Köpək balıqları üçün ziyafət
25.08.2023 [12:00]
Ernest Heminqueyin
“Qoca və dəniz” povesti haqqında
Sən nə bəslərsən bu tərlanı,
Nəbati, ruzi-şəb,
Mən bu dağı çox dolandım,
bir şikarı yoxdu, yox.
Seyid Əbülqasim Nəbati
Bu povest Heminquey yaradıcılığının həm yekunu, həm zirvəsidir. Dünya şöhrətli yazıçı bundan sonra yaşadığı on ildə öz adına-sanına layiq yeni bir əsər yarada bilməmişdi.
1951-ci ildə qələmə alınmış povest ilk dəfə 1952-ci ilin 1 sentyabrında nüfuzlu “Life” jurnalında dərc olundu. Vur-tut iki gün ərzində jurnalın nə az, nə çox - düz beş milyon nüsxəsi satıldı. Ədəbi tənqid dərhal “Qoca və dəniz”i Herman Melvillin “Mobi Dik” romanı, Uilyam Folknerin “Ayı” povesti ilə bir sıraya qoydu. Həmişə Heminqueyi ədəbi cəsarətsizliyinə görə qınayan Folkner bu səfər onun tərifini göylərə qaldırdı: “Zaman göstərəcək ki, bu, bizim nəslin yaratdığı ən yaxşı sənət əsəridir. Bu dəfə o, yaradılışın mükəmməlliyini, Yaradanı kəşf elədi. Buna qədər onun kitablarında kişilər də, qadınlar da özləri özlərini qondarırdılar, özlərini öz palçıqlarından yoğurub yapırdılar; onların qələbələri də, məğlubiyyətləri də bir-birinin əlindəydi, hər dəfə onlar özlərinə də, özgələrə də nə qədər güclü-qüdrətli olduqlarını sübuta yetirməyə çalışırdılar. Bu dəfə isə o, hərəyə bir qismət yetirən ilahi mərhəmətdən yazıb: qocanın qisməti əvvəlcə balığı tutmaq, sonra onu əldən verməkdir; balığın qisməti qarmağa düşmək, canını dənizə tapşırmaqdır; köpək balıqlarının nəsibi isə qocanın qənimətini qamarlamaqdır. Tanrı onların hamısını sevir, hər birinə acıyır. Hər şey qaydasındadır. Heminqueyi də, məni də yaradan mərhəmətli Allaha şükürlər olsun ki, bizə də yaratmaq imkanı verib”.
Müəllif özü isə əsərinə fəlsəfi qəlib tapmağa həvəsli görünmürdü, həmişəki kimi məramını sətirlərin, abzasların arxasında, aysberqin görünməyən qatında daldalamağa çalışırdı. Söhbətlərində, müsahibələrində də ondan bu istiqamətdə söz qoparmağa yönələn suallardan yayınırdı: “Mən gerçək qocanı, gerçək uşağı, gerçək dənizi, gerçək balığı, gerçək akulaları təsvir eləməyə cəhd göstərmişəm. Əgər niyyətim baş tutubsa, yəni bütün bunları olduğu kimi qələmə ala bilmişəmsə, onda yazım, əlbəttə, çox yana yozula bilər”. Kim istəsə, bu povesti realist əsər - bir balıqçının gerçək macərası kimi də oxuya bilər, ancaq peşəkar ədəbiyyat adamı üçün “Qoca və dəniz” fəlsəfi poema, fantastik pritçadır.
Əsərin triumfu özünü çox gözlətmədi - “Qoca və dəniz” 1953-cü ildə Pulitser, bir il sonra Nobel mükafatına layiq görüldü. Şöhrətin zirvəsinə çatandan sonra Ernest Heminquey eynən Martin İden kimi heç nə arzulamamaq mərəzinə mübtəla oldu. Çox əvvəldən canında yuva salmış qorxu, şübhə, bədbinlik içində lağım atıb onu yetişdiyi xoşbəxtliyin zövqündən məhrum elədi.
***
Ta cavanlığından o, qorxusunun səsini batırmağa çalışmışdı, qorxusunu özüylə qitədən-qitəyə, dənizdən-dənizə, döyüşdən-döyüşə, savaşdan-savaşa daşımışdı, məşhur hekayəsinin qəhrəmanı Frensis Makomber kimi qorxudan silkinmək üçün Afrika cəngəlliklərinə baş vurmuşdu, kəl ovuna, şir ovuna çıxmışdı. Ölümü, ölüm xofunu öldürməklə üstələmək istəmişdi. Boyu-buxunu, sağlam gövdəsi, güclü qolları, yaraşıqlı siması - hamısı, hamısı ölümə, faniliyə, acizliyə meydan oxusa da, yenə əzrayılın barmaqlarını yaxasından aça bilməmişdi.
Bilmirəm yalandır, ya gerçək, uşaqlıqda belə bir söz eşitmişdim: guya irili-xırdalı bütün vəhşilər, yırtıcılar meşədə, ya cəngəllikdə bir şıqqıltı eşidəndə ilk reaksiyaları bu olur ki, qırağa sıçrayırlar; guya yalnız qara bəbir səs eşitcək şıqqıltı gələn yerə şığıyır. Bir dostum bunu güc əlaməti sandığını demişdi, ancaq mən dostumla razılaşmamışdım, hesab eləmişdim ki (əgər deyilən doğrudursa), panteranın qorxusu o biri yırtıcıların özünüqoruma instinktindən daha böyükdür, daha dərinə işləyib. Qara bəbir kimi Heminqueyin də aqressiyası qorxaqlığından doğurdu, qorxusundan özünü ölümün episentrinə, savaş ocaqlarına, təhlükəli ov meydanlarına atırdı, biriylə sözü çəpləşəndə dərhal boksçu yumruğunu işə salırdı.
