Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Ədəbiyyatın tarix dərsləri

Ədəbiyyatın tarix dərsləri

21.03.2022 [13:02]

Akademik Nizami Cəfərov

Ramiz Qusarçaylı müasir Azərbaycan poeziyasının o görkəmli nümayəndələrindəndir ki, qələmindən çıxan hər bir şeirdə son dərəcə aydın duyulan özünəməxsus yaradıcılıq enerjisi var. Və heç bir tərəddüdsüz demək olar ki, illər keçdikcə bu enerji daha da güclənir, şairin ruhi-mənəvi dünyasının daha dərin qatlarından gəlir, daha mühüm sosial-ideoloji mətləblərin ifadəsinə xidmət etməklə, bütövlükdə, bugünkü bədii sözə hörmət, nüfuz gətirir.

Azərbaycan xalqının tarixini əbədi məşəl kimi işıqlandırmaq missiyasını öz üzərinə almış müzəffər Vətən müharibəsi, əlbəttə, hər bir azərbaycanlının ürəyini qürur hissləri ilə doldurmuş, milli ictimai - mədəni təfəkkürdə (və həyatda!) yeni bir intibahın əsaslarını qoymuş, perspektivlərini müəyyən etmişdir. 

Müzəffər müharibələrin müəllifi, əlbəttə, müzəffər Ali Baş Komandanlar olur... 

Erməni işğalçılarına qarşı Azərbaycan xalqının qırx gündən artıq davam edən hərbi, ictimai, siyasi mübarizəsində Ali Baş Komandan İlham Əliyevin Sözü - xalqa müraciətləri, dünyanın müxtəlif nüfuzlu informasiya vasitələrinə verdiyi müsahibələr son dərəcə mühüm rol oynadı. Həmişə vaxtında deyilmiş, kifayət qədər mürəkkəb hadisələrin, gərgin, qaynar, hər cəhətdən sürəkli (və ideoloji ehtiraslarla zəngin) proseslərin mahiyyətini böyük analitik istedadla (və intellektlə) şərh edən, başlıcası isə, Azərbaycan xalqının iradəsini bütün təfsilatı ilə əks etdirməyin parlaq ifadəsi olaraq ortaya çıxan bu möhtəşəm Söz, heç şübhəsiz, dilimizin, ədəbiyyatımızın, ümumən ictimai fikrimizin ən mötəbər qaynaqlarından biri olaraq qalacaqdır.

Əlbəttə, Ali Baş Komandanın sözügedən Sözü ilk növbədə onunla əlamətdardır ki, deyildiyi günlərdə hadisələrə sadəcə təsir göstərməklə deyil, bir xalqın taleyini həll edən prosesləri yönəltməklə, milli ruhu mərkəzləşdirib, həqiqətən, dəmir bir yumruğa, sarsılmaz mənəvi qüvvəyə çevirməklə öz tarixi missiyasını uğurla həyata keçirdi. Xalqa müraciətlərdə bu Sözü, bir tərəfdən informasiya təfərrüatı və dəqiqliyi, məntiq dərinliyi və ardıcıllığı hərəkət gətirirdisə, digər tərəfdən, xalq danışıq sintaksisinin lakonizmi, təravətli leksikon, xüsusilə o günlərin kontekstində hər cəhətdən yerinə düşərək ruhlar coşduran, dildən-dilə gəzən nüfuzedici frazeologiya cilalayırdı. Və Ali Baş Komandanın nitqində ana dilinin qüdrətli intonasiyası elə bir qürurla səsləndi ki, yüz illər keçsə də bu səsi hər kəs eşidəcək-dost da, düşmən də... Prezident işğaldan azad edilmiş hər bir şəhərimizin, qəsəbəmizin, kəndimizin adını elə bir şövqlə çəkirdi ki, tək onun yox, hər bir sözünə diqqət kəsilmiş dinləyicilərin də ruhu bədəndə oynayırdı... “Adlarınızı dəyişdiriblər” deyirdi, “Biabırçı adlar qoyublar” deyirdi, “Mən bu adı dəyişdirdim” deyirdi. Bu “Mən” bir ayrı “Mən” idi, bir şəxsin yox, bir 

millətin “Mən”i idi. Və bu “Mən” heç bir maneəsiz “Biz”ə çevrildi: “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Harda praqmatika varsa, orada həm semantika var, həm də sintaktika... 

Nüfuzlu informasiya vasitələrinə müsahibələrində İlham Əliyevin diplomatik səviyyəsi, beynəlxalq məsələlər üzrə peşəkarlığı nə qədər aydın görünsə də, bundan az önəmli olmayan başqa bir üstünlüyü də vardı: o, lideri olduğu xalqın ərazi bütövlüyü uğrunda apardığı mübarizənin heç bir şübhə doğurmayan həqiqətini bəyan edir, yorulmadan (və özünəməxsus lider cəsarəti ilə) bütün dünyaya çatdırırdı ki, bu həqiqət hansısa subyektiv, yaxud separatist marağın ifadəsi yox, beynəlxalq, humanist tələblərdən, BMT-nin əsaslandığı birgəyaşayış prinsiplərindən irəli gələn obyektiv təzahürdür, Ermənistan öz təcavüzkar “rəhbərlər”inin şəxsində bütövlükdə insanlığa qarşı cinayət işlətmiş, haqq-ədaləti tapdalamış, cəzasız qalacağını güman edərək get-gedə daha da azğınlaşmışdır... 

Hər kəs görürdü ki, Prezidentə verilən suallarda həmin həqiqəti ortaya çıxarmaq əvəzinə onu dumanlandırmaq, “əzabkeş erməni” mifini müdafiə eləmək istəyi daha çox qabardılır, lakin onu da görməmək mümkün deyildi ki, İlham Əliyev elə ilk kəlmələrindən bu mifi dağıdır, erməni faşizminin iç üzünü açıb göstərir, özbaşınalığı, cinayətkar rejimi, havadarlarına güvənərək qəsbkarlığın miqyasını daha da genişləndirmək barədə xam xəyallara düşənlərin qudurğanlığını ifşa edir. 

Ola bilsin ki, müəyyən qədər qəribə səslənsin, ancaq mənə elə gəlir ki, Azərbaycan Prezidentinin rus, eləcə də ingilis dilindəki müsahibələrinə ana dilinin ruhu çökmüşdü. Və dərindən mənimsədiyi bu dillərdə də Prezident Azərbaycan həqiqətlərini əks etdirdiyi üçün məhz “azərbaycanca” danışırdı. Heç kimə sirr deyil ki, XX əsrin sonu, XXI əsrin ilk illərində Ulu Öndər Heydər Əliyev ölkədə, eləcə də beynəlxalq aləmdə Azərbaycan dilinin siyasi mövqeyini, nüfuzunu görünməmiş bir səviyyəyə yüksəltdi. Öndər Atanın həmin ənənəni davam etdirən Öndər Oğlu xalqa müraciətlərilə ana dilinə müzəffər bir ordunun Ali Baş Komandanının nitq enerjisini qazandırdı. Elə bir enerji ki, dilimizin (və xalqımızın) buna ehtiyacı vardı... Uzun illər məişət sferası ilə hüdudlanmış ifadələr qırx günün içində ərazi bütövlüyü uğrunda mübarizə tariximizin “açar sözlər”inə çevrildi: Cəbrayıla yol çəkirdin, sərxoş olub Cıdır Düzündə rəqs edirdin, nə oldu bəs, məsciddə donuz saxlayanın özü donuzdur, başından elə vurmuşuq ki, cəhənnəmə getdi, gora getdi, gorbagor oldu, iti qovan kimi qovmaq, siçan kimi deşik axtarmaq, ora-bura zəng eləmək, yoxdur status-kvo, yoxdur təmas xətti, hamısını vurub dağıtmışıq, dəmir yumruq, nəyi nə vaxt etməyi Mən bilirəm, nə demişik, onu da eləmişik... 

