Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Tarixi qərar!

Tarixi qərar!

18.11.2025 [11:13]

Xəzərin Şərqini Qərbinə birləşdirən güc: yeni Avrasiya birliyi formatı...

Bakı qitələr arasında aparıcı siyasi - iqtisadi vektor rolunda

Mərkəzi Asiya+Azərbaycan: regional nizamın arxitekturası yenidən formalaşdırılır

Azərbaycan son beş ildə yaratdığı yeni reallıqlar fonunda tək Cənubi Qafqazda deyil, bütövlükdə, Avrasiya məkanında siyasi, iqtisadi və geostrateji nizamı dəyişdirən əsas aktorlardan birinə çevrilib. Rəsmi Bakının apardığı çoxvektorlu siyasət, enerji və nəqliyyat diplomatiyası, regional platformaların qurucusu kimi oynadığı rol geniş bir coğrafiyada yeni situasiya formalaşdırıb. Bu gün Bakı müstəqil strateji xəttə sahib dövlət olmaşqla yanaşı, həm də Şərq-Qərb inteqrasiyasının mərkəzi sütunudur - başqa sözlə, Xəzərin iki sahili arasında zaman-zaman mövcud olan siyasi əlaqələr, dialoq bu gün tamamilə yeni inkişaf məcrasına keçib və qarşılıqlı fəaliyyətin səviyyəsi tarixi maksimum həddə çatıb. Bu və digər komponentlər isə bütövlükdə, Mərkəzi Asiya və Azərbaycanın artıq bir çox aspektlərdə vahid orqanizm kimi çıxış etməsini şərtləndirir. Regionlararası proseslərin koordinasiyası, iqtisadi və investisiya layihələrinin uzlaşdırılması, enerji və nəqliyyat strategiyalarının sinxronlaşdırılması Azərbaycan - Mərkəzi Asiya əlaqələrini yeni bir müstəviyə daşıyır. Mərkəzi Asiya dövlətlərinin Azərbaycanla əməkdaşlığı yüksək səviyyədə qəbul etməsi və bu inteqrasiya formatını rəsmən dəstəkləməsi isə yaranan mənzərəni tam təsdiqləyir.

Artıq Azərbaycan yalnız Mərkəzi Asiya ilə əməkdaşlıq edən tərəfdaş deyil - həmin formatın tamhüquqlu üzvü, regional qərarların formalaşmasında aparıcı iştirakçı, yeni Avrasiya nizamının arxitekturasını quran əsas ölkələrdən biridir. Artıq bütün səviyyələrdə: dövlət və hökumət başçıları, nazirliklər, dövlət qurumları, ictimai təşkilatlar, ekspert və analitik strukturlar - Azərbaycan Mərkəzi Asiya mexanizmlərinin ayrılmaz tərkib hissəsinə çevrilir. Bu, həm Azərbaycanın strateji yüksəlişinin nəticəsi, həm də Mərkəzi Asiyanın ölkəmizə verdiyi geosiyasi dəyərin göstəricisidir.

Vahid regional format: Mərkəzi Asiya dövlətlərinin siyasi dəstəyi

Azərbaycanın Mərkəzi Asiya ilə vahid regional formatın tərkibinə daxil olması təkcə Bakının öz təşəbbüsü deyil, həm də region dövlətlərinin bu prosesə yüksək siyasi dəstəyinin nəticəsidir. Mərkəzi Asiya ölkələri Azərbaycanın bu platformaya qatılmasını strateji seçim kimi qəbul edir və bunu açıq şəkildə ifadə edirlər. Çünki Azərbaycan yeni dünyanın iqtisadi və nəqliyyat xəritəsində körpü missiyasını uğurla icra edən, Şərqdən Qərbə uzanan bütün əsas enerji və kommunikasiya arteriyalarının üzərində yerləşən əsas dövlətdir. Bu reallıq Mərkəzi Asiya ölkələrinin inkişaf konsepsiyasında Azərbaycanı zəruri tərəfdaş edir. Təsadüfi deyil ki, noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxış edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qardaş xalqlar üçün tarixi bir gün yaşandığını vurğulayaraq bildirib ki, biz Azərbaycan Respublikasının tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulmasına dair prinsipial qərarlar qəbul edirik: “Biz Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq və vahid əməkdaşlıq məkanının formalaşmasına yol açacağıq. Bu, sözsüz ki, hər iki regionun strateji qarşılıqlı əlaqəsini və dayanıqlılığını gücləndirəcək”.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də çıxışında Azərbaycanın bu yeni formatda regional əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Qırğız Respublikasının Prezidenti Sadır Japarov da ölkəsinin Azərbaycanın tamhüquqlu üzv qismində Məşvərət görüşləri formatına qoşulması təşəbbüsünü dəstəklədiyini vurğulayaraq deyib ki, qardaş Azərbaycanın iştirakı ilə formatımızın genişləndirilməsi Mərkəzi Asiyanın qarşısında xüsusilə beynəlxalq tranzit, logistika və energetika sahələrində yeni imkanlar, geniş əməkdaşlıq üfüqləri açacaq. Tacikistan Prezidenti Emoməli Rəhmon da ölkəmizi Məşvərət görüşlərinə qoşulması münasibətilə təbrik edib. Eləcə də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov dövlətimizin başçısına Azərbaycanın tamhüquqlu iştirakçı qismində Məşvərət görüşlərinə qoşulması münasibətilə təbriklərini çatdırıb.

