Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / İkinci zəng...

İkinci zəng...

29.09.2022 [09:52]

Fransa Prezident İlham Əliyevə hesabat verdi

Son vaxtlarda ayrı-ayrı ölkələrin və beynəlxalq təşkilatların Cənubi Qafqazda sülhyaratma prosesinə diqqəti artırdıqları müşahidə edilir. Aydın şəkildə görünür ki, regionda uzunmüddətli sülhün və təhlükəsizliyin təmin olunması, yeni müharibə risklərinin aradan qaldırılması yalnız regional deyil, həm də qlobal önəm daşıyıır.

Avropa İttifaqının (Aİ) aparıcı dövlətlərindən olan və cari ildən qurumda sədrlik funksiyasını həyata keçirən Fransanın da müharibədən sonrakı mərhələdə Cənubi Qafqazda, konkret desək, Azərbaycanla Ermənistan arasında münaqişə vəziyyətinin aradan qaldırılmasında, sülhə nail olunmasında öz rolunu artırmağa çalışdığı müşahidə edilir.

 Parisdən Bakıya artan zənglər

Təkcə sentyabr ayında Parisdən Bakıya, Prezident Emmanuel Makrondan Prezident İlham Əliyevə bir neçə dəfə zəng gəlib. İlk zəng sərhəddə baş verən məlum təxribatla bağlı oldu. Cari il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan növbəti avantüraya əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətdi. Azərbaycan bu təxribatın qarşısını almaq məqsədi ilə “Qətiyyətli cavab” əməliyyatı həyata keçirdi. Sərhəddəki gərginlik Ermənistanın revanşist siyasətinin, mövcud vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdinin nəticəsidir. Bunun bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. “Qətiyyətli cavab” əməliyyatı Azərbaycanın gücünün yerində olduğunu həm qarşı tərəfə, həm də bütün dünyaya nümayiş etdirdi. İki ölkə arasındakı şərti sərhədlər boyunca baş verənlər postmüharibə mərhələsində sülhyaratma prosesinə, Brüsselin vasitəçiliyi ilə başlanan danışıqlara, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı əldə olunan kövrək razılaşmalara çox ciddi zərbə vurdu. Hərbi toqquşma zamanı itkilərlə üzləşən Ermənistanda daxili narazılıqlar artdı. Eyni zamanda, Ermənistanın növbəti dəfə məğlubiyyət acısı yaşaması  bu ölkənin havadarlarında böyük məyusluq və narahatlıq yaratdı. Sentyabrın 13-də Prezident İlham Əliyevə telefon açan Fransanın dövlət başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidentlə əlaqədar narahatlığını ifadə edib. Dövlətimizin başçısı isə bu genişmiqyaslı təxribatlara görə məsuliyyətin bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü və Azərbaycan tərəfindən cavab tədbirlərinin görüldüyünü diqqətə çatdırıb. Həmçinin telefon danışığı əsnasında regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasının, sülh gündəliyinin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan Prezidentinə Fransanın dövlət başçısından növbəti zəng sentyabrın 27-də gəlib. Telefon danışığında Fransa Prezidenti sentyabrın 26-da Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüş haqqında dövlətimizin başçısına məlumat verib. Prezident İlham Əliyev məlumata görə təşəkkürünü bildirib. Söhbət zamanı Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalar haqqında müzakirə aparılıb. Prezidentlər Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının tezliklə başlanması barədə danışıblar.

Fransanın mülahizələrə yol açan fəallığı

Fransanın Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesində fəallığını artırması Azərbaycan cəmiyyətində birmənalı qarşılanmır. Bu ölkənin proseslərdə yüz faiz obyektiv yanaşma sərgiləyəcəyi barədə mülahizələr irəli sürmək çətindir. Ən azından ötən illərin təcrübəsi belə qənaətə gəlməyə əsas verir. Bu ölkə uzun müddət ərzində artıq tarixdə qalan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına məsul edilən ATƏT-in Minsk qrupuna həmsədrlik edən üç ölkədən biri olub. Ancaq Minsk qrupunun vasitəçiliyi ilə danışıqların aparıldığı onilliklər çox doğru olaraq küləyə verilmiş zaman hesab edilir. Bu qurum münaqişənin həllinə hər hansı bir töhfə vermədi. Eyni zamanda, həmsədrlərin xorunda Fransanın fərqli səsi qətiyyən eşidilmirdi. Bu ölkə də həmsədr missiyasını unudaraq elə hey işğalçı ilə təcavüzə məruz qalan tərəf arasında bərabərlik işarəsi qoymağa çalışırdı, hətta məqam düşəndə keçmiş status-kvonun saxlanılmasında maraqlı olduğunu sezdirirdi. Bu isə işğal faktının sonsuzluğa qədər davam etdirilməsi anlamına gəlirdi. Nəticədə, sülh prosesi dalana dirəndi və Azərbaycan beynəlxalq hüququn, tarixi ədalətin bərpasının və BMT TŞ-nin dörd qətnaməsinin icrasını öz gücünə təmin etmək məcburiyyətində qaldı.

