Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan - Özbəkistan: Dövlətlərarası münasibətlər möhkəm təməl üzərində uğurla inkişaf edir

Azərbaycan - Özbəkistan: Dövlətlərarası münasibətlər möhkəm təməl üzərində uğurla inkişaf edir

18.11.2025 [11:45]

Azərbaycanla Özbəkistan arasında əlaqələr getdikcə dərinləşir. Hazırda yüksək səviyyədə olan bu əlaqələr tarixi ənənələrdən, oxşar milli-mənəvi dəyərlərdən, geniş humanitar bağlardan və müasir dövrün çağırışlarından qaynaqlanır. Hər  iki dövlət qarşılıqlı maraqlara əsaslanan münasibətlərin daha da genişlənməsinə güclü siyasi iradə göstərir, eyni zamanda, bunu cəmiyyətlər də istəyirlər. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün Özbəkistanda növbəti dəfə səfərdə olub.

Dövlətimizin başçısının Özbəkistan Prezidenti ilə təkbətək görüşü

Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub.

Görüşdə Azərbaycanla Özbəkistan arasında müttəfiqliyə və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi bildirilib.

Prezident İlham Əliyevin Özbəkistana, Prezident Şavkat Mirziyoyevin isə ölkəmizə mütəmadi səfərlərinin əlaqələrimizin inkişafında rolu vurğulanıb.

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın son dövrlərdə daha da genişləndiyi məmnunluqla qeyd edilərək, bu xüsusda dövlətimizin başçısının Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirakının önəminə toxunulub.

Söhbət zamanı dövlət başçıları ölkələrimiz arasında əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanışlıq

Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Qərarı ilə təsis edilən İslam Sivilizasiyası Mərkəzinin təməli 2018-ci ildə qoyulub. Layihənin həyata keçirilməsində yüzlərlə alim, ekspert, həmçinin dini və ictimai xadim iştirak edib. Səmərqənd şəhərinin qədim memarlıq abidələri üslubunda hazırlanmış mərkəz 10 hektardan çox ərazini əhatə edir. Binada 65 metr hündürlüyündə günbəz inşa olunub. Mərkəzə tədqiqat, nadir əlyazmaların milli reyestrinin aparılması, əlyazmalar fondu, kitabxana və arxivlər, nəşriyyat şöbələri və digər şöbələr daxildir.

Buradakı sərgi qalereyasında müxtəlif tarixi dövrlərə aid əşyalar və əsərlər təqdim olunur, əcdadların yaradıcılıq potensialı müasir texnologiyalar və rəqəmsal cihazların köməyi ilə nümayiş etdirilir.

Mərkəzin binasında, həmçinin 100 min əlyazma və bir milyondan çox kitab daxil olmaqla, nəhəng kitabxana və İslam Sivilizasiyası Mərkəzinin elmi şöbəsi, beynəlxalq təşkilatların ofisləri yerləşir. Mərkəzin muzey ekspozisiyası “İslamdan əvvəl sivilizasiyalar”, “Birinci İntibah dövrü”, “İkinci İntibah dövrü”, “XX əsrdə Özbəkistan”, “Yeni Özbəkistan - Üçüncü İntibahın əsası” və “Müqəddəs Quran” adlı zallardan ibarətdir.

Ekspozisiyanın mərkəzində yerləşən “Müqəddəs Quran” zalında müsəlman dünyasının mənəvi incisi - “Osman Quranı” saxlanılır. Zalda Samanilər, Qaraxanlılar, Xarəzmşahlar, Teymurilər və digər sülalələr dövründə yazılmış “Quran”ın əlyazma nüsxələri, həmçinin onların özbək dilinə tərcümələri təqdim olunur. Mərkəzdə dini-maarifləndirici və innovativ media layihələri reallaşdırılıb.

Holoqrafiya, qurğular və proyeksiya texnologiyalarının köməyi ilə “Zaman divarı” nəhəng multimedia panelində müxtəlif dövrlərin ən mühüm tarixi mərhələləri, böyük kəşflər və görkəmli şəxsiyyətlər barədə məlumat verilir. Bu Mərkəz UNESCO və ICESCO da daxil olmaqla, bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurub.

“Gələcəyin İrsi” Beynəlxalq Mükafatının təntənəli təqdimat mərasimi

Daşkənddə “Gələcəyin İrsi” Beynəlxalq Mükafatının təntənəli təqdimat mərasimi keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Qeyd edək ki, Azərbaycandan bu mükafata Xalq artisti Alim Qasımov layiq görülüb.

Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü

Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü keçirilib.

Görüşdə çıxış edən Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev qardaş xalqlar üçün tarixi bir gün yaşandığını vurğulayaraq deyib: “Biz Azərbaycan Respublikasının tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulmasına dair prinsipial qərarlar qəbul edirik. Biz Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq və vahid əməkdaşlıq məkanının formalaşmasına yol açacağıq. Bu, sözsüz ki, hər iki regionun strateji qarşılıqlı əlaqəsini və dayanıqlılığını gücləndirəcək. Bu vacib qərarı qəbul etdiklərinə görə bütün həmkarlarıma səmimi-qəlbdən təşəkkürümü bildirmək və Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı qismində qoşulması münasibətilə İlham Heydər oğlunu təbrik etmək istəyirəm”.

Şavkat Mirziyoyev bildirib ki, həmrəyliyin gücləndirilməsi və birgə inkişafa can atmaq Mərkəzi Asiyanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə və qlobal rolunun artırılmasına töhfə verir. “Mərkəzi Asiya +” formatlarının qarşılıqlı fəaliyyəti güclənib. Region nüfuzlu beynəlxalq platformalarda vahid mövqedən çıxış edir. Şübhəsiz ki, Azərbaycanın bizim formata qoşulması ilə regionumuzun qlobal miqyasda səsi daha əhəmiyyətli olacaq”, - deyə Özbəkistan Prezidenti vurğulayıb.

“Bu gün Azərbaycanın tamhüquqlu iştirakçı qismində bizim formata qoşulmasına dair tarixi qərar qəbul etdik”. Bu fikri isə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev söyləyib. O, Azərbaycanın bu yeni formatda regional əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov da ölkəsinin Azərbaycanın tamhüquqlu üzv qismində Məşvərət görüşləri formatına qoşulması təşəbbüsünü dəstəklədiyini vurğulayaraq qeyd edib: “Qardaş Azərbaycanın iştirakı ilə formatımızın genişləndirilməsi Mərkəzi Asiyanın qarşısında xüsusilə beynəlxalq tranzit, logistika və energetika sahələrində yeni imkanlar, geniş əməkdaşlıq üfüqləri açacaq. Bu gün əminliklə deyə bilərik ki, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinin formatı baş tutub. Bu format öz səmərəliliyini sübut edib, təkcə regionumuzda mövcud problemlərin müzakirə olunduğu deyil, həm də yeni təşəbbüslərin və təkliflərin fəal şəkildə irəli sürüldüyü real, özünəməxsus yeganə platformaya çevrilib”.

“Bu gün regionun yeni nəqliyyat arteriyasının meydana çıxmasının şahidi oluruq”, - deyən Sadır Japarov əlavə edib ki, strateji cəhətdən mühüm Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi logistikanı birləşdirməklə yanaşı, həm də formatını genişləndirəcək, ölkələrimizə Asiya və Avropanın çox böyük bazarlarına ən qısa yolu açacaq. Bu kontekstdə Zəngəzur dəhlizinin tikintisi layihəsi Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun məntiqi və strateji davamı kimi görünür.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon da ölkəmizi Məşvərət görüşlərinə qoşulması münasibətilə təbrik edərək deyib: “Hörmətli İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə qoşulması münasibətilə təbrik edirəm. Sevindirici haldır ki, məkanımız beynəlxalq və regional proseslərin mühüm iştirakçısının timsalında öz əhəmiyyətini inamla artırır. Bu, balanslaşdırılıb və region ölkələrinin artan maraqlarının inkişafına səyləri nümayiş etdirir”.

Tədbirdə çıxış edən Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov dövlətimizin başçısına Azərbaycanın tamhüquqlu iştirakçı qismində Məşvərət görüşlərinə qoşulması münasibətilə təbriklərini çatdırıb.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.

Liderlərin müntəzəm hal alan qarşılıqlı səfərləri

Hazırda dünyada müşahidə edilən geosiyasi reallıqlar, xüsusilə də qütbləşmə meyllərinin artması ciddi narahatlıq doğurur.  Belə bir şəraitdə hər bir dövlət üçün təbii müttəfiqlərinin sayını artırması zərurət qismində çıxış edir. Bu kontekