Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Laçından mesaj: İlham Əliyev: Hər kəs görsün ki, biz bu gün buradayıq və burada əbədi olacağıq!

Laçından mesaj: İlham Əliyev: Hər kəs görsün ki, biz bu gün buradayıq və burada əbədi olacağıq!

31.05.2023 [10:00]

Onu da bilsinlər ki, Ermənistan kəndləri buradan görünür...

Mübariz ABDULLAYEV

Mayın 28-də - Müstəqillik Günündə xalqımız ikiqat sevinc hissi yaşadı. Ölkəmizdə bayramın bayrama qarışması onunla bağlı idi ki, laçınlıların bir qrupu uzun fasilədən sonra məhz qürur duyduğumuz Müstəqillik Günündə doğma torpaqlarına qayıtdılar. Bu, Laçına böyük köçün başlanğıcıdır. Əlamətdar haldır ki, bu sevincli günlərdə Prezident İlham Əliyev də laçınlılarla bir yerdə oldu. Dövlətimizin başçısının işğaldan azad olunmuş ərazilərə budəfəki səfəri çərçivəsində Laçında qısa müddətdə aparılan bərpa-yenidənqurma işləri ilə tanış oldu, bir sıra infrastruktur obyektlərinin təməlqoyma və açılış mərasimlərinə qatıldı. Prezident İlham Əliyev həmçinin Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, xeyir-dualarını çatdıraraq evlərin açarlarını onlara təqdim edib. Dövlətimizin başçısı görüşdə çıxış edərək bir sıra mesajlarını da diqqətə çatdırıb. “Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir”, - deyə Prezident İlham Əliyev bildirib.

Laçınlılara verilən və yerinə yetirilən vəd

Son 20 ildə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həyatlarında əlamətdar olan günləri həssas qruplardan olan insanlarla, o cümlədən də qaçqın və məcburi köçkünlərlə bir yerdə qeyd etmələri ənənə halını alıb. Dövlətimizin başçısı bəhs olunan görüşdə zamanında - 2011-ci il dekabrın 24-də ad günündə laçınlılarla Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində baş tutan görüşünü xatırladıb. Prezident İlham Əliyev təvazökar bir insandır. O daim təmtəraqlı məclislərdən uzaq durur, yubiley sayılan ad günlərini belə təmtəraqla qeyd etmir. Dövlətimizin başçısının 60 illik yubileyini  Cıdır düzündə qeyd etməsinin isə başqa bir xoşbəxtliyi və anlamı var idi. Bu, qalib sərkərdənin Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşaya sonsuz bağlılığı anlamına gəlir. Ata vəsiyyətinə əməl edib Şuşanı işğaldan azad edən Müzəffər Ali Baş Komandanın 60 illik yubileyini Cıdır düzündə qeyd etməyə tam mənəvi haqqı var idi və O, bununla xalqımıza sonsuz iftixar hissi yaşatdı. Prezident İlham Əliyev 50 illik yubileyini isə Taxtakörpü qəsəbəsində laçınlılarla qeyd edib. O vaxt Taxtakörpü qəsəbəsində laçınlılar üçün 550-dən çox evdən ibarət bir qəsəbə salınmışdı. Həmin görüşdə cənab İlham Əliyev la?ınlılara üz tutaraq demişdi ki, gün gələcək, biz sizin üçün Laçında daha gözəl evlər tikəcəyik. Həmin günü Prezident İlham Əliyevin Özü gətirdi. Vətən müharibəsində qazanılan şanlı Zəfər sayəsində ermənilərin arzusu gözlərində qaldı və Ordumuz üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq əvvəlcə Kəlbəcərdə, 2022-ci il avqustun 26-da isə Laçın şəhərində, eləcə də Zabux və Sus kəndlərində yerləşdi. Ötən il sentyabrın 21-də isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Laçın şəhərinin mərkəzində üçrəngli bayrağımızı ucaltdı. Ordumuzun Laçında yerləşməsi ilə üç onillik ərzində qaçqınlıq, məcburi köçkünlük taleyi yaşayan laçınlıların doğma yurd yerlərinə qayıdacaqları gün də yaxınlaşdı. Prezident İlham Əliyev Laçın şəhərinin, Sus və Zabux kəndlərinin sakinlərinin geri qaytarılmasına hazırlıq görülməsi barədə müvafiq qurumlara tapşırıqlarını verdi. Beləliklə, Laçının bərpasına, buraya laçınlıların köçürülməsi üçün zəruri şərait yaradılmasına start verildi. Xatirələrini bölüşən Prezident İlham Əliyev “O tarixdən cəmi 11 il keçib, biz sizinlə artıq Laçın şəhərində görüşürük və bundan böyük xoşbəxtlik ola bilməz. Əminəm ki, hamımız bu gün xoşbəxtlik içində yaşayırıq. Böyük nikbinliklə yaşayırıq. Qürur hissi ilə yaşayırıq. Çünki İkinci Qarabağ müharibəsi bizim əbədi qürur mənbəyimizdir. Bu Zəfər bizimlə əbədi olacaq və gənc nəsil, uşaqlar, bax, bu Zəfər qüruru ilə yaşayacaqlar, - deyə vurğulayıb.

