Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Yeni dövrün yeni tələbləri

Yeni dövrün yeni tələbləri

19.11.2025 [11:43]

Mərkəzi icra hakimiyyəti orqanlarının müasir fəaliyyət prinsiplərinə keçid etmələri qaçılmaz zərurətdir

“Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi” təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Nümunəvi Əsasnamənin tələbləri nəzərə alınmaqla, mərkəzi icra hakimiyyəti orqanlarının əsasnamələrinin təkmilləşdirilməsinə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir. Eyni zamanda, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Sənədə əsasən, “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı ləğv edilir.

İdarəetmənin çərçivələri yenilənir

Dünyaya nümunəvi inkişaf modeli təqdim edən Azərbaycan özünün yaxın və uzaq hədəflərini konseptual əsaslarla müəyyənləşdirir. Bu zaman bir sıra fundamental amillər, o cümlədən ölkənin potensialı, mövcud reallıqları, yeni qlobal çağırışlar nəzərə alınır və uğurlu koordinasiya təmin edilir. Bundan əvvəlki  “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin təsdiqlənməsindən  20 ilə yaxın vaxt keçib. Böyük zaman məsafəsidir. Ötən dövrdə Azərbaycanın mənzərəsi əhəmiyyətli dərəcədə dəyişib. Xüsusilə də şanlı zəfərlərimizlə başa çatan 44 günlük müharibədən və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycan yeni strateji inkişaf mərhələsinə daxil olub. Həmçinin 2030-cu ilədək olan dövrü əhatə edən indiki strateji mərhələ üçün ölkəmizin 5 mühüm prioriteti müəyyənləşdirilib. Bunlar dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət quruculuğu, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanın formalaşdırılması, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi prioritetlərindən ibarətdir.

Ötən dövrdə ölkəmiz bütün istiqamətlərdə böyük uğurlar qazanıb. Belə ki, əvvəlki  Strategiyanın ardıcıl və sistemli icrası sayəsində iqtisadiyyatın xarici təsirlərə qarşı dayanıqlığı daha da möhkəmlənmiş, şaxələnməsi dərinləşmiş, iqtisadi artım davamlı və inklüziv xarakter almış, əhalinin rifah səviyyəsi yüksəlmiş və gələcək nəsillər üçün irihəcmli maliyyə ehtiyatları formalaşmışdır. Bu gün Azərbaycan iqtisadiyyatı kifayət qədər yüksək rəqabət qabiliyyətinə malikdir və mənfi xarici amillərdən az təsirlənir. Ölkənin iqtisadi müstəqilliyi tam təmin olunub. Respublikamız hər hansı bir beynəlxalq maliyyə təsisatından asılı deyil, özünün güclü təminatları var. Bu əsasda da Azərbaycanın siyasi müstəqilliyi tam təmin olunub. Bu gün Azərbaycan dövləti ölkəmizin, xalqımızın milli maraqlarını qətiyyətlə qoruyur, verilən qərarlar bəzi ölkələrin təcrübəsində olduğu kimi hansısa güc mərkəzlərində deyil, məhz Bakıda, Prezident İlham Əliyev tərəfindən imzalanır.

İnkişafın ardıcıllığının təmin edilməsi məqsədilə Prezident İlham Əliyev  bir qədər bundan əvvəl “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında müvafiq Sərəncam imzalayıb. Ölkəmizin yeni reallıqlarına, möhkəm bazaya istinad edilməklə gələcək üçün daha mühüm hədəflərin müəyyənləşdirlməsi, necə deyərlər, inkişaf çərçivəsinin genişləndirlməsi artıq bir zərurət kimi çıxış edir.  Azərbaycan qarşıdakı illərdə daha mürəkkəb çağırışların və zəngin imkanların mövcudluğu ilə seçilən yeni mərhələyə daxil olur. Bu mərhələ qlobal iqtisadi qütbləşmənin dərinləşməsi, texnoloji tərəqqinin sürətlənməsi, eləcə də süni intellekt əsaslı texnologiyaların geniş tətbiqi ilə səciyyələnir. Yeni strategiyanın hazırlanması ölkəmizin ötən illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərin davamlı şəkildə artırılması, bunun üçün özəl, o cümlədən birbaşa xarici investisiyaların cəlbinin genişləndirilməsi, biznes mühitinin əlverişliliyinin yüksəldilməsi, iqtisadiyyatın bilik və texnologiya tutumunun gücləndirilməsi kimi mühüm məqsədləri hədəfləyir. Azərbaycan yeni çağırışlara hazır olmalıdır!

