Azərbaycan dövləti hər zaman öz maraqlarını qoruyur
17.10.2012 [23:39]
Dünən Milli Məclisin (MM) növbəti iclası keçirilib. İclasda öncə millət vəkilləri cari məsələlərlə bağlı çıxışlar ediblər. Deputat Rafael Cəbrayılov İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər olunmasını təklif edib: “Mövcud qanunvericiliyə görə, sürücü avtomobili iki dəfə sərxoş idarə etdiyi halda sürücülük vəsiqəsindən məhrum edilir. Təklif edirəm ki, bu cəza daha da sərtləşsin və sürücü bir dəfə sərxoş idarə etdiyi halda sürücülük vəsiqəsindən məhrum edilsin. Bu, bütün MDB ölkələrində də belədir”.
Millət vəkili “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dair təkliflər verdiyini və bu məsələnin parlamentdə müzakirəyə çıxarılmasını xahiş edib.
Məsələni kimlər siyasiləşdirir?
Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Oruc isə bp şirkəti ilə bağlı məsələyə münasibət bildirib. O, qeyd edib ki, bəzi dairələr bu məsələni siyasiləşdirməyə çalışır və şirkətin vəkili rolunda çıxış edirlər: “Fakt bundan ibarətdir ki, şirkət öz öhdəliklərini yerinə yetirmir və fəaliyyətində şəffaf olmayıb. Bu məsələyə müxtəlif don geydirilməsinin əsası yoxdur”.
Millət vəkili Sahib Alıyev də qeyd edib ki, bəzi dairələr hüquqi presedentləri siyasi müstəviyə çıxarmağa çalışır: “Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Qarşı tərəf də öhdəliklərə əməl etməlidir. Bəzi müxalifət partiyalarının bu məsələdən sui-istifadə cəhdləri isə nəticə verməyəcək”.
“Elə insanlar var ki, nə neft müqavilələrindən, nə də bu işlərin məğzindən xəbərləri var. Onlar bilmədikləri məsələlərdən yazırlar. Ölkə Prezidenti Nazirlər Kabinetinin iclasında elementar neft hasilatının əlifbasını söylədi”. Bu fikirləri isə Milli Məclisin sədri Oqtay Əsədov məsələyə münasibət bildirərkən deyib. O.Əsədov bildirib ki, bp şirkəti 3 ildir proqnozları yerinə yetirmir. Onun sözlərinə görə, bu məsələdən şou yaratmaq və siyasiləşdirmək heç bir azərbaycanlıya şərəf gətirməz. “Necə olur ki, Azərbaycanın payı 80 faizə çatanda hasilat aşağı düşür? Bu, o deməkdir ki, hasilatın aşağı düşməsinin qarşısını almağa maraq olmayıb. Yəni, bu məsələdə Azərbaycan dövlətinin maraqları qorunub. Şübhə yoxdur ki, Azərbaycanda neft hasilatı yüksələcək. Bp şirkəti də öhdəliklərini yerinə yetirəcək. Çünki şirkət axırıncı xəbərdarlığını aldı və əminəm ki, bu məsələlər həllini tapacaq. Amma bu məsələni siyasiləşdirmək Azərbaycanı sevməyənlər üçün bəhanə ola bilər. Ona görə də, hadisəyə obyektiv yanaşmaq lazımdır”, - deyə spiker vurğulayıb.
Konstitusiya Məhkəməsinin hakimi və Hesablama Palatasının auditoru parlamentdə təsdiq olunublar
Daha sonra gündəlikdəki məsələlər müzakirə edilib. Parlamentin iclasında Mahir Muradovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi məsələsinə baxılıb. 1956-cı ildə Bakı şəhərində anadan olan və ixtisasca hüquqşünas M.Muradovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi məsələsi səsə qoyularaq millət vəkilləri tərəfindən təsdiq edilib. İclas zamanı, həmçinin, Fazil İbrahimovun yenidən Hesablama Palatasının auditoru vəzifəsinə təyin edilməsi məsələsi müzakirə olunub. Millət vəkilləri geniş müzakirələr açmadan 2005-ci ildən həmin vəzifədə çalışan F.İbrahimovun yenidən Hesablama Palatasının auditoru vəzifəsinə təyin edilməsinə müsbət münasibətlərini ifadə ediblər.
Aliment verməyənlərin cəzalandırılması gündəmə gələcək
Həmçinin, “İcra haqqında” qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunub. Sənəd barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Millət vəkili Elmira Axundova isə deyib ki, dəyişiklik alimentlərin ödənilməsini də əhatə edir: “Çünki qərəzli şəkildə ödənişdən qaçanlardan ödənişlərin yığılmasının mexanizmi hazırlanmayıb. Əgər müəyyən olunubsa ki, şəxs boşanıb, aliment ödəmir, onu sürücülük hüququndan məhrum etmək, xarici ölkələrə ezamiyyətə buraxmamaq olardı. Xarici ölkələrdə belə addımlar atılır. Xahiş edirəm ki, təkliflərimizi nəzərdən keçirəsiniz və “İcra haqqında” qanuna bu dəyişiklikləri edəsiniz”.
Ə.Hüseynli də E.Axundovanın qaldırdığı məsələnin aktual olduğunu söyləyib və bu təklifin Ədliyyə Nazirliyi ilə müzakirə ediləcəyini bildirib. Daha sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
Mülkiyyət hüququ ilə bağlı arayışlar elektron formada veriləcək
Azərbaycanda Daşınmaz Əmlakın Dövlət Reyestrindən mülkiyyət hüququ və onların məhdudlaşdırılması üzrə dövlət qeydiyyatına qəbul edilən əmlakın təsvir sxeminə aid olan arayışlar elektron formada veriləcək. Bu məsələ isə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” qanuna edilən dəyişikliklərdə öz əksini tapıb. Qanun layihəsi barədə məlumat verən MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliklər arayışların yazılı və elektron formada verilməsini nəzərdə tutur. Bundan başqa, elektron formada müraciətə cavab olaraq arayış və ya imtina haqqında əsaslandırılmış məktub veriləcək. Qeydiyyat üzrə orqan müraciət edən şəxsə beş gün ərzində cavab verməlidir.