İndiki halda Fransanın ədalətli yanaşmasına şübhələr yaradan digər məqamları da sadalaya bilərik. Heç kəsə sirr deyil ki, Fransa rəsmiləri öz siyasətlərində bu ölkədəki böyük erməni icmasının istəyini bu və ya digər dərəcədə nəzərə almağa çalışırlar. Bu da onunla bağlıdır ki, güclü maliyyə təminatlarına malik erməni lobbisinin Fransada seçkilərə təsir etmək imkanları var. Seçkilərdə bu təsirlərdən yararlanmaq istəyində olan siyasilər də erməni lobbisindən gələn sifarişləri can-başla yerinə yetirməyə səy göstərirlər.

Azərbaycanın ləyaqəti və gücü

İki ölkə arasındakı şərti sərhəddə baş verən son hərbi toqquşma ilə bağlı Azərbaycan Prezidentinə yalnız Emmanuel Makron telefon açmayıb. Belə zənglər, həmçinin bir sıra digər ölkələrin və beynəlxalq təşkilatların rəsmilərindən də gəlib. Ümumiyyətlə, baş verənlər fonunda, necə deyərlər, telefon diplomatiyasının aktivləşdiyini müşahidə edirik. Elə götürək bütün baş verənlərin günahkarı olan Ermənistanı. Bu ölkənin baş naziri Nikol Paşinyan və digər rəsmiləri sentyabrın 13-dən etibarən kabinetlərindəki telefonların dəstəyini yerə qoymurlar. Onlar hər yerə zəng edir və göz yaşları tökərək, yalvararaq hər yerdən - ölkələrdən, təşkilatlardan kömək istəyirlər. Baş nazir N.Paşinyanın bu günlərdə BMT Baş Assambleyasının tribunasından etdiyi sərsəm çıxışı xatırlayaq. Başdan-ayağa yalan üzərində qurulan bu çıxışla Ermənistanın lideri, sözün əsl mənasında, beynəlxalq ictimaiyyəti aldatmağa çalışırdı. Oxşar yalanlar bundan əvvəl KTMT-yə ünvanlanan müraciətdə də yer almışdı. Ancaq yalan ayaq tutar, yeriməz, deyiblər. Artıq beynəlxalq ictimaiyyət Ermənistanın timsahın göz yaşlarına bənzəyən ağlayıb-sızlamalarına inanmağa tələsmir. KTMT-nin növbədənkənar iclasında, BMT TŞ-da aparılan müzakirələrdə səsləndirilən fikirlər məğlub ölkədə əməlli-başlı məyusluq yaradıb. Ermənistan rəsmiləri, həmçinin Fransaya güvəndiklərini və bu ölkədən dəstək gözlədiklərini açıq mətnlə bildirirlər. Elə baş nazir N.Paşinyanın sentyabırın 26-da Parisə səfəri də bir növ dəstək qazanmaq turunu xatırladırdı. Mətbuata açıqlamalarda  bildirilir ki, E.Makronla N.Paşinyan arasında Parisdə  baş tutan görüşdə Ermənistanın Azərbaycan dövlət sərhədində törətdiyi son hərbi təxribatlarla bağlı, eləcə də dialoqun bərpasına, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına dair fikirlər səsləndirilib.

