İRƏVANIN AZƏRBAYCANLI MAARİFÇİ XANIMLARI
15.07.2026 [09:37]
Təəssüf ki, İrəvanda Azərbaycan qadın hərəkatının tarixinin öyrənilməsi, qadınların ictimai, mədəni həyatda rolu, onların təhsili ilə bağlı demək olar ki, xüsusi tədqiqatlar aparılmamışdır. İlk dəfə olaraq İrəvanda azərbaycanlı qadın hərəkatının tarixi kompleks və sistemli şəkildə bizim tərəfimizdən nəzərdən keçirilmişdir. Bu məqalədə İrəvanda Azərbaycan qadın hərəkatının aparıcı fiqurlarından olan azərbaycanlı maarifçi xanımlarından bəhs etməyə çalışmışıq.
XIX əsrin əvvəllərindən etibarən Azərbaycanda qadın təhsili geniş vüsət almağa başladı. Həmin dövrdə azərbaycanlı qızlar üçün xüsusi məktəblər olmadığından onlar bir qayda olaraq şəxsi evlərdə fəaliyyət göstərən ayrı-ayrı şəxslərdən dərs alırdılar. Bu tip məktəblər Cənubi Qafqazın müxtəlif coğrafiyalarında, o cümlədən İrəvanda, Uluxanlıda da var idi.
İrəvan qəzasında maarifçilik mühiti tarixində xüsusilə əhəmiyyətli hadisələrdən biri 1862-ci ildə Uluxanlıda açılmış müsəlman qız məktəbinin fəaliyyətə başlaması olmuşdur. İlk ildə burada 5 azərbaycanlı qız oxumuşdu. Həmin məktəbdə təhsilin məzmunu dünyəvi səciyyə daşımışdır. Bu məktəb bölgədə müsəlman qızlarının dünyəvi təhsilə cəlb edilməsində mühüm rol oynamış, eyni zamanda qadınların mədəni səviyyəsinin yüksəldilməsi, onların sosial fəallığının artırılması istiqamətində mühüm işlər görmüşdür. Bundan 40 il sonra - 1902-ci ildə İrəvanda rus-tatar (türk) qızlar məktəbi açılmışdır. Məktəbin açılmasında Məmmədqulu bəy Kərim Soltan və Mirzə Məmmədvəli Qəmərlinski kimi maarif mücahidlərinin böyük əməyi olmuşdur. Həmin dövrdə İrəvanda və bir sıra bölgələrdə rus-tatar oğlan məktəbləri, ibtidai məktəblər, üsuli-cədid əsasında qurulan müsəlman məktəbləri fəaliyyət göstərirdi. Bu çoxnövlü təhsil şəbəkəsi həm dünyəvi-elmi, həm dini-əxlaqi, həm də milli-mədəni tərbiyə istiqamətlərini öz daxilində birləşdirir, İrəvan azərbaycanlı əhalisinin müxtəlif sosial təbəqələrinin təhsil ehtiyaclarını ödəməyə xidmət edirdi. Zəngin pedaqoji ənənələr üzərində təşəkkül tapan İrəvan maarifçilik mühiti sonradan Mirzə Ələkbər Elxanov, Mirzə Məmmədvəli Qəmərlinski, Həsən bəy Qazıyev, İbadulla bəy Muğanlinski, Cəfər bəy Cəfərbəyov, Mirzə Cabbar Məhəmmədzadə, Məmməd bəy Qazıyev və bu kimi onlarla maarifçi pedaqoqların formalaşmasına və yetişməsinə əlverişli zəmin yaratmışdır.
İrəvanda azərbaycanlı qadın maarifçilərin fəaliyyəti Azərbaycan təhsil tarixinin az tədqiq olunmuş, lakin ehtiyac duyulduğu qədər mühüm olan səhifələrindən biridir. XIX əsrin sonu - XX əsrin əvvəllərindən başlayaraq və sovet dövrünün ilk onilliklərində bu bölgədə formalaşmış qadın maarifçilər həm milli pedaqoji ənənənin, həm də Azərbaycan qadın hərəkatının inkişafında özünəməxsus rol oynamışdır. Bu pedaqoqların, Tərlan xanım Sultanova, Bülbül Kazımova, Tacirə Bağırova, Rəziyə Abdullayeva, Sona Bağırova, Fatma Qədimova, Xədicə Kəngərlinski, Tərlan Kərimova, Nabat İbrahimova, Fatma Əfəndiyeva, Lala Qazıyeva, Sona Qocayeva, Kübra Məmmədova və bir çoxlarının bölgədə qadınların təhsilə cəlb edilməsində, qadınlar arasında maarifləndirilmə işlərinin aparılmasında, bir sözlə, İrəvan maarifçilik mühitində qadınların sosiallaşmasında böyük xidmətləri olmuşdur.