İclasda, həmçinin, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi də müzakirəyə çıxarılıb. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişiklik dağınıq skleroz xəstəliyi səbəbindən həmin şəxslə əmək müqaviləsinin bağlanmasından imtina edilməsinə, yaxud əmək müqaviləsinə xitam verilməsinə görə vəzifəli şəxsin 1500-2000 manat məbləğində cərimələnməsini nəzərdə tutur. YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə İnzibati Xətalar Məcəlləsinə tez-tez dəyişikliklər edilməsinin narahatlıq yaratdığını deyib: “Demək olar ki, hər iclasda bu sənədə dəyişikliklər edirik. Mütəxəssislərin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinin yenidən hazırlanmasına ciddi ehtiyac var. Hesab edirəm ki, bu məsələyə baxılmalıdır”.
Sonra qanun layihəsi qəbul edilib.
Məhkumlar telefonla daha çox danışa biləcəklər
İclasda, həmçinin, Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, vaxtilə bu məcəlləyə Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna əsasən məhkumların yazışması məsələsi daxil edilmişdi. İndi isə bu yöndə daha bir mütərəqqi addım atılaraq onların telefonla danışmasına icazə verilir. Ə.Hüseynlinin sözlərinə görə, müəyyən müddətə azadlıqdan məhrum edilən şəxslər həftədə iki dəfə, ömürlük azadlıqdan məhrum edilən şəxslər isə həftədə bir dəfə 15 dəqiqə olmaqla telefonla danışmaq hüququ qazanırlar. Şəhərlərarası telefon danışıqlarının haqqı məhkumun şəxsi vəsaiti hesabına və ya yaxın qohumu tərəfindən ödənilir. Texniki imkanlar olmadıqda bir telefon danışığı bir qısa müddətli görüşlə əvəz edilə bilər: “Cinayətin təqibinin, cəzanın icrası prosesində ictimai qaydanın, təhlükəsizliyin və rejim tələblərinin təmin edilməsi, yeni cinayətlərin və digər hüquqpozmaların törədilməsinin qarşısının alınması, onlardan zərərçəkmiş şəxslərin müdafiəsi zərurəti yarandıqda cəzaçəkmə müdriyyətinin əsaslandırılmış qərarı ilə məhkumların telefon danışıqlarına nəzarət edilir. Eyni zamanda, tənbeh tədbiri kimi intizam və ya cərimə təcridxanalarında, kamera tipli otaqlarda və bir nəfərlik kameralarda saxlanılan məhkumların telefon danışıqlarına yalnız müstəsna hallarda icazə verilə bilər. Cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar arasında yaxın qohumlar istisna olmaqla, telefon danışıqlarına icazə verilmir”.
Millət vəkilləri bu dəyişikliyi vacib sayaraq qəbul ediblər.
Tarixi abidələr haqqında yenilik
İclasda “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib ki, mövcud qanunvericilikdə tarix və mədəniyyət abidələrinin siyahısı hazırlanır və o siyahıdan hansısa abidənin adının çıxarılmasına yol verilmir. Amma təklif edilən dəyişikliyə əsasən, “təsdiqlənmiş siyahıdan abidənin çıxarılması müvafiq icra hakimiyyəti orqanının təklifi əsasında, Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcək”.
Azərbaycan Müəllimlər İnstitutunun rektoru, millət vəkili Aqiyə Naxçıvanlı qanun layihəsini dəstəklədiyini desə də, tarixi və mədəni abidələrinin qorunmasının vacib olduğunu qeyd edib. Onun sözlərinə görə, millət vəkili seçildiyi ərazidə elə abidələr var ki, ciddi təmirə ehtiyac duyulur.
Memarlıq və İnşaat Universitetinin rektoru, millət vəkili Gülçöhrə Məmmədova deyib ki, memarlıq abidələri ilə bağlı bu gün əsas ağırlıq mərkəzi Azərbaycan Milli Elmlər Akademiyasında yox, Memarlıq və İnşaat Universitetindədir: “Biz tarixi abidələrin siyahıdan çıxarılmasını asanlaşdırmamalıyıq. Məsələyə xüsusi nəzarət olmalıdır”.
Millət vəkili İsmayıl Hacıyev isə qanuna təklif edilən dəyişikliyi dəstəkləyib. O bildirib ki, ölkəmizdə tarix və mədəniyyət abidələrinin yeni, dəqiq siyahısı hazırlanmalıdır.
Millət vəkillərinin suallarına cavab olaraq komitə sədri N.Cəfərov xatırladıb ki, bu gün Qobustan qayaüstü rəsmləri UNESCO-nun siyahısında yer alıb: “Əgər birdən ağlımız olmasa, Qobustanda bir abidəni dağıtsaq, UNESCO buna imkan verməz. Azərbaycan Milli Elmlər Akademiyasının rəy verməsi o demək deyil ki, bu məsələyə yalnız onlar baxır. Bununla bağlı yaradılacaq komissiyada başqa mütəxəssislər də təmsil olunacaqlar”.
Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.
İclasda bir sıra digər qanun layihələrinə də dəyişikliklər olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
01 Noyabr 18:22
Dünya
01 Noyabr 17:41
Dünya
01 Noyabr 16:29
Dünya
01 Noyabr 15:37
Sosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

