Sağ qalmaq üçün ölmək
01.09.2023 [12:21]
Çingiz Aytmatovun “Dəniz kənarıyla qaçan Alabaş” povesti haqqında
“Ağ gəmi”, ardınca da “Dəniz kənarıyla qaçan Alabaş” povestindən sonra Çingiz Aytmatovun yaradıcılığında böyük dönüş baş verdi. Bundan sonra yazıçı mövzularına da, personajlarına da fəlsəfi don biçdi, onları öz ömürlərinin, mühitlərinin dar kontekstindən çıxarıb, “Gün var əsrə bərabər” romanının qəhrəmanı Boranlı Yedigey kimi, “Qiyamət” (bizdə bu adla çap olunsa da, gerçək adı “Cəllad kötüyü”dür) romanının qəhrəmanı Avdi Kallistratov kimi kainatın ürəyinə yerləşdirdi. Sadə bir dəmiryol fəhləsini qlobal proseslərin mərkəzinə çəkmək indi bəlkə özündən deyən azman bir yazıçıya da qeyri-mümkün görünər, ancaq onda alındı. Onun Şəkər aulundan saldığı cığır Sarı Özək çöllərində dəmiryol xəttinə dönüb planetin az qala bütün ölkələrinə qol uzatdı, çapar göndərdi, onun sayəsində Şəkər aulu yaxın-uzaq diyarları başına topladı, dünyanın üzünü özünə sarı çevirdi.
Sovet Qırğızıstanına rəhbər göndəriləcəyi gözlənən savadlı, perspektivli atası 37-ci il repressiyasının qurbanı olandan sonra hələ bığ yeri tərləməmiş Çingiz ailənin böyüyünə çevrildi. Buna qədər o, atasının məsləhətiylə anası, özündən kiçik qardaşı, ondan da kiçik iki bacısıyla birgə Moskvadan doğma kəndinə qayıtmışdı, dar gündə onlara dayaq duran, himayədarlıq eləyən el-obasına, simsarlarına, əzizlərinə sığınmışdı. Bir vaxt gəldi, Çingiz o kənddə gördüyü qayğının, sevginin əvəzini min qat qaytardı - Şəkər aulu dünyada dillərə düşdü, planetar miqyaslı ədəbi abidəyə, real əfsanəyə çevrildi.
Atası xalq düşməni elan olunsa da, bəxtinin xərclənməmiş ehtiyatını böyük oğluna miras qoyub getmişdi. Atadan qalma bu miras Çingizin dadına çox çatdı, onun ədəbi taleyi görünməmiş dərəcədə uğurlu oldu. 1958-ci ildə yazdığı “Cəmilə” povesti vur-tut bir ildən sonra məşhur fransız yazıçısı Lui Araqonun tərcüməsində, həm də onun ön sözüylə Parisdə dərc olundu. Bunun ardınca əsərin sədası bütün Avropaya, oradan da bütün dünyaya yayıldı, otuz yaşlı Çingiz Aytmatov qısa müddət içində sözün gerçək mənasında dünya şöhrətli yazıçıya çevrildi. “Cəmilə” qarışıq dörd povestin (“Qırmızı yaylıqlı qovağım mənim”, “İlk müəllim”, “Köşək gözü”) yer aldığı kitabına görə 1963-cü ildə Aytmatov “sosialist düşərgəsinin Nobeli” sayılan Lenin mükafatına layiq görüldü. Cəmi otuz beş yaşında! Məlumat üçün deyim ki, sovet dönəmində heç bir Azərbaycan yazıçısı (hətta Lenindən gen-bol yazanlar belə) bu mükafatı ala bilməyib.
***
Əsərin əsasında duran əhvalatı müəllifə özü də Saxalində yaşayan nivx adlı etnik qrupa mənsub yazıçı, publisist Vladimir Sangi danışıb. Aytmatov povestini ona ithaf eləyib.
Sakit okeanın yaxasında məskunlaşmış nivx qəbiləsindən dörd nəfər gövdəsi oyulmuş nəhəng qovaq ağacından qayırılma qayıqla nerpa ovuna çıxır. Bunlardan ən böyüyü çubuğu damağından düşməyən qoca Orqan, ən kiçiyi on bir yaşlı balaca Kiriskdir. Orqan qayığın burnunda yerini rahatlayıb. Kiriskin atası Əmrayinlə əmisi (dəqiq deyəsi olsaq, atasının əmisi oğlu) Mılğun avar çəkirlər. Ovçuların bu səfərə çıxmaqda məqsədi təkcə qənimət əldə eləmək deyil, bu gediş ilk növbədə ritual, mərasim xarakteri daşıyır: əsas məqsəd balaca Kiriskə təlim keçmək, onu qəbilənin başlıca qida mənbəyi olan ovçuluğa alışdırmaq, gələcəyin mahir ovçusu kimi yetişdirməkdir. Fəqət okeanın tutması, hikkəsi uşağın siftəsini korlayır, təlim-məşq mərasimi onlara baha başa gəlir.