Xalq dilinin dərinliklərindən çıxarılaraq ehya edilmiş, tarixi mübarizənin tərcümanına çevrilmiş həmin ifadələri, yəqin ki, ən modern, ən rəsmi, ən normativ söz-terminlər belə bu enerji (və səmimiyyət)lə əks etdirə bilməzdi. Məsələnin mahiyyəti isə bundan ibarətdir ki, yuxarıda yalnız az bir 

hissəsini xatırlatdığımız ifadələri beynəlxalq dillərin ən modern, ən rəsmi, ən normativ terminologiyasını müfəssəl bilən, tarixi qələbəmizi heç kimin təsəvvür edə bilməyəcəyi layihə gücündə gerçəkləşdirən bir Lider işlətdi-Sözümüzün Ali Baş Komandanı!.. Ali Baş Komandanın rəhbərliyi ilə aparılan çoxtərəfli, çoxmiqyaslı (və çoxmənalı) Vətən müharibəsi ədəbiyyatımızın əbədi Vətən mövzusunun yaradıcılıq meydanını müqayisə edilməyəcək qədər genişləndirdi ki, bunun dəyərli faktlarından biri, heç şübhəsiz, Ramiz Qusarçaylının “Vətən” poemasıdır. Akademik Teymur Bünyadov sözlərilə desək, bu əsərin ən böyük məziyyətlərindən biri elmiliklə poetikliyin vəhdəti, harmoniyasıdır. 

“Vətən” poeması, klassik ədəbi ənənələrə uyğun olaraq, müəllifin belə bir möhtəşəm əsər yazmaqda izlədiyi məqsəd-məramın müxtəsər təqdimi ilə başlayır: 

Bu səngər haqq səngəridi, 

Zəhmində çox cəng əridi, 

Ləngərim söz ləngəridi,- 

Yüngül hava mənlik deyil. 

Öz göyüm var, öz mələyim, 

Öz xəttim var, öz lələyim, 

Öz məzarım, öz bələyim,- 

Haram yuva mənlik deyil. 

Davam nə can davasıdı , 

Nə də yorğan davasıdı, 

Azərbaycan davasıdı,- 

Ayrı dava mənlik deyil.

Bundan sonra isə dərhal Azərbaycan etnik-mədəni sisteminin hansı qədim köklərdən qaynaqlandığı barədəki düşüncələr hərəkətə gəlir. Və hər nə qədər tarixi-arxeoloji araşdırmaların verdiyi məlumatlara, elmi-akademik təsəvvürlərin nə qədər mümkündürsə o qədər obyektiv qənaətlərinə əsaslansa da, müəllif insan cəmiyyətinin təşəkkülü barədə özünün şair-mütəfəkkir mövqeyini də bildirməyə ehtiyac duyur. İnsan cəmiyyətinin yaranması ilə xalqlar, tayfalar (və təbii ki, dövlətlər) təşəkkül tapmağa başlayır ki, burada bizim qədim əcdadlarımız - türklər də şərəfli bir yer tutur.

Və elə bu məqamda şairin ruhunun dərinliklərindən bir vulkan püskürür. Və bu vulkan poemanın sonuna qədər onun son dərəcə dolğun (və hər cəhətdən sirayətedici) poetik təhkiyəsini bir nəqərat kimi müşayiət edir: 

Səni Şaman-Şaman uduzdum, 

Vətən, Tanrıqut-Tanrıqut uduzdum səni. 

Səni Bilgə-Bilgə uduzdum, Vətən, 

Tenqri-Tenqri uduzdum səni. 

Səni Babil-Babil uduzdum, 

Vətən, İkiçayarası uduzdum səni. 

Səni batil-batil uduzdum, Vətən, 

Vətən, asi-asi uduzdum səni. 

Doğrudur, əvvəl-əvvəl həmin daxili vulkan - üsyanın nədən nəşət etdiyini anlamaq bir az çətin olur... Xüsusilə o mənada ki, ictimai-iqtisadi formasiyalar bir-birini əvəz etdikcə, yəqin ki, nə isə qazanıldığı kimi nə isə də uduzulmalı, itirilməlidir. Bunsuz inkişafı necə təsəvvür etmək olar?.. Lakin bir məsələ də vardır (və əsər boyu tədricən daha aydın duyulur) ki, millət öz tarixinin hətta arxada qoyduğu məqamlarına da sahib çıxmağı bacarmalıdır. Və burada söhbət, ilk növbədə, milli yaddaşın hüdudlarını (əslində, miqyasını) müəyyən etməli olan strateji tarixi məqamlardan gedir.

Qədim Şumer mədəniyyətinin etnik mənsubiyyəti nə qədər qızğın mübahisələrə yol açsa da, çox görkəmli şumeroloqlar bu mədəniyyətin türklərlə əlaqəsi barədə danılmaz faktlara istinad edən mülahizələr söyləmişlər. XX Əsrin sonu, XXI əsrin əvvəllərindən həmin sahənin mütəxəssisləri içərisində türk xalqlarının nümayəndələrinin sayının artması da təsadüfi deyil. Və etiraf etmək lazımdır ki, tarixdə nələrisə uduzmağımızın əsas səbəblərindən biri də məhz tarixin mənbələrinə laqeyd münasibət, uzun illər bu və ya digər dövrü öyrənən mütəxəssislərimizin olmaması, nəticə etibarilə, düşmən maraqlarının təsiri altına düşmək məcburiyyətində qalmağımız olmuşdur. Halbuki yalnız professor Yusif Yusifov kimi qədim Şərq tarixi mütəxəssisinin yetişməsi imkan verdi ki, yaddaşımızda bir sıra zəruri anlayışlar bərpa edilsin... 

Turukku, - tarixdə türkün ilk adı, 

Aratta, - türkün ilk dövləti idi. 

Dövlət, dövlətçilik qoşa qanadı, 

Özgürlük müqəddəs sərvəti idi. 

...Səni Kuti-Kuti uduzdum, Vətən, 

Turukku-Turukku uduzdum səni. 

Səni Kaspi-Kaspi uduzdum, Vətən. 

Lullubi-Lullubi uduzdum səni. 

Ramiz Qusarçaylı mənsub olduğu Vətənin tərcümeyi-halını mövcud tarix kitablarından bizə məlum xronologiya ilə nəzmə çəkməklə qalmır, tarixə nüfuz edərək onu öz şair təxəyyülü ilə canlandırmağa, elmi təfərrüatlarına xələl gətirmədən bütöv bir orqanizm kimi təqdim etməyə çalışır. Və xatırlatmağa ehtiyac duyulur ki, həmin uğurlu cəhdlərində Ramiz 

Qusarçaylıya Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə kimi çox böyük müəllimləri yol göstərir. Ona görə də poemanın misraları, bəndləri bir-birinin ardınca bu qədər rahat, bu qədər yüyrək və bu qədər zəngin təsəvvürlər doğura-doğura gəlir... 

Hər gün öyrənirəm Azərbaycanı,                    

Hər gün oxuyuram hey varaq-varaq. 

Əlimdə kitabın şah səhifəsi 

Üçüncü minillik,-

eradan qabaq... 

Haqqın, həqiqətin kaşanəsidir,- 

Canlı nəfəsidir tarix hər anın. 

Deyirəm, ən qədim nişanəsidir 

Mixi yazıları Azərbaycanın. 

Bu xalqın kökəni, bu xalqın soyu                                 

Uzanır tarixin min illərinə. 

Keçib Arazboyu, Urmiyaboyu, 

Yol salıb Xəzərin sahillərinə.

Mannadan Midiyaya, Atropatenaya, Albaniyaya qədər Vətən tarixini vərəqləyən şairin “Astiaq əfsanəsi” ilə dövrümüzə gəlib çatan hadisələr üzərində ayrıca dayanması, Midiyanın farslaşması tarixini bir daha yada salması, əlbəttə, ümumən türk tarixi miqyasında düşündürücü olmaya bilməz... 

Səni Maday-Maday uduzdum, Vətən,

Medeya-Medeya uduzdumsəni. 

Səni Altay-Altay uduzdum, Vətən, 

Asiya-Asiya uduzdum səni. 

Çin oldu arzusu İkinci Kirin, 

Çat Verdi Midiya imperiyası. 

Dövləti quruldu Əhəmənilərin 

Başlandı tarixin Kir seriyası... 

Azərbaycan tarixinin dərinliklərinə (və fəlsəfəsinə!) dalarkən olduqca mühüm bir metodoloji məsələni doğru-düzgün bir şəkildə həll etmək lazım gəlir ki, bu, ərazi tarixi ilə etnos tarixinin münasibətindən ibarətdir. Həmin məsələ 30-cu illərdən başlayaraq müxtəlif səkillərdə “həll edilmişdir” -  türkoloqlar türk, iranşünaslar İran, qafqazşünaslar, bu və ya digər qeyd-şərtlə də olsa, Qafqaz başlanğıcını əsas götürmüş, nəticə etibarilə, mürəkkəb bir “metodoloji mənzərə” yaranmışdır. Odur ki, bu gün Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin təşəkkül tarixi barədə əsaslı (əksəriyyətin qəbul edəcəyi) bir fikir söyləmək olduqca çətindir. Bunun səbəbi odur ki, uzun zaman heç bir alternativ qəbul etməyən “konsepsiyalar” meydan sulamışdır. Onlardan son illərə qədər qalanı bu idi ki, azərbaycanlılar sonralar - orta əsrlərdə türkləşmişlər. Xalqa öz keçmişini, etnik mənşəyini unutdurmaq “ehtiyacı”ndan irəli gələn həmin “konsepsiya” da hunlardan, sabirlərdən, xəzərlərdən, oğuzlardan və b.-dan bəhs olunur, lakin bunların eyni bir etnosa - türklərə aid olduqları barədə danışılmır. Məqsəd ondan ibarətdir ki, Azərbaycan xalqının etnik tərkibində türklüyün mövqeyi nə qədər mümkündürsə o qədər minimuma, köçəri gəlmələrin yerli qeyri-türk mənsəbi aborigenlərə qeyri-ardıcıl təsiri səviyyəsinə endirilib.

Əlbəttə, Azərbaycanda etnik müxtəliflik ən qədim dövrlərdən olmuşdur. Lakin Azərbaycan xalqı türk mənşəlidir, türk etnik-mədəni sisteminin üzvi tərkib hissəsidir, Azərbaycan müxtəlif etnik mənşəli qədim mədəniyyətlərin birbaşa deyil, dolayısı ilə varisidir. 

Və “Vətən” müəllifi bu məsələdə son dərəcə ardıcıl, prinsipial və cəsarətlidir. 

Təcavüzkar İranı darmadağın edərək dünya tarixinə yeni istiqamət verən (və dahi Azərbaycan şair-mütəfəkkiri Nizaminin qələmi ilə peyğəmbər səviyyəsinə yüksələn) Makedoniyalı İskəndərin Avropa-Asiya-Afrika hüdudlarında qurduğu möhtəşəm dövlət də süquta uğrayır. Və Azərbaycan adını daşıyan ilk ölkə tarix səhnəsinə çıxır... 

İlkin Azərbaycan, - 

Atropatena, 

Türk dilli, türk soylu Azər birliyi, 

Düşmən tuzaqları, - 

dost əlbirliyi. 

Suverən məmləkət, 

bağımsız ölkə, 

Yer-yerdən təcavüz, hiylə, təhlükə, 

Tapdandı sazişlər, vədlər, görüşlər, 

Aldı caynağına hərbi yürüşlər, 

Daxili çəkişmə, xarici kələk,

Dözdü Atropatın ölürmünədək...

Hər bir xalqın tarixinin fundamental dönüm nöqtələri, yaxud L.N.Qumilyov demiş, passionar dövrləri var. Ona görə də yalnız bilavasitə tarixçilər yox, mütəfəkkir yazıçılar da xalqın tarixindən danışanda, ən azı, intuisiya ilə həmin dövrlərdən xüsusi həssaslıqla bəhs edirlər. Ramiz Qusarçaylının “Vətən”də, ilk növbədə, dörd dövrə üstünlük verməsi tamamilə anlaşılandır ki, onlardan biri Atropatena, ikincisi Səfəvilər - Əfşarlar, üçüncüsü, Azərbaycan Xalq Cümhuriyyəti, dördüncüsü isə müstəqil Azərbaycan Respublikası dövrüdür. O dövrlər ki, Azərbaycanı Azərbaycan etmişdir. Və təsadüfi deyil ki, həmin dövrlər Vətən tarixinin sadəcə “daxili işi” olmayan beynəlxalq miqyaslı hadisələrlə də zəngindir. Və ona görə də şairin bu cür hallarda Vətən tarixindən ümumdünya tarixinin üzvi tərkib hissəsi kimi bəhs açmasl tamamilə anlaşılandır.

Ramiz Qusarçaylı Albaniya hökmciarı Cavanşiri sonsuz məhəbbətlə tərənnüm edir. Və onun olduqca mürəkkəb tarixi şəraitdə öz ölkəsinin keşiyində necə mərdlik və müdrikliklə dayandığını vətənpərvərliyin heç zaman unudulmayacaq örməyi kimi dəyərləndirir.Bununla belə onu da deyir ki:

Ərəb oyunları, fars oyunları,                    

Ərəb gedişləri, fars gedişləri,                   

Ərəb döyüşləri, fars döyüşləri,                 

Dövrün ən naqolay, 

tərs döyüşləri, 

Üzdü Cavarışiri

ağır yaralar, 

Çıxdı axırına imperiyalar... 

Ancaq ən mühüm təhlükələrdən biri də, heç şübhəsiz, hayların Albaniya ərazisində möhkəmlənməkdən ötrü münbit şərait tapmaları idi. Şairin bu məsələyə xüsusi cliqqət yetirməsi, bu gün özünü tarixə qədim Qafqaz xalqlarından biri kimi sırımağa çalışan hayların mənşəyini, Qafqaza “yiyələnmə” texnologiyalarını bir daha nəzərdən keçirməsi ona görə zəruridir ki, “Vətən” müəllifinin tərənnüm etdiyi Vətənin tək dostları yox, son dərəcə alçaq (və şərəfsiz!) düşmənləri cə olmuşdur... 

Haylar əyan-əyan cücərirdilər,            

Haylar kilsə-kilsə yuvalanırdı.             

Kilsədə xəyanət becərirdilər,                

Kilsədə iftira becərirdilər,                     

Haylar yalan-yalan havalanırdı,           

Ortada qul kimi qurdalanırdı, 

Qıraqda-bucaqda obalanırdı.          

İtaət-itaət xırdalanırdı,                            

  Yalmana-yalmana topalanırdı. 

Və şair bu məqamda da özünü saxlaya bilmir, ruhu yenidən cövlan edir, vulkan yenidən hərəkətə gəlir: 

Səni alban-alban uduzdum, Vətən, -       

Səni Arran-Arran uduzdum, Vətən, 

Sasani-Sasani uduzdum səni,           

Kəsrani-Kəsrani uduzdum səni, 

Mehrani-Mehranı uduzdum səni,   

Uduzdum, 

uduzdum, 

uduzdum, Vətən... 

“Vətən” müəllifi oxucunu doğma Şirvanın tarixinin əsas hesab etdiyi mərhələlərilə tanış elədikdən sonra Səfəvilərə keçir... Və maraqlıdır ki, Azərbaycan tarixində ilk mərkəzləşmiş dövlətin meydana çıxdığı həmin dövrü daha çox tayfa (və məzhəb) bölünmələri dövrü olaraq səciyyələndirir:

...Gör nələr qaynayır qan yaddaşımda, 

Üz sürtdüm tarixin kövşənlərinə. 

Fatehlə döyüşən Uzun Həsənlə, 

Yavuzla vuruşan Şah İsmayılla,

Tarixin Şeyx Səfi fəlsəfəsini 

Uduzdum türk-islam düşmənlərinə, 

Uduzdum Avropa məkrlərinə, 

Uduzdum Avropa nökərlərinə... 

Hərgah şair Səfəvilərin böyük hökmdarı Şah İsmayıl Xətainin Azərbaycan tarixi üçün heç də az əhəmiyyət kəsb etməyən çox ciddi xidmətlərini də unutmur, ancaq bütövlükdə Səfəvi xanədanına xeyli dərəcədə tənqidi münasibəti, yəqin ki, mənim kimi çoxlarına da, ən azı, anlaşılmaz görünəcəkdir... Lakin yaddan çıxarmayaq ki, bu mövqeyində də Ramiz Qusarçaylı, müəllimsiz, sələfsiz deyil. Onun Mirzə Ələkbər Sabir kimi arxası, “Fəxriyyə” kimi dayağı var. Elə ona görə də inamla deyir: 

Türkü türklüyündən qovan şahların, 

Türkü türk ruhundan ovan şahların 

Niyyəti qaraydı, məramı saxta, 

Sanırdı bir fövqəlbəşərdi şahlar.

Aldada-aldada çıxırdı taxta, 

Aldana-aldana düşürdü şahlar... 

Nadir hiss edincə bu təhlükəni, 

Səfəvi süqutu gerçəkləşincə, 

Qəfil bir qığılcım çaxdı gözündə... 

Ancaq nə əfşarların Nadiri, nə də qacarların Ağa Məhəmməd şahı tarixin axınına mane ola bilmədi. Və rusların dövranı başladı... 

Ramiz Qusarçaylının “Vətən”ində bu və ya digər dərəcədə mübahisə doğuracaq bir məqam da odur ki, müəllif ölkənin xanlıqlara parçalanmasını ümumən (və doğru olaraq) fəlakət saysa da, bəzi xanların qüdrətini, vətənpərvərliyini, quruculuq fəaliyyətlərini tərənnüm etməkdən də çəkinmir... 

Hiyləgər həmlələr düşmən mirası, 

Xanlıqlar cəhalət dəbdəbələri. 

Bir az da coşurdu çar Rusiyası 

Artırdı işğalçı qələbələri. 

Qopub çat verincə Turan birliyi, 

Xan-xan yayılırdı rus əlbirliyi, 

Bəy-bəy yayılırdı rus əlbirliyi, 

Didib dağıdınca xiffət içini 

Hər gün artırırdı çar öz gücünü... 

“Beyin”i pozulmuş Azərbaycan tarixşünaslığının yaddaşı bir də XIX əsrin əvvəllərində Abbasqulu ağa Bakıxanovla bərpa olunmağa başladı ki, ondan sonra da hələ neçə illər Qafqaz tarixini qaçaqlar “yazdı”. 

Azərbaycanın milli özünüdərk ərəfəsində Şimali və Cənubi olmaqla iki yerə parçalanması, əlbəttə, tarixi bir faciə idi. Bundan sonra ölkə (və formalaşmaqda olan millət!) hansı uğura imza atırdısa, birtərəfli, yarımçıq olur, yuxarıdan gələn ikitirəlik imkan vermirdi ki, xalq bütün miqyası ilə öz taleyinin sahibi olsun... Əlbəttə, Azərbaycanın həmin faciəsi barəsində az yazılmayıb, ancaq istər bu, istərsə də digər mövzulara müraciətində “Vətən” müəllifi ən azı ona görə orijinaldır ki, təqdim etdiyi xronololi (və xüsusilə ideya-estetik!) genişlik imkan verir ki, hadisələr daha aydın kontekstdə, daha bol işıq altında görünsün və daha obyektiv nəticələrə gəlinsin. 

Ramiz Qusarçaylı Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən danışarkən, çox doğru olaraq, Qafqaz İslam ordusunun xidmətlərini yüksək qiymətləndirir: 

Başda Nuru paşa, 

türk cəngavəri, - 

Qafqaz Ordusunun baş komandanı, 

Yanında yenilməz Turan əsgəri, 

Çıxdı azadlığa Bakı şəhəri,- 

Yazıldı tarixə Bakı əsəri, 

Yazıldı tarixə Bakı zəfəri, 

Oxutdu dünyaya Azərbaycanı, 

Qafqaz Ordusunun baş komandanı... 

Şairi poetik ruhunun diqtəsi ilə dövrün tarixinə belə bir “nəqərat” verməkdə heç cür qınamaq olmaz ki, 

Xəyanət göyərdi hər bucağında, 

Sənin həndəsəni uduzdum, Vətən. 

Yadlara yazdırıb tarix dərsini, 

Sənin tədrisini uduzdum, Vətən. 

...Sənə “Mədrəsəli” çaxır oxutdum, 

Sənin mədrəsəni uduzdum, Vətən. 

20-ci əsrin Mart qırğınları,  

Kimlər boğulmadı bu dərddə, Vətən. 

Martda göy islanar, 

yer çiçəkləyər, 

Şəhid çiçəklədin sən Martda, Vətən... 

Səni Gəncə-Gəncə uduzdum, Vətən, 

Şamaxı-Şamaxı uduzdum səni... 

Səni incə-incə uduzdum, Vətən, 

Bayağı-bayağı uduzdum səni... 

Həm “Vətən” poemasının, həm də Ramiz Qusarçaylı yaradıcılığının bütün parlaqlığı ilə seçilən bir türkçülük qatı var ki, yalnız poetik (romantik!) yox, həm də ciddi elmi-ideoloji əhəmiyyət daşımaqdadır. Şair yaxşı bilir ki: 

...Altay, Çuvaşıstan, Qaraçay, Balkar, 

Tuva, Tatarıstan, Başqırdıstan, 

Saxa, Xakasiya, Adıgey, Krım

Türkün yurd yeridir, məskən yeridir, 

Hələ o yerlərin mində biridir. 

Şairin bu hissləri, düşüncələri bizi türkçülük ideologiyasının dünənindən sabahına doğru qısa bir səyahətə çəkdi... 

Türk birliyi ideyasını XIX əsrin sonlarına doğru nə qədər sadəlövh olsa da tam səmimiyyətilə ilk dəfə İsmayıl bəy Qaspralı tarix səhnəsinə çıxarmış, məşhur “Tərcüman”ını nəşr etdirərək “Dildə, fikirdə, işdə birlik” şüarını türk ziyalıları arasında yaymağa çalışmışdır. Onun ideyalarını davam etdirən Əli bəy Hüseynzadənin əsas xidməti isə onda olmuşdur ki, türkçülüyün "türkləşmək, islamlaşmaq və avropalaşmaq”dan ibarət formulunu işləyib hazırlamaqla məsələyə nəzəri miqyas vermişdir. 

Lakin türk birliyi ideyasını mükəmməl bir ideologiya səviyyəsinə yüksəldən, heç şübhəsiz, Ziya Göyalpdır ki, onun “Türkçülüyün əsasları” əsəri bütün polemik tərəflərilə birlikdə bu günə qədər həmin ideologiyanın (və səviyyənin) şah əsəri olaraq qalır. 

Ziya Göyalpın türkçülüyü, eləcə də türk birliyi ideyaları təşəkkülə osmanlıçılığın inkarı ilə başlamış, Türkiyə Cümhuriyyətçiliyinin ideya-siyasi 

(və fəlsəfi) təsdiqi ilə başa çatmışdır. Türkiyə Cümhuriyyətçiliyinin, başqa sözlə, Mustafa Kamal inqilablarının türk birliyi ideyalarının (və ideallarının!) çıxış (və istinadl) nöqtəsi kimi qəbul olunması, əlbəttə, tarixi bir zərurət idi. Lakin həmin zərurət elə başlanğıcdan ortaya çox ciddi problemlər də çıxarmışdı. 

“... Türkün yalnız bir dili və bir kültürü ola bilər. 

Halbuki türkün bəzi qolları Anadolu türklərindən ayrı bir dil, ayrı bir kültür yaratmağa çalışmışlar. Məsələn, quzey türklərindən bəzi gənclər bir tatar dili, tatar kültürü meydana gətirməklə məşğuldurlar... Uzaqda olduğumuz üçün qırğızların və özbəklərin necə bir yol tutacaqlarını bilmirik. Bunların da hər biri ayrı dil və ədəbiyyat, ayrı kültür meydana gətirməyə çalışsalar, Türk millətinin hüdudu daha da daralmış olar. Yakutlar ilə Altay türkləri daha uzaqda olduqları üçün onları Türkiyə türklərinin kültürü içinə almaq daha da çətin görünür”. 

Problem yalnız onda deyildi ki, uzaq Sibirdən Qafqazlara qədər (və ya əksinə) yayılmış türkləri (əslində, türk xalqlarını) “Türkiyə türklərinin kültürü içinə almaq... çətin görünür”dü, daha çox onda idi ki, böyük mütəfəkkir Türkiyədəki cümhuriyyət quruculuğu eyforiyasının təsiri altında o qədər də kiçik olmayan metodoloji yanlışlığa yol verirdi. Və həmin yanlışlığa haqq qazandırmaq üçün etdiyi cəhd də, prinsip etibarilə, uğurlu sayıla bilməzdi ki, guya “kültür yönündən birləşməsi asan olan türklər, özəlliklə oğuz türkləri, yəni türkmənlərdir. Türkiyə türkləri kimi Azərbaycan, İran və Xarəzm ölkələrinin türkmənləri də oğuz nəslinə mənsubdurlar. Deməli, türkçülükdəki yaxın ülkümüz “oğuz birliyi”, yaxud “türkmən birliyi” olmalıdır”. 

Ziya Göyalpa türk birliyi ideyasına ilham verən türkçülük ideologiyası ona görə lazımi miqyas ala bilmədi ki, XX əsrin əvvəllərində türk xalqları arasındakı əlaqələr son dərəcədə zəif idi. Və “Türkçülüyün əsasları” müəllifi bütün elmi-nəzəri (sosioloji) hazırlığına rəğmən nəinki “uzaq”, hətta “yaxın” türklərin o dövrdəki ictimai, siyasi və mənəvi həyatına - iddialarına və

imkanlarına münasibətdə obyektiv ümumiləşdirmələr aparmaq baxımından o qədər də məlumatlı görünmür. Çox təəssüf ki, düz bir əsr keçsə də Türkiyədə yetişmiş bir sıra elm adamlarının türk dünyasına, eləcə də türk düşüncə birliyi məsələsinə baxışları “Türkiyə mərkəziyyətçiliyi” modelindən kənara çıxmamışdır. Halbuki müasir dünyada sayı iyirmi beşi aşmış müstəqil türk xalqlarının mövcudluğunu nəzərə almadan onların hər hansı birliyi barədə az-çox məhsuldar mühakimələr yürütmək mümkün deyil. 

Doğrudur, sağlam etnoqrafik köklər və ya əsaslar türk dünyasının yalnız mənəvi-mədəni deyil, ictimai-siyasi, hətta ideolofi bütövlüyünə də zəmanət verir ki, Ziya Göyalp həmin kökləri və ya əsasları olduqca müfəssəl bir şəkildə araşdırmış, dildə, estetikada, əxlaqda, hüquqda, dində, iqtisadiyyatda, siyasətdə və fəlsəfədə türkçülüyün zəngin etnoqrafik imkanlarını ortaya çıxarmışdır. Lakin burada söhbət, doğrudan da, yalnız potensial imkanlardan gedir - o imkanlardan ki, necə reallaşacağı, türk xalqlarını müasir dünyanın inkişaf sürətinə necə uyğunlaşdıracağı barədə nəinki o zaman, indinin özündə də əsaslı bir fikir söyləmək çətindir. 

Ziya Göyalp da öz sələfləri kimi, prinsip etibarilə, “türkləşmək (xalqa doğru), islamlaşmaq və müasirləşmək (Qərbə doğru)” (yəni “türk millətindənəm, islam ümmətindənəm, Avropa mədəniyyətindənəm”) şüarını müdafiə etməklə türkçülüyü “ülküsünün böyüklüyü baxımından üç dərəcəyə ayırırdı: 

1) türkiyəçilik: 2) oğuzçuluq, yaxud türkmənçilik, 3) turançılıq”. 

“Türkçülüyün əsasları” müəllifi düşünürdü ki, “türkçülüyün uzaq ülküsü Turan adı altında birləşən oğuzları, tatarları, qırğızları, özbəkləri, yakutları dildə, ədəbiyyatda, kültürdə birləşdirməkdir. Bu ülkünün gerçəkləşməsi mümkündürmü, yoxsa mümkün deyilmi? Yaxın ülkülər üçün bu suala cavab axtarılarsa, uzaq ülkülər üçün axtarılmaz”. Və həmin düşüncələr mövqeyindən tamamilə haqlı idi ki, “yüz milyon türkün bir millət halında birləşməsi türkçülük üçün ən qüvvətli bir coşğunluq qaynağıdır. Turan ülküsü olmasaydı, türkçülük bu qədər sürətlə yayılmayacaqdı”. 

XX əsrin əvvəlləri üçün səciyyəvi olan bu siyasi romantizm XX əsrin sonu, XXI əsrin əvvəllərində hər cür spekulyativ əhəmiyyətini ilk növbədə ona görə itirdi ki, türk xalqları XX əsr boyu bütün imperiya təzyiqlərinə baxmayaraq, olduqca zəruri (və təbii) bir diferensiasiya prosesi yaşamaqla tarix səhnəsinə mümkün mükəmməl keyfiyyətləri ilə çıxdılar. Hal-hazırda bir sıra türk xalqlarının iqtisadi, siyasi və mədəni problemləri ən mötəbər beynəlxalq təşkilatlarda həll olunur. Yəni “dildə, fikirdə və işdə” bir vaxtlar İsmayıl bəy Qaspralı, Əli bəy Hüseynzadə, hətta Ziya Göyalp kimi romantik türk mütəfəkkirlərin xəyalına belə gəlməyəcək qədər diferensial xüsusiyyətlər nümayiş etdirən türk xalqları barədə artıq vahid bir millət olaraq baxıb nəinki müxtəlif nəzəriyyələr yaratmaq, hətta az-çox əsaslı mülahizələr yürütmək də ağlasığmazdır. Odur ki, istər dil, istər düşüncə-təfəkkür, istərsə də iş-əməl məsələsi olsun, türklərin birliyi və ya türk məkanında inteqrasiya mövzusunda söhbət açarkən “kafi əsas” kimi onların eramızdan əvvəlki minilliklərdəki  “amorf” bütövlüyündən yox, elə diferensial mövcudluqlarından başlamaq lazımdır ki, müasir xarakterlərini bu və ya digər dərəcədə dəqiq ifadə edə bilsin. 

Türk dünyasında düşüncə birliyi üçün mükəmməl etnoqrafik dayaqların olması müasir inteqrasiya üçün hələ hər şey demək deyil. Odur ki, həmin dayaqlara həddindən artıq istinad etmək bu günü keçmişlə izah etməyə aparıb çıxaracaq çox yanlış bir yola düşmək deməkdir. İlk növbədə bu günün özü ciddi metodololi prinsiplər əsasında (və təbii ki, ümumdünya konteksində) təhlil olunmalı, hər bir türk xalqının özünütəsdiq maraqları (və proqramları) göz önünə gətirilməlidir. Əgər biz düşünsək ki, Türkiyə, yaxud Azərbaycan türklərinin, yaxud da özbəklərin, qazaxların, türkmənlərin, qırğızların, tatarların, başqırdların, çuvaşların, yakutların... bütöv bir millət səviyyəsində təzahür edən özünəməxsus iqtisadi, siyasi, mədəni istəkləri yalnız türk birliyinə mane olan “yanılmalar”dan ibarətdir, həmin birliyi təmin 

edəcək texnologiyalar işləyib hazırlamaqda nəinki çətinlik çəkməli, eyni zamanda, daha əsası, mahiyyətdən yayınmalı olacağıq. 

Görünür, öz müasirliyini itirməkdə olan “türkləşmək, islamlaşmaq, müasirləşmək” formulunu da get-gedə “türkləşmək: milliləşmək və beynəlmiləlləşmək”lə əvəz etmək lazım gələcəkdir. Və yalnız bu halda türk dünyasında düşüncə birliyi texnologiyaları üzərində düşünmək üçün yeni imkanlar açıla bilər. 

“Vətən”də sovet “tarixşünasları”nın yalnız Azərbaycanın deyil, bütövlükdə türk dünyasının tarixinə siyasi-ideoloji təzyiqləri barədə ayrıca bəhs olunması, əlbəttə, bir sıra hallarda bu günə qədər davam edən metodoloji yanlışlıqların köklərini aydınlaşdırmaq baxımından maraqlıdır: 

Millətçi bolşevik başbilənləri, 

Leninə yarınıb xoş gələnləri, 

Stalin yolundan ilhamlananlar, 

Despotu özünə “Allah” sananlar, 

Çar dövrü yazılan elmi işləri, 

Elmi əsərləri yığışdırırdı. 

Avar, Xəzər, Bulqar dövlətlərinin 

Mənşəyi türk olan millətlərinin 

Harda adı keçir,

sıxışdırırdı. 

Məsələ yalnız onda deyildi ki, tarix saxtalaşdırılır. Rusiyanın Rusiya olmasında rol oynamış ən böyük etnik-mədəni güclər - monqol-tatarlar (əslində, türklər) istehza hədəfinə çevrilirdi, bu irticaçı proses qanlı repressiyaların birbaşa müşayiəti ilə gedir, Vətənin ən düşüncəli yaradıcı övladları məhv edilirdi... 

Ah... nələr oynandı bu məmləkətlə 

Totalitar rejim, repressiyalar, 

Ələbaxım kütlə, vəfalı kütlə... 

Öz ulu dövrünün, qədim dövrünün

Bir yaşıl fəslini itirdi Vətən,

Ən zəki, ən ünlü oğullarıyla 

İki-üç nəslini itirdi Vətən. 

Sosializm “layihələri”nin zor gücünə həyata keçirildiyi, türk xalqlarının bir-birindən təcrid edilərək gələcəklərinin ən müxtəlif baxımlardan sual altına atıldığı illərdə “Azərbaycan davası”nı mühacirlər yürüdürdülər... 

