Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Əfqan böhranı 2014-cü ildən sonra: regional və qlobal təhlükəsizliyə təhdidlər

Əfqan böhranı 2014-cü ildən sonra: regional və qlobal təhlükəsizliyə təhdidlər

19.08.2014 [09:42]

Əfqanıstanda prezident seçkiləri gərgin vəziyyət yaradıb. Daha çox səs toplamış Ə.Qəni və A.Abdullo bir-birlərini saxtakarlıqda ittiham edirlər. Yaranmış vəziyyətə NATO və ABŞ müdaxilə edib. Ancaq bu da ixtilafları aradan qaldıra bilmir. Digər tərəfdən, üsyançılarla hakimiyyət qüvvələri arasında savaş daha da kəskinləşib. Əfqanıstan ordusunun itkiləri çoxalıb. Mütəxəssislər ölkədə ciddi siyasi böhranın yarandığını vurğulayırlar. Onun ətraf regionlara da sıçraya biləcəyi proqnozu verilir. O cümlədən, Mərkəzi Asiyada geosiyasi gərginliyin meydana çıxması gözləniləndir. Bu vəziyyətin regional və qlobal təhlükəsizliyə necə təsir edə biləcəyi üzərində düşünməyə ehtiyac yaranıb.
“Əfqanıstanın yay böhranı”: siyasi ixtilaflar dərinləşir
NATO-nun Əfqanıstanda yerləşən hərbi qüvvələrinin əsas hissəsi bu il ölkəni tərk etməyə hazırlaşır. Mütəxəssislərin rəyinə görə, orada ABŞ-ın məhdud sayda əsgərləri qalacaq. Lakin hələlik bu sahədə dəqiq informasiya yoxdur. Hər bir halda, NATO-nun bu ölkəni tərk etməsinə qonşu ölkələr və böyük dövlətlər çox həssaslıqla yanaşırlar. Əfqanıstanda keçirilən son prezident seçkisindən sonra isə məsələ daha da aktuallaşıb. Ekspertlər bunu bir sıra daxili və xarici amillərlə izah edirlər.
Hər şeydən əvvəl, prezident seçkisinin bu ilin aprelində başlayıb, iyunda sona çatması maraq doğurur. Çünki bu cür gedişatın arxasında ölkənin siyasi mühiti üçün səciyyəvi olan ziddiyyətlər durur. Mütəxəssislər yaranmış vəziyyəti obrazlı şəkildə “Əfqanıstanın yay böhranı” adlandırırlar (bax: Ekaterina Stepanova.Politiçeskiy krizis v Afqanistane i eqo znaçenie dlə Rossii / “Rossiyskiy sovet po mejdunarodnım delam”, 25 iyul 2014).
Prezident seçkisi ölkədaxili ixtilafların kəskinləşməsi mərhələsinə təsadüf etdi. Qarşıdurma getdikcə daha böyük miqyasda üsyançılarla əfqan silahlı qüvvələri arasındakı toqquşmalara çevrilir. Ölkənin təhlükəsizlik strukturlarının itkisi artır. 2013-cü ildə silahlı münaqişələrin sayı 15-20 faiz çoxalıb. Hazırda Əfqanıstan terrorçuluq fəallığı səviyyəsinə görə İraq və Pakistanla birlikdə ilk üçlüyü təşkil edir. Terrorizmə dair qlobal məlumat bazasının (Global Terrorism Database) araşdırmasına görə, dünyada baş verən terror aktlarının yarıdan çoxu və həlak olanların 58 faizi məhz bu dövlətlərin payına düşür.
Vəziyyətin bu dərəcədə gərgin olmasının ən pis cəhətlərindən biri bundan ibarətdir ki, 2014-cü ildən sonra münaqişə edən tərəflərdən hər hansı birinin böyük hərbi üstünlük qazanması və yaxud barışın əldə olunması ehtimalı çox azdır. Ümidlər mərkəzi Əfqanıstan hakimiyyətinin üsyançılara qarşı daha səmərəli mübarizə aparmasına və dövlət strukturlarının möhkəmlənməsinə idi.
Lakin prezident seçkisinin nəticələri ilə bağlı ölkədə iyun-iyul aylarında yaranmış vəziyyət mütəxəssisləri bir qədər ehtiyatlı proqnozlar verməyə vadar etdi. Çünki birincisi, qeyri-müəyyənliyin bu formada davam etməsi Əfqanıstanın gələcək siyasi mühitində risklərin olacağından xəbər verir. İkincisi, orada fəaliyyət göstərən siyasi qüvvələrin həmin amildən yararlana biləcəyini istisna etmək olmaz.
Başqa tərəfdən də seçkinin nəticələrinin hesablanması əlavə problemlər meydana çıxarıb. Aprelin 5-də keçirilən birinci turda keçmiş xarici işlər naziri Abdullo Abdullo 41,8 faiz səs toplamaqla liderlik edirdi. Xatırladaq ki, A.Abdullo milliyyətcə tacikdir. İkinci yerdə ölkənin keçmiş maliyyə naziri, puştun Əşrəf Qəni Əhmədzay 31 faizlə qərarlaşmışdı. İnsanlarda ölkədə vəziyyətin sabitləşəcəyinə və siyasi qüvvələrin kompromis əldə edəcəyinə müəyyən ümid yaranmışdı. Ancaq iyunun 14-də keçirilən ikinci tur bütün ümidləri alt-üst etdi.
İyulun 7-də ikinci turun nəticələrinin ilkin elanı müşahidəçiləri və mütəxəssisləri faktiki olaraq şoka saldı. İndi Ə.Qəni 56,4 faiz səs toplayaraq birinci yerə çıxmışdı. A.Abdullo isə 43,6 faiz səslə ikinci yerdə qaldı. Uduzan tərəf dərhal ölkədə siyasi vəziyyəti gərginləşdirdi. A.Abdullo seçkinin saxtalaşdırıldığını söylədi. Onun tərəfdarları küçələrə axışdı. Onlar əlavə olaraq 2 milyon bülletenin gizlicə qutulara atıldığını deyirdilər. A.Abdullo öz nümayəndələrini müşahidəçilər sırasından çıxardı və paralel hökumət yaratmağa hazır olduğunu bildirdi.
Əslində, Əfqanıstan üçün seçki saxtalığı səciyyəvi haldır. 2009-cu ildə də analoji hadisə baş vermişdi. Onda da saxtakarlığın qurbanı A.Abdullo oldu. İndiki halda da hansısa səbəblərdən seçki bülletenlərinin sayı 1 milyon artıb. Kəndlərdə Ə.Qəniyə səs verənlərin sayı isə 10 dəfə yüksəlib.
Yaxın Şərq ssenarisi, yaxud etnik-dini qarşıdurmanın əfqan modeli?
Prosesin nəticələrinin əsasən əyalətlər tərəfindən müəyyənləşdirilməsi Əfqanıstanda siyasi mübarizənin məzmunu və seçki mədəniyyətinin səviyyəsinin göstəricisidir. Bu, hələ də həmin ölkədə etnik və dini amilin siyasi təşkilatlanmaya ciddi təsir etdiyini ifadə edir. Məsələnin ən təhlükəli tərəflərindən biri elə məhz bundan ibarətdir. Ekspertlərin fikrincə, həmin özəllik Əfqanıstanı Yaxın Şərq ölkələrində olduğu kimi, amansız dini və etnik münaqişəyə sürükləyə bilər. Bunun ilkin əlamətləri artıq Abdullo-Qəni qarşıdurmasında özünü göstərir. Təsadüfi deyil ki, Ə.Qəni vəziyyətdən çıxış yolu kimi özbəklərin lideri Rəşid Dustumla koalisiyaya getməyə hazır olduğunu bildirib.
Bununla da Əfqanıstanda siyasi kontekstdə taciklərə qarşı puştun-özbək qruplaşması yarana bilər. Belə bir vəziyyət Əfqanıstanda siyasi böhranı aradan qaldıra bilərmi? Təcrübə göstərir ki, adətən ixtilaflar və silahlı çəkişmələr kəskinləşir. Misir, Suriya, İraq buna əyani misaldır. Onda prezident seçkisinin Əfqanıstanı da daxili qarşıdurmalar müstəvisinə ata biləcəyini proqnozlaşdırmaq olar.
Ekspertlər bunları əfqan siyasi elitasında ciddi parçalanmaların başlanğıcı kimi qiymətləndirirlər. Olduqca təhlükəli olan bu gedişatdan çıxış yolu hələlik tapılmayıb. Mütəxəssislər hesab edirlər ki, Əfqanıstanda ilk dəfə olaraq hakimiyyətin qanuni dəyişdirilməsi prosesi baş tutmadı. Əvəzində, regional və qlobal geosiyasi proseslərin yaratdığı bir sıra təhlükələrin Əfqanıstanda və ətraf məkanlarda daha böyük qeyri-müəyyənlik yarada biləcəyi proqnozlaşdırılır. Bu kontekstdə bir sıra məqamları vurğulamaq istərdik.
Böyük Britaniyanın Əfqanıstandakı səfirliyinin strateji məsələlər üzrə keçmiş direktoru Stiven Cermi “2014-cü ildən sonra beynəlxalq təhlükəsizlik sistemini güclü siyasi qasırğa”nın bürüyəcəyini proqnozlaşdırır. O, ekspertlər arasında hökm sürən ənənəvi terror təhlükəsini əsas amil saymır. Hesab edir ki, beynəlxalq təhlükəsizliyə qlobal iqtisadiyyatın böhranı, enerji təhlükəsizliyinin qeyri-müəyyənliyi və iqlimin dəyişməsi məsələsi ciddi təsir göstərəcəkdir (bax: Stiven Djermi. Qrənet li nastoəhiy ştorm? / “Rossiyskiy sovet po mejdunarodnım delam”, 10 sentyabr 2013).
Əfqanıstan probleminə bu prizmadan baxdıqda, terrorçuluq və narkobiznesdən çox, iqtisadi-energetik problemlərin aktuallaşacağını düşünə bilərik. Lakin bəzi ekspertlər bu mövqe ilə razılaşmırlar. Rusiyalı analitik Yekaterina Stepanovanın qənaətinə görə, region üçün ən böyük təhlükə terrorizm deyil, narkotik vasitələrin qanunsuz dövriyyəsi ola bilər (bax: Ekaterina Stepanova. Politiçeskiy krizis v Afqanistane i eqo znaçenie dlə Rossii / “Rossiyskiy sovet po mejdunarodnım delam”, 25 iyul 2014).
Mərkəzi Asiya ölkələrinin mütəxəssisləri də təqribən bu fikirdədirlər. Özbəkistanın “Bilik karvanı” qeyri-hökumət təşkilatının direktoru Farhod Tolipov hesab edir ki, radikal dini ideologiyaya malik terror qrupları ilə yanaşı narkoticarət regiona ciddi təhlükə yaradır. Ancaq bu problemin öhdəsindən necə gəlmək lazım olduğunu bölgə dövlətlərinin heç biri dəqiq bilmir. Ayrılıqda Özbəkistan çoxtərəfli beynəlxalq əməkdaşlıq formatından ikitərəfli əlaqələrə keçməklə özünün region miqyasında təsir gücünü azaltdı.
Qazaxıstanın təklif etdiyi Mərkəzi Asiya Dövlətləri Birliyi ideyası səmərəli ola bilərdi, lakin ondan subyektiv səbəblərdən imtina edildi. Beləliklə, Əfqanıstandan ola biləcək təhlükənin qarşısının alınması ilə bağlı Mərkəzi Asiya dövlətlərində konkret proqram yoxdur. Belə isə, daha ümumi miqyasda inteqrasiyanı nəzərdə tutan təşkilatlar (məsələn, Şanxay Əməkdaşlıq Təşkilatı, BRİKS, MDB, KTMT və s.) bu istiqamətdə nə dərəcədə səmərəli fəaliyyət göstərə bilərlər? Ekspertin bu sualı həmin məsələdə bir paradoksun mövcudluğunu təsdiqləyir.
Bütün bunların fonunda böyük dövlətlərin hər biri regionda öz marağına uyğun hərəkət edir. ABŞ, Rusiya və Çin açıq və ya gizli surətdə fərqli proqramlar həyata keçirməyə çalışırlar. Nəticədə, böyük dövlətlərin Mərkəzi Asiyanın təhlükəsizliyi ilə bağlı ortaq mövqelərinin olmadığını görürük. Bu vəziyyət Əfqanıstandakı hazırkı qeyri-müəyyənliyin yalnız onun sərhədi ilə məhdudlaşmayacağını göstərir. Həmin regionda gözlənilməz hadisələrin baş verməsi mümkündür. Bəlkə Mərkəzi Asiya üçün “Yaxın Şərq ssenarisi” hazırlanır?
Newtimes.az

Paylaş:
Baxılıb: 1037 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30