Təbii ki, ölkəmizin reallıqlarına və yeni qlobal çağırışlara uyğun müəyyənləşdirilən strateji vəzifələrin uğurla həyata keçirilməsi, gözlənilən nəticələrin əldə olunması bir sıra amillərdən asılıdır. Bu həm də optimal idarəetmə mexanizmindən, kadrların çevikliyindən asılı olan bir məsələdir. Heç bir halda köhnə baqajla yeni dövrün tələblərini ödəmək mümkün deyil. Mərkəzi icra hakimiyyətləri orqanları gələcək fəaliyyətlərini yeni dövrün tələblərinə uyğun qurmalıdırlar.  Prezident İlham Əliyevin siyasi iradəsi əsasında Azərbaycan müasirləşmə yolu tutub, hər sahədə ölkəmizin yüksək standartları müəyyənləşdirilib. Hədəf belədir ki, bir yerdə dayanmaq olmaz, biz daha da irəli getməli, dəyişən dünyada Azərbaycanın mövqeyini gücləndirməliyik. Bundan ötrü mərkəzi icra hakimiyyəti orqanları fəaliyyəttlərini  mütərəqqi transformasiyalara uyğun qurmalıdırlar.

Əsas fəaliyyət istiqamətləri

Təsdiqlənən nümunəvi Əsasnamə ilə Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyəti yeni dövrün reallıqlarına və tələblərinə uyğunlaşdırılır. Sənəddə vurğulandığı kimi, mərkəzi icra hakimiyyəti orqanı  normativ hüquqi aktlarla müəyyən edilmiş sahələrdə dövlət siyasətini, dövlət nəzarətini, dövlət tənzimləməsini və əlaqələndirməni həyata keçirir. Fəaliyyətlərini Azərbaycan Konstitusiyasına, respublikamızın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və və digər hüquqi sənədlərə əsaslanmaqla quracaq mərkəzi icra hakimiyyəti orqanları öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərəcəklər.

Dövlət başçısının imzaladığı Fərmanla təsdiqlənən yeni nümunəvi əsasnamədə mərkəzi icra hakimiyyəti orqanlarının geniş hüquqları öz əksini tapdığı kimi, onların fəaliyyət istiqamətləri də müəyyənləşdirilib. Bunlar aşağıdakılardır:

-müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;

-müvafiq sahədə dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni həyata keçirmək;

-müvafiq sahənin inkişafını təmin etmək;

-müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirmək;

-Orqan haqqında Əsasnamədə göstərilən və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

Həmçinin sənəddə mərkəzi icra hakimiyyəti orqanlarının mühüm vəzifələri müəyyənləşdirilib. Bu vəzifələr Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji xəttə tam uyğundur. Respublikamızda qanunçuluğun möhkəmləndirilməsi, neqativ halların əhatə dairəsinin daraldılması hədəflənib. Ölkəmizin bu sahədə siyasəti sistemli və ardıcıldır, şəffaflığın təmin olunmasına, iqtisadiyyatın “ağardılması”na prinsipial yanaşma sərgilənir. O  cümlədən də institusional çərçivələr optimallaşdırılır, “ASAN xidmət”,  “DOST” modelləri ilə inklüzivlik və şəffaflıq artırılır. Nəticədə ölkədə yüksək vətəndaş məmnunluğu təmin edilir. Təsdiqlənən əsasnaməyə əsasən bu qəbildən olan fəaliyyətlərin davam etdirilməsi mərkəzi icra hakimiyyəti  orqanlarının vəzifələri sırasında yer alır. Sənədə əsasən,  “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq sahədə korrupsiya risklərini azaltmaq məqsədilə korrupsiya risklərini və həmin risklərə uyğun olaraq hədəfləri müəyyən etmək, eləcə də həmin risklərin təhlili, qiymətləndirilməsi və qarşısının alınması üzrə tədbirlər görmək mərkəzi icra hakimiyyəti orqanlarının mühüm vəzifələrindən biri kimi müəyyənləşdirilib.

