Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / İnternet əsrinin nağılı necə olmalıdır?

İnternet əsrinin nağılı necə olmalıdır?

23.07.2022 [12:34]

Nərgiz CABBARLI

İnkişafının hansı mərhələsində olur-olsun, cəmiyyət də, elə fərdin özü də nağıla həmişə ehtiyac duyur. Bu janr nə köhnəlir, nə də dəbdən düşür. Səbəb insanın mənəvi-psixoloji aləmi, arzuları-xəyalları, real dünyada görmək istədikləri ilə bağlıdır. Hansı xalqın, bölgənin nağılına baxsan, orada həyata keçməmiş arzuların modelini görəcəksən. İnsan təxəyyülü üçün ən geniş meydan nağıl müstəvisidir. Orada hər şey mümkündür...

Bu baxımdan dünya nağıllarının süjet xəttindəki, məzmunundakı, ideyasındakı bənzərlik, bəzən, hətta eynilik təsadüf hesab oluna bilməz. Hər xalqın öz Zoluşkası, Göyçək Fatması, yatmış gözəli, xilaskar cəngavəri, ədalətsizliyi aradan qaldıran müdrik hökmdarı, səfeh padşahı var. Nağılların hamısında Xeyir Şər üzərində qələbə çalır, arzular gerçəkləşir, xəyallar doğrulur.

Nağılın mifik təfəkkürlə, genetik yaddaşla əlaqəsi, hansısa xalqın mədəniyyəti, tarixi, təhtəlşüuru, dünyaduyumu haqqında informasiya daşıyıcısı olması da diqqətdən yayınmamalıdır. Dünyanın bütün nağılları bir qaynaqdan, bir məxəzdən başlanğıc götürür. Bütün nağıllar insan başlanğıcından gəlir.

Dünya, o cümlədən, Azərbaycan ədəbiyyatında “müəllif nağılları” təcrübəsi də var. Həmin nağıllar həm uşaqların sevimlisinə çevrilib, həm də müəllifinə şöhrət gətirib. Qrimm qardaşları, Raspe, Andersen, Hofman, Hauf, Donald Bisset, Canni Rodari, Edqar Po, Herman Hesse, Astrid Lindqren, Pamela Trevers, Oskar Uayld, Çarlz Dikkens, Şarl Perro, Luis Kerrol, Redyard Kiplinq, Topelius Zaxariası misal göstərə bilərik.

Müxtəlif dövrlərin nağılçıları arasında elmlə məşğul olan alim-nağılçılar, folklorşünas-nağılçılar, hüquqşünas-nağılçılar, vəkil-nağılçılar da olub. Tarix sübut edir ki, nağıl öz yaradıcısına bütün başqa mətnlərdən daha artığını bağışlayıb. Onların özlərini, adlarını, hətta tale və obrazlarını əbədiyyətə nağıl edə bilib...

Gəlin “yenə də nağıl” deyib keçməyək. Axı nağıl bədii mətn olmaqdan başqa, həm də insanın uşaq dünyasından başlayıb onun şəxsiyyətinə, xarakterinə, psixologiyasına, komplekslərinə aparan yoldur. O səbəbdən nağılın bədii-estetik dəyəri, mətn kimi təsirli və qüsursuz olması, öz alt qatı və tutumu ilə nələrisə aşılaması çox vacibdir.

Bəs müasir müəllif nağıllarında bunlar varmı? Yazılan nağıl mətnləri bədii-estetik keyfiyyəti, öyrətmək, təlqin etmək gücü ilə heç olmasa minimal göstəricilərə cavab verirmi?

Əvvəlcə bunu deyək ki, dünyada digər ədəbiyyat sahələrində olduğu kimi nağıl yaradıcılığında da keyfiyyət dəyişikliyi baş verib, ənənəvi üsullar müasir məzmun və baxış bucağına transformasiya edilib. Məşhur “Şrek”i misal çəkək. Onun müəllifi Amerika yazıçısı və multiplikatoru Uilyam Steyq (William Steig) nağıl üçün tanış olan gözəl şahzadə ilə yaraşıqlı cəngavərin eşq modelini dağıdaraq bura “çirkinlik estetikası”nı gətirdi. Daxili gözəlliyin zahiri gözəlliklə ifadəsi prinsipi pozuldu və çirkinin də xoşbəxt olmaq arzusu reallaşdı.

Belə fərqli cəhətlərlə yanaşı, həmin nağılda da ənənəvi sonluq -  Xeyirin, Mərdliyin, Səxavətin və Dostluğun qələbəsi dəyişilməz qaldı. Sadəcə, nağılda reallığa daha gerçəkçi münasibət önə çıxdı.

