ABŞ-Azərbaycan: strateji tərəfdaşlığın yeni geosiyasi arxitekturası
12.02.2026 [08:11]
Siyasi reallıqların təsdiqi, regional bağlantıların genişlənməsi, iqtisadi əlaqələrin güclənməsi və təhlükəsizlik əməkdaşlığının dərinləşməsi
Fevralın 10-da ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Bakıya səfəri çərçivəsində Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya imzalandı. Bu sənədin imzalanması iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilir. Xartiya özündə bir sıra mühüm məqamları ehtiva edir - diplomatik əlaqələrin genişlənməsi, strateji iqtisadi münasibətlər sisteminin formalaşdırılması, müasir çağırışlara əsasən dialoqun daha da gücləndirilməsi ilə yanaşı, sənəd həm də Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni siyasi reallıqların beynəlxalq müstəvidə qəbulunun göstəricisi sayıla bilər. Qarabağ müharibəsində əldə olunan Zəfərdən sonra regionda yaranmış geosiyasi vəziyyət Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpası ilə xarakterizə olunur. Xartiyanın preambulasında əksini tapan müddəalar Vaşinqtonun bu reallığı nəzərə aldığını və Bakı ilə münasibətləri yeni status və yeni əməkdaşlıq müstəvilərində inkişaf etdirmək niyyətində olduğunu göstərir. Belə ki, regional bağlantılar, iqtisadi sərmayə və təhlükəsizlik əməkdaşlığı da daxil olmaqla, qarşılıqlı maraq və ortaq fayda doğuran sahələrdə strateji tərəfdaşlıqların əhəmiyyəti hər iki ölkə tərəfindən təsdiqlənib. Eləcə də diplomatik, iqtisadi, enerji, texnoloji və təhlükəsizlik sahələri də daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələlərdə münasibətləri gücləndirmək üçün birgə niyyətlər, strateji tərəfdaşlığın və genişləndirilmiş əməkdaşlığın planlaşdırılması və həyata keçirilməsinə yalnız dövlət qurumlarının deyil, həm də hər iki ölkənin özəl sektorlarının cəlb edilməsinin mühüm əhəmiyyəti vurğulanıb.
Orta Dəhliz və TRIPP: Qlobal bağlantıların strateji xətti
Sirr deyil ki, yeni dünya nizamı iqtisadi əlaqələri, eləcə də tranzit-logistika imkanlarının genişləndirilməsini prioritet vəzifə olaraq qlobal sistemə ehtiva edir. Azərbaycanın liderliyi ilə formalaşan Şərq-Qərb tranzit sistemi (Orta Dəhliz) beynəlxalq aləm tərəfindən gələcək üçün yeni imkanlar şəklində dəyərləndirilir. Bakının yaratdığı yeni reallıqlara əsasən formalaşan Mərkəzi Asiya - Cənubi Qafqaz - Kiçik Asiya geocoğrafi məkanı günümüzün reallığında aparıcı mövqe tutur. Bu mənada, ABŞ ilə imzalanan Xartiyanın da əsas mahiyyətini təşkil edən amillərdən biri məhz regional bağlantılar, o cümlədən enerji, ticarət və tranzit məsələləridir. Xartiya Trans-Xəzər Nəqliyyat Dəhlizini (Orta Dəhliz) əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafını, enerji və data bağlantısını, ticarət və tranzitin asanlaşdırılmasını, gömrük nəzarəti və sərhəd keçidini, beynəlxalq multimodal logistikanı və digər əlaqəli sahələrdə əməkdaşlıq yolu ilə regional bağlantıları təşviq etmək üçün birgə işləmək niyyətini ortaya qoyur. Təbii ki, işarə olunan bu nüanslar birmənalı şəkildə Zəngəzur dəhlizi (TRIPP) ideyasının gerçəkləşdirilməsini də təmin edir. Təsadüfi deyil ki, Xartiyada ötən il Vaşinqtonda baş tutmuş Sülh Zirvə Görüşünün Bəyannaməsinə uyğun olaraq Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) əhəmiyyəti əksini tapır.