Mərkəzi Asiya dövlətləri Azərbaycanla əməkdaşlıq modelini əsaslı səbəblərə görə mühüm hesab edir:

- Azərbaycan sabit, proqnozlaşdırıla bilən və uzunmüddətli regional siyasəti ilə tanınır;

- Azərbaycan həm türk dünyasının inteqrasiyasında aparıcı rola malikdir, həm də eyni zamanda Avropa və Qərb bazarlarına çıxış imkanlarını açan ölkədir;

- Azərbaycan yeni nizamın aparıcı aktorudur;

- Azərbaycan həm regional, həm də qlobal miqyasda sabitləşdirici faktor kimi özünü təsdiqləyib.

Mərkəzi Asiya dövlətləri üçün Azərbaycan həm Şərqə, həm də Qərbə, həm də Qlobal Cənuba açılan qapıdır. Bu gün Mərkəzi Asiyada Azərbaycan faktoru ikiqat dəyər daşıyır: həm iqtisadi, həm siyasi. Bakı həm enerji təhlükəsizliyinin təmin edilməsində, həm nəqliyyat dəhlizlərinin şaxələnməsində, həm də regional sabitliyin qorunmasında real rol oynayır. Mərkəzi Asiya dövlətlərinin Azərbaycanı öz formatlarına tamhüquqlu üzv kimi görmək istəyi həm də bu funksional dəyərdən irəli gəlir.

Əlaqələr yeni müstəvidə: müttəfiqlik sazişləri və intensiv lider görüşləri

Son illərdə Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əlaqələr həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə misilsiz dərəcədə intensivləşib. Dövlət başçılarının qarşılıqlı səfərlərinin artması, imzalanan strateji tərəfdaşlıq və müttəfiqlik sənədləri, birgə iqtisadi komissiyaların işinin aktivləşdirilməsi bu inteqrasiyanın hansı miqyas aldığını aydın şəkildə göstərir. Azərbaycan Prezidentinin Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistana ardıcıl səfərləri, həmin ölkələrin liderlərinin Bakıya səfərləri yeni siyasi reallığın formalaşdığını təsdiqləyən ən güclü faktlardır. Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxış edən Prezident İlham Əliyev bildirib ki, son illər yüksəksəviyyəli qarşılıqlı səfərlər müntəzəm xarakter alıb: “Son üç ildə mən Mərkəzi Asiya ölkələrində 14 dəfə səfərdə olmuşam. Bu müddət ərzində həmkarlarım ölkəmizə 23 dəfə səfər ediblər. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə müttəfiqlik və strateji tərəfdaşlıq, o cümlədən birgə investisiya fondlarının yaradılması haqqında müqavilə və bəyannamələr imzalayıb. Mütəmadi olaraq keçirilən mədəniyyət günləri, sərgilər, konsertlər xalqlarımızı daha da yaxınlaşdırır, bizim yaxınlığımızı, dostluğumuza verdiyimiz dəyəri nümayiş etdirir. Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur”.

Bəli, reallaşan qarşılıqlı səfərlər yalnız diplomatik jest deyil - bu səfərlərin hər birində konkret layihələr imzalanır, sərmayə paketləri hazırlanır, investisiya zonalarının açılması müzakirə edilir, nəqliyyat, sənaye, enerji və müdafiə sənayesi kimi sahələrdə dərin əməkdaşlıq mexanizmləri formalaşdırılır. Mərkəzi Asiya liderləri Azərbaycanın regiondakı rolunu yüksək qiymətləndirir və ölkəmizin həm iqtisadi gücünə, həm də diplomatik nüfuzuna xüsusi önəm verirlər.

Azərbaycan isə öz növbəsində Mərkəzi Asiya regionunu ayrı-ayrı ölkələr kimi deyil, vahid geosiyasi və geoiqtisadi məkan kimi qəbul edir. Bu yanaşma Bakı üçün strateji baxımdan çox böyük üstünlük yaradır. Çünki Azərbaycan Cənubi Qafqazda yerləşməsinə baxmayaraq, inteqrasiya səviyyəsi və qarşılıqlı fəaliyyətin miqyasına görə artıq faktiki olaraq Mərkəzi Asiyanın ayrılmaz hissəsinə çevrilib. Artıq Mərkəzi Asiya və Azərbaycan birlikdə qlobal miqyasda nüfuzu artan vahid geosiyasi blok kimi çıxış edir.

Koordinasiyanın güclənməsi: vahid maraqlar çərçivəsində...

