Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Dünya nəsrinin şah əsəri

Dünya nəsrinin şah əsəri

29.11.2022 [10:54]

Lev Tolstoyun “Hərb və sülh” roman-epopeyası haqqında

Fəxri UĞURLU

Böyük şairlərin, yazıçıların bir qismi öz şah əsərini yaradıcılığının erkən mərhələsində, bir qismi də ömrünün sonuna yaxın, tam yetkinləşmiş yaşlarında yazıb (Höte kimi bütün ömrü boyu yazan da var). Tolstoyu birincilərə aid eləmək olar. “Hərb və sülh” onun ilk romanıdır. Dörd cildlik bu əsər Rusiya tarixinin olduqca mühüm bir dövründən bəhs eləyir. Əsərdə yüzlərlə personaj var.

Zənnimcə, “Hərb və sülh” tək Tolstoyun yox, bütün rus ədəbiyyatının, bütün dünya nəsrinin şah əsəridir. Yazıçı bu romanı 35-41 yaşlarında yazıb. Mən indi “Hərb və sülh”ü yazıb bitirmiş Tolstoydan yaşca xeyli böyüyəm, ancaq bu gün də əsəri varaqladıqca heyrətlənirəm: bu cavan oğlan o boyda işin öhdəsindən necə gəlib!

Allahın dünyada gördüyü işin, yəni tarixin mənasını anlatmaq, həyatın modelini yaratmaq baxımından roman sənətinin “Hərb və sülh”dən böyük möcüzəsini tanımıram. Üstəlik, məzmunla formanın ideal vəhdəti. Əlbəttə, mən Tolstoyun baxışlarını sözsüz-sovsuz qəbul eləyənlərdən, ehkam sayanlardan deyiləm. Onun dünyagörüşündə təzad çoxdur. Ancaq öz baxışlarını mükəmməl bədii vasitələrlə çatdırmaq sarıdan dünyada tək-tək yazıçı Lev Nikolayeviçə tay tutula bilər.

***

Dediyim kimi, “Hərb və sülh”ə qədər Tolstoy roman yazmamışdı, bir sıra hekayə, povest dərc elətmişdi. 34 yaşına çatanda o, 18 yaşlı həkim qızı Sofya Andreyevna Berslə ailə qurdu. Bundan bir il sonra - 1863-cü ildə romanı yazmağa başladı. Əslində, Tolstoy ömrünün ana kitabını daha əvvəl yazmaq istəyirdi, ancaq bu ağır işin altına girməyə hələ təcrübəsi çatmırdı. Roman üzərində işləməyə yeni başladığı vaxtlarda o, əsəri 5 hissəyə bölməyi nəzərdə tutmuşdu. Yekunda 4 cildlik bir roman-epopeya ortaya çıxdı. Hər cild də özlüyündə hissələrə bölünür.

Mövzu seçimində, öz qəhrəmanlarını hansı tarixi dövrün fonunda canlandırmaq məsələsində Tolstoyun tərəddüdləri olmuşdu. Əvvəlcə o, dekabristlər haqqında roman yazmaq istəyirdi. Bəlli olduğu kimi, 1850-ci illərin ortalarında dekabristlər 30 illik sürgün həyatından sonra Peterburqa qayıtmışdılar. Tolstoy Rusiyaya, tarixə, Allaha onların gözüylə baxmaq istəyirdi. Ancaq sonra nədənsə yazıçı bu fikrindən daşındı. Mövzu, tarixi fon axtarışı Tolstoyu aparıb 1812-ci il müharibəsinə çıxardı.

Əvvəl-əvvəl böyük sənətkar yazmaq istədiyi romana forma tapmaqda çətinlik çəkirdi, çünki onun söyləmək istədiyi mətləb ənənəvi roman qəliblərinə sığmırdı. Bu ərəfədə Fransada Viktor Hüqonun “Səfillər” romanı çap olundu, olunmağıyla da bütün Avropaya səs saldı. Ədəbiyyat tarixinin bu böyük hadisəsi 1862-ci ildə baş vermişdi, onda Hüqonun 60 yaşı vardı. Tolstoya bu roman möhkəm təsir göstərmişdi, bununla bağlı hətta belə bir rəvayət də danışılır: yazıçı Parisdə hansısa kitabxananın yandığı xəbərini eşidəndə deyir qoy bütün Paris, lap bütün Fransa yansın, təkcə “Səfillər” yanmasın...

Bir sözlə, Hüqonun beş hissəlik epopeyasını oxuyandan sonra Tolstoy öz romanını hansı formada yazmalı olduğunu anladı.

***

Roman-epopeyanın sonuncu cildinə təqribən 120 səhifəlik epiloqu da əlavə olunub. Epiloq da iki hissəyə bölünür. Birinci hissədə hadisələrə, qəhrəmanların taleyinə, ikinci hissədə isə bir sıra bölmələri, fəsilləri müşayiət eləyən tarixi-fəlsəfi-dini mülahizələrə, ricətlərə yekun vurulur. Yəni epiloqun təxminən 50 səhifəlik ikinci hissəsi tarix, din, Allah, zərurət, azadlıq məsələlərinin həllinə həsr olunmuş traktatdır.

