Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bakının yeni nizam kodu: sülh, suverenlik və strateji dəhlizlər

Bakının yeni nizam kodu: sülh, suverenlik və strateji dəhlizlər

19.02.2026 [11:23]

Qələbədən geosiyasi liderliyə gedən yol - Cənubi Qafqazın yenidən qurulmasında Azərbaycanın rolu

2020-ci ilin payızında başa çatan 44 günlük Vətən müharibəsi Azərbaycanın təkcə hərbi-siyasi qələbəsi ilə nəticələnmədi; bu qələbə regionun geosiyasi arxitekturasında köklü dəyişikliklərə yol açdı. Azərbaycanın qələbəsi, Ermənistanın isə kapitulyasiyasının nəticəsi kimi meydana çıxan 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatı Bakının Cənubi Qafqazda yeni mərhələnin başlanğıcını qoyması, yeni strateji dövrün əsası kimi müəyyənləşdi. Uzun illər “dondurulmuş münaqişə zonası” kimi xarakterizə edilən region artıq yeni təhlükəsizlik mexanizmləri, nəqliyyat-kommunikasiya xətlərinin açılması və iqtisadi inteqrasiya perspektivləri ilə gündəmə gəldi. Azərbaycan müharibədən dərhal sonra yalnız hərbi nəticələrin möhkəmləndirilməsi ilə kifayətlənməyərək, daha geniş vizyon ortaya qoydu: regionun qarşıdurma məkanından əməkdaşlıq platformasına çevrilməsi.

Bu baxışın mərkəzində dayanan əsas layihələrdən biri Zəngəzur dəhlizi (TRIPP) təşəbbüsüdür. Hələ 2020-ci ilin noyabr razılaşması imzalanarkən Bakı regiondaxili kommunikasiyaların açılmasını gələcək inkişafın təməl şərti kimi irəli sürmüşdü. Bu ideya qısa müddətdə regional çərçivəni aşaraq Avrasiyanın tranzit xəritəsində mühüm yer tutmağa başlayacaqdı. Əgər 1994-cü ildə imzalanmış və tarixə “Əsrin müqaviləsi” kimi düşən enerji sazişi Azərbaycanın qlobal enerji xəritəsində yerini möhkəmləndirmişdisə, bölgənin həyatına yeni ştrixlər əlavə etmişdisə, yeni mərhələdə açılacaq nəqliyyat-logistika infrastrukturu ölkənin strateji rolunu daha da genişləndirəcəkdi.

Bir nüansa mütləq diqqət yetirilməlidir - Zəngəzur dəhlizi (TRIPP) yalnız iki ölkəni birləşdirən yol deyil. Bu layihə Şərq ilə Qərb, Şimal ilə Cənub arasında alternativ və təhlükəsiz tranzit xətti formalaşdırmaq potensialına malikdir. Orta Dəhliz konsepsiyası çərçivəsində Azərbaycan artıq mühüm nəqliyyat qovşağına çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və digər infrastruktur layihələri ölkənin tranzit imkanlarını artırıb. Yeni təşəbbüs isə bu xəritəni daha da genişləndirərək Cənubi Qafqazı qlobal ticarət marşrutlarının ayrılmaz hissəsinə çevirir.

Azərbaycanın təqdim etdiyi yeni nizam modeli qarşıdurma və təcrid siyasətinə alternativ olaraq bərabərhüquqlu əməkdaşlıq prinsipinə əsaslanır. Bu yanaşma region dövlətlərinin suverenliyinə hörmət, sərhədlərin toxunulmazlığı və iqtisadi inteqrasiyanın təşviqini özündə ehtiva edir. Müharibədən sonrakı dövrdə rəsmi Bakı revanşist ritorikadan uzaq dayanaraq sülh gündəliyini ön plana çıxardı. Bu isə Cənubi Qafqazda uzunmüddətli sabitliyin əsas şərti kimi qiymətləndirilir.

Yeni iqtisadi dövr: Süveyş və Panamadan sonra Zəngəzur dəhlizi (TRIPP)...

Zəngəzur dəhlizi (TRIPP) müasir dövrün qlobal iqtisadi transformasiyası fonunda xüsusi əhəmiyyət kəsb edir. Bu layihə çox zaman tarixi nəqliyyat arteriyaları ilə müqayisə olunur - məsələn, necə ki, Süveyş kanalı və Panama kanalı dünya ticarət marşrutlarını dəyişdirərək qlobal iqtisadi dinamikanı yenidən formalaşdırmışdı, Zəngəzur dəhlizi (TRIPP) də Avrasiya məkanında analoji təsir gücünə malik ola bilər.