Birinci mərhələdə Laçında 4 min əhali yaşayacaq

Azərbaycanın füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Otuz bir il bundan əvvəl - 1992-ci il mayın 18-də uca dağlar qoynunda qərar tutan və alınmaz qala sayılan Laçın rayonu Ermənistanın işğalı altına düşdü. Laçın rayonunun, 1993-cü ilin aprelində isə Kəlbəcərin işğal altına düşməsi ilə düşmən öz istəyinə çatdı. Belə ki, sözügedən rayonların işğal altına düşməsi nəticəsində Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında coğrafi bağlantı yarandı.

İşğal illərində ermənilər Laçında misli görünməmiş vandalizm əməlləri törədiblər və təbii sərvətlərimizi vəhşicəsinə talayıblar. Laçının süqutu doğma Azərbaycanımızın 1835 kvadratmetr ərazisinin, 13745 fərdi yaşayış evinin, 48 sənaye, 63 kənd təsərrüfatı obyektinin, 101 məktəbin, 5 məktəbdənkənar, 2 məktəbəqədər müəssisənin, 142 səhiyyə, 217 mədəni-maarif, 460 ticarət obyektinin, 30 rabitə qovşağı, peşə məktəbi, xalq teatrı, tarix-diyarşünaslıq muzeyinin itirilməsi, on minlərlə ailənin faciəsi ilə nəticələndi. Ümumi ziyan 7,1 milyard ABŞ dollarına bərabərdir. Rayonda 1992-ci ildə olan 58227 nəfər əhali respublikanın 59 rayon və şəhərində məskunlaşıb. İşğal nəticəsində 267 nəfər laçınlı öldürülüb, 66 nəfər girov götürülüb. Prezident İlham Əliyev 31 il bundan əvvəl Laçının işğal altına düşməsinin səbəblərinə diqqət çəkərək bildirib: “Laçın rayonunun işğal altına düşməsi hamımız üçün böyük faciə idi, - ilk növbədə, sizin üçün, çünki siz artıq doğma torpaqlarda yaşaya bilmirdiniz, - eyni zamanda, gənc, müstəqil Azərbaycan üçün. Çünki Laçının işğal altına düşməsi ilə Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılmışdır. Laçın rayonu 1992-ci ilin may ayında, Şuşadan 10 gün sonra işğal olunmuşdu. Bizim müstəqilliyimizin bərpasının heç bir yaşı tamam olmamışdı. Mənfur düşmən bizə qarşı artıq açıq təcavüzə keçmişdi. Əfsuslar olsun ki, nə ovaxtkı Azərbaycan rəhbərliyi, nə də rəhbərliyə can atan müxalifət qüvvələri öz məsuliyyətini dərk edə bilməmişlər, bir çox hallarda hər ikisi xəyanət törətmişdir. Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı. Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə də əl atdı, Şuşanı, Laçını demək olar ki, düşmənə təhvil verdi. Görün, bu tarixlərin - yəni, Laçının azad olunmasının və bu gün bizim burada keçirdiyimiz görüşün tarixlərinin də rəmzi mənası var. May ayında Laçın işğal altına düşdü, may ayında laçınlılar Laçına qayıtdılar. Düzdür, 31 ildən sonra, amma biz qayıtmışıq”.

Ötən qısa zaman kəsiyində Laçının bərpası istiqamətində böyük iş həcmi yerinə yetirilib. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub. Bütövlükdə bəhs olunan dövrdə 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9-u isə çoxmənzilli binadır. Həmin binalarda 144 mənzil hazırlanıb. İlk 20 ailə artıq Laçında yerləşib. İyun ayının sonuna qədər buraya yeni ailələr köç edəcəklər. Birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaq. Prezident İlham Əliyev məlumat verib ki, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Amma bu, hələ tam proqramımız deyil. Şəhərin Baş planı hazırlanaraq təqdim olunub. “Laçın şəhərində ikinci mərhələdə görüləcək işlərlə bağlı bizim çox dəqiq təsəvvürümüz var və beləliklə, hesab edirəm ki, ilin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək”, - deyə dövlətimizin başçısı əminliklə bildirib.