Bu əlaqələr isə özlüyündə ikitərəfli iqtisadi əlaqələri təşviq etmək məqsədilə biznes mühitinin, ticarət və sərmayə axınlarının inkişaf etdirilməsi istiqamətində çalışmaq niyyətini təmin edir. Diqqət yetirsək, sənəddə:
- Orta Dəhlizin inkişafına xüsusi diqqət ayıraraq enerji, nəqliyyat və rəqəmsal infrastruktur sektorlarında, o cümlədən TRIPP və digər layihələrin inkişaf etdirilməsi vasitəsilə iqtisadi artımı və regional bağlantıları təşviq etmək üçün əməkdaşlığı genişləndirmək;
- Regional bağlantıların əhəmiyyətini qəbul edərək, enerji və nəqliyyat sektorlarına, eləcə də rəqəmsal infrastrukturun inkişafına dövlət və özəl sektor sərmayələrini səfərbər etmək imkanlarını araşdırmaq;
- Enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi Azərbaycanın strateji əhəmiyyətini qəbul edərək, ikitərəfli formatda və üçüncü ölkələrlə tərəfdaşlıq vasitəsilə interkonnektor layihələri kimi birgə layihələrin icrası və təchizat marşrutlarının şaxələndirilməsi istiqamətində neft, qaz və elektrik enerjisi sektorları da daxil olmaqla, enerji əməkdaşlığını genişləndirmək;
- Mülki nüvə əməkdaşlığını dərinləşdirmək;
- Kritik mineralların Orta Dəhliz vasitəsilə qlobal bazarlara tranzitini asanlaşdırmaqla bağlı əməkdaşlıq etmək niyyətləri öz əksini tapır. Bütün bunlar isə multimodal əməkdaşlıq sistemini ortaya qoyur.
Süni intellekt və rəqəmsal transformasiya: gələcəyin tərəfdaşlıq gündəliyi
ABŞ ilə Azərbaycan arasında yeni münasibətlər sistemi həm də gələcəyə yönəlimiş yeni əməkdaşlıq sahələrini özündə birləşdirir. Müasir çağırışlara, yeni standartlara əsaslanan əlaqələr iqtisadi sərmayələr üzrə əməkdaşlığın genişlənməsi, xüsusilə Süni İntellekt (AI) və rəqəmsal infrastruktur sahələrini əhatə etməsi, strateji və uzunmüddətli tərəfdaşlığın yeni mərhələyə keçidini ifadə edir. Bu addım innovasiya ekosisteminin gücləndirilməsi, texnologiya transferi, startap mühitinin inkişafı, yüksək ixtisaslı kadr hazırlığı və rəqəmsal transformasiyanın sürətləndirilməsi deməkdir - paralel olaraq məlumat təhlükəsizliyi, bulud texnologiyaları, data mərkəzlərinin qurulması və ağıllı həllərin tətbiqi kimi istiqamətlərdə birgə layihələrin həyata keçirilməsi sənədə əsasən atılacaq addımlar siyahısındadır. Bu əməkdaşlıq Azərbaycanın regional rəqəmsal hab kimi mövqeyini möhkəmləndirəcək, qeyri-neft sektorunun inkişafına təkan verəcək və qlobal texnologiya bazarına inteqrasiyanı sürətləndirəcək.
Xartiyada bildirilir ki, tərəflər iqtisadi və ya ticarət dialoqu platformalarının təşkili imkanlarının araşdırılması da daxil olmaqla, ikitərəfli ticarət və sərmayələri artırmaq üçün strateji fürsətləri müəyyənləşdirmək niyyətindədirlər. Eləcə də özəl sektorun fəal iştirakı ilə ikitərəfli və regional iqtisadi, ticarət və sərmayə əməkdaşlığını inkişaf etdirmək üçün əməkdaşlığı genişləndirmək vacib şərt kimi qarşıya məqsəd qoyulur. Beynəlxalq təcrübələrə əsaslanaraq, özəl müəssisə kapitalının təşviqi, texnoloji inkişafı erkən mərhələdə riskdən azad etmə və kommersiyalaşmanı sürətləndirmə kimi istiqamətlərə yönələn birgə Tədqiqat və İnkişaf (R&D) dəstək alətləri, innovasiya körpü platformaları, eləcə də kibertəhlükəsizlik və süni intellekt sahəsində sektorəsaslı təşəbbüslər kimi məxsusi mexanizmlərin yaradılması gələcək əməkdaşlığın prioritet istiqamətləri kimi müəyyənləşir. Yeni inkişaf mərhələsində rəqəmsal infrastrukturun inkişafı və AI tətbiqi üçün birgə tədqiqat, texnologiyanın mühafizəsi və qarşılıqlı müəyyən edilmiş şərtlər əsasında, hüquqi və tənzimləyici çərçivələrə uyğun olaraq texnologiyaların könüllü ötürülməsi kimi məsələlərin dəstəklənməsi məqsədilə hökumətlərarası səviyyədə və dövlət-özəl tərəfdaşlıqları vasitəsilə əməkdaşlıq ediləcək.
