Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Ölməz Tanrının oğlu

Ölməz Tanrının oğlu

18.08.2023 [12:00]

Boris Pasternakın “Doktor Jivaqo” romanı haqqında

Romanın ideyasını Pasternaka Axmatova vermişdi, ona Hötenin “Faust”u tipində bir əsər yazmağı təklif eləmişdi. Hərçənd muzanın “sifarişi” yerinə yetiriləndən sonra Anna Andreyevna romanı bəyənməmişdi.

Müəllif üzərində işləməyə başladığı ilk aylarda romana “Ölüm olmayacaq”, “Şam yanırdı”, “İnnokenti Dudorov”, “Oğlanlar və qızlar” kimi adlar qoymaq istəsə də, sonda “Doktor Jivaqo”nun üstündə durmuşdu.

Kitabda hadisələr 1903-cü illə 1929-cu il arasında baş verir. İkinci Dünya müharibəsi başa çatar-çatmaz əsər üzərində işə başlayan yazıçı doktor Jivaqonun qəziyyəsini on ilə başa gətirir. 1955-ci ildə romanın əlyazmasını “Novıy mir”, “Znamya” kimi ittifaq miqyaslı jurnallara təqdim eləyən Pasternak hər yerdən mənfi cavab alır, ona antisovet mahiyyətinə görə romanın dərc olunmayacağını bildirirlər.

Çarəsiz qalan müəllif yaradıcı həyatının başlıca mənası, yekun sözü saydığı (deyirdi ki, bütün əvvəlki yaradıcılığı bu romana hazırlıq olub) əsəri bir əcnəbi jurnalistin vasitəsilə ölkədən xaricə ötürür. Romanın tərcüməsini rəhbərlik elədiyi nəşriyyatın ədəbi agenti olan həmin jurnalistin zəmanətiylə cəmi bir neçə aydan sonra çapa imzalayan italyan naşir Filtrinelli (özü də sovetlərə rəğbət bəsləyən kommunist idi) “Doktor Jivaqo”nun qısa zamanda bütün Avropaya ayaq açmasına körpü salır. Müəllif onun romanı dərc eləmək qərarına gəldiyini biləndə naşirə belə yazır: “Siz mənə öz edam mərasimim üçün dəvətnamə göndərdiniz”.

***

Boris Pasternakın adı şair kimi Nobel mükafatına namizədlər siyahısına hələ bundan on il qabaq düşmüşdü, ondan bəri şairin imzası həmin siyahılarda ildən-ilə adlayırdı. Romandan sonra Nobel komitəsinin üzvləri tərəddüdü bir kənara qoydular, 1958-ci ildə Pasternak dünyanın ən ali ədəbi mükafatına layiq görüldü.

Ancaq belə böyük bir yaradıcılıq zəfərinə sevinməyə ona vaxt-imkan qıymadılar, sovet hökuməti məkrli ideoloji düşmənlərin verdiyi mükafatı geri qaytarmağı SSRİ Yazıçılar İttifaqının rəhbərliyi vasitəsilə onun qarşısına qəti tələb kimi qoydu. Pasternaka imtina ərizəsi yazdırdılar, ancaq Nobel komitəsinin üzvləri bunun məcburi gediş olduğunu bildiklərinə görə qərarı dəyişmədilər. Ardınca böyük sənətkarın edam prosesinə start verildi - onu ittifaq üzvlüyündən çıxardılar, vətənpərvər sovet zəhmətkeşlərinin “mən Pasternakı oxumamışam, ancaq ona dərin nifrət bəsləyirəm” tipli çıxışları amansız mühakimə prosesinin şüarına çevrildi. Kreml ideoloqları əsəri ölkədən xaricə ötürməyini müəllifə bağışlamadılar, onu yediyi yeri batıran donuza bənzətməkdən belə utanıb çəkinmədilər. Motivləri əsasında hələ altmışıncı illərdə dünya şöhrətli film çəkilmiş (sonra başqaları da çəkiləcək) dünya şöhrətli roman SSRİ-də yalnız 1988-ci ildə işıq üzü gördü.

Amma onda Stalin erası bitmişdi artıq, tarix kitablarında o illər yumşalma dövrü adlanır. Bəlkə də ellər atası sağ olsaydı, “Doktor Jivaqo”nun bəxti açılardı, necə ki, bu kitabdan heç də az “antisovet” olmayan “Sakit Don”un çapına rüsxət vermişdi. Şoloxov qədər olmasa da, rəhbərin Pasternaka münasibəti pis deyildi, arada ona zəng vurur, şairlə məsləhətləşirdi. Şübhəsiz, ədəbi fəhmi güclü Stalin Pasternakın dahi olduğunu bilirdi, ona görə də onunla adına bağlı epoxanın ən böyük ustası kimi başqalarına nisbətdə ehtiyatlı davranırdı. Rəhbərin kəshakəs dövründə Boris Leonidoviç xüsusi təqibə, təzyiqə, sıxıntıya məruz qoyulmamışdı, aclıqla imtahana çəkilməmişdi, gümüş dövrün başqa azman şairləri - Mandelştam kimi bir misraya görə gedər-gəlməzə göndərilməmişdi, Mayakovski, Yesenin kimi yaradıcılığının göz qamaşdıran çağında intihara sürüklənməmişdi. Doğrudur, özündən iyirmi iki yaş kiçik sevgilisi (romandakı Lara obrazının prototipi), könül rəfiqəsi Olqa İvinskaya (əlbəttə, şairlə yaxınlığına görə) 1949-cu ildə qondarma ittihamla beş il həbs cəzası almışdı, bununla da böyük ədibin əlli ildən çox üstündə əsdiyi məsum vicdanına çətin qatlana biləcəyi yük vurulmuşdu, ancaq bu da hələ ən pis aqibət deyildi. Daha betəri irəlidəydi.

Stalindən sonrakı dönəm Pasternak üçün ikiqat ağır keçdi, onun ən qara günləri ellər atasından sonra başlandı (ola bilsin, bu məsələdə rəhbərin ona kiçik rəğbəti də böyük rol oynayıb). Bəzi ədəbiyyatşünasların “əsrin ana kitabı” saydığı bir romanın müəllifi haqq qarşısında bu böyük xidmətinə görə xalq qarşısında çarmıxa çəkildi, vətənində olmazın təhqirlərə, söyüşlərə, şər-böhtana, ağır mənəvi terrora məruz qaldı, vətəndaşlıqdan çıxarılmaqla, ölkədən qovulmaqla hədələndi.

Əlbəttə, bu üzündən baxanda o üzü görünən büllur şair ürəyi bu qədər gülləyə sinə gərə bilməzdi. Pasternak qısa zamanda sağalmaz xəstəlik tapdı, əcəl müjdəçisi sürətlə şairin canına kök atıb, böyük sənətkarın başıbəlalı cismini onun ətinə-qanına yerikləyənlərin əlindən aldı. Edam baş tutdu.

***

“Doktor Jivaqo” təpədən-dırnağa xristianlıq motivlərinə boyanmış, İncil ilmələriylə toxunmuş bir sənət əsəri, söz xalısıdır. Müəllifin atası - dövrünün adlı-sanlı rəssamı, Rilkenin məşhur portretinin müəllifi Leonid Pasternak dini-konfessional mənsubiyyətinə görə musəvi (iudaist) olsa da, oğlu İsa Məsih təliminə tapınmışdı (yeri gəlmişkən, mühafizəkar yəhudilər dünyanın ən böyük yəhudilərindən olan Boris Pasternakı çox da sevməzlər), özünü qatı pravoslav sayırdı, hətta belə bir söz (bəlkə də şayiə) yaymışdı ki, guya uşaq vaxtı kilsədə xaç suyuna çəkilib, hərçənd bununla bağlı əldə daşdan keçən bir fakt yoxdur. Onun baş qəhrəmanının adı da İncilin əski rus dilindəki bir ayəsindən götürülüb: “Xristos - Sın Boqa Jivaqo”. Yəni Məsih - diri, ölməz, əbədi Tanrının oğludur. Doğrusu, mən gəncliyimdə “Jivaqo”nun yəhudi-ivrit mənşəli soyad olduğunu düşünürdüm.

Doktor Jivaqo həm müəllifin alter-eqosu, həm də İsa peyğəmbərin iyirminci əsrin birinci yarısında qanlı-qadalı tarix səhnəsində zühura gəlmiş növbəti təcəllasıdır. O, həm şair, həm də həkimdir, eynən İsa Məsih kimi Allah bəndələrinin həm ruhuna, həm cisminə şəfa vermək qüdrəti var. Müəllif avtobioqrafik çalarlarla zəngin qəhrəmanını iki amansız savaşın, üç qanlı inqilabın odlu-alovlu meydanlarından, xaraba dəhlizlərindən adlatmaqla xristianlığın mənəvi qüdrətini bir daha sınaqdan keçirir, Jivaqonun timsalında eynən böyük sələfləri - Hüqo, Dikkens, Dostoyevski, Tolstoy kimi İsa peyğəmbəri öz dövrünə çağırır, onu öz vətənində dünyaya gətirir (kitaba əlavə olunmuş Jivaqonun dəftərindəki 25 şeirdən biri - “Milad ulduzu” buna ən parlaq misaldır), ona öz zamanının libasını geyindirir, onu öz qövmünün dilində danışdırır.