Keçək öz nağıllarımıza. 1990-2000-ci illərdə Azərbaycanda xeyli nağıl kitabı dərc olundu. Bunların arasında əvvəlki illərdə - sovet dövründə yazılmış nağıl mətnlərinə qayıdış da vardı, yeni nağıl mətnlərinin yaradılması cəhdi də. Maraqlı və əhəmiyyətli cəhətlərdən biri yeni nağılların böyük qismində incə cizgilərlə milli-ideoloji tərbiyəyə xüsusi önəm verilməsi idi ki, bu cür nağıl müəllifləri arasında Dilsuzun, Rafiq Yusifoğlunun, Qəşəm İsabəylinin, Gülzar İbrahimovanın (Gülzar nənə) imzalarını qeyd edə bilərik. Bu nağıllarda uşaqlara milli kimliyin tanıdılması, doğma tarixə sevgi aşılanması, ölkənin, torpağın vətən kimi təqdim edilməsi xüsusilə seçilirdi.

Məsələn, mərhum naşir Qoşqar Qarayevin ideyası ilə gerçəkləşən, ?alq yazıçısı Elçinin rəhbərlik etdiyi və “Beşik” nəşriyyatının reallaşdırdığı “Güvəncin nağılları” layihəsi çərçivəsində Dilsuzun qələmə aldığı “Qız qalası”, “Xürrəmilər”, “Şirvanşahlar sarayı”, “Naxçıvan”, “Cavad xan”, “Həzrəti Yusif”, “Çıraqqala”, “Azıx mağarası”, “Şeyx Şamil”, “Osmanlı təpələri”, “Atatürkün imzası” nağıllarının adını çəkmək olar.

Yaxud Gülzar nənənin “Göy qurşağı qardaşlarının yeddi nağılı”, “Zərdüşt”, “Od xəzinəsi”, “Qisas”, Rafiq Yusifoğlunun “Koroğlu olmağın sirri”, “Qərənfil dənizi”, Qəşəm İsabəylinin “Aclıq dərsi” nağıllarında da Azərbaycan tarixi üçün aktual problemlər nağıl diliylə kiçik yaşlı oxuculara çatdırılıb.

Detallı təhlilə keçməmişdən onu da qeyd edək ki, uşaqların yaş qrupuna görə nağılların təsnifatını aparmaq vacibdir. Biz hazırda daha kiçik yaşlı uşaqlar üçün yazılmış nağıl mətnlərindən söz açmaq istərdik. Onların arasından Elçinin “Balaca qırmızı çiçək”, “Gilas qız”, “Mənə niyə gülürlər?”, “Günay, Humay və qırt toyuğun cücələri”, Ələkbər Salahzadənin “Meşədən küsən ayı”, “Oxatan kirpinin nağılı”, Qaçay Köçərlinin “İşıq Çəlik”, Sevinc Nuruqızının “Ciya ilə iki gün”, “İpəkcənin macəraları” (nağıl-kitablar), Rafiq Yusifoğlunun “Bahar qatarı”, Qəşəm İsabəylinin “Elnur, Əkil və onların başına gələnlər” (nağıl-kitab),”İiii-aaaa”, Gülzar nənənin “Dəhşətli nağıl” (kitab), “Göy qurşağı qardaşlarının yeddi nağılı”nı (kitab) təhlil etməyə çalışacağıq.

Kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulan bu nağıllarda diqqəti ilk çəkən dil faktorudur ki, bu baxımdan ən koloritli müəlliflər Ələkbər Salahzadə, Elçin və Sevinc Nuruqızıdır. Onların bu qəbildən olan nağıllarında məhz yaş qrupu nəzərə alınmaqla süjet qurulub, dilin sadəliyi, şirinliyi, obrazlılığı, asanlığı və aydınlığına xüsusi diqqət yetirilib. Süjetlərin sadəliyi də ayrıca dəyərləndirilə bilər.

İkinci faktor obraz yaradılması məsələsidir ki, buna xüsusi önəm verilməlidir. Çünki obraz sevilib yadda qalarsa, bu, həmin nağılın da, onun öyrətmək və aşılamaq istədiyi ideyanın, motivin də yaddaşa yazılması deməkdir. Uşaqlara obrazla və obrazlı təsir etmək başlıca şərtdir. Məsələn, xalq nağılından Cırtdan, müəllif nağılından Tıq-tıq xanım, Siçan bəy obrazları artıq oturuşub, yaddaşlara köçüb.

Təəssüf ki, bizdə nağılın məzmununa süjetindən daha çox diqqət verilir. Burada rəssam işinin vacibliyi də xüsusi vurğulanmalıdır. Çünki rəsm və illüstrasiyalar da obrazın vizual təsəvvürdə formalaşmasında əhəmiyyətli rol oynayır. Rəssam uşaqlar üçün yaratmaq baxımından nə qədər istedadlıdırsa, obraz bir o qədər effektli alınır. 