Ernest Heminquey insanı zəif, aciz göstərən əsərləri bəyənmirdi, “insan oğlunu məhv eləmək olar, ancaq diz çökdürmək olmaz” deyirdi. Məsələ burasındadır ki, onun da qəhrəmanları əksərən həyata məğlub olan, fələyə yenik düşən, ancaq uduzduğunu boynuna almayan, məğlub idimini üstünə götürməyən yorğun, üzgün, cəfakeş insanlardır. Sadəcə, onlar fələyin çarxına ilişəndə ağlayıb-sıtqamırlar, qismətlərini ləyaqətlə qarşılayıb məğrur yola salırlar. Bu mənada “Qoca və dəniz”in qəhrəmanını müəllifin həm həyat, həm də sənət kredosunun simvolu saymaq olar. Qoca balıqçı Santyaqo öz taleyinə-qismətinə əsl əxlaq cəngavəri kimi təmkinlə, təhəmmüllə, mərdi-mərdanə qatlaşır, ancaq onu yıxan fələyə qürurundan vermir. Şikayətlənmir, yalvarmır, sızıldamır. Onun yerə-göyə asiliyi, həm də acizliyi yalnız köpək balıqlarına ünvanladığı bu harayda ifadəsini tapır: “Qoy yuxunuza girsin ki, siz bir adam öldürdünüz!” Bu, qocanın həm qarğışı, həm lənəti, həm üsyanıdır.
***
Səksən dörd gün dənizdən əliboş qayıdan qoca qonum-qonşularında, balıqçı həmkarlarında mərhəmətdən savayı qəribə bir küdurət, nifrət hissi də oyadır. Hamı onu uğursuz, lənətlənmiş adam sayır, ondan gen dolanmağa çalışır. İş o yerə çatıb ki, qocanın sevimli şagirdi, beş yaşından özüylə balığa apardığı Manolini də atası ondan qoruyur, ustadının qayığında dənizə çıxmağı oğluna qadağan eləyir. Bütün bunları görsə də, qoca özünü sındırmır, səssiz təzyiqlərə, sözsüz qınaqlara ləyaqətlə davam gətirir. Ondan ötrü sənətiylə vidalaşmaq, okeanla üzülüşmək həyatın sonu deməkdir, odur ki, qoca balıqçı qartımış inadından dönmür, səksən beşinci günün səhəri cütavarlı qayıqda təkbaşına dənizin qoynuna atılır.
Dəniz balıqçıdan ötrü həyatın özü deməkdir - həm iş yeri, yaşam qaynağı, həm də savaş meydanı, dünyayla alış-verişin, fələklə münasibətin tənzimləndiyi bazar. Bunlar üzdə görünənlərdir; əslində, Heminqueyin dənizi dalğalanan, çalxalanan, qıvrılıb-açılan kainatın timsalı, Şopenhauerin kar-kor, şüursuz, ölümsüz, intəhasız iradə okeanıdır. Bu okeanda yaşayan hamı ölümlü, hamı bir-birinin qatilidir, güclü gücsüzü yeyir. Burada udan-uduzan, yarıyan-yarımayan, tox-ac, xoşbəxt-bədbəxt yoxdur, sonucda hamı hamıya yemdir. Heç kimin yeyə bilmədiyi güclünü də uzaq başı zaman özü dişinə keçirir. Bu gözəl olduğu qədər də qəddar təbiətlə ya dil tapıb, alverə girib ondan bir pay qənimət qoparacaqsan, ya da bir başqası səni qənimət götürəcək.
Ömrünün qürub çağında qoca həyatla açıq döyüşə girir. Onun atdığı qarmaq nəhəng okeana meydan oxumaqdır, suyu qurumaqda olan üzgün vücuddan qopan cəsur, həm də ümidsiz çağırışdır. Uzun aradan sonra sevgili dəniz onun harayına hay verir - qayığına sığmayan azman marlin balığından ona pay verir. Heç vaxt qismətinə düşməmiş bu nəhəng balıq qocanın peşə təcrübəsində ən dəyərli qənimətdir. O, rəng alıb rəng verən yaraşıqlı balığa belə deyir: “Sən mənim qardaşımsan. Mən səni çox sevirəm, sənə böyük hörmətim var, bununla belə mən səni öldürməliyəm”. Budur okean həyatının məntiqi!
Ancaq misilsiz qənimət çox asanlıqla onun bəlasına da çevrilə bilər. Yaralı marlin balığı bütün gücüylə qayığı dartıb sahildən çox uzaqlara, okeanın ortalarına doğru aparır. Belə getsə, kimin ovçu, kimin ov olduğuna dəniz özü qərar verəcək. Amansız, azman okean qocanın dəmir iradəsini marlin balığının yedəyində uşaq topu kimi oynadır.
Ardı növbəti sayımızda...
F. Uğurlu
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
03 Oktyabr 17:25

