Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Siyasi böhran: Gürcüstan sınaq qarşısında

Siyasi böhran: Gürcüstan sınaq qarşısında

13.11.2014 [09:53]

Son günlər qonşu dövlətin hakim dairələrində müşahidə edilən müəmmalı proseslər bir sıra suallar doğurub. Ekspertlər 3 nazirin istefasını dərin siyasi böhranla əlaqələndirirlər. Gürcüstanda “Gürcü arzusu”nun iflasa uğradığı haqqında fikir bildirilir. Bunun əvəzində siyasi meydanda “Azad demokratlar” adı altında yeni təşkilat özünə yer etməyə çalışır. Bununla ölkənin siyasi səhnəsində maraqlı və eyni dərəcədə ziddiyyətli mübarizənin gedəcəyi proqnozlaşdırılır. Lakin xarici qüvvələrin Gürcüstandakı proseslərə təsiri də unudulmur. Böyük geosiyasi güclərin öz maraqları naminə hansı addımları ata biləcəyi xüsusi maraq doğurur. Onlar arasında mübarizənin yeni səviyyəyə qalxması istisna edilmir.
İstefalar: qərbyönlülər parçalanır
2014-cü ilin noyabrı müasir Gürcüstan tarixinə, bəlkə də, “nazirlərin istefası ayı” kimi düşəcək. Üç nazir (müdafiə, xarici işlər və Avropaya inteqrasiya məsələləri üzrə) bir-birinin ardınca vəzifələrindən gedib. Bu hadisə dünya miqyasında dərhal reaksiya doğurub. ABŞ və Avropa İttifaqı narahatlıqlarını bildirib. Mövzuya geniş yer ayıran Rusiya KİV-i məsələnin mümkün geosiyasi nəticələrini təhlil edir. Rəsmi Tbilisi isə yaranmış vəziyyətdən çıxış yollarını axtarır. Çünki meydana çıxan problem yalnız kimlərinsə işdən kənarlaşması ilə məhdudlaşmır. Ekspertlər baş verənlərin dərin siyasi və geosiyasi kontekstinin olduğunu vurğulayırlar (bax: məs., Obzor qruzinskix SMİ za 29 oktəbrə - 6 noəbrə / “Vestnik Kavkaza”, 6 noyabr 2014). Gürcüstan faktiki olaraq hakimiyyət böhranı dövrünü yaşayır. Bunun kökündə prezidentlə baş nazir arasında yaranmış fikir ayrılığının durduğu qeyd olunur.
Hələ bir qədər bundan əvvəl BMT-nin ekologiya ilə bağlı keçirilən sammitinə dövlət başçısı Giorgi Marqvelaşvilinin səfəri pozulmuşdu. Onda Gürcüstan rəhbəri hökumət strukturlarını, o cümlədən, XİN-i əngəl yaratmaqda ittiham etmişdi. İndi də ölkə başçısının Qərb ölkələrinə əvvəlcədən elan edilmiş səfəri baş tutmayıb. Ekspertlərin sözlərinə görə, “bu, artıq kədərli bir ənənəyə çevrilib” (bax: Qeorqiy Kalatozişvili. Vizit prezidenta Qruzii na Zapad vnovğ sorvan / “Vestnik Kavkaza”, 29 oktyabr 2014).
O zaman Barak Obama Gürcüstanın prezidenti ilə baş nazirini qəbul edib, fikir ayrılığını aradan qaldırmağı planlaşdırıbmış. Ancaq İrakli Qaribaşvili prezidentin səfərini pozmaqla buna imkan verməyib. Gürcü ekspertlər bunu hökumət başçısının kənar güclərin təsiri altında etdiyini vurğulayırlar (bax: əvvəlki mənbəyə).
Açıq mətnlə deməsə də, Gürcüstan prezidenti bütün bunların arxasında Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvilinin dayandığı qənaətindədir. Onun göstərişlərini isə hazırkı baş nazir İ.Qaribaşvili həyata keçirir. Bununla da ziddiyyətlər G.Marqvelaşvili-İ.Qaribaşvili münasibətləri müstəvisində özünü göstərir (bax: Aleksey Tokarev. Prezident i premğer Qruzii: borğba druq protiv druqa ili s Rossiey? / MQİMO Universitet, 5 noyabr 2014).
Proseslər Müdafiə Nazirliyində prokurorluğun yoxlamaları ilə yeni məzmun alıb. Buna etiraz edən nazir İrakli Alasaniya istefa verib. Ardından xarici işlər naziri Maya Pancikidze və Avropaya inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksi Petriaşvili vəzifələrindən getmələrini bəyan ediblər. Maraqlıdır ki, XİN-in rəhbəri bu addımı hökumətin Avropaya inteqrasiya kursundan yayınmağa başlaması səbəbindən atdığını bildirib. Onunla bərabər 4 müavini də öz vəzifələrini tərk etmək istədiklərini bildiriblər. Lakin baş nazir onların 3-nü dilə tutaraq vəzifələrində saxlaya bilib (bax: Qeorqiy Dvali. Qruzinskim otstavnikam ihut zamenu / “Kommersantc”, 7 noyabr 2014).
Hökumət isə özünü təmkinli göstərir. İ.Qaribaşvili artıq keçmiş müdafiə nazirini “axmaq, avantürist və ambisiyalı” adlandırıb (bax: Premğer-ministr Qruzii na zasedanii pravitelğstva dal oüenku sostoəvşimsə otstavkam / “Nezavisimaə qazeta”, 7 noyabr 2014). Onun dediyinə görə, işdən uzaqlaşanların əvəzinə daha layiqlilərini tapacaqlar.
Yeni siyasi konfiqurasiyalar: daxili və xarici faktorların kəsişməsində
Bütün bunların konkret olaraq hansı siyasi səbəbdən baş verdiyini hələlik heç kəs dəqiq deyə bilmir. Müdafiə naziri və onunla həmrəy olanlar hökumətin Avropa xəttini zəiflətdiyini deyirlər. Baş nazirin tərəfdarları isə bunun tam yalan olduğunu bəyan edirlər. Lakin siyasi mühitdə bir parçalanmanın baş verdiyi göz önündədir. Artıq “Gürcü arzusu”nun parçalanması bir faktdır. Prezidentə sadiq olanlar ayrılaraq “Azad demokratlar” təşkilatı yaradıblar. Eyni zamanda, iqtidara yaxın olan Respublika Partiyası da istefa verənlərlə həmrəy olduqlarını, hökumətlə yalnız konkret mövzular üzrə əməkdaşlıq edəcəklərini bildiriblər (bax: Qeorqiy Kalatozişvili. “Qruzinskoy meçtı” bolğşe net / “Vestnik Kavkaza”, 5 noyabr 2014).
Bununla parlamentdə iqtidarın mövqeyinin zəifləyə biləcəyini proqnozlaşdırmaq olar. Ən azı 22 deputat müxalifət tərəfə keçə bilər. Bir sıra ekspertlər hətta “Azad demokratlar”, Respublika Partiyası və Mixeil Saakaşvilinin tərəfdarlarının birləşməsi ehtimalından da danışırlar. Onlar hesab edirlər ki, belə olduğu halda hökumət çox çətin bir siyasi vəziyyətdə olacaqdır.
Baş verənlərin beynəlxalq əks-sədası da özünü göstərməkdədir. Qərb ölkədə siyasi böhranın aradan qaldırılması üçün iqtidarın qəti hərəkət etməsini istəyib. Amerika baş verənlərdə sətiraltı Moskvanı günahlandırır. İstefaya gedən nazirlərin Vaşinqtona yaxın olması faktına ekspertlər xüsusi diqqət yetirirlər. Bununla yanaşı, bir məqam da vurğulanır.
Ekspertlərin fikirlərinə görə, Rusiya Tbilisiyə Abxaziya məsələsinə görə təzyiq göstərir. Son günlər KİV-də Moskvanın Suxumi və Sxinvali ilə əməkdaşlıq sazişi imzalamağa hazırlaşdığı haqqında informasiyalar yayılıb. Gürcüstan hakimiyyətinin Kremllə danışıqlar aparan nümayəndəsi Zurab Abaşidzenin xarici işlər naziri ola biləcəyi barədə məlumatlar bu aspektdə maraq doğurur. Hesab edilir ki, rəsmi Tbilisi Moskvaya tərəf reverans etmək niyyətindədir. ABŞ da daha çox bundan narahatdır (bax: Qeorqiy Dvali. Qruzinskim otstavnikam ihut zamenu / “Kommersantc”, 7 noyabr 2014).
Əgər bu proqnozlar özünü doğrultsa, çox güman ki, Gürcüstanda Ukraynadakına bənzər proseslərin qarşısı alınar. Lakin ölkənin daxili siyasi vəziyyətinin ziddiyyətləri mütləq nəzərə alınmalıdır. Çünki hazırda ekspertlər məhz bu istiqamətdə qeyri-müəyyən proseslərin getdiyini bildirirlər. Mümkündür ki, Gürcüstan növbədənkənar seçkilər keçirməyə məcbur olsun. Siyasi qüvvələr arasında münasibətlər gərgindir.
Ölkədə sosial-psixoloji vəziyyət də ürəkaçan deyil. Cəmiyyətdə kriminal vəziyyətin pisləşdiyi haqqında həyəcan dolu yazılar dərc edilir (bax: Şota Utiaşvili. Opasnıe izmeneniə / Qruziə online, 14 oktyabr 2014). Belə getsə, yaxın perspektivdə ölkədə qanunların işləməyəcəyindən ehtiyat edilir. Daxili gərginliyin yüksəlməsi bütövlükdə dövlətçiliyi təhlükəyə ata bilər. Burada separatizm təhlükəsi ayrıca qeyd edilir.
Məsələ bundan ibarətdir ki, kənardan erməniləri qızışdıra bilərlər. Cavaxetiya potensial təhlükə mənbəyidir. Kriminal vəziyyətin ağırlaşması, adətən, belə bölgələrdə radikal qüvvələrin fəallaşmasına təkan verir. Mütəşəkkil qruplar müxtəlif xarakterli cinayətlər törətməklə xalqlar arasına nifaq salırlar. Rəsmi Tbilisi bundan ehtiyat edir.
Belə çıxır ki, Gürcüstanda nazirlərin istefası daxili və xarici amillərlə əlaqəlidir. Artıq “Gürcü arzusu” situasiyaya tam nəzarət edə bilmir. Bunun fonunda millətçilərin mövqeyi möhkəmlənə bilər. Əgər onlar narazı qüvvələrlə dil tapa bilsələr, növbəti seçkidə hakimiyyət üçün çətin vəziyyət yaranar. Eyni zamanda, hadisələrin başqa ssenari üzrə inkişafını da istisna etmək olmaz. Biz rəsmi Tbilisinin qərbyönlü siyasətində mümkün dəyişiklikləri nəzərdə tuturuq. Gürcüstan Rusiya ilə yaxınlaşsa, regionda geosiyasi balans yeniləşə bilər. Amerikanın Gürcüstanda özünə sadiq olan kadrları itirməsinə laqeyd qalmayacağı da aydındır. Bu səbəbdən, Cənubi Qafqazda geosiyasi dinamikanın gərginləşməsi mümkündür.
Hər bir halda artıq aydındır ki, Gürcüstanın xarici siyasəti əvvəlki kimi qala bilməz. Burada hansısa düzəlişlər ediləcəkdir. Rəsmi Tbilisinin müasir tələblərə cavab verən balansa nail olub-olmayacağını zaman göstərəcək. Hələlik ölkənin siyasi mühitində qeyri-müəyyənliyin hökm sürdüyünü etiraf etmək gərəkdir. Gürcüstan faktiki olaraq yeni siyasi mühitə transfer edilir. Burada onu nələr gözləyir? Dövlətçilik bundan zərər görə bilərmi? Belə güman etmək olar ki, yaxın gələcəkdə bu suallara cavab tapılacaq.
Newtimes.az

Paylaş:
Baxılıb: 1125 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30