Vətənin siyasi mühacirləri 

Üz tutub hərə bir səmtə gedirdi, 

Mühacir həyatı yaşayırdılar. 

Vətəndən uzaqda təşkilatlanıb 

Bu şəhid Vətənin, qazi Vətənin 

Müstəqilliyini təbliğ edirdi, 

Millətin dərdini öz dərdi kimi 

El-el, ölkə-ölkə daşıyırdılar. 

Sovetlər Birliyinin çökdüyü illərdə Azərbaycanın başına gətirilən oyunlar, Ümummilli Lider Heydər Əliyevin iradəsi, titanik səyləri ilə ölkənin siyasi böhrandan çıxıb inkişaf yoluna düşməsi barədə ətraflı danışandan sonra şair Azərbaycan tarixinin İlham Əliyev epoxasına gəlir: 

Hələ gənc yaşında İlham Əliyev 

Qazandı xalqının etibarını. 

Xalqın da ruh səsi, inam birliyi 

Gətirdi ölkənin rəhbərliyinə 

Heydər Əliyevin yadigarını. 

Xalqın etibarı, xeyir-duası 

Sarsılmaz birliyi, əqidəsiylə, 

Heydər Əliyevin siyasi kursu, 

İlham Əliyevin iradəsiylə 

Başlandı ölkənin yeni erası. 

Səsləndi ölkənin yekdil səsiylə 

Qələbə müjdəli simfoniyası. 

“Vətən” müəllifi Azərbaycan Prezidenti, Azərbaycan xalqının lideri İlham Əliyevin Vətən qarşısındakı xidmətlərini ürək genişliyi ilə tərənnüm edir ki, həmin xidmətlərin əsasında azərbaycançılıq (vətənpərvərlikl) ideyalarının aldığı geniş vüsət dayanır. 

Müşahidələr (və araşdırmalar) göstərir ki, müasir dövrdə - İlham Əliyev dövründə azərbaycançılıq ideologiyasının təkamülünü bir sıra mühüm əlamətlər şərtləndirir ki, onlardan biri həmin ideologiyanın tarixinə (bu tarixin bütün yönlərilə obyektiv öyrənilib mənimsənilməsinə) elmi, ictimai-siyasi və mədəni marağın indiyə qədər görünməmiş bir şəkildə artmasıdır. 

Bu gün ölkədəki iqtisadi, ictimai-siyasi və intellektual-mədəni şərait imkan verir ki, azərbaycançılıq ideologiyasının keçdiyi tarixi yol hərtərəfli, dərindən və geniş müzakirələr əsasında necə varsa o cür araşdırılıb öyrənilsin, xüsusilə gənc nəslin Azərbaycan xalqını, Azərbaycan dövlətini müstəqilliyə gətirib çıxaran milli ideologiya, onun hansı müzakirələrdə, mübahisələrdə və münaqişələrdə formalaşdığı, eləcə də Əli bəy Hüseynzadə, Məhəmməd ağa Şahtaxtinski, Əhməd bəy Ağayev, Nəriman Nərimanov, Məhəmməd Əmin Rəsulzadə, Səməd Vurğun, Mirzə İbrahimov kimi müxtəlif miqyaslı və mövqeli milli ideoloqların təfəkkür tərcümeyi-halları haqqında kifayət qədər aydın (və mükəmməl) təsəvvürləri olsun. Halbuki bu imkan əvvəlki mərhələlərdə ya yox idi, ya da müxtəlif səbəblər üzündən bu və ya digər dərəcədə məhdud olmuşdu. 

Azərbaycan Prezidenti İlham Əliyevin 21 yanvar 2014-cü il tarixli sərəncamı ilə türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayan, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər zəminində bərqərar olmasının vacibliyini irəli sürən və müstəqil milli dövlətçiliyin nəzəri əsaslarının hazırlanmasında yaxından iştirak edən... görkəmli ictimai xadim Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi müasir Azərbaycan dövlətçiliyinin (və Prezident İlham Əliyevin), ilk növbədə, milli ideologiyanın tarixinə münasibətinin göstəricisidir. Və bu sözləri cənab Prezidentin bir sıra digər sərəncamları (xüsusilə, azərbaycançılıq ideologiyasının banilərindən biri olan, uzun illər adının çəkilməsi belə qadağan edilmiş Məhəmməd Əmin Rəsulzadənin yubileyinin keçirilməsi haqqındakı sərəncamı) barəsində də demək olar. Onların hər biri, bir tərəfdən, milli ideologiya klassiklərini geniş ictimai miqyasda tanıtmağa, ikinci tərəfdən, milli ictimai şüuru zənginləşdirməyə, onun polifoniyasını təmin etməyə, üçüncü tərəfdən isə, milli ideologiyanın köklərini, mənbələrini (və ümumən tarixini!) onun müasir təzahür texnologiyaları ilə üzvi vəhdətdə - bir bütöv halında təsəvvür eləməyə münbit (və rəsmi!) şərait yaradır. 

Məlum olduğu kimi, istər təşəkkül dövründə, istərsə də müxtəlif təkamül mərhələlərində, xüsusilə XX əsrin 20-ci illərinin əvvəllərindən 70-ci illərinin əvvəllərinə, yəni Heydər Əliyev dövrünə qədər azərbaycançılıq ideologiyası həm ölkə daxilində, həm də ölkə xaricində (mühacirətdə) biri digərindən, demək olar ki, təcrid olunmuş halda fəaliyyət göstərmişdir. Ölkə daxilində bu ideologiya get-gedə məhdudlaşdırılmış, hətta tamamilə unutdurulması üçün hər cür cəhdlər edilmiş, az-çox təzahürləri isə müxtəlif mənəvi-ideololi istiqamətlərə (məsələn, liberal vətənpərvərlik) yönəldilməklə amorflaşdırılmış və ya simasızlaşdırılmışdır... Xaricdə (mühacirətdə) isə sosial bazası olmayan romantik xəyallara çevrilmişdir... Və bütün hallarda Azərbaycan xalqının milli ideallarının qarşısını həm adminstrativ (aqressiv!), həm diplomatik (aldatma!), həm də ekspressiv (şirnikləndirmə!) üsulları ilə məhz sovet sosialist ideologiyası kəsmiş, lakin milli idealları məhv etmək mümkün olmadığı kimi, milli ideologiyanı da sona qədər unutdurmaq, yaddaşlardan silmək mümkün olmamışdır. 

Odur ki, belə bir mürəkkəb yol keçmiş ideologiyanın tarixini öyrənmək, cəmiyyətə doğru-düzgün metodologiya (ümummilli tarix fəlsəfəsi!) əsasında çatdırmaq üçün yaradılmış şərait çox mühüm əhəmiyyət daşıyır. 