Azərbaycan və Mərkəzi Asiya ölkələri son illərdə beynəlxalq arenalarda da koordinasiyanı ciddi şəkildə artırıblar. Əgər əvvəllər bu əməkdaşlıq əsasən ikitərəfli dəstək çərçivəsində həyata keçirilirdisə, bu gün artıq çoxtərəfli diplomatik xətt formalaşır. 5 Mərkəzi Asiya ölkəsi və Azərbaycan BMT, ATƏT, İƏT, Qoşulmama Hərəkatı və digər təşkilatlarda bir-birinin təşəbbüslərini dəstəkləyir, vacib məsələlərdə ortaq mövqe nümayiş etdirirlər. Bu koordinasiyanın güclənməsi regionun qlobal siyasətdə çəkisini artırır.

Prezident İlham Əliyev çıxışında bildirib ki, biz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, bir-birimizin təşəbbüslərini dəstəkləyir, qlobal və regional problemlərin həllində ümumi yanaşmalar işləyib hazırlayırıq.

Görünən isə budur ki, sözügedən inteqrasiya yaxın illərdə Avrasiyanın siyasi xəritəsində böyük rol oynayacaq yeni güc mərkəzinin formalaşmasına gətirib çıxaracaq. Mərkəzi Asiya dövlətləri Azərbaycanın həm Qərb, həm Avropa, həm də Qlobal Cənub ilə əlaqələrində açdığı geniş imkanların fərqindədirlər və bu inteqrasiyanı öz milli maraqları üçün strateji xətt kimi görürlər. Nəticədə artıq vahid diplomatik xəttin formalaşdığı açıq şəkildə görünür.

Azərbaycan-Mərkəzi Asiya koordinasiyası həm də regional təhlükəsizliyin güclənməsinə xidmət edir. Terrorizmə qarşı mübarizə, sərhəd təhlükəsizliyi, informasiya təhlükəsizliyi sahələrində vahid yanaşma modelləri hazırlanır. Bütün bunlar Azərbaycanı regionda həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik baxımından mərkəzi dövlətə çevirir.

Azərbaycanın qətiyyəti ilə yaranan vahid iqtisadi məkan

Azərbaycanın Mərkəzi Asiya ilə vahid inteqrasiya formatında iştirak etməsi mühüm bir coğrafiyada yeni iqtisadi mühasibətlər sistemi yaradır. Azərbaycan bu gün həmin coğrafiyanın arasında körpü rolunu gücləndirir və Qərbin də Mərkəzi Asiyaya açılan əsas giriş nöqtəsi kimi çıxış edir. Bu, Azərbaycanın unikal geostrateji mövqeyindən və ölkəmizin həyata keçirdiyi çoxşaxəli xarici siyasət kursundan qaynaqlanır. Çünki yerləşdiyimiz bölgə də daxil olmaqla mühüm bir regionun iqtisadi gələcəyi Mərkəzi Asiya - Azərbaycan əlaqələrinin gücləndirilməsindən keçir. Azərbaycan bu prosesin açar ölkəsidir. Bakı yerləşdiyi regionun ən böyük investisiya və istehsal potensialına malik dövlətdir. Bu, Mərkəzi Asiya ilə əlaqələrin təkcə logistika yox, həm də sənaye, kənd təsərrüfatı, rəqəmsallaşma və enerji sahələrində dərinləşməsi üçün münbit şərait yaradır. Azərbaycanın mövqeyi xətt üzrə yerləşən bütün goecoğrafi ünvanların ümumi inkişaf tempinə təsir edir. Çünki ölkəmiz regionda etibarlı tərəfdaş, sabitlik mərkəzi və iqtisadi güc kimi çıxış edir. Bu, Azərbaycanın həm coğrafi, həm siyasi, həm də iqtisadi üstünlüklərindən irəli gələn strateji roludur. Bu gün Bakı həm Avrasiya enerji xəritəsinin, həm nəqliyyat dəhlizlərinin, həm də türk dünyasının inteqrasiya modelinin əsas mərkəzlərindən biridir.

Yeni nizamın mərkəzində duran əsas dövlət

Vahid format modeli yalnız regional əməkdaşlıq modeli deyil, yeni geosiyasi tənzimlənmənin formalaşması deməkdir. Azərbaycan bu gün Mərkəzi Asiya ölkələri tərəfindən tamhüquqlu üzv kimi qəbul edilir və bütün səviyyələrdə bu formatda iştirak edir. Bu həm ölkəmizin gücünün, həm nüfuzunun, həm də diplomatik bacarığının göstəricisidir. Mərkəzi Asiya və Cənubi Qafqaz artıq Azərbaycanın fəaliyyəti nəticəsində vahid geoiqtisadi məkan kimi çıxış edir. Bu proses həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik aspektlərində böyük üstünlüklər yaradır. Azərbaycan bu yeni nizamın mərkəzində duran əsas dövlətdir və gələcəkdə bu rol daha da güclənəcək. Bu gün formalaşan inteqrasiya modeli türk dünyasının, Avrasiyanın və qlobal siyasətin yeni mərhələsinin başlanğıcıdır. Azərbaycanın bu prosesdə liderliyi isə regional inkişafın davamlı olacağını təmin edən əsas amildir.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 115 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Qarşılıqlı etimad

18 Noyabr 17:31

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Sarsılmaz dostluq

18 Noyabr 16:00

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Tarixi qərar!

18 Noyabr 11:13  

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Mədəniyyət

Mədəniyyət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30