Diqqəti çəkən isə uzaq Parisdə baş tutan görüş barədə Fransa Prezidentinin Azərbaycanın dövlət başçısına bir növ hesabat xarakteri daşıyan telefon zəngidir. Biz yuxarıda bu telefon danışığının məzmunu barədə məlumat verdik. Sual isə başqadır: Nə üçün Azərbaycan Prezidenti zəng etmir, dünyanın dörd bir tərəfindən Ona telefon açırlar? Burada bir sıra məqamlara diqqət çəkmək istərdik. İlk növbədə, respublikamızın ləyaqətli siyasət həyata keçirməsinə. Azərbaycan dövlət siyasətində də ləyaqət amilini, ədalət prinsipini önə çəkməklə dünyaya nümunə göstərir. Ölkəmiz Ermənistandan fərqli olaraq öz siyasətində digər dövlətlərin mənafeyinə zidd olan, beynəlxalq hüquqla bir araya sığmayan addımlar atmır.  Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüquqda fundamental baza prinsipi sayılır. Azərbaycan da artıq tarixdə qalan münaqişənin həllində məhz bu prinsipdən çıxış edərək özünün pozulmuş ərazi bütövlüyünün təmin olunmasına çalışırdı.  Azərbaycan özünün beynəlxalq hüquqa əsaslanan siyasətini postmüharibə mərhələsində də davam etdirir. Tarixə nəzər saldıqda görürük ki, müharibələrin qalib tərəfləri bir qayda olaraq məğlub ölkəyə şərtlər diktə ediblər. Azərbaycan isə məğlub Ermənistanla şərtlər ritorikası ilə danışıqlar aparmağı qarşıya məqsəd qoymayıb. Ölkəmiz müharibədə qazandığı şanlı Zəfər sayəsində regionda yeni reallıqlar yaradıb. Azərbaycan yeni reallıqları davamlı regional əməkdaşlığa çevirməklə bağlı təşəbbüslər irəli sürür və bu təşəbbüslər Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlər tərəfindən dəstəklənir. Azərbaycanın postmüharibə dövründə məğlub Ermənistana sülh sazişinin imzalanması üçün təqdim etdiyi beş bənddən ibarət paket də sırf beynəlxalq hüquq və normalar nəzərə alınmaqla hazırlanıb. Yenə də burada qalib Azərbaycan hansısa bir imtiyazlar əldə etmək niyyəti güdmür.

E.Makronun Ermənistanın baş nazirinin Fransaya səfəri barədə Azərbaycan Prezidentini məlumatlandırması həm də ölkəmizin və dövlətimizin başçısının dünyada artan nüfuzu ilə bağlıdır. Qalib Azərbaycan 44 günlük müharibədə işğalçı Ermənistanı kapitulyasiyaya məcbur etməklə özünün artan gücünü bütün dünyaya nümayiş etdirdi. Dünya miqyasında az sayda ölkə tapmaq mümkündür ki, müharibədən sonra işğaldan azad etdiyi ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlasın. Pandemiyadan, müharibədən çıxan Azərbaycan isə hazırda heç kimdən, heç bir xarici fonddan maliyyə dəstəyi almadan işğaldan azad etdiyi 11 min kvadratkilometrədək ərazilərdə irimiqyaslı layihələri həyata keçirməklə məşğuldur.

Digər bir mühüm amil barədə. Prezident İlham Əliyevin sözü ilə imzası bir vəhdət təşkil edir. Dünya siyasətçiləri yaxşı bilirlər ki, Azərbaycanın xalq tərəfindən yekdilliklə dəstəklənən Lideri verdiyi bütün vədlərin həyata keçməsinə nail olur. Bütün bunlar isə qlobal miqyasda ölkəmizin nüfuzunu, onun dövlət başçısına olan inamını artırır. Prezident İlham Əliyev postmüharibə dövründə ölkəmizin müharibə səhifəsini birdəfəlik bağlamaq istədiyini dəfələrlə bəyan edib. Bundan ötrü məğlub Ermənistan, nəhayət, reallığı qəbul edərək revanşist mövqeyindən geri çəkilməli və sərhədlərin müəyyənləşdirilməsinə, sülh sazişinin imzalanmasına razılıq verməlidir. Fransanın və Ermənistanın yalvarışlarla üz tutduğu digər ölkələrin, beynəlxalq təşkilatların Azərbaycanın dövlət başçısının gündəliyə daxil etdiyi bu kimi təkliflərə qarşılıq göstərməməyə sadəcə hər hansı bir əks-arqumentləri yoxdur. Onlar müharibə günlərində Azərbaycanın Liderinin prinsipiallığının şahidi oldular. Ayrı-ayrı ölkələrdən, müxtəlif mərkəzlərdən gələn təzyiq zənglərinə və mesajlarına dövlətimizin başçısı qətiyyətlə rədd cavabı verirdi. Artıq dünyada qəbul olunub ki, ədalət mövqeyindən, milli maraqlardan çıxış edən güclü Azərbaycanla və onun Müzəffər Lideri ilə təzyiq dili ilə danışmaq indiyədək mümkün olmayıb və bundan sonra da mümkün olmayacaq.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 161 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xarici siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30