təşkili və müasir rəqəmsal texnologiyaların imkanlarından istifadə olunmaması subsidiyaların çatdırılmasında hesabatlılığı və şəffaflığı sual altında qoyub. Bu isə “toxum subsidiyası” adı altında əsassız ödənişlərin həyata keçirilməsinə imkan yaradır.

Fermerlər və mülkiyyətçilər toxumu və subsidiyanı necə əldə edirlər?

Azərbaycanda mövcud qaydalara əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarının bitki sortlarının toxumları ilə təchiz olunması, bölgələrdə toxuma olan ehtiyacın aradan qaldırılması, daxili bazarda toxum çatışmazlığının və toxumun qiymət artımının qarşısının alınması istiqamətində elit toxumlarının idxal olunması Dövlət Toxum Fonduna həvalə edilib. Fond xarici ölkələrdən “Qrom”, “Tanya”, “Alekseiç” buğda sortları, o cümlədən “Qomer” yumşaq buğda sortunu Rusiyanın Krasnodar vilayətindən idxal etməkdədir. Eləcə də “Alekseiç R1”, “Bezostaya-100 R1” buğda sortlarından da istifadəyə geniş yer verilir. Hazırda suvarma şəraitində ən çox əkilən yumşaq buğda sortları  “Murov 2”, “Qırmızı Gül 1”, “Qobustan”, “Əsgəran”, “Xəzri”, “Şəfəq 2”, “Fatimə”, “Tunc” və s., dəmyə şəraitində isə “Ləyaqətli 80”, “Qobustan”,  “Baba 75” hesab edilir. Bu sortların bir kq-nın qiyməti təxminən 50-60 qəpikdir. “Elit” və “R1” toxumların qiyməti 75 qəpik, “Super Elit” buğda toxumlarının qiyməti isə 1,5 manatdır. “Elit Qron”, “Elit Tanya” sortları 1,1 manat, “Viktoriya-11” Super Elit və “Karolina-5” Elit 1,5 manat, “Berezit” və “Arsenal” R1 sortları isə 1,3-1,4 manatdır. Suvarma şəraitində həmin sortlardan təxminən 5 ton, dəmyə şəraitində isə 3 ton məhsul əldə etmək mümkündür.

Buğda sortlarının siyahısı “Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestri”ndə yerləşdirilir və fermerlər bu siyahıda uyğun sortları seçirlər. Toxuma görə subsidiyalar isə Aqrar Subsidiya Şurasının qərarına əsasən, bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsalları, toxum kvotaları və əkin ehtiyacları üzrə müəyyən edilərək verilir.

Fermerlər toxum subsidiyalarını əldə etmək üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) müraciət edir, Aqrar Subsidiya Şurası müraciəti təsdiqləndikdən sonra əkinin sahəsinə və növünə görə, toxum subsidiyalarını bank kartlarına ödəyir. Bu baxımdan buğda sortunun “Elit” olub-olmamasını onların müəyyən etməsi mümkün deyil. Toxumu idxal və tədarük edən qurumların, idxalçı şirkətlərin nümayəndələri bu barədə məlumata malik olur. Ona görə də fermer və təsərrüfat sahiblərinə buğda toxumlarının sortları barədə aqronom və mütəxəssislər tərəfindən məsələhət və rəy verilməlidir. Onlara yüksək sort adı ilə aşağı sort toxumun verilməsi həmin sahədə monitorinq və nəzarət işininin zəif olmasının göstərici sayıla bilər.

Fermerlər niyə yerli toxum sortlarına deyil, xaricdən idxal olunan sortlara üstünlük verir?

Məsələ ondadır ki, ölkəmizdə toxumçuluqla bağlı vəziyyət hələ də qaneedici səviyyədə deyil. Bu sahədə problemlərdən biri kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan toxum sortlarının istehsalının hələ də lazımi səviyyədə təşkil edilməməsi, xarici sortlardan asılılığın yüksək olması, yerli elmi-tədqiqat institutlarında seleksiya işinin zəif təşkilidir.

Ölkədə fəaliyyət göstərən Elmi-Tədqiqat İnstitutları tərəfindən yaradılmış sortların böyük əksəriyyətinə fermerlər tərəfindən maraq göstərilmir ki, bu da sortyaratma prosesində istehlakçı fermer təsərrüfatlarının tələblərinin əsasən nəzərə alınmadığını deməyə əsas verir. Yerli buğda sortları “Murov 2”, “Qırmızı Gül 1”, “Qobustan”, “Əsgəran”, “Xəzri”, “Şəfəq 2”, “Fatimə”, “Tunc”, dəmyə şəraitində isə “Ləyaqətli 80”, “Qobustan”,  “Baba 75”, “Aran”dır, ancaq idxal olunan xarici buğda sortlarına tələb daha çoxdur. Bu isə ölkəmizdə toxumçuluq sahəsinin təkmilləşdirilməsi, maddi texniki bazasının yaxşılaşdırılması, xarici ölkələrin elmi-tədqiqat müəssisələri ilə qarşılıqlı təcrübələrin qurulmasını vacib tələblər kimi meydana çıxarır.

Nəticədə kənd təsərrüfatı məhsullarının istehsalında xarici sortlardan asılılıq səviyyəsinin yüksək olması toxum sortlarında bu cür sui-istifadə hallarına, yüksək sort adı ilə aşağı sortlara subsidiya alınmasına gətirib çıxarır.

Azərbaycanda ərzaq təhlükəsizliyi strategiyasında yerli buğda ilə özünütəminetmə səviyyəsinin artırılması ən mühüm prioritetlərdən biridir. Bu mühüm amil də yerli toxum sortlarının yetişdirilməsinə diqqətin artırılmasını tələb edir.

E.CƏFƏROV

Paylaş:
Baxılıb: 204 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Fədakar alim...

25 May 11:30

Ədəbiyyat

Qadının kəşfi

25 May 11:20

Gündəm

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31