Pasternakın məqsədi qəhrəmanlarını konkret hərbi-siyasi hadisələrin, tarixi kataklizmlərin qoynuna atıb konkret epoxaya qiymət vermək, bəlli tarixi dönəmi dəyərləndirmək deyil (təəssüf ki, sosrealizm tənqidinin gizli sexində bunu anlamamışdılar, anlasaydılar, bəlkə romana bir az təhəmmüllə yanaşardılar), tam tərsinə, həmin hadisələrin, kataklizmlərin fonunda öz personajlarını, ələlxüsus baş qəhrəmanını təcrübədən keçirib, çarmıxına səcdə qıldığı (bir məktubunda yazırdı ki, heç vaxt “Xristos” sözünü kiçik hərflə yazmayıb) iki min illik din-iman şəhidinə yeni nəfəs vermək, öz idealının ölməz camalını bəşər oğluna yenidən göstərməkdir.

Bir daha vurğulayıram: “Doktor Jivaqo” romanını yazmaqda Pasternakın yaradıcı məqsədi bəlli insanların timsalında dövrün sosial-siyasi-mənəvi mənzərəsini yaratmaq yox (hərçənd bu kitabı belə oxuyan, belə yozan da tapılar), qadalı zamanın, bəlalı məkanın fonunda min-min ağır sınaqla üzləşən, ömrünün sükanını əldən buraxan insanların Allahla Şeytan arasında var-gəl eləyən qəlbinin mənzərəsini çəkib göstərməkdir.

***

Doktor Jivaqo obrazının avtobioqrafikliyini bir az geniş mənada anlamaq lazımdır. Pasternak özü deyirdi ki, Jivaqonu o, mənsub olduğu ədəbi nəslin, rus poeziyasının gümüş dövrünü yaratmış mahir söz ustalarının - Aleksandr Blokun, Vladimir Mayakovskinin, Sergey Yeseninin, üstəlik özünün ümumiləşmiş obrazı, şərikli siması kimi düşünüb.

Pasternakın baş qəhrəmanında Mayakovski ilə Yesenindən nəsə tapmaq çətin olsa da, Blok haqqında bunu deyə bilmərik. Bəlkə də bu obrazda Blokun daha çox payı var, nəinki müəllifin. Əvvəla, Blok da Pasternak kimi dini duyğulardan vəcdə gələn mistik şairdir (ki, o iki gözəl şair haqqında bunu demək olmaz); ikincisi, Pasternakın Bloka böyük məhəbbəti vardı, hətta deyərdim ona pərəstiş eləyirdi, romanda da (o cümlədən baş qəhrəmanın münasibətində) bu, özünü aydın büruzə verir; üçüncüsü, Jivaqo da Blok kimi çox yaşamır, onun yer səyahəti 41 ildən də az ömür sürmüş Blokdan vur-tut üç il artıq çəkir.

Məncə, əlavə arqument dalınca qaçmağa ehtiyac yoxdur, bu qədər yetər. Bir sözlə, Doktor Jivaqo başının üstündə Məsihin kölgəsi dolaşan, bir üzü Bloka, bir üzü Pasternaka bənzəyən calaq obrazdır. Bu kitab müəllifin fiziki ömrünün yox (hərçənd buradan da romana az şey sıçramayıb), mənəvi həyatının tərcümeyi-halıdır.

Ardı növbəti sayımızda…

F.Uğurlu

Paylaş:
Baxılıb: 337 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Maraqlı

"Mərdlər məkanı"

03 Oktyabr 13:12

Mədəniyyət

Maraqlı

Siyasət

Qafqazdakı əsir...

03 Oktyabr 11:55

Xarici siyasət

MEDİA

Siyasət

Siyasət

Siyasət

Sülh əlçatandır!

03 Oktyabr 11:15

Siyasət

Xəbər lenti

Siyasət

Gündəm

50 ildən sonra...

03 Oktyabr 10:20  

Xəbər lenti

13-cü görüş...

02 Oktyabr 13:39

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31