Xəbər lenti
03 Oktyabr 16:18

Xəbər lenti
03 Oktyabr 16:17

İqtisadiyyat
03 Oktyabr 15:33

Xəbər lenti
03 Oktyabr 15:32

Asiya
03 Oktyabr 15:21

Xəbər lenti
03 Oktyabr 15:10

Xəbər lenti
03 Oktyabr 14:53

Xəbər lenti
03 Oktyabr 14:39

Xəbər lenti
03 Oktyabr 14:13

Xəbər lenti
03 Oktyabr 14:12

Xəbər lenti
03 Oktyabr 14:04

Dünya
03 Oktyabr 13:31

Xəbər lenti
03 Oktyabr 13:22

Xəbər lenti
03 Oktyabr 13:14

Maraqlı
03 Oktyabr 13:12

Xəbər lenti
03 Oktyabr 12:45

Mədəniyyət
03 Oktyabr 12:39

Maraqlı
03 Oktyabr 12:36

Xəbər lenti
03 Oktyabr 12:11

Siyasət
03 Oktyabr 11:55

Xarici siyasət
03 Oktyabr 11:53

MEDİA
03 Oktyabr 11:49

Siyasət
03 Oktyabr 11:41

Siyasət
03 Oktyabr 11:36

Xəbər lenti
03 Oktyabr 11:34

Siyasət
03 Oktyabr 11:23

Xəbər lenti
03 Oktyabr 11:18

Siyasət
03 Oktyabr 11:15

Xəbər lenti
03 Oktyabr 11:11

Xəbər lenti
03 Oktyabr 11:10

Xəbər lenti
03 Oktyabr 11:08

Xəbər lenti
03 Oktyabr 11:08

Siyasət
03 Oktyabr 11:07

Xəbər lenti
03 Oktyabr 11:06

Xəbər lenti
03 Oktyabr 11:05

Xəbər lenti
03 Oktyabr 11:04

Xəbər lenti
03 Oktyabr 10:55

Xəbər lenti
03 Oktyabr 10:53

Siyasət
03 Oktyabr 10:45

Siyasət
03 Oktyabr 10:30

Gündəm
03 Oktyabr 10:20

Analitik
03 Oktyabr 10:10

Gündəm
03 Oktyabr 10:00

Xəbər lenti
03 Oktyabr 09:35

Gündəm
02 Oktyabr 20:40

Xəbər lenti
02 Oktyabr 20:37

Xəbər lenti
02 Oktyabr 20:35

Xəbər lenti
02 Oktyabr 19:41

Xəbər lenti
02 Oktyabr 18:24

Xəbər lenti
02 Oktyabr 18:11

Xəbər lenti
02 Oktyabr 17:46

Xəbər lenti
02 Oktyabr 16:50

Xəbər lenti
02 Oktyabr 16:35

Xəbər lenti
02 Oktyabr 16:28

Siyasət
02 Oktyabr 16:26

Siyasət
02 Oktyabr 16:20

Xəbər lenti
02 Oktyabr 16:11

Xəbər lenti
02 Oktyabr 16:00

Xəbər lenti
02 Oktyabr 15:46

Xəbər lenti
02 Oktyabr 15:33

Xəbər lenti
02 Oktyabr 15:07

Xəbər lenti
02 Oktyabr 15:05

Xəbər lenti
02 Oktyabr 14:42

Xəbər lenti
02 Oktyabr 14:09

Xəbər lenti
02 Oktyabr 13:48

Xəbər lenti
02 Oktyabr 13:46

Siyasət
02 Oktyabr 13:42

Xəbər lenti
02 Oktyabr 13:39

Xəbər lenti
02 Oktyabr 13:13