“Hərb və sülh” öz dövrü üçün həm məzmun, həm də forma baxımından yenilikçi roman idi, di gəl, bu yenilik heç də birmənalı qarşılanmadı, ciddi ədəbi dairələrdə əsəri böyük mədəniyyət hadisəsi sayanlarla yanaşı bəyənməyənlər də tapıldı. Məsələn, böyük rus yazıçısı, “Bir şəhərin tarixi”, “Cənab Qolovlyovlar” kimi məşhur əsərlərin müəllifi Saltıkov-Şedrin deyirdi ki, “Hərb və sülh” ona çərənçi rus dayələrinin uzun qış gecələri boyunca uşaqlara danışdığı bitməz-tükənməz cəfəng nağılları xatırladır...

Ancaq bu sözləri Şedrinin nadanlığı, ya paxıllığı kimi yozmaq olmaz, belə bir fikrin yaranmasına fərqli ədəbi-estetik-fəlsəfi baxışlar təkan verib, başqa sözlə desək, Saltıkov-Şedrinlə Tolstoyun ədəbiyyatın vəzifəsi, missiyası ilə bağlı mövqeləri bir-birindən çox fərqlənirdi. Əgər biz ədəbiyyatı şərti olaraq beşmərtəbə binaya bənzətsək, onda görərik ki, Şedrin bu binanın üçüncü, Tolstoy isə beşinci mərtəbəsində məskunlaşıb; üstəlik də, bu binanın aşağı mərtəbələrindən yuxarı qatları görünmür, ancaq yuxarıdan baxanda aşağıdakılar aydın seçilir.

***

Özünün başlıca əsəri üzərində Tolstoy altı il boyunca dönə-dönə işləyib, romanın üzünü yeddi dəfə köçürüb (bu işdə Sofya Andreyevna ona çox böyük kömək göstərib). Əsərdə 500-dən artıq, bəzi fikirlərə görə, 600-ə yaxın obraz var, bunlardan aşağı-yuxarı 200-ü öz adıyla təqdim olunur. Romanın mərkəzində 1812-ci il hadisələri, yəni Napoleonun Rusiyaya hücumu zamanı baş verənlər dayansa da, obrazların tarixçələri xeyli əvvəldən - 1805-ci ildən ta 1813-cü ilə qədər izlənir. Epiloqun birinci hissəsində isə əsas qəhrəmanların yeddi il sonrakı həyatı təsvir olunur.

Əsərdə mənzərəsi çəkilmiş dövrün fonunda üç ailənin - Rostovlar, Bolkonskilər, bir də Kuraginlər ailəsinin tarixçəsi daha çox qabardılır. Roman boyu bu ailələrin yolları dönə-dönə kəsişir. Bununla belə, “Hərb və sülh”ü nə ailə romanı, nə realist roman, nə də sözün ənənəvi mənasında tarixi roman saymaq olmaz. Yazıçı üçün həyat materialı sadəcə materialdır. O materialdan nə düzələcəyi yazıçının qüdrətindən asılıdır. Sovet ədəbiyyatşünaslığının realist yazıçı kimi təqdim elədiyi Balzak bir novellasında obrazın diliylə deyir ki, sənətkar, sən həyatın üzünü köçürən miskin bir “kopyaçı” deyilsən, sən bu həyatın mənasını ifadə eləməlisən.

Biz hamının olan obyektiv dünyada yaşasaq da, bu dünyada hərənin öz dünyası var. Hər sənətkar, hər mütəfəkkir öz subyektiv dünyasının sərhədini obyektiv dünyanın sərhədinəcən genəltməyə, varlığın tək düsturunu kəşf eləməyə, yəni Tanrı olmağa çalışır. Həyat materialları, həyat hadisələri həyatın mənasına, həyatı yaradan duyğu partlayışına çəkilmiş illüstrasiyalar, bağlı qutuda saxlanan şifrələrdir. Bu şifrələri düzgün oxuyan sənətkar insan övladının ən ali məqsədinə bir az da yaxınlaşır...

Yuxarıda adını çəkdiyim ailələrin tarixçələri real həyatdan götürülüb: Rostovlar ailəsinin prototipi Tolstoyun ata nəsli, Bolkonskilər ailəsinin prototipi isə yazıçının ana tərəfdən nəslidir. Məsələn, Nikolay Rostov Tolstoyun atasının, Borodino döyüşündə aldığı ağır yaradan ölən knyaz Andrey Bolkonskinin bacısı, sonradan Nikolay Rostova ərə gedən knyajna Marya isə yazıçının anasının obrazıdır. Tolstoyun anasının qızlıq soyadı Volkonski idi, bu da, göründüyü kimi, Bolkonski familiyasından bircə hərflə fərq­lənir.