Sahildən xeyli aralaşana qədər Alabaş adlı dağ ovçuları müşayiət eləyir, bir doğma kimi qurudan onlara əl yelləyir, yol göstərir, ta qayıq gözdən itənəcən onlardan muğayat olur. Bu dağ nivxlərin bir növ qibləsi, himayədarıdır. Okeandan baxana elə gəlir ki, Alabaş dənizin qırağı boyunca gəşt eləyir, ətəyinə sığınmış insanların keşiyini çəkir.
Ovçular təqribən iki gün ərzində okeanda üç kimsəsiz adaya baş vurmalıdırlar. Həmin adalarda şikar çox olur.
İlk çatdıqları adada bir nerpa ovlayandan sonra onlar ikinci adaya yön tuturlar. Fəqət yolda dəhşətli bir qasırğaya düşürlər, yerlə göyün arasını boz-qara duman alır, külək, tufan qoymur ki, göz gözü görsün. Qayıq batmasın deyə ovladıqları cəmdəyi, çəkidə ağır nə varsa hamısını dənizə atırlar. Əllərində-ovuclarında qalan tək qənimət yola götürdükləri içməli su olur. Ucsuz-bucaqsız su səhrasının ortasında onları yalnız bu bir neçə parç su ölümdən qurtara bilər.
Tufan yatandan sonra da qayıqdakılar hərəkət eləyə bilmirlər, çünki səmti itiriblər. Qatı duman göydə ulduzların, yerdə quşların üstünə sirr pərdəsi çəkib: əgər göyün üzü açılsaydı, qoca Orqan ulduzlara baxıb hankı səmtə üzməli olduqlarını bilərdi; yaxud ən qatı qaranlıqda, sıx dumanda belə uzağı görən qütb bayquşunun - aqukuk quşunun uçuşu görünsəydi, onun qanadlarından sallaşıb bir yana çıxmaq olardı. İndisə ovçular dəryada kar-kor kimi qalıblar. Üstəlik də susuzluq. Bir bayatıda deyildiyi kimi: dəryada bir gül bitib, o da su deyin ağlar...
***
Çılğın, güclü Mılğunun əsəbləri bir yerdə hərəkətsiz dayanmağa tab gətirmir, Əmrayinlə birlikdə yorulub əldən düşənəcən avar çəkib, qayığı bilinməyən istiqamətə sürürlər. Bu da, əlbəttə, onların susuzluğunu daha da şiddətləndirir. Gözünü, ağlını qan örtmüş igid, tədbirli kişilər düşünmək iqtidarında deyillər ki, son damla gücləri bahasına başa gələn bu gedişin onlara nə faydası olacaq.
Qoca Orqan ehtiyatdakı suyu qayıqdakılara zərrə-zərrə paylayır. Özü içmir, öz payını Kiriskə içirir. Əmrayin bunu etirazla qarşılayanda deyir ki, mənim günüm keçib artıq, öz payımı çoxdan içib qurtarmışam. Ancaq zalım susuzluq hökmünü verir, yanğıya dözməyən qoca gənclərin su payına şərik çıxmamaq üçün, görünür, həm də onların əzab içində öldüyünü görməmək üçün özünü dəryaya atır.
Dumansa çəkilmək bilmir, yerlə göyün arasında yerdən-göydən bir nişanə görünmür. İçməli suyun da dibinə bir şey qalmayıb, böyüklər aldıqları bir-iki qurtumu da xəcalətlə boğazdan ötürürlər. Axırda susuzluqdan havalanan Mılğun dözməyib dəniz suyunu ovuclayıb içir. Bu isə belə şəraitdə ölümə bərabərdir. Kiriskin Mılğun əmisi də özünü okeana - nivxlərin mifik əcdadı Balıq Anaya təhvil verir.
Qalır Əmrayinlə oğlu. Ata üçün çıxılmaz vəziyyətdir - nə gedə, nə qala bilir. Getsə, oğlunu amansız okeanın qoynunda tək qoymuş olur, qalsa, balasının dirilik suyuna şərik çıxır. İki yoldan heç biri ondan ötrü məqbul deyil, di gəl, yol bir olmalıdır, iki variantdan biri hökmən seçilməlidir. Əmrayin də sələfləri getdiyi yolu seçir, Kiriski yuxuya verib Balıq Ananın qoynuna atılır.
Bəli, paradoksal görünsə də, belədir: insan canını qurban verir ki, sabaha salamat çıxsın, ölür ki, diri qalsın, özünü toxum kimi yerə əkir ki, toxumu kəsilməsin. Bəlkə də bəşər övladı təhtəlşüurunda bu həyata, yer üzünə bir də gələcəyini bilir deyə gələcək nəsillərin üstündə bunca əsir, ona aydın görünməyən minillik gələcəyinin qayğısına qalır.
F.Uğurlu
Ardı növbəti sayımızda
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
03 Oktyabr 17:25