Heç şübhəsiz, azərbaycançılıq ideologiyasının tərkib hissələri olan türkçülük, müsəlmançılıq və müasirliyin üzvi vəhdətdə, heç birinə digərindən daha böyük üstünlük vermədən, bir bütöv halında qəbul edilərək xalqın milli mənafeləri naminə həyata keçirilməsi ona görə çox əhəmiyyətlidir ki, Azərbaycan xalqı müxtəlif tarixi dövrlərdə (azərbaycançılıq ideologiyasının təşəkkül tapıb formalaşdığı XIX əsrin sonu, XX əsrin əvvəllərindən başlayaraq) gah türkçülüyə, gah müsəlmanlığa, gah da müasirliyə əlahiddə üstünlük verilməsindən irəli gələn ictimai-siyasi problemlərlə üz-üzə dayanmağa məcbur olmuşdur. Və bunun da mənfi nəticələrini, xüsusilə milli inteqrasiyasının, mütəşəkkilliyin süni olaraq pozulmasını, yaxud zəifləməsini tarix, yəqin ki, həmişəlik öz yaddaşına yazmışdır. 

İlham Əliyevin siyasi-ideoloji fəaliyyətində türkçülük Azərbaycan xalqının öz mənşəyi etibarilə türk etnosundan yaranması həqiqətinin milli ictimai dərkindən başlayıb müasir türk dünyasının üzvi tərkib hissəsi olması, beynəlxalq aləmdə türk dünyasının ortaq maraqlarının cəsarətlə müdafiəsinə qədər gedir. Və təsadüfi deyil ki, Azərbaycan Prezidenti türk dünyasının öndə gedən liderlərindən biri kimi böyük nüfuz sahibidir. 

Dünyanı bürümüş karonavirus pandemiyasının ən ağır günlərində türkdilli ölkələrin dövlət başçılarını bir araya gətirərək keçirdiyi videoməclis bunu bir daha sübut etdi. Xüsusilə o baxımdan ki, bu sür məclislər (və təşəbbüslər) yalnız türkdilli xalqların siyasi inteqrasiyasına töhfə verməklə qalmır, həm də ümumən türk birliyinə beynəlxalq hörmət və nüfuz gətirir. 

İslam (müsəlman) dünyasına mənsubluq da bugünkü Azərbaycanın həm mənəvi-mədəni, həm də ictimai-siyasi xarakterində bütün parlaqlığı ilə təzahür edir. İlham Əliyevin müsəlman xalqlarına qarşı müəyyən beynəlxalq dairələrdə aparılan mürtəce, antihumanist kampaniyalara dəfələrlə ən yüksək tribunalardan öz etirazını bildirməsi, Azərbaycanın bir nümunəvi müsəlman ölkəsi olaraq inkişafı buna sübutdur. 

Və eyni zamanda bugünkü Azərbaycan xalqı dünyaya açıq, müasir dünyanın iqtisadi, sosial-siyasi və mədəni texnologiyalarını inamla mənimsəyən, onun (müasir dünyanın) qlobal idarəçiliyində get-gedə güclənən imkanları səviyyəsində iştirak edən xalqdır. 

Türkçülük, müsəlmançılıq və müasirlik triadası bugün Azərbaycanda klassik formulunda (və tipologiyasında) tətbiq edilməklə qalmayıb dövrün tələblərinə uyğun olaraq yaradıcılıqla yaşanır ki, bu da Azərbaycan dövlətinin yürütdüyü tarazlaşdırılmış, humanist və uzaqgörən (mövcud problemlərin tezliklə həllinə yönəlmiş perspektivli) siyasətin nəticəsidir. 

Əlbəttə, azərbaycançılıq ideologiyasının inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin daha bir sıra xidmətləri də vardır ki, buraya multikulturaliızm ənənələrinin yeni səviyyədə davam etdirilməsi, dünya azərbaycanlılarının həmrəyliyi uğrunda ardıcıl mübarizə aparılması, Azərbaycan insanının müasir dünyada hər hansı çatışmazlıq kompleksindən xilas edilməsi üçün hər cür (iqtisadi, siyasi, mədəni və s.) qabaqlayıcı tədbirlərin görülməsi və s. daxildir. 

Azərbaycan tarixində İlham Əliyev epoxasının ən mühüm hadisələrindən biri erməni təcavüzünə son qoyulması, ölkənin ərazi bütövlüyünün təmin edilməsi idi...

Bilsə də xisləti şərdi, böhtandı,                 

Hay yenə öz murdar məkrinə uydu.

Kürsüdən “Qarabağ Ermənistan”dır,-        

Deyib öz fikrinə, nöqtə də qoydu.

Hay hardan biləydi, nədən biləydi, 

Bu cılız “nöqtənin”, bu cır “nöqtənin”                                      

Başına yumruqlu “Nida” gələcək. 

Əgər şair bütün poema boyu “Səni uduzdum, Vətən” deyirdisə, Vətən  müharibəsində qazanılan möhtəşəm Zəfərdən sonra artıq qələbə nəğməsi oxuyur:

Səni qazi-qazi qaytardım, Vətən, 

Qəhrəman-qəhrəman qaytardım səni.     

Səni şəhid-şəhid qaytardım, Vətən,        

Cana can, qana qan qaytardım səni. 

...Səni Laçın-Laçın qaytardım, Vətən, 

Kəlbəcər-Kəlbəcər qaytardım səni.          

Səni quca-quca qaytardım, Vətən, 

Bəxtəvər-bəxtəvər qaytardım səni. 

Səni Şelli-Şelli qaytardım, Vətən, 

Lələdağ-Lələdağ qaytardım səni. 

Səni Şuşa-Şuşa qaytardım, Vətən, 

Qarabağ-Qarabağ qaytardım səni.  

Ramiz Qusarçaylı “Vətən”i 2017-ci ildə qələmə almağa başlayıb, 2021-də başa çatdırıb. Lakin bu beş il, yəqin ki, fəal yaradıcı iş illəridir. Əslində isə, bu cür əsərlər sənətkardan bütöv bir ömür istəyir. Və görkəmli tənqidçi ədəbiyyatşünasımız Vaqif Yusiflinin “poetik epopeya” adlandırdığı “Vətən”, heç bir şübhə yoxdur ki, Ramiz Qusarçaylının yaradıcılıq tərcümeyi-halı, bədii pasportu, eyni zamanda Azərbaycan poeziyasının müasir Azərbaycanın ictimai-ideoloji maraqları mövqeyindən dediyi elə bir Sözdür ki, ədəbiyyatımızın yaddaşından heç zaman silinməyəcək, Ədəbiyyatın Tarix dərsləri olaraq bu gündən sabaha inamla addımlayacaqdır. Və əsər şairin artıq, demək olar ki, dillər əzbəri olmuş məşhur “Azərbaycan bayrağı” ilə bitir... 

Sənsən Azadlıq eşqim, sənsən Hürr, - deyəcəyəm, 

Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm, 

Şuşada sən qonduğun daşa pir deyəcəyəm, 

Çəkəcəyəm gözümə kölgən düşən torpağı, 

Azərbaycan bayrağı!                  

Azərbaycan bayrağı!

                       

“Azərbaycan” jurnalı, 2022-ci il, 2-ci sayı

Paylaş:
Baxılıb: 1014 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30