Paralel olaraq hazırda tibb məntəqəsi hazırlanır. Məktəb binası yeni dərs ili üçün hazır olacaq, rayonun ərazisində onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır. Burada 1100-dən çox iş yeri açılacaq. Bir sözlə, Laçında həm yaşamaq, həm işləmək üçün hər cür şərait yaradılır. Həyata keçirilən layihələrdən məmnunluğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.

Nə deyiriksə, onu da edirik

Azərbaycan Lideri heç vaxt populist vədlər vermir. Onun sözü və imzası eyni çəkiyə malikdir. Biz son 20 ildə həmişə müşahidə etmişik ki, Prezident İlham Əliyev bütün ümummilli məsələlərdə qətiyyət nümayiş etdirir və Azərbaycanın haqlı mövqeyinin təsdiqlənməsinə nail olur. İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. Postmüharibə dövrü də gələcək üçün çox önəmlidir. Baş verənləri bir daha xatırlayaq.  Vətən müharibəsi başa çatanda vaxtilə keçmiş Dağlıq Qarabağ məsələsi ilə məşğul olmuş vasitəçilər heç özləri də bilmirdilər ki, bundan sonra onlar nə iş görəcəklər. Ermənistan tamamilə aciz vəziyyətdə idi və hələ də acı məğlubiyyətin ağrılarını, yaralarını sağalda bilmir. Onlara böyük psixoloji zədə, travma vuruldu, bu, təbiidir. Azərbaycan postmüharibə dövründə də  liderlik göstərdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün bizim yaşadığımız reallıq məhz İkinci Qarabağ müharibəsindən sonra keçən dövr ərzində əldə edilmiş nəticələr əsasında formalaşıb. Reallığı düzgün dəyərləndirən Azərbaycan Lideri deyirdi ki, ATƏT-in Minsk qrupunun xidmətlərinə, - əslində, bu, ayı xidməti idi, - ehtiyac yoxdur. Azərbaycan ilk gündən qarşı tərəfə ərazi bütövlüyü prinsipi əsas tutularaq sülh müqaviləsi imzalanmasını təklif edib.

Ölkəmiz postmüharibə dövründə lazımi addımlar ataraq Qarabağda Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazilərdə istədiyinə nail olub. Ermənistan üçtərəfli Bəyanatdakı digər şərtlər  kimi, Laçın dəhlizi ilə bağlı öhdəliyini də yerinə yetirmək istəmir və manipulyasiyalara əl atırdı. Belə ki, öz ərazisinə düşən 7 kilometrlik yolun inşasını süni şəkildə ləngidir, təxribatlarla prosesi uzatmağa çalışdı. Ötən ilin avqust-sentyabr aylarında baş verənlər İrəvanın oyun oynadığını, Bakının isə qətiyyətli addımlarla bu oyunu pozduğunu tarixə yazdı. Azərbaycan yeni yolu nəzərdə tutulan 3 ilə yox, bir il yarıma inşa etdi və sülhməramlıların yeni marşruta köçməsi tələbini irəli sürdü.

Yeni yolun istifadəyə verilməsindən sonra Laçının döyüşsüz geri qaytarılması  çox doğru olaraq Qarabağda suverenliyimizin təmin edilməsi məsələsində əsas mərhələlərdən biri kimi dəyərləndirilir. Bundan sonra Qarabağda hərbi və strateji üstünlük böyük ölçüdə Azərbaycanın xeyrinə dəyişdi, xüsusilə yolda vizual nəzarətin güclənməsi ermənilərin qeyri-qanuni fəaliyyətlərinin də ifşasına şərait yaratdı. Təsdiq olundu ki, ermənilər Laçın yolundan Qarabağa silah-sursat, canlı qüvvə daşıyır, Azərbaycan daxilində qanunsuz “ordu” formalaşdırırlar. O cümlədən, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdəki mədənlərin qanunsuz istismarı nəticəsində təbii sərvətlərimiz Ermənistana bu yolla daşınırdı. Təbii ki, məğlub Ermənistanın bu qəbildən olan davranışları Azərbaycan cəmiyyətində etirazlar yaradırdı. Azərbaycanlı ekoloqlar və vətəndaş cəmiyyətinin təmsilçiləri ötən il dekabrın 12-də Laçın-Xankəndi yolunda dinc etiraz aksiyasına başladılar. Cari il aprelin 23-də isə respublikamız  Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi qurdu. Bununla da Azərbaycan məsələni birdəfəlik həll etdi. Postmüharibə dövründə ölkəmizin regionda yaratdığı reallıqlara diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Yəni, bütün bu reallıqları yaradan biz olmuşuq. Məhz bunun nəticəsində İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra həm Azərbaycan-Ermənistan sərhədində, həm Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdə, həm sərhəd-buraxılış məntəqəsini qoymaqla biz yeni reallıq yaratdıq və Ermənistanı məcbur etdik ki, bizim dediyimizi onlar da təkrarlasın. Mən bunu İkinci Qarabağ müharibəsi başa çatandan sonra demişdim, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi o halda mümkündür ki, onlar deyəcəklər: Qarabağ Azərbaycandır! Onlar cəmi 3-4 il bundan əvvəl “Qarabağ Ermənistandır” deyirdilər və hesab edirdilər ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlaya bilərlər. Hesab edirdilər ki, biz azərbaycanlılar bu vəziyyətlə barışacağıq. Mən isə deyirdim ki, yox, barışmayacağıq. Onlara da, onların havadarlarına da, onlara bu gün dəstək verənlərə də o vaxt deyirdim ki, biz heç vaxt barışmayacağıq. Həyat bir daha onu göstərdi ki, nə deyiriksə, onu da edirik. Bir neçə gün bundan əvvəl Ermənistan rəhbərliyi tərəfindən verilən açıqlama faktiki olaraq mənim bir neçə il bundan əvvəl dediyim “Qarabağ Azərbaycandır!” sözlərimin təkrarıdır”.  