Onu da deyim ki, Lev Tolstoy öz valideynlərini çox erkən - anasını iki, atasını doqquz yaşında itirmişdi, buna görə də həmişə isti ailə ocağının həsrətiylə yaşayırdı. Evliliyinin ilk illərində yazıçı özünü çox xoşbəxt sanırdı. Sofya Andreyevnadan onun 13 övladı dünyaya gəlmişdi, bunlardan beşi uşaqkən tələf olsa da, səkkizi böyüyüb boya-başa çatmışdı.

Bütün bu deyilənləri nəzərə alsaq, roman həm də avtobio­qrafik xarakterli əsərdir.

***

Materialı həyatdan götürülsə də, çar Aleksandr, komandan Kutuzov, imperator Napoleon, Mürat, Baqration kimi tarixi şəxsiyyətlərin obrazı yaradılsa da, əsəri tarixi roman adlandırmaq olmaz. Konkret bir zaman aralığında konkret məkanda baş verən hadisələrdən bəhs eləsə də, “Hərb və sülh”də tarixi şərait yalnız fon rolunu oynayır, üstəlik, gerçək tarixlə yazıçı təxəyyülünün yaratdığı tarix iç-içədir. Tolstoy rus xalqının Napoleon ordusuna qarşı mübarizəsinin timsalında Tanrının işləkləri mövzusunda dini-fəlsəfi dastan yazıb. Yoxsa onun əsəri bu gün yalnız tarixçilər üçün maraqlı olardı. Məsələn, Austerlits çölündə uzanmış yaralı Andreyə baxa-baxa imperator Napoleonun dedikləri tarixi fakt deyil, ancaq inanırsan ki, elə belə də olub, başqa cür ola bilməzdi. Tarixi faktlar yazıçıya lazım olub, ancaq o, faktların arxasınca sürünməyib, hadisələrin mahiyyətinə varıb, tarixə öz yozumunu verib. Bu baxımdan “Hərb və sülh”dəki tarix Lev Tolstoyun yaratdığı tarixdir, əsərdə təpədən-dırnağa bütöv obrazı yaradılmış xalq Lev Tolstoyun yaratdığı rus xalqıdır, belə bir rus xalqı bəlkə də heç olmayıb...

Bir daha deyirəm, mövzusu o dövrdən götürülsə də, “Hərb və sülh” rus xalqının fransız işğalına qarşı mübarizəsi haqqında yox, Allahın tarix üzərində gəzişməsi haqqındadır. Hegelin fəlsəfi dillə təsvir elədiyi ilahi mənzərəni Tolstoy bizə bədii dillə göstərib (ancaq bunu deməklə bu iki dahinin dünyagörüşlərini tam eyniləşdirmirəm). Yəni Allah, Dünya Ruhu deyilən yaradıcı güc, nəhəng qüvvə Tarix deyilən yol boyunca gəzişir, gəzişdikcə cürbəcür kombinasiyalar qurur, özüylə ziddiyyətə girir, özünə qarşı gedir, özü özüylə savaşır, sonra da bu savaşdan qələbəylə çıxır.

 Tolstoy təkcə xeyirin yox, şərin də Allahdan gəldiyinə inanan optimist dialektik idi - elə həmin Hegel kimi. Bu cür mütəfəkkirlər üçün kainatda bir yarpağın, bir tozun da hərəkəti təsadüf deyil - hamısı hesablanıb, hamısı ilahi qanunlarla tənzimlənir. Məsələn, Tolstoydan altı yüz il qabaq yaşamış Mövlana Cəlaləddin Rumi deyir: “Allah insanı hər nəfəsdə yenidən yaradır”. Bu, Yaradanın dünyanın işlərinə fasiləsiz müdaxiləsi deməkdir. Bu işdə Şeytan da ona xidmət göstərir - müxalif cildinə bürünmüş olsa da. Belə düşünən insan necə nikbin olmasın? Əgər hər şeyin Allahın əlində, Tanrının nəzarətində olduğuna inana bilsən, tarixi proseslərə münasibətdə də hökmən optimist olacaqsan. Belə: Allah hər şeyi bilir, nə eləyirsə düz eləyir. Yaxud da belə: Tanrı şərin olmağını ondan ötrü istəyib ki, xeyir şərə qalib gəlsin.

Tolstoyun yanaşmasına görə, insan bu tarixi kombinasiyaların əsl səbəbini dərk eləyə bilməz. Bu baxımdan yazıçı romandakı şər qüvvələri, heç Napoleonun özünü də qınamaq xətti tutmur, eləcə onların ruhi-psixoloji vəziyyətini təhlil eləməklə, şərin anatomiyasını, iç üzünü açmaqla yetinir. Roman boyu böyük yazıçı yüzlərlə personajdan heç birinin üstündən elə-belə keçmir, irili-xırdalı bütün qəhrəmanların qəlbini “rentgen şüasıyla” analiz eləyir.

Ardı növbəti sayımızda...

Paylaş:
Baxılıb: 336 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Xəbər lenti

Xəbər lenti

Analitik

Siyasət

Xarici siyasət

MEDİA

Siyasət

28 il əvvəl, bu gün

27 Yanvar 10:23

Siyasət

Klaar Bakıya gəlmədi...

27 Yanvar 10:16  

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31