Qərbi Azərbaycanın ilk azərbaycanlı qadın pedaqoqu Tərlan xanım Məmmədəli qızı Sultanova da XIX əsrin sonu, XX əsrin əvvəllərində İrəvanda Azərbaycan maarifçilik mühitinin ən görkəmli simalarından biridir. İrəvanda Azərbaycan qadın təhsilinin ilk aparıcı fiqurlarından olan Tərlan xanım 1890-cı ildə İrəvan quberniyasının Üçmüədzin qəzasının Əkərək kəndində anadan olmuşdur. O 1913-cü ildə İrəvan şəhərində azərbaycanlı qızlar üçün açılmış 2 nömrəli rus-tatar (türk) məktəbində bir müddət müəllim vəzifəsində çalışdıqdan sonra, həmin məktəbin müdiri vəzifəsinə təyin olunmuşdur. Tərlan xanımın doğulduğu Əkərək kəndindən İrəvan şəhərindəki gimnaziyaya keçidi həmin dövrdə kifayət qədər nadir bir hadisə idi və bu, ailəsinin maarifə açıq mövqeyini, eyni zamanda, onun fərdi istedad və əzminin erkən təzahürlərini əks etdirən sübutlardan biridir. Lakin onun fəaliyyəti yalnızca İrəvanla məhdudlaşmamış, sonralar Bakı şəhərinə köçən Tərlan xanım burada 132 nömrəli məktəbdə müəllim və direktor müavini vəzifələrində çalışmışdır. Səmərəli pedaqoji fəaliyyətinə görə “Əməkdar müəllim” fəxri adına və “Qırmızı Əmək Bayrağı” ordeninə layiq görülmüşdür.
İrəvanın digər xanım maarifçilərindən biri də Bülbül Hacı Məmməd Tağı qızı Kazımova 1887-ci ildə İrəvan şəhərində anadan olmuşdur. O, 1914-cü ildə İrəvan rus-tatar (türk) qız məktəbini bitirmiş, 1917-ci ilin sonlarından İrəvanda müəllimlik fəaliyyətinə başlamışdır. Ömrünün 50 ildən artıq bir hissəsini İrəvanda Azərbaycan ictimai-mədəni həyatının formalaşması və inkişafına həsr etmişdir.
Bülbül xanım Kazımova təkcə müəllim deyil, eyni zamanda, qurucu kimi də fəaliyyət göstərmişdir. Yaşadığı mühitdə məktəblərin, qadın klublarının və mədəniyyət evlərinin əsasını qoyması onun qadın təhsilinə yalnız tədris çərçivəsində deyil, geniş ictimai-mədəni miqyasda yanaşdığını göstərir. İrəvanın azərbaycanlı maarifçi qadınları arasında Tacirə Cəfər qızı Bağırovanın (Bağırbəyova) da adını ehtiramla qeyd etmək lazımdır. O 1913-cü ildə İrəvan şəhərində anadan olmuşdur. O, İrəvan Pedaqoji Texnikumunu, sonra isə Azərbaycan Ali Pedaqoji İnstitutunu bitirmişdir. Bağırova öz dövrünün nadir hadisələrindən biri kimi, qadın pedaqoq olaraq pedaqoji ali məktəbdə pedaqogika və pedalogiya fənlərini tədris edən mütəxəssis olaraq fəaliyyət göstərmişdir. Tacirə Bağırova “Əzizbəyov” adına azərbaycanlı məktəbində və İrəvan Pedaqoji Məktəbində uzun illər dərs demiş, 1948-ci ildə Azərbaycana deportasiya edildikdən sonra 1950-ci illərdə Azərbaycan Pedaqoji Universitetində, 1954-cü ildə isə Xarici Dillər İnstitutunda müəllim işləmişdir. “Əməkdar müəllim” adına layiq görülən T.Bağırova 1982-ci ildə Bakıda vəfat etmişdir. 1934-cü illərdə pedaqoji texnikumda azərbaycanlı qadın müəllimlərdən Tacirə Bağırova, Zəhra Abbasova, Rəziyə İsmayılova, Şura Fəhradova, Surə Fərhadova kimi işıqlı simalar dərs demişdilər. Akademik Budaq Budaqovun bu dövr haqqında xatirələri həm də bu xanım maarifçilərin pedaqoji ustalığını əhatə edir: “İrəvan Pedaqoji Məktəbi, oraya toplanmış müəllimlərin pedaqoji ustalığı, ensiklopedik biliyi və hazırlanan kadrların savadının pedaqoji məktəb səviyyəsindən universitet tələbələri səviyyəsinədək qaldırılması bu məktəbə haqlı şərəf, şöhrət, nüfuz gətirmişdi”.
İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunda dərs deyən qadınlardan biri də dövrün sayılıb-seçilən qadınlarından olan Tərlan Abbas qızı Kərimova olmuşdur. Tərlan xanım Kərimova 1913-cü ildə İrəvan şəhərində əsil-nəcabətli bir ailədə anadan olmuşdur. O Bakı Darülmüəllimində təhsil almışdır. Burada ona dərs demiş Camo Cəbrayılbəyli, Abdulla Şaiq, Hüseyn Cavid kimi şəxsiyyətlərin, görkəmli ədəbiyyat və maarif xadimlərinin gözəl ənənələrini İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin nəzdində fəaliyyət göstərən ibtidai məktəbdə davam etdirmişdi. Bir neçə nəsil Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qələm tutmağı Tərlan xanım öyrətmişdi. Tərlan xanım yüksək mədəniyyəti, tələbkarlığı ilə İrəvanda hamının hörmətini qazanmış pedaqoqlardan idi. O 1948-ci ildə ailəsi ilə birlikdə Azərbaycanın Xanlar rayonuna deportasiya edilir. Tərlan xanım burada erməni millətindən olan bir həkimin “müalicəsi” nəticəsində 1962-ci ildə dünyasını dəyişir.
İrəvanın tanınmış maarifçilərindən biri də Rəziyə Hacı Həsən qızı Abdullayeva olmuşdur. O 1913-cü il sentyabr ayının 29-da İrəvanda anadan olub. 1931-ci ildə İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunu bitirmiş, eyni il İrəvanda pedaqoji fəaliyyətə başlamışdır. 1941-ci ildə İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsinin dil-ədəbiyyat fakültəsinə daxil olmuş, həmin il İrəvanda M.F.Axundov adına İrəvan Azərbaycanlı Qızlar Məktəbinin direktoru təyin edilmişdir. 1940-cı ildə “Əməkdar müəllim” adına layiq görülən Rəziyə xanım 1953-cü ildə SSRİ Ali Sovetinin deputatı olmuşdur. Rəziyə Abdullayevanın bioqrafiyası İrəvan qadın maarifçi nəslinin sovet dövrü kontekstində öz inkişaf zirvəsinə çatmasının nümunəsidir. Onun SSRİ Ali Sovetinə deputat seçilməsi yalnız fərdi nailiyyət deyil, dövlət səviyyəsində qadın pedaqoqun mühüm sosial-siyasi rolun tanınmasının ifadəsidir.
İrəvanın digər bir diqqətə layiq qadın maarifçisi Sona Bağırovadır. O, İrəvan Pedaqoji Texnikumunun 1931-ci il 3-cü buraxılışının yeganə qadın məzunu olmuşdur. İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunun 1931-ci il buraxılışında məzunlar arasında yalnız bir nəfər gənc qız olmuşdur ki, bu da Sona Bağırova idi. Yeri gəlmişkən onu da qeyd edim ki, Sona Bağırova EPYC-nin azərbaycanlı bölməsinin gənc üzvü kimi İrəvanda Azərbaycan ədəbi-mədəni mühitinin inkişafında müəyyən rol oynamışdır. O, hələ pedaqoji texnikumda təhsil aldığı illərdə “Qızıl şəfəq” qəzeti səhifələrində bədii nümunələr çap etdirir, inqilabdan sonra İrəvanda yaranan Azərbaycan poeziyasının gənc aparıcı nümayəndələrindən biri kimi fəal iştirak edirdi. O, sonrakı qadın nəsilləri üçün cığır açan pedaqoq olmuşdur.
Texnikumun fəaliyyətə başladığı ilk illərdə burada təhsil alan qızların sayı çox az idi. Buna baxmayaraq, sonralar burada təhsil alan qızların sayı artmışdır.
İrəvanda azərbaycanlı qadın maarifçilərinin fəaliyyəti yalnız təhsil verməklə məhdudlasmırdı. Onlar eyni zamanda müxtəlif təşkilatların qurucuları, inzibati rəhbərlər, siyasi-dövlət xadimləri, mətbuat fəalları, mədəni-maarif təşkilatçıları idilər. Bu çoxsahəlilik onların pedaqoji-mədəni miqyasının nə qədər geniş olduğunu göstərir. 1948-ci il deportasiyası bu nəslin başqa bir tarixi sınağı olmuşdur. Bülbül Kazımova, Tacirə Bağırova, Rəziyə İsmayılova, Şura Fəhradova və onlarla azərbaycanlı pedaqoq öz yurdlarından didərgin salınmış, onların bəziləri pedaqoji fəaliyyətlərini Bakıda davam etdirməyə məcbur olmuşdular.
İrəvan maarif mühitindəki azərbaycanlı qadın maarifçilər Azərbaycan təhsil tarixində özünəməxsus və qiymətli iz qoymuşlar. Tərlan xanım Sultanovadan başlayaraq Bülbül Kazımova, Tacirə Bağırova, Rəziyə Abdullayeva və başqa qadın pedaqoqların timsalında bu nəsil Azərbaycan qadın hərəkatının regional inkişaf modelini ortaya qoymuşdur.
Bir sözlə, İrəvanda azərbaycanlı maarifçi qadınlar XX əsrdə böyük inkişaf yolu keçmiş, regionda maarifin, mədəniyyətin, incəsənətin çiçəklənməsinə böyük töhfələr vermişlər. Onlar İrəvanın ictimai, ədəbi-mədəni tarixində silinməz izlər qoymuşlar.
Cəlal Zəngi ,filologiya üzrə fəlsəfə doktoru, dosent
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24