Artıq Ermənistan  ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Prezident İlham Əliyev əminliyini ifadə edərək bildirib ki,  yaxın gələcəkdə, - əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, - sülh müqaviləsi imzalana bilər. “İmzalansa çox yaxşı, imzalanmasa da hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf bizik, danışıqlar masasında güclü mövqeyə sahib olan bizik, sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da, biz rahat və təhlükəsizlik şəraitində yaşayacağıq”, - deyə dövlətimizin başçısı əlavə edib.

Sərhədlərin delimitasiyası ədalət prinsipi əsasında aparılmalıdır

Bəhs olunan çıxışında Prezident İlham Əliyev müxtəlif manipulyasiyalarla sülhə əngəllər yaradan Ermənistan hakimiyyətinə və Qarabağda yuva qurmuş separatçılara sərt mesajlarını ünvanlayıb. Ermənistan rəhbərliyi iki ölkə arasındakı şərti sərhədlərlə bağlı anlaşılmaz mövqe sərgiləyir. Məhz Ermənistanın məsuliyyətsiz davranışlarına görə də şərti sərhədlərdə anlaşılmazlıqlar yaşanır.  İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanla Azərbaycan nümayəndələri belə bir razılığa gəliblər ki, əgər kimsə yolu azsa, maksimum iki günə o adamlar qaytarılmalıdırlar.  İndiyədək Azərbaycan buna əməl edib.  Yolu azan erməni hərbiçiləri və mülki vətəndaşlar maksimum iki gün saxlandıqdan sonra sorğu-suala tutularaq buraxılıblar. Ermənistan isə razılaşmaya əməl etmir. Qarşı tərəf bu yaxınlarda yolu azmış Azərbaycan hərbiçilərini vəhşicəsinə döyüblər, qandallayıblar, ləyaqətərini alçaldıblar, döyülmə anlarını videoya çəkiblər. Ondan sonra həbs ediblər və 11 il iş veriblər. Bu, dözülməzdir. “Onlar bizim şərtlərimizi qəbul etməlidirlər. Delimitasiya istəmirlərsə, olmasın delimitasiya. Onda nə olacaq, harada desək, sərhəd də orada olacaq. Onlar bilirlər ki, biz bunu edə bilərik. Heç kim onlara kömək etməz, nə Avropadan gələn pensiyaya çıxmış Fransa polisləri, nə də başqaları, heç kim”, - deyə Prezident İlham Əliyev bildirib.

Bəhs olunan görüşdə dövlətimizin başçısı Azərbaycanın digər şərtlərini də səsləndirib. Bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: “Delimitasiya bizim şərtlərimiz əsasında, yəni, ədalətli şərtlər əsasında olmalıdır, sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Bu, bizim şərtlərimizdir. Mən bu şərtləri, bax, burada, Laçın şəhərində deyirəm ki, hər kəs görsün ki, biz bu gün buradayıq və burada əbədi olacağıq. Onu da bilsinlər ki, Ermənistan kəndləri buradan görünür. Biz də görürük o kəndləri, yəni, onu da unutmasınlar”.

Paylaş:
Baxılıb: 245 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Maraqlı

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Siyasi fitnəkarlıq...

26 Sentyabr 11:46

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Gündəm

Sülhə doğru...

26 Sentyabr 10:26

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30