Bu baxımdan yenə həmin üç müəllifin adını çəkə bilərik ki, onların yaratdığı obrazlar xarakterləşə, fərqlənə və yadda qala bilir. Bəzi qüsurlar da var ki, onlar haqda da danışacağıq.

Sevinc Nuruqızının “Ciya ilə iki gün” nağılında qəhrəmanın adı qüsurludur. Fikrimizcə, obraza qoyulan ad onun xarakterik qəhrəmana çevrilməsində və yadda qalmasında əsaslı rol oynayır. Nağılda siçan balasına verilən “Ciya” adı, bəlkə də gülünc səslənəcək, amma obrazı “millilikdən” çıxarır. Zahirən “ciyildəmək” xüsusiyyətinin qabardılması üçün götürülmüş bu ad, əslində daha çox rus və Avropa nağıl qəhrəmanını xatırladır.

Məsələn, digər nağılda - “İpəkcənin macəraları”nda ad (İpəkcə) ilk baxışdan tikanlı kirpiyə zidd görünür, amma mətndə doğrulur, üstəlik, səslənməsi də uğurludur.

Balaca Fəxriyyə ilə bağlı qurulmuş, siçan, Myaomırr adlı pişik, Damdabaca, sərçə və balaları kimi obrazların da daxil edildiyi birinci nağılda evindən çıxandan sonra azıb zirzəmiyə düşmüş balaca siçan balasından söhbət açılır. Qızın siçan və pişiklə, pişiyin siçan və sərçəylə davranışı qabardılaraq dostluq hissləri təbliğ edilir.

Müəllif bəzən nağıla, dəqiq desək, obrazlarının dilinə şeir elementləri də qataraq mətni daha lakonik və oxunaqlı edir:

“ - Myaooo, mırrr... bu kimdir belə? Kimdir mənim zirzəmimdə?

Ciya bir istədi qışqırsın ki, zirzəmi sənin deyil, amma gördü Myaomırr çox qəzəblidir. Nazik səslə pıçıldadı:

- Damdabacadır...

- Kimdir?

- Damdabaca. Onun evi bizdən uca.

- Bəsdi şeirlə danışdın. Siçanlar şair ola bilməzlər”.

Obrazların bu cür qafiyəli danışığı maraqlı effekt yaradır. Həmçinin nağıl boyu uşaqlara məlumat xarakterli mesajlar ötürülür. Məsələn, pişiyin dediyi “Düzdür, biz qonaqları sevirik... Myaooo, çox sevirik” sözləri, siçanın Damdabacaya “Əpçi, əpçi... Burnuma his doldu, əllərini niyə yumursan?” sualı, “Yuvanın görkəmli yerində bacabalaların nənəsi ilə babasının böyüdülmüş şəkli asılmışdı” cümləsi öyrətmə xarakteri daşıyır.

Digər nağılda Kirpiciklə dovşan balalarının salamlaşması səhnəsi qarşılıqlı münasibətlərdə salam vermə mədəniyyətini aşılayır: “Gör nə boyda dilin var, onunla gündə min dəfə salam vermək olar”. Burada yalnız insanlar arasında ünsiyyət heyvanlar vasitəsilə ötürülmür, həm də heyvanların yaşayışı, həyat tərzi öyrədilir. Məsələn, “Bozqulaq razılaşdı, razılıq əlaməti olaraq İpəkcənin sivri burnuna bir çırtma vurdu. İpəkcə adəti üzrə yumrulandı. Lap top kimi oldu”.

Nağılda kirpi ilə dovşan balasının birinin kələmə, o birinin göbələyə bənzətdiyi buludla bağlı maraqlı situasiya yaradılır: “O qədər dalaşdılar ki, bulud dözmədi. Hirsindən partladı. İçindən yekə-yekə damcılar tökülməyə başladı”.

Hər iki nağıl kiçik yaşlı uşaq tərəfindən maraqla qarşılana bilər; dilə bədiilik çalarları bir qədər artıq qatılsa, lap gözəl olar...

Ancaq həmin nağıllar obrazlı yox, publisistik üslubda bitir və bir-birinə bənzəyir: “Onun haqqında günlərlə danışa bilərəm. Amma qorxuram ki, yorulasınız”. Yaxud: “Macəraları da çox olmuşdu. Amma onların hamısını danışsam, sizin yeməyə, yatmağa vaxtını qalmaz”.

Bizim isə vaxtımız və imkanımız var deyə mövzunu davam etdirəcəyik...

Paylaş:
Baxılıb: 174 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Maraqlı

Xəbər lenti

94 il əvvəl...

13 Avqust 11:31

Ədəbiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

13 Avqust 10:25

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31