Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Milli Məclisin iclasında...

Milli Məclisin iclasında...

11.02.2026 [11:45]

12 qanun layihəsi müzakirə olunub

Fevralın 10-da Milli Məclisin iclası keçirilib. Spiker Sahibə Qafarova iclasın gündəliyi haqqında məlumat verib. Gündəliyə 12 məsələ daxil edilib.

Əvvəlcə “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi - Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Konvensiyanın əsas məqsədi informasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən cinayətlərlə mübarizədə dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi, habelə ağır cinayətlərə aid olan sübutların elektron formada toplanması, mübadiləsi və mühafizəsi üçün vahid hüquqi çərçivənin formalaşdırılmasıdır. Sənəd 2025-ci il oktyabrın 25-də Hanoy şəhərində imzalanıb.

Sonra “Təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər qəbul olunub. Bildirilib ki, “Təhsil haqqında” Qanuna əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqları dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilən “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na əsasən, yenidənhazırlanma təhsili, təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili, dərəcələrin yüksəldilməsi, yaşlıların təhsili yalnız ödənişli əsaslarla həyata keçirilir və müvafiq maliyyə xərcləri kadrın çalışdığı təşkilat və yaxud kadrın özü tərəfindən ödənilir. Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün də əlavə təhsil ödənişlidir və onların təhsilinə dövlət büdcəsindən vəsait ayrılmır.

Bu xüsusda sözügedən məsələ ilə bağlı yuxarıda qeyd olunan normativ hüquqi aktlar arasında ziddiyyətin aradan qaldırılması məqsədilə “Təhsil haqqında” Qanunda dəqiqləşdirmə xarakterli müvafiq dəyişikliklərin təsbit olunması təklif edilir.

Millət vəkilləri, həmçinin “Patent haqqında” Qanuna təklif olunan dəyişiklikləri üçüncü oxunuşda qəbul ediblər. Layihəyə əsasən, yaradılan ixtira, faydalı model və sənaye nümunəsi barəsində işəgötürənlə işçinin münasibətləri müqavilə ilə tənzimlənəcək.

Bundan başqa, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanunda dəyişiklik birinci oxunuşda qəbul olunub. Qanun layihəsinə əsasən, asbest və tərkibində asbest olan materiallar mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına daxil edilir. Elmi araşdırmalar nəticəsində asbest və tərkibində asbest olan məhsulların insan sağlamlığı üçün ciddi təhlükə yaratdığı sübut edilib və onlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən kanserogen məhsullar kimi təsnifatlandırılıb.

Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi isə ikinci oxunuşda qəbul olunub. Dəyişiklik minimum əmək haqqının məbləğinin müəyyən edilməsinin dövriliyini nəzərdə tutur. Diqqətə çatdırılıb ki, işçilərin minimum yaşayış səviyyəsini təmin edən və bu gün bütün dünyada sosial siyasət alətlərindən biri olan minimum əmək haqqının tənzimlənməsi bir çox beynəlxalq qurumların, xüsusən də Beynəlxalq Əmək Təşkilatının həll etdiyi və diqqətdə saxladığı məsələlərdəndir. Bu xüsusda, Dünya Bankı Qrupunun “Business Ready” hesabatında qanunvericilikdə minimum əmək haqqının dövri yenilənməsinin məcburiliyinin təsbit edilməməsi bal itirən suallar kateqoriyasına şamil edilir.

Dəyişikliyə əsasən, minimum əmək haqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılır.

Daha sonra “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlarda dəyişikliklər ikinci oxunuşda qəbul olunub. Bildirilib ki, hazırda müvafiq qanunvericiliyə əsasən, onkoloji xidmət yalnız onkoloji xidmət göstərilməsi üçün ixtisaslaşmış dövlət müəssisələri tərəfindən həyata keçirilir. Təklif edilən dəyişikliklərdə isə onkoloji xəstələrə göstərilən tibbi yardımın dövlət onkoloji tibb müəssisələri ilə yanaşı, özəl tibb müəssisələri tərəfindən də həyata keçirilməsi ehtiva olunur.

Millət vəkilləri “Uşaq hüquqları haqqında” yeni qanun layihəsini də birinci oxunuşda qəbul ediblər. Bu qanun ölkədə uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların hüquq və azadlıqlarını, həmin hüquq və azadlıqların həyata keçirilməsi sahəsində dövlət təminatlarını və dövlət nəzarətinin əsaslarını müəyyən edir. 8 fəsil, 63 maddədən ibarət qanun layihəsində nəzərdə tutulmuş hüquqlar və azadlıqlar irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, əqidəsindən, sağlamlıq imkanlarından, valideynlərinin (onları əvəz edən şəxslərin), digər ailə üzvlərinin sosial vəziyyətindən, ictimai birliklərə mənsubiyyətindən və digər əlamətlərdən asılı olmayaraq hər bir uşağa aid edilir. Azərbaycanda olan əcnəbi və vətəndaşlığı olmayan uşaqlar digər qanunlarda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, bu qanunda nəzərdə tutulmuş bütün hüquqlardan və azadlıqlardan istifadə edə bilərlər.

Qanun layihəsinə görə, bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqlar bu qanunda göstərilən əlamətlərə görə ayrı-seçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin hərəkət və hərəkətsizliyinə görə məsuliyyət daşımırlar və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Nikahdan və ya nikahdankənar doğulmasından asılı olmayaraq, uşaqların valideynlərinin hər birinə münasibətdə eyni hüquqları var. Eyni zamanda, dövlət uşağın fərdiliyini, yəni vətəndaşlığını, adını və ailə əlaqələrini saxlamaq hüququnu qoruyur.

Hər bir uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Uşağın şəxsi və ailə həyatının sirri qanunla qorunur və hər bir uşağın şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ var. Qanunla nəzərdə tutulan hallardan başqa, uşağın şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər bir uşağın şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, uşaq izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, dövlət uşaqların yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatlarının sirrini saxlamaq hüququna təminat verir. Uşaqlara aid fərdi məlumatların dairəsi, habelə onların toplanması, emalı, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir. Uşağın tutulmasına, həbs edilməsinə və ya azadlıqdan məhrum edilməsinə yalnız İnzibati Xətalar, Cinayət və Cinayət-Prosessual məcəllələrində nəzərdə tutulmuş əsaslar mövcud olduqda yol verilir. Uşaq tutulduqda və ya həbs edildikdə bu barədə onun valideynlərinə və ya digər qanuni nümayəndələrinə, habelə ərazi üzrə aidiyyəti uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya dərhal məlumat verilməlidir.

Qeyd edək ki, deputatlar iclasın gündəliyində olan digər qanun layihələrini də qəbul ediblər.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 240 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28