Vətəndaş məmnunluğunun yüksəldilməsi hədəfi

Ölkəmizdə Prezident İlham Əliyevin timsalında xalqa bağlı olan, öz fəaliyyətində cəmiyyətdən gələn sosial sifarişləri mütləq qaydada nəzərə alan və ardıcıllıqla həyata keçirən rəhbər obrazı formalaşıb. Dövlətimizin başçısının son iyirimi ildən artıq müddətdə həyata keçirdiyi daxili siyasət xəlqi mahiyyət daşıyır, sırf Azərbaycan xalqının maraqlarına xidmət edir.

Dövlətimizin başçısının şəxsi nümunəsində yaratdığı bu model ölkənin hər yerində və istisnasız olaraq bütün səviyyələrdə yayılmalı və məmurların fəaliyyət meyarına çevrilməlidir. Prezident İlham Əliyevin etimad göstərərək yüksək vəzifələrə təyin etdiyi məmurların əsas işi xalqa xidmət göstərmək olmalıdır. Artıq hansısa bir vəzifənin kabinetlərdən icra edilməsi dövrü Azərbaycan üçün bir keçmişdir. Tələb belədir ki, məmurlar daim insanlarla bir yerdə olmalı, özlərini onlardan üstün tutmamalı, şəxsi mənafe güdməməlidirlər.

Dövlət başçısının imzaladığı fərmanla təsdiqlənən sənəddə ölkədə vətəndaş məmnunluğunun artırlması diqqət mərkəzində saxlanılıb.  Fərmana əsasən, orqanın fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək mərkəzi icra hakimiyyəti qurumlarının əsas vəzifələri sırasında yer alır.

Çeviklik və səmərəlilik artacaq

Mərkəzi icra hakimiyyəti orqanlarının nümunəvi əsasnaməsinin təsdiq olunması bütövlükdə idarəetmə aparatında çevikliyin və səmərəliliyin yüksəlməsinə imkan verəcək. Çünki yeni qaydalar mərkəzi icra hakimiyyəti orqanlarının vəzifələrinin, hüquqlarının və eləcə də fəaliyyət sahələrinin daha aydın şəkildə müəyyənləşdirilməsinə imkan yaradır.

Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov ifadə edib. O bildirib ki, nəticə etibarı ilə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının daha səmərəli və şəffaf fəaliyyət həyata keçirmələri təmin olunacaq. Deputatın sözlərinə görə, Azərbaycanda islahatların dərinləşdirilməsi prosesi müşahidə edilir, eyni zamanda institusional islahatlar həyata keçirilir. Bu da daha çevik idarəetmə aparatının formalaşmasına gətirib çıxardır. “İslahatların dərinləşdirilməsi mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsini aktuallaşdırıb. Həm kadr, həm də institusional islahatlar qərarların daha çevik qəbil edilməsinə və eyni zamanda mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətlərinin müəyyənləşdirilmiş əsasnaməyə, mövcud qanunvericiliyə uyğun olaraq qurulmasına imkan yaradır. Bu kontekstdən təbii ki, yeni qaydalar həm də mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyəti üçün artıq yeni hədəflərə və çağırışlara uyğun hazırlanmış bir sənəddir. Bu, Azərbaycanda idarəetmə sahəsində islahatların dərinləşməsini özündə ehtiva edir. Əminəm ki, yeni nümunəvi əsasnamə  Azərbaycan iqtisadiyyatında diversifikasiya meylləri, qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın dayanıqlılığının artırılması ilə bağlı aparılan siyasətə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsinə və səmərəliliyin artmasına gətirib çıxaracaq, - deyə Vüqar Bayramov vurğulayıb.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 9 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Səssiz qatil...

19 Noyabr 08:30

Sosial

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Qarşılıqlı etimad

18 Noyabr 17:31

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Sarsılmaz dostluq

18 Noyabr 16:00

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Tarixi qərar!

18 Noyabr 11:13  

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Mədəniyyət

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30