Xəbər lenti
03 Oktyabr 16:18

Xəbər lenti
03 Oktyabr 16:17

İqtisadiyyat
03 Oktyabr 15:33

Xəbər lenti
03 Oktyabr 15:32

Asiya
03 Oktyabr 15:21

Xəbər lenti
03 Oktyabr 15:10

Xəbər lenti
03 Oktyabr 14:53

Xəbər lenti
03 Oktyabr 14:39

Xəbər lenti
03 Oktyabr 14:13

Xəbər lenti
03 Oktyabr 14:12

Xəbər lenti
03 Oktyabr 14:04

Dünya
03 Oktyabr 13:31

Xəbər lenti
03 Oktyabr 13:22

Xəbər lenti
03 Oktyabr 13:14

Maraqlı
03 Oktyabr 13:12

Xəbər lenti
03 Oktyabr 12:45

Mədəniyyət
03 Oktyabr 12:39

Maraqlı
03 Oktyabr 12:36

Xəbər lenti
03 Oktyabr 12:11

Siyasət
03 Oktyabr 11:55

Xarici siyasət
03 Oktyabr 11:53

MEDİA
03 Oktyabr 11:49

Siyasət
03 Oktyabr 11:41

Siyasət
03 Oktyabr 11:36

Xəbər lenti
03 Oktyabr 11:34

Siyasət
03 Oktyabr 11:23

Xəbər lenti
03 Oktyabr 11:18

Siyasət
03 Oktyabr 11:15

Xəbər lenti
03 Oktyabr 11:11

Xəbər lenti
03 Oktyabr 11:10

Xəbər lenti
03 Oktyabr 11:08

Xəbər lenti
03 Oktyabr 11:08

Siyasət
03 Oktyabr 11:07

Xəbər lenti
03 Oktyabr 11:06

Xəbər lenti
03 Oktyabr 11:05

Xəbər lenti
03 Oktyabr 11:04

Xəbər lenti
03 Oktyabr 10:55

Xəbər lenti
03 Oktyabr 10:53

Siyasət
03 Oktyabr 10:45

Siyasət
03 Oktyabr 10:30

Gündəm
03 Oktyabr 10:20

Analitik
03 Oktyabr 10:10

Gündəm
03 Oktyabr 10:00

Xəbər lenti
03 Oktyabr 09:35

Gündəm
02 Oktyabr 20:40

Xəbər lenti
02 Oktyabr 20:37

Xəbər lenti
02 Oktyabr 20:35

Xəbər lenti
02 Oktyabr 19:41

Xəbər lenti
02 Oktyabr 18:24

Xəbər lenti
02 Oktyabr 18:11

Xəbər lenti
02 Oktyabr 17:46

Xəbər lenti
02 Oktyabr 16:50

Xəbər lenti
02 Oktyabr 16:35

Xəbər lenti
02 Oktyabr 16:28

Siyasət
02 Oktyabr 16:26

Siyasət
02 Oktyabr 16:20

Xəbər lenti
02 Oktyabr 16:11

Xəbər lenti
02 Oktyabr 16:00

Xəbər lenti
02 Oktyabr 15:46

Xəbər lenti
02 Oktyabr 15:33

Xəbər lenti
02 Oktyabr 15:07

Xəbər lenti
02 Oktyabr 15:05

Xəbər lenti
02 Oktyabr 14:42

Xəbər lenti
02 Oktyabr 14:09

Xəbər lenti
02 Oktyabr 13:48

Xəbər lenti
02 Oktyabr 13:46

Siyasət
02 Oktyabr 13:42

Xəbər lenti
02 Oktyabr 13:39

Xəbər lenti
02 Oktyabr 13:13