Sülh və əməkdaşlıq: regional sabitliyin təminində ortaq maraqlar
ABŞ-ın Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində atdığı addımlar regionda yeni münasibətlər sisteminin yaranmasını şərtləndirdi. Ötən ilin avqustunda Vaşinqtonda keçirilən zirvə görüşü, saziş layihəsinin paraflanması, ATƏT-in Minsk Qrpunun ləğvini təmin edən müraciətin imzalanması sülh prosesinin əsas prinsiplərini müəyyənləşdirərək dialoqu keyfiyyətcə yeni mərhələyə yüksəltdi və davamlı təhlükəsizlik üçün yol xəritəsi ortaya qoydu. Bu, Cənubi Qafqazda sabitliyin davamlı şərtə çevrilməsi ilə yanaşı, həm də yeni inkişaf stimuludur. Vaşinqton açıq şəkildə Azərbaycanın irəli sürdüyü sülh və inkişaf konsepsiyasını dəstəklədiyini ortaya qoyur. bu da təsadüfi deyil. Bakı hər zaman qlobal sülhün təşviqində yaxından iştirak edib və etməkdədir. Azərbaycan qlobal terrorizmə qarşı mübarizədə ABŞ-ın etibarlı tərəfdaşı kimi çıxış edərək illərlə beynəlxalq təhlükəsizlik təşəbbüslərinə fəal töhfə verib. Son olaraq isə bu ilin yanvarında Davosda imzalanan Sülh Şurası Nizamnaməsi qlobal təhlükəsizliyin təminində Bakı-Vaşinqton əlaqələrinin davamlı olduğunu ortaya qoyur.
İmzalanan yeni xartiya iki ölkə arasında bu istiqamətdə uzun illər mövcud olmuş strateji tərəfdaşlığı daha da dərinləşdirərək siyasi, təhlükəsizlik və iqtisadi sahələrdə əməkdaşlığın genişlənməsinə, regionda uzunmüddətli sabitliyin təmininə xidmət edəcək. Sənədi imzalamaqla Vaşinqton bəyan edir ki, Cənubi Qafqazda sülh Azərbaycan qədər ABŞ-ın da ortaq marağındadır. Dövlətlər arasındakı təhlükəsizlik əməkdaşlığı isə hər iki tərəfə, eləcə də beynəlxalq və regional sülh və təhlükəsizliyə fayda verir. Birləşmiş Ştatlar Azərbaycan qüvvələrinin beynəlxalq və regional təhlükəsizliyi irəlilətmək üçün Birləşmiş Ştatlar və koalisiya tərəfdaşları ilə birlikdə xidmət etdiyini nəzərə almaqla, Azərbaycanın beynəlxalq sülhməramlı səylərə verdiyi töhfələri yüksək dəyərləndirir.
