Sözü özünə bənzəyən şair
10.02.2024 [11:33]
Əlisəmid Kürün 70 yaşına
Əlisəmidi ilk dəfə ötən əsrin səksəninci illərinin ikinci yarısında Yazıçılar Birliyinin Natəvan klubunda, görkəmli şairimiz Məmməd İsmayılın rəhbərlik elədiyi “Gənclik” Ədəbi Birliyinin yığıncağında görmüşəm. Təxminən otuz üç yaşı olardı, necə deyərlər, laçın vaxtlarıydı. Əynində cins kostyum vardı, modabaz oğlan təsiri bağışlayırdı, yerə-göyə sığmırdı. İndi “səksənincilər” adlandırdığımız nəslə mənsub tanınmış şairlərin, yazıçıların, tənqidçilərin çoxu o Birlikdə təmsil olunurdu.
Mənim onların sırasına qoşulmağa yaşım çatmasa da, bir küncə çəkilib oğrun-oğrun müzakirələri dinləyirdim. Orada qaynar ədəbi mühit vardı, qızğın diskussiyalar aparılırdı, bəzən mübahisələr gərginlik həddinə çatırdı. İnanıram ki, Məmməd İsmayılın təşkil elədiyi ədəbi məclislər o məclislərin iştirakçısı olmuş hər kəsin həyatında müsbət rol oynayıb. Oradan tanıdığım qələm adamlarının bir qismi sonralar şairin yaratdığı “Gənclik” jurnalının əməkdaşı kimi fəaliyyət göstərdi.
Natəvan klubunda aparılan müzakirələrdən, mübahisələrdən Əlisəmid daha çox şeirin redaktə olunmasına etirazıyla yadımda qalıb. O, təkidlə sübuta yetirməyə çalışırdı ki, şeir şairin qəlbindən bütöv şəkildə doğulur, ona sonradan düzəliş eləmək, əl gəzdirmək doğru deyil. Onun fikriylə razılaşmayanlar çox oldu, bəziləri, elə Məmməd İsmayıl özü də böyük şairlərdən, dünya poeziyasından misallar çəkdi, şeirin mükəmməl şəkil alana qədər necə dondan-dona girdiyini, variantdan-varianta düşdüyünü konkret örnəklərin timsalında göstərdi.
Bir də Əlisəmidin “Alo, mən səni görürəm, qızım!” şeirini xüsusi intonasiya ilə, İncəsənət İnstitutunun məzununa xas bəlağətlə oxuduğu yadımdadır. Əlisəmid Kür bütün şeirlərini əzbər bilən, onları özünəməxsus qiraət üslubunda söyləyən az-az şairlərdəndir. Bir dəfə tay-tuşlarının birindən gileyləndi: “Adam bir şeirini də əzbər bilmir. Məndən deyir, filankəslərdən deyir, özündən deyə bilmir. Belə də şair olar?..”
Əsgərlikdən qayıdandan sonra Əlisəmidlə Yazıçılar Birliyinin Ədəbiyyatı Təbliğ Bürosunda rastlaşdım. İndiki “İçərişəhər” metrosuyla üzbəüz binanın beşinci mərtəbəsində, ədəbi jurnalların redaksiyasıyla bir qatda yerləşən bu büro şairləri, yazıçıları bölgələrə ezam eləyir, bunun müqabilində onlara pul yazırdı. Əlisəmidlə Əjdər Ol (Allah qapısını açsın!) rəhmətlik Hafiz Əlinin başçılığıyla burada işləyirdilər. Hafiz Əli zarafatla onlardan gileylənirdi: “Bunlar ikisi də təkhecalı təxəllüs götürüb - Əjdər OL (təxəllüsləri xüsusi vurğuyla tələffüz eləyirdi), Əlisəmid KÜR. Mən də istəyirəm özümə yeni təxəllüs götürəm: Hafiz Əli QOÇ...”
Əlisəmid orada da dinc oturmurdu, bəyəndiyi müəlliflərdən yazı alıb, Masallıda yaşayan rəhmətlik şair Məmməd Kazımın nəşr elədiyi “Qala” qəzetinə göndərirdi. O dövr üçün sanballı ədəbi orqan olan bu qəzetdə onun vasitəçiliyi ilə mənim də bir-iki hekayəm işıq üzünə çıxarılmışdı. İndi bu sətirləri yazdıqca o günlərin sevinci içimdə yenidən közərir.