Layihənin mahiyyəti yalnız coğrafi keçid yaratmaqdan ibarət deyil. Burada əsas məqsəd Cənubi Qafqazı logistik körpüyə çevirməkdir. Azərbaycan müharibədən sonra formalaşdırdığı təhlükəsizlik mühitini iqtisadi dividendlərə yönəltməyi bacardı. Bu kontekstdə Orta Dəhlizin mövcud infrastrukturu yeni seqmentlə zənginləşir və tranzit müddətinin azalması, daşınma xərclərinin optimallaşdırılması kimi üstünlüklər ortaya çıxır.

Prezident İlham Əliyevin müxtəlif beynəlxalq platformalarda, o cümlədən sonuncu Münhen Təhlükəsizlik Konfransında səsləndirdiyi fikirlər layihənin yalnız regional deyil, qlobal əhəmiyyət daşıdığını göstərir. Müxtəlif iqtisadi güc mərkəzlərinin maraqlarının kəsişdiyi nöqtədə yerləşən bu dəhliz həm Avropa, həm Asiya, həm də Yaxın Şərq üçün alternativ marşrut deməkdir. Rəqabət içində olan aktorların belə layihə ətrafında ortaq maraq tapması Azərbaycanın diplomatik manevr imkanlarının genişliyini nümayiş etdirir.

Zəngəzur dəhlizi (TRIPP) həm də siyasi mesajdır: regionda sabitlik iqtisadi əməkdaşlıqla möhkəmlənə bilər. Bu xətt vasitəsilə Azərbaycan Naxçıvanla birbaşa quru əlaqəsini təmin edir, eyni zamanda region dövlətləri üçün yeni tranzit gəlirləri və investisiya imkanları yaradır. Beləliklə, layihə təkcə infrastruktur təşəbbüsü deyil, strateji inteqrasiya platformasıdır.

Sabah üçün: qalib dövlətin sülh təşəbbüsü...

Zəngəzur dəhlizinin (TRIPP) reallaşması birbaşa sülh prosesinin uğurundan asılı idi. Başqa sözlə, bu dəhliz “sülhün meyvəsi” kimi ortaya çıxır. Azərbaycan hər zaman açıq şəkildə bəyan edib ki, regionda qalıcı sabitlik olmadan böyükmiqyaslı iqtisadi layihələrin icrası mümkün deyil. Bu isə Ermənistanla münasibətlərin normallaşdırılmasını zəruri edir.

Bir az keçmişə qayıdaq: Rəsmi Bakı 2022-ci ilin martında 5 baza prinsipindən ibarət sülh təşəbbüsü ilə çıxış etdi. Bu prinsiplər qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması və dövlətlərin bir-birinin daxili işlərinə qarışmaması kimi fundamental müddəaları əhatə edirdi. Qalib tərəfin bu cür beynəlxalq hüquqa əsaslanan təşəbbüs irəli sürməsi beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə, hətta bir az da təəccüblə qarşılandı. Qalib dövlət, Ermənistanın silahlı gücünü məhv edən dövlət, 30 illik münaqişəyə cəmisi 44 gündə son qoyan bir dövlət bütün beynəlxalq hüquq kodekslərinin gözlənilməsi, ərazi bütövlüklərinin və suverenliklərin qarşılıqlı tanınması, yenə də beynəlxalq hüquq əsasında  delimitasiya və demarkasiya aparılması və bu kimi təkliflər irəli sürürdu.

Azərbaycanın bu xoşməramlı təklifi isə Ermənistan tərəfindən ləng qarşılanırdı - proses asan irəliləmirdi. Ermənistanda revanşist qüvvələrin mövcudluğu, regiondakı xarici aktorların maraqları və müxtəlif təxribat cəhdləri, xüsusilə Qarabağdakı separatçıların təslim olmamaları sülh gündəliyini ləngidirdi. Azərbaycan isə mövqeyində ardıcıl olaraq qalırdı: “bizə yalnız öz torpağımız lazımdır”. Bu prinsip beynəlxalq hüquqa uyğun şəkildə suverenliyin tam bərpasını nəzərdə tuturdu.

Sülh prosesinin məntiqi nəticəsi olaraq Qarabağda qeyri-qanuni silahlı birləşmələrin ləğvi və dövlət suverenliyinin tam təmin olunması regionda yeni mərhələnin başlanğıcını qoydu. Bundan sonra artıq iqtisadi əməkdaşlıq məsələləri daha real müzakirə predmetinə çevrildi. Beləliklə, sülh və inkişaf bir-birini tamamlayan iki paralel xətt kimi formalaşdı.

