Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Dünya müstəmləkəçilikdən xilas olmalıdır!

Dünya müstəmləkəçilikdən xilas olmalıdır!

19.02.2026 [09:36]

Müstəmləkəşilik keçmişin ən eybəcər qalıqlarından biridir. Onun təməlində istismar, təbii sərvətlərin talanması, insan ləyaqətinin alçaldılması, qul əməyi, cinsi zorakılıq, milli-dini kimliyin inkar edilməsi kimi amillər dayanır. Təəssüf doğuran haldır ki, Avropanın demokratiyanı, insan haqlarını, bərabərliyi, qardaşlığı özləri üçün şüar seçmiş yüksək inkişaf səviyyəsinə malik ayrı-ayrı ölkələri hələ də bu kimi eybəcərlikləri özündə birləşdirən müstəmləkəçilik siyasətindən əl çəkmək istəmir və onu müxtəlif adlar altında davam etdirməyə çalışırlar.

Ancaq artıq XXI əsrdir, internet dövrüdür. İnsanların azadlıq arzularını boğmaq getdikcə çətinləşir. Dünyada müstəmləkəçiliyə qarşı güclü hərəkatın başladığı müşahidə olunur. Ölkələr, xalqlar getdikcə daha qətiyyətlə öz hüquqlarını tələb edirlər və müstəqillik uğrunda mübarizəyə qalxırlar. Yaxşı haldır ki, genişlənən və dönməz hal alan bu hərəkata beynəlxalq dəstək də artır.

100-dən çox ölkə müstəqillik qazansa da...

Dünyada dekolonizasiya prosesini sürətləndirməyə növbəti çağırış Birləşmiş Millətlər Təşkilatından (BMT) gəlib. Baş katib Antonio Quterreşin Dekolonizasiya üzrə Xüsusi Komitənin sessiyasının açılışında səsləndirilmiş müraciətində bildirilib ki, BMT son onilliklərdə əldə olunan mühüm irəliləyişi qeyd etməklə yanaşı, bütün dünyada dekolonizasiya prosesinin başa çatdırılmasına nail olmağa davam edir.

BMT rəhbərinin adından çıxışı aparat rəhbəri Korteni Rattray səsləndirib. O xatırladıb ki, təşkilat yaranandan bəri dekolonizasiya qurumun əsas vəzifələrindən biri olaraq qalır. BMT dövlətlərin “idarə edənlər və tabe olanlar” sistemi çərçivəsində deyil, bərabərhüquqlu əsasda qarşılıqlı fəaliyyət göstərdiyi platforma kimi nəzərdə tutulub.

1945-ci ildən etibarən 100-dən çox ölkə müstəqillik əldə edib və bu gün getdikcə daha çox insan öz müqəddəratını təyinetmə hüququnu həyata keçirir. Bununla belə, müstəmləkəçiliyin nəticələri iqtisadi bərabərsizlik, irqçilik və bəzi xalqların beynəlxalq səviyyədə qərarların qəbulunda məhdud iştirakı şəklində hələ də hiss olunur.

Hazırda dünyada 17 özünüidarəetmə hüququndan istifadə edə bilməyən ərazi var. BMT-də hesab edirlər ki, bu ərazilərin gələcəyi həmin ərazilərin nümayəndələri, idarə edən dövlətlər və BMT-yə üzv dövlətlər arasında inklüziv dialoq yolu ilə, hər bir ərazinin özünəməxsus ehtiyacları nəzərə alınmaqla və BMT Nizamnaməsinə və Baş Assambleyanın qərarlarına uyğun şəkildə müəyyən edilməlidir.

Müraciətdə gənclərin roluna xüsusi diqqət yetirilib. Baş katibin fikrincə, gənclər daha ədalətli və inklüziv gələcəyin formalaşdırılmasının hərəkətverici qüvvəsinə çevrilməlidirlər.

Ötən ilin dekabrında BMT-də ilk dəfə müstəmləkəçiliyin bütün formaları və təzahürləri ilə mübarizə üzrə Beynəlxalq Gün qeyd olunub. Bu gün əldə olunmuş irəliləyişə baxmayaraq, dekolonizasiya istiqamətində işlərin hələ başa çatmadığını xatırladır.

Afrika xalqları qitənin sərvətlərindən faydalanmalıdırlar

BMT-nin Baş katibi Əddis-Əbəbədə keçirilən 39-cu Afrika İttifaqı sammitindəki çıxışında isə bölünmə və inamsızlıqla xarakterizə olunan bir dünyada Afrikanın “çoxtərəfliliyin flaqmanı” olduğunu bildirib. O, Təhlükəsizlik Şurasında daimi Afrika yerlərinin olmamasını tənqid edərək deyib: “İndi 1946-cı il deyil, 2026-cı ildir. Afrika və dünya ilə bağlı qərarlar masada olduqda, bu qitənin liderləri də müzakirələrdə iştirak etməlidirlər”.

Baş katib Afrika ilə daha dərin əməkdaşlıq üçün 3 prioriteti - sülh, iqtisadi fəaliyyət və iqlim ədalətini qeyd edib. O, sülh məsələsində Sudanda hərbi əməliyyatların dərhal dayandırılmasına, Cənubi Sudanda dialoqun bərpasına və Konqo Demokratik Respublikasının ərazi bütövlüyünə hörmət edilməsinə çağırıb. Quterreş, habelə Sahel, Liviya və Afrika Buynuzu boyunca beynəlxalq miqyasda davamlı dəstəklənən Afrika liderliyində siyasi həllərə ehtiyac olduğunu vurğulayıb.

BMT-nin rəhbəri əlavə olaraq xəbərdarlıq edib ki, inkişaf etməkdə olan ölkələr ildə 4 trilyon dollarlıq Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) maliyyələşdirmə çatışmazlığı ilə üzləşir, Afrika isə yardımdan aldığı vəsaitdən daha çox borc xidməti və qanunsuz maliyyə axınları ucbatından itkiyə məruz qalır.

Quterreş sammitdən sonra keçirilən mətbuat konfransında Afrikanın tamamilə ədalətsiz iqtisadi və maliyyə sistemi ilə mübarizə aparmasını “vicdansızlıq” adlandırıb. O, çoxtərəfli inkişaf banklarının kreditləşmə qabiliyyətini üçqat artırmağa və inkişaf etməkdə olan ölkələrin beynəlxalq maliyyə qurumlarında real səsə və iştiraka malik olmasını təmin etməyə çağırıb.

Baş katib, həmçinin Afrika ölkələrinin təbii sərvətlərindən birbaşa faydalanmalı olduqlarını vurğulayıb: “Artıq istismar yoxdur. Artıq talan yoxdur. Afrika xalqları qitənin sərvətlərindən faydalanmalıdırlar”.

O, BMT-nin tövsiyələrinə uyğun olaraq, Afrika ölkələrinin “əsas minerallarından ədalətli, davamlı dəyər zəncirləri və istehsal vasitəsilə ilk və tam şəkildə faydalanmasını” tələb edib.

Quterreş iqlim məsələsində xəbərdarlıq edib ki, “elm birmənalı proqnoz verir - planet 1,5 dərəcə Selsi limitini aşacaq”. Paris Sazişində təsbit edilmiş 1,5°C həddi ən fəlakətli və dönməz iqlim təsirlərinin qarşısını almaq üçün vacib hesab olunur. “Afrika iqlim böhranına səbəb olmayıb, lakin orta səviyyədən daha sürətli istiləşmə, quraqlıq, daşqınlar və ölümcül istilərlə üzləşir, iqlim ədalətsizliyi sadə və aydındır”, - deyə Baş katib vurğulayıb. O, inkişaf etmiş ölkələri uyğunlaşma maliyyəsini üçqat artırmağa, 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələr üçün hər il 1,3 trilyon dollar səfərbər etməyə, Zərər və İtki Fondunu genişləndirməyə çağırıb.

Əlcəzair Fransanın müstəmləkə cinayətlərinin araşdırılmasını istəyir

Əlcəzair Fransanın müstəmləkəçilik dövründə törətdiyi cinayətlərin miqyasını təsdiqləyən sənədləri və şahid ifadələrini Afrika hüquqi instansiyalarına təqdim edəcək. Bu barədə ölkə prezidenti Abdelmacid Tebbun açıqlama verib. Bildirilib ki, məqsəd müstəmləkəçiliyin beynəlxalq hüquqda açıq və dəqiq şəkildə təsbit olunmasıdır.

Bəyanat Efiopiyanın paytaxtı Əddis Əbəbə şəhərində keçirilən və Afrika İttifaqının 39-cu sammiti çərçivəsində təşkil olunan “Müstəmləkəçiliyin cinayət kimi tanınması” mövzusunda yüksək səviyyəli iclasın açılışında səsləndirilib.

Prezident vurğulayıb ki, 132 ildən artıq davam edən və son dərəcə qəddar müstəmləkəçiliyi ilə yadda qalan ağrılı milli təcrübəyə əsaslanaraq, Əlcəzair malik olduğu bütün sənəd və etibarlı tarixi sübutları Afrika hüquqi qurumlarına təqdim etməyə tam hazırdır.

Onun sözlərinə görə, bu materiallar Əlcəzair xalqının müqavimətini boğmaq məqsədilə törədilmiş genişmiqyaslı repressiyaları, beynəlxalq hüquqla qadağan olunmuş üsul və vasitələrin tətbiqini, eləcə də ciddi hüquq pozuntularını aydın şəkildə ortaya çıxarır.

Dövlət başçısı ötən il noyabrın 30-da Əlcəzairdə keçirilmiş yüksəksəviyyəli konfransı xatırladaraq, “Əlcəzair çağırışı”nın müddəalarına diqqət çəkib. Həmin sənəddə müstəmləkə cinayətlərinin rəsmi şəkildə tanınması və müstəmləkəçiliyin beynəlxalq hüquq normalarında açıq şəkildə cinayət kimi təsbit olunması üçün ciddi öhdəliklərin götürülməsi nəzərdə tutulur.

Prezident, həmçinin qeyd edib ki, 25 dekabr 2025-ci ildə Əlcəzair Parlamenti tərəfindən ölkənin məruz qaldığı müstəmləkəçiliyi cinayət hesab edən qanun qəbul edilib. Onun sözlərinə görə, bu qanun hüquqi məsuliyyətin müəyyənləşdirilməsinə, milli yaddaşın qorunmasına və ağır cinayətlərin zaman məhdudiyyəti olmadan araşdırılması prinsipinin təsbitinə xidmət edir.

Qanunda məhkəməsiz edamlar, işgəncə, zorakılıq, mülki əhali üzərində nüvə sınaqları və sərvətlərin sistemli talanı kimi əməllər də müddətsiz cinayətlər kateqoriyasına daxil edilib. Bu, beynəlxalq hüququn prinsiplərinə və xalqların həqiqət və ədalət hüququna əsaslanır.

Prezident Abdelmacid Tebbun vurğulayıb ki, azadlıq, ləyaqət və ədalət uğrunda milyonlarla afrikalının verdiyi böyük qurbanlar nə unudula, nə də təhrif oluna bilər.

Müstəmləkəçiliyi əks etdirən dünyada ilk Virtual Muzey Bakıda...

Fevralın 18-də Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə müstəmləkəçiliyə həsr edilmiş Virtual Muzeyin təqdimatı olub.

Təqdimat mərasimində müstəmləkəçilik irsi ilə bağlı elmi araşdırmalar aparan tədqiqatçılar, alimlər, habelə antropoloqlar iştirak ediblər.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov, antropoloq, “QaraSivilizasiya” Muzeyinin İdarə Heyətinin üzvü və “L’Africaine d’Architecture” platformasının təsisçisi Sename Kofi Aqbodjinu, eləcə də dekolonial tədqiqatlar üzrə multidisiplinar araşdırmaçı, “QaraSivilizasiya” Muzeyinin kuratoru Natali Elizabet Mba Bikoro Virtual Muzey haqqında ətraflı məlumat verərək iştirakçıların suallarını cavablandırıblar.

Qeyd olunub ki, layihənin əsas məqsədi müstəmləkə sisteminin təsirlərinə dair arxiv sənədlərini, foto və videomaterialları, eksponatları və digər vizual mənbələri ictimaiyyətə interaktiv formada təqdim etməkdir.

İngilis və fransız dillərində fəaliyyət göstərəcək muzey müstəmləkəçiliyi və onun müasir təzahürlərini tarixi, hüquqi, iqtisadi, sosial, mədəni və ekoloji aspektlərdə sistemli şəkildə əks etdirən rəqəmsal məlumat bazası olacaq.

Virtual Muzeydə kolonial idarəçilik modelləri, o cümlədən assimilyasiya siyasəti, yerli xalqların adət-ənənələrinə və həyat tərzinə müdaxilələr, mənəvi dəyərlərin və ictimai-mədəni institutların zəiflədilməsi, eləcə də kimlik və irsin sıradan çıxarılmasına yönəlmiş siyasətlər geniş şəkildə izah olunur.

Muzeydə, həmçinin müstəmləkə əleyhinə müqavimət hərəkatları, müstəqillik uğrunda mübarizənin əsas mərhələləri və bu proseslərin insan talelərində əksi yer alır. Qətlə yetirilmiş, zorakılığa məruz qalmış, qanunsuz həbs edilmiş və məcburi köçürülmüş şəxslərin fərdi hekayələri ziyarətçilərə çatdırılır.

Rəqəmsal Muzey müstəmləkəçilik sahəsində araşdırma aparan tarixçilər, politoloqlar, beynəlxalq hüquq üzrə mütəxəssislər və digər tədqiqatçılar üçün etibarlı mənbədir. Eyni zamanda, platforma ali təhsil müəssisələri, media nümayəndələri, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və analitik mərkəzlər üçün açıq resurs kimi nəzərdə tutulur. Layihə dekolonizasiya ilə bağlı qlobal müzakirələrə töhfə verməklə yanaşı, Azərbaycanın bu istiqamətdə fəal mövqeyini nümayiş etdirir.

Bakı Təşəbbüs Qrupu tərəfindən ərsəyə gətirilmiş Virtual Muzey dünyada müstəmləkəçiliyə və onun yeni təzahürlərinə həsr edilmiş ilk virtual platformadır.

Təqdimat zamanı Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov  söyləyib ki, keçmiş müstəmləkələrlə bağlı bütün məlumatlar - tarixi faktlar, hüquqi sənədlər və digər məlumat materialları vahid rəqəmsal məlumat bazasında toplanacaq. Gələcəkdə beynəlxalq hüquqşünaslar, mütəxəssislər və ekspertlər bu faktlardan və mənbələrdən səmərəli şəkildə yararlana biləcəklər.

Layihənin əsas strateji əhəmiyyətindən danışan A.Abbasov deyib: “Biz dekolonizasiya prosesinə elmi müstəvidə töhfə vermiş olacağıq. Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının aidiyyəti qurumları və xüsusi məruzəçiləri də bu platformadan istifadə etmək imkanı əldə edəcəklər. Beləliklə, rəqəmsal muzey həm elmi-tədqiqat, həm də beynəlxalq hüquqi və institusional səviyyədə mühüm istinad mənbəyinə çevriləcək”.

Muzey fransız və ingilis dillərində fəaliyyət göstərəcək. Rəqəmsal Muzey müstəmləkəçilik sahəsində aparılan araşdırmalar üçün əhəmiyyətli resursdur. Tarixçilər, politoloqlar və digər tədqiqatçılar üçün elmi mənbə rolunu oynayacaq. Bu istiqamətdə materiallar beynəlxalq hüquq üzrə mütəxəssislər üçün də etibarlı və əhatəli bir mənbəyə çevriləcək.

Virtual Muzeyin məlumatlarının bir hissəsi yerli icmaların nümayəndələri və ekspertlər tərəfindən təqdim olunub. Digər təxminən 60 faizi isə Bakı Təşəbbüs Qrupunun üzvlərinin apardığı araşdırma və təhlillər əsasında formalaşdırılıb.

Növbəti aylarda bu statistikanın dəyişəcəyinə ümidvar olduğunu bildirən A.Abbasov deyib: “Biz yerli xalqlardan, eləcə də müstəmləkəçilik tarixi və dekolonizasiya sahəsində fəaliyyət göstərən müstəqil ekspertlərdən daha çox məlumat əldə edə biləcəyik. Bu platforma geniş əməkdaşlıq imkanları yaradır. Müxtəlif beyin mərkəzləri, beynəlxalq təşkilatlar və digər qlobal institutlarla sıx əməkdaşlıq edərək məlumat bazasını daha da zənginləşdirmək və onun elmi dəyərini artırmaq mümkün olacaq”.

Dekolonial tədqiqatlar sahəsində multidisiplinar tədqiqatçı, “QaraSivilizasiya” Muzeyinin kuratoru Natali Elizabet Mba Bikoro müstəmləkəçiliyə həsr olunmuş ilk Virtual Muzeyin təqdimatı zamanı söyləyib ki, muzey yalnız müstəmləkəçilik tarixinin təqdimatı ilə məhdudlaşmır. O, müxtəlif yanaşmaları və baxış bucaqlarını özündə birləşdirən çoxşaxəli bir platformadır. Məhz burada bir daha məlum olur ki, müstəmləkəçilik dövründə güclü dövlətlər yerli xalqlara qarşı necə davranıb, onların resurslarını necə istismar edib və sosial-mədəni strukturlarına necə təsir göstəriblər.

“Gələcəkdə isə bu platforma zərər çəkmiş və təcrübə yaşamış yerli xalqların hüquqlarının müdafiəsi və onların beynəlxalq səviyyədə tanıdılması istiqamətində də mühüm rol oynayacaq”, - deyə Natali Elizabet Mba Bikoro vurğulayıb.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 218 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28