Qismət elə gətirdi ki, Əlisəmidlə iş yoldaşı da olduq. 1992-ci ilin ikinci yarısında, Bakı Dövlət Universitetinin beşinci kursunda oxuduğum vaxt Tərcümə Mərkəzinin hələ mərhum Aydın Məmmədovun sağlığında təsis elədiyi “Yol” qəzetinin növbəti baş redaktoru Əlisəmid Kür qələm dostum, o zaman həmin qəzetdə çalışan Qurban Yaquboğlunun vasitəsilə məni işə çağırdı. Əvvəllər həftədə bir yol çıxan qəzetin dövriliyi həmin aylarda artıq seyrəlmişdisə də, “Yol” ölkənin aparıcı ədəbi orqanıydı. Əlisəmid müəlliflərə ürək açıqlığı ilə yanaşırdı, Qurbanla mənim timsalımızda gənclərə də geniş meydan vermişdi. Biz də baş redaktorun səxavətindən yararlanıb, istedadlı tay-tuşlarımızın yaradıcılığını təbliğ eləyirdik.
O vaxtacan cavanlar çap sarıdan çox korluq çəkmişdilər. Əlisəmid hətta bəyənmədiyi yazıları, xoşlamadığı müəllifləri də qapıdan qaytarmırdı, hansısa şair, yazıçı ən azı bir ədəbi-estetik qrup tərəfindən qəbul olunur, tanınırdısa, onlara da meydan verirdi. O vaxtlar “Yol”un redaksiyası qələm adamlarının görüş yeriydi, oradakı məclisləri, söhbətləri, zarafatları yazıya alan olsa, bir kitaba sığmaz.
Zaman o zaman idi ki, ədəbiyyat günəşi qüruba gedirdi, söz-sənət insanları hər şeydən az maraqlandırmağa başlamışdı. Yeni mətbuat, ictimai-siyasi qəzetlər meydanı ələ almışdı. Adama elə gəlirdi ki, ədəbiyyat bir də dirçəlməyəcək, xalq daha kitab üzü açmayacaq. Dünənəcən kitabları on minlərlə satılan şairlər, yazıçılar həm mənəvi, həm də maddi baxımdan müflis olmuşdular, əlli-yüz min tirajla çıxan ədəbi qəzet-jurnallar iflasa uğramışdı. Söz sənəti söz adamının nəzərindən düşmüşdü. Bizim də kollektivliyimiz təxminən il yarım sürdü, dövran hərəmizi bir yana atdı. Ancaq ən böhranlı illərdə də Əlisəmidin poeziyadan küsdüyünü, sözünün tükəndiyini görmədim. Həmişəki kimi az yazdı, amma yazdı, öz taleyinə, qismətinə, qəzavü-qədərinə diaqnoz qoydu, ömrünün mənzərəsini dönəm-dönəm, epizod-epizod qələmə aldı, həyatını bir toxucu səbriylə ilmə-ilmə kağıza hördü.
Təxminən on beş il qabaq bir redaksiyada Əlisəmidin ilk kitabı əlimə düşdü. O vaxt o kitabın işıq üzü görməsindən iyirmi neçə il keçmişdi, oradakı şeirlərin çoxunu unutmuşdum. Əl boyda kitabçanı yenidən vərəqlədikcə baxdım ki, bir şeirin də üstündən keçmək olmur, onda artıq Əlisəmidi yaxşı tanıdığından inandım ki, bu şeirlərin hamısı müəllifin tərcümeyi-halından, yaralı taleyindən doğulub. Əlisəmid Kürün sözü qıraqdan gəlməyib, öz bəxtindən mayalanıb, eynən özünə oxşayır.
Onun ömür yoluna bələd olanlar bilirlər ki, Əlisəmidin həyatı çox da rahat keçməyib, xarakterimi deyim, alın yazısı, qismətimi deyim, onu çox bəlalara atıb. Onun evini başına uçurmuş zəlzələlərin dağıntıları altından nəinki hər şair, heç özündən deyən hər igid də salamat çıxa bilməzdi. Amma Əlisəmid çıxdı, sözün, qələmin, onu istəyən, qədrini bilən dostların sayəsində çıxdı.
Otuz il bundan qabaq qırx yaşlı Əlisəmid bizlə - cavan dostları, iş yoldaşlarıyla tikəsini, meyini, siqaretini bölərdi. İndi onun bölüşməyə sözdən başqa heç nəyi qalmayıb. O, sözü mala, mataha çevirmədi, ona çox böyük yaxşılığı dəymiş adamlara belə mədhiyyələr yazmadı, şeirin başına çatı salıb kiminsə qapısına nökərçiliyə aparmadı.
Belə götürəndə zaman onu çox talamayıb, qırx yaşlı Əlisəmiddən o qədər də seçilmir. Bir az alnının qırışları dərinləşib, bir az da dişlərinin sırası seyrəlib. Əlisəmidin üzünə diqqətlə baxsanız, onun ömrünün xəritəsini görəcəksiniz, alnının yazısını oxuyacaqsınız, taleyinin düyünlərini çözəcəksiniz. Belə bir tale yiyəsinin yetmiş yaşa çatması poeziyamız üçün qənimətdir.
Ömrün mübarək,
Əlisəmid, Kür kimi dəli-dolu şair!
F.Uğurlu
Xəbər lenti
Hamısına baxElm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08