Yeni imzalanan sənəd bu əməkdaşlığın həm genişlənməsini, həm keyfiyyətcə yeni bir müstəviyə qalxmasını, eləcə də uğurlu bir şəkildə gələcəyə daşınmasını təmin edəcək. Xartiyada:
- Azərbaycan ilə ABŞ müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla, müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsini genişləndirmək niyyətini ortaya qoyur;
- Terrorizm təhdidinə qarşı birgə mübarizə aparmaq öhdəlikləri nəzərə alınır, mövcud antiterror əməkdaşlığını genişləndirmək niyyəti açıqlanır;
- Paralel olaraq kibertəhlükəsizlik və mühüm infrastrukturun mühafizəsi sahəsində bacarıqları artırmaq məqsədilə əməkdaşlıq arzusu ifadə edilir;
- Nəhayət, Azərbaycanın II Qarabağ müharibəsindən sonra əziyyət çəkdiyi ən mühüm məqamlardan biri - mina və digər partlayıcı maddələrlə çirklənmə səbəbindən üzləşdiyimiz ciddi çətinliklər nəzərə alınır, maliyyə dəstəyi və texnologiya ötürülməsi vasitəsilə humanitar minatəmizləmə sahəsində potensialın artırılmasında əməkdaşlıq etmək qətiyyəti ortaya qoyulur. Bu məqam olduqca vacib nüansdır. O baxımdan ki, bu gün Azərbaycan Cənubi Qafqazın inkişafı, eləcə də yeni iqtisadi-siyasi mühitin formalaşması üçün səfərbər olub. Ərazi bütövlüyümüzün təmini, suverenliyimizin bərpasının ardından işğaldan azad edilmiş ərazilərdə geniş abadlıq quruculuq işləri görülür. Bu, həm də Bakının dünyaya yeni sülh modeli təqdimatıdır. Ərazilərin minamalanması isə işlərin daha sürətli aparılmasına mane olur. Bu minaların partlaması nəticəsində günahsız insanlar hələ də həyatını itirir, xəsarət alır. Statistikaya nəzər salsaq 10 noyabr 2020-ci il tarixindən 7 yanvar 2026-cı il tarixinədək Azərbaycanda mina partlayışları nəticəsində, ümumilikdə, 416 nəfər zərər çəkib. Bu dövr ərzində 71 nəfər həlak olub, 345 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həlak olan 71 nəfərin isə 15-i hərbçi, 56-sı isə mülki şəxsdir. Xəsarət alan 345 nəfərin 178 nəfəri hərbçi, 167 nəfəri isə mülki şəxsdir. Bu isə onu göstərir ki, bu problemin həlli beynəlxalq aləmi yaxından düşündürməlidir. ABŞ ilə imzalanan Xartiyada bu məqamın yerini alması olduqca vacib bir məsələdir.
İnstitusional mexanizmlər: davamlı dialoq platformaları
İmzalanan Xartiya ötən 30 ildə Bakı ilə Vaşinqton arasında olan işgüzar münasibətləri, tərəfdaşlığı, enerji işbirliyini, bir sözlə, bütün sahələr üzrə əməkdaşlıqları yeni bir mərhələyə daşıyır. O baxımdan ki, imzalanan sənəd mövcud strateji tərəfdaşlıq çərçivəsini daha sistemli və institusional əsaslara fokuslayır. Sənədə uyğun olaraq iqtisadiyyat və ticarət, enerji təhlükəsizliyi, bağlantılar, süni intellekt və rəqəmsal inkişaf, eləcə də təhlükəsizlik və müdafiə sahələrində birgə İşçi Qruplarının yaradılması nəzərdə tutulur. Bu mexanizm əməkdaşlığın epizodik təşəbbüslərdən çıxaraq davamlı və koordinasiyalı platforma üzərindən idarə olunmasına imkan verəcək.
Yeni mərhələ qarşılıqlı sərmayələrin təşviqi, innovasiya və texnologiya transferi, nəqliyyat-logistika dəhlizlərinin inkişafı, enerji şaxələndirilməsi və müdafiə sahəsində təcrübə mübadiləsinin dərinləşdirilməsini hədəfləyir. Eyni zamanda, qərarların icrasına nəzarət, prioritetlərin uzlaşdırılması və uzunmüddətli planlaşdırma baxımından daha çevik və effektiv mexanizmlər formalaşacaq. Beləliklə, Bakı ilə Vaşinqton arasında dialoq daha intensiv və nəticəyönümlü xarakter alacaq, institusional əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə yüksələrək ikitərəfli münasibətlərin davamlı inkişafına və regional sabitliyə töhfə verəcək. Sənədə əsasən proses ləngiməyəcək - müvafiq İşçi Qrupları hazırkı Xartiyanın imzalanmasından sonrakı üç ay ərzində layihələrin siyahısını və onların həyata keçirilməsi üçün yol xəritələrini razılaşdırmaq niyyətindədirlər. Razılaşmaya əsasən, Xartiya çərçivəsində ildə ən azı bir dəfə müntəzəm olaraq görüşmək və tərəfdaşlıqlarının həyata keçirilməsi üçün zəruri olan və qarşılıqlı surətdə müəyyən edilmiş digər dialoq platformalarını yaratmaq kimi imkanlar da ortaya qoyulur.
Münasibətləri yeni mərhələyə daşıyan strateji yol xəritəsi...
Nəticə etibarı ilə, imzalanan Strateji Tərəfdaşlıq haqqında Xartiya Azərbaycan ilə ABŞ arasında münasibətlərin sadəcə genişlənməsi deyil, onların strukturlaşmış və uzunmüddətli strateji çərçivəyə salınması deməkdir. Sənəd göstərir ki, Bakı ilə Vaşinqton qarşılıqlı maraqları ayrı-ayrı istiqamətlər üzrə deyil, vahid və qarşılıqlı əlaqəli sistem daxilində görür. Bu yanaşma siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya və müdafiə sahələrini bir-birini tamamlayan elementlər kimi formalaşdırır.
Xartiyanın ən mühüm cəhətlərindən biri əməkdaşlığın miqyasının və mexanizminin bütün komponentlər üzrə seçilməsi, dəqiq təsbit olunması, institusional cəhətlərlə möhkəmləndirilməsidir. Xartiyada əksini tapan 4 Bölmə üzrə təsnifatlandırma konkret layihə portfellərinin hazırlanmasını və icra mexanizmlərinin müəyyənləşdirilməsini praktik müstəviyə keçirir. Bu isə qərarların ardıcıl icrasını, prioritetlərin uzlaşdırılmasını və uzunmüddətli planlaşdırmanı təmin edən dayanıqlı platformanı formalaşdırır. Nəticədə tərəfdaşlıq situativ deyil, davamlı və ölçülə bilən nəticələrə hesablanmış, ən əsası uzunmüddətli və dayanıqlı modelə çevrilir.
Digər mühüm məqam tərəfdaşlığın coğrafi və funksional miqyasının təsbit olunmasıdır. Məsələn, regional bağlantılar, Orta Dəhliz, enerji və kritik resursların qlobal bazarlara çıxışı kimi məsələlər Azərbaycanı beynəlxalq iqtisadi sistemdə daha fəal aktora çevirir, yeni status qazandırır. ABŞ ilə əməkdaşlıq bu prosesə əlavə siyasi və iqtisadi legitimlik qazandırır, eyni zamanda, Cənubi Qafqazın sabit və proqnozlaşdırılan inkişaf məkanına çevrilməsinə xidmət edir. Bu kontekstdə tərəfdaşlıq yalnız ikitərəfli deyil, daha geniş geoiqtisadi arxitekturanın tərkib hissəsi kimi çıxış edir.
Rəqəmsal inkişaf və süni intellekt sahəsində nəzərdə tutulan əməkdaşlıq isə münasibətlərin gələcəyə hesablanmış istiqamətlərini özündə ehtiva edir. İnnovasiya, texnologiya transferi, kibertəhlükəsizlik və yüksək texnologiyalar üzrə birgə təşəbbüslər iqtisadiyyatın modernləşdirilməsi ilə yanaşı, insan kapitalının inkişafına da töhfə verəcək.
Təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi də regional maraqlara tam uyğundur - bütövlükdə bölgədə sabitliyin möhkəmləndirilməsi bütünlüklə yaxın coğrafiyanın marağındadır. Bununla yanaşı, terrorizmə qarşı mübarizə, müdafiə sənayesi, kibertəhlükəsizlik və humanitar minatəmizləmə istiqamətləri həm milli təhlükəsizlik maraqlarını, həm də beynəlxalq öhdəlikləri əhatə edir.
Bütün bunların fonunda Xartiya Azərbaycan-ABŞ münasibətlərini yeni mərhələyə daşıyan strateji yol xəritəsi kimi qiymətləndirilə bilər. Bu sənəd qarşılıqlı etimadın möhkəmləndirilməsinə, ortaq maraqların uzlaşdırılmasına və gələcək əməkdaşlığın institusional əsasda inkişafına zəmin yaradır. Beləliklə, formalaşan yeni tərəfdaşlıq modeli bugünkü reallıqlarla yanaşı, qarşıdakı onilliklərin siyasi və iqtisadi gündəliyini müəyyən edən əsas çərçivəyə çevrilir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
21 Fevral 20:28
Dünya
21 Fevral 19:33
Hadisə
21 Fevral 18:15
Sosial
21 Fevral 17:26
YAP xəbərləri
21 Fevral 16:47
YAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50