Sülhə yanaşma: Beynəlxalq platformalar və geosiyasi dinamika

2022-2023-cü illərdə regionda formalaşan sülh prosesi müxtəlif beynəlxalq platformaların da diqqət mərkəzinə çevrilmişdi. Brüssel və Soçi formatları çərçivəsində keçirilən görüşlər regionun gələcəyi ilə bağlı müzakirələr üçün meydan rolunu oynayırdı. Lakin bu platformalarda bəzən vasitəçi maraqları prosesin obyektivliyinə təsir göstərirdi. Azərbaycan problemin həlli üçün danışıqlar və sülh prosesi yaratmağa çalışırdı, özünü “vasitəçi” sayanlar isə yaranan situasiyadan yararlanmaq, sui-istifadə etmək, prosesi öz maraqlarına yönəltmək fikrində idilər. Bu isə nəticə etibarı ilə bu masaların ikisinin də fiaskosu ilə nəticələndi. Xüsusilə Avropa İttifaqı Şurasının təşəbbüsü ilə keçirilən Brüssel görüşləri müəyyən mərhələdə Fransanın qeyri-rasional mövqeyi səbəbindən çətinliklərlə üzləşdi. Parisin birtərəfli yanaşması balanslı dialoqa mane olurdu. Nəticədə proses arzuolunan sürətlə irəliləmədi. Soçi formatı isə Rusiya faktorunun təsiri altında idi və regional reallıqların dəyişməsi fonunda əvvəlki çəkisini qorumaqda çətinlik çəkirdi.

Antiterror əməliyyatlarından sonra isə bu prosesin də həm məcrası, həm də mahiyyəti dəyişdi. Azərbaycan artıq əsas diqqəti ikitərəfli danışıqlara yönəltdi. Bu model vasitəçilik institutundan asılılığı minimuma endirirdi. Münaqişə artıq başa çatmışdı və iki suveren dövlət arasında münasibətlərin normallaşdırılması üçün birbaşa dialoq daha effektiv hesab olunurdu. Bu yanaşma diplomatik məsuliyyəti birbaşa tərəflərin üzərinə qoyur və nəticəyönümlü mexanizm formalaşdırırdı.

İkili format daha uğurludur: Vasitəçidən təşkilatçıya...

Beləliklə, beynəlxalq platformalar fonunda Azərbaycan öz milli maraqlarına uyğun çevik diplomatik strategiya həyata keçirdi. Bu strategiya regionun gələcəyini xarici manipulyasiyalardan qorumağa yönəlmişdi. Vurğulandığı kimi, Azərbaycan problemin həlli ilə bağlı vasitəçi axtarmırdı - 25 ildən artıq özünü vasitəçi kimi qələmə vermiş ATƏT-in Minsk qrupunun fəaliyyət(sizliy)i göz önündə idi. Azərbaycan artıq ikitərəfli görüşlərə start verirdi. Bu ikitərəfli görüşlərə isə müxtəlif ölkələr ev sahibliyi etdi - həmin ölkələr vasitəçi olmaq niyyətlərini ifadə etmədilər. Məsələn, Qazaxıstan bu kimi görüşlərə ev sahibliyi etsə də görüşlərdə vasitəçi qismində iştirak etmirdi. Bu isə məqbul bir hal idi - çünki artıq münaqişə bitmişdi və iki dövlət arasında münasibətlərin normallaşması prosesinə hansısa bir vasitəçiyə ehtiyac yox idi.

Yeni mərhələ: Vaşinqton Zirvəsinin strateji nəticələri və yeni yol xəritəsi

8 avqust 2025-ci il Cənubi Qafqazın yeni tarixində simvolik əhəmiyyət daşıyan tarix kimi qiymətləndirilir. Vaşinqtonda ABŞ-ın iştirakı ilə keçirilən görüşdə sülh sazişinin paraflanması və uzun illər formal mövcud olmuş ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı müraciətin edilməsi regionda post-münaqişə mərhələsinin tamamlandığını göstərdi.

Bu addım Azərbaycanın irəli sürdüyü yeni reallığın beynəlxalq səviyyədə qəbulunun göstəricisi idi. Artıq Cənubi Qafqaz qarşıdurma yox, əməkdaşlıq məkanı kimi təqdim olunurdu. Vaşinqton görüşü həm də onu göstərdi ki, regionun gələcəyi birbaşa tərəflərin iradəsindən asılıdır və xarici aktorların rolu yalnız dəstək və şahidlik funksiyası ilə məhdudlaşa bilər.

Bu mərhələdə Zəngəzur dəhlizi (TRIPP) və digər nəqliyyat layihələri konkret icra müstəvisinə keçdi. İnvestisiya axınları, regional iqtisadi inteqrasiya və ticarət dövriyyəsinin artımı üçün real imkanlar yarandı. Azərbaycan Avrasiyanın logistika mərkəzi kimi mövqeyini daha da möhkəmləndirdi. Bu, Bakının Cənubi Qafqaz üçün yaratdığı yeni reallığın gələcək strateji yol xəritəsinə çevrildi. Vaşinqton Zirvəsində imzalanan sənədlər, əldə olunan razılaşmalar yeni dövrün başlanğıcını qoydu, Avrasiyada yeni bir gələcəyi formalaşdırdı. Münhen təhlükəsizlik konfransındakı panel iclasında Prezident İlham Əliyev Zəngəzur dəhlizinin (TRIPP), Şərq-Qərb ticarət imkanlarının nələr vəd etdiyini bütün incəlikləri ilə aydın şəkildə ifadə etdi. Sitat: “Ötən il biz Azərbaycan vasitəsilə daşınan yüklərin 100 mindən artıq nəqliyyat vahidi üzrə rekord göstərici əldə etdik. Bir neçə ildən sonra həmin göstərici 200 min və hətta 300 min nəqliyyat vahidinə çatacaq. Hədəf 500 min nəqliyyat vahididir. Biz bu məqsədlə artıq dəniz limanımızın genişləndirilməsinə başlamışıq və hazırda orada sərmayələr yatırılır.

Regional bağlantı layihələri. Söhbət təkcə dəmir yollarından getmir, həmçinin fiber-optik kabellər də nəzərdə tutulur. Hazırda Xəzər dənizinin dibi ilə fiber-optik kabelin çəkilməsi üzərində Mərkəzi Asiyadakı tərəfdaşlarımızla sıx işləyirik. O, bu il hazır olmalıdır və Ermənistanla sülh qurulduqdan sonra yeni imkanlar əldə olunub. Azərbaycandan Ermənistana və oradan Avropa istiqamətində gedən dəhlizin yük həcmi baxımından böyük potensialı var. Azərbaycan hazırda öz ərazisində dəmir yolunun çəkilməsinə sərmayə yatırır. Azərbaycan ərazisində - ölkəmizin əsas hissəsi və eksklav Naxçıvanda çəkiləcək və bərpa olunacaq dəmir yolunun tam uzunluğu 600 kilometrdir. Ermənistanda həmin yolun uzunluğu 40 kilometrdən bir az çoxdur. Çəkilən kimi biz Azərbaycan vasitəsilə Orta Dəhlizin iki hissəsinə malik olacağıq. Bu, Qərb ilə Şərq üçün faydalı olacaq və təbii ki, Cənubi Qafqazda yerləşən ölkələrə də fayda verəcək”.

Bu gələcək üçün yeni imknlar, təhlükəsizlik və inkişaf deməkdir.  Beləliklə, 8 avqust tarixini yalnız siyasi sənədin imzalanması kimi deyil, regionun iqtisadi və geosiyasi xəritəsinin yenidən çəkilməsi kimi qiymətləndirmək olar.

Siyasi iradənin və strateji baxışın məhsulu

Azərbaycanın yeni nizam konsepsiyası hərbi qələbədən sonra formalaşan siyasi iradənin və strateji baxışın məhsuludur. Bu model qarşıdurma ritorikasını deyil, vurğulandığı kimi, bərabərhüquqlu əməkdaşlığı ön plana çıxarır. Region dövlətlərinin suverenliyinə hörmət, beynəlxalq hüquqa əsaslanan münasibətlər və iqtisadi inteqrasiya bu konsepsiyanın əsas sütunlarıdır.

Zəngəzur dəhlizi (TRIPP) və Orta Dəhliz təşəbbüsləri Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsidir. Bu layihələr yalnız tranzit gəlirləri deyil, həm də regionda qarşılıqlı əməkdaşlıq mexanizmi yaradır. İqtisadi əməkdaşlıq isə siyasi sabitliyin mühüm təminatlarından biridir.

Sülh sazişinin paraflanması və köhnə vasitəçilik mexanizmlərinin aradan qalxması Cənubi Qafqazda yeni mərhələnin başlandığını təsdiqləyir. Azərbaycan bu prosesdə təşəbbüskar və aparıcı aktor kimi çıxış edir. Yeni reallıq göstərir ki, güc yalnız hərbi qələbə ilə ölçülmür; strateji baxış, diplomatik çeviklik və iqtisadi inteqrasiya təşəbbüsləri də dövlətin qüdrətini müəyyən edən əsas amillərdir.

Beləliklə, Azərbaycanın yeni nizam kodu region üçün inkişaf, sabitlik və qarşılıqlı fayda modeli təqdim edir. Bu modelin uğuru isə tərəflərin üzərinə düşən məsuliyyətin dərk olunmasından və əldə olunmuş razılaşmaların praktik icrasından asılı olacaq.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 142 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

MEDİA

Müsahibə

Bizim müsahib

20 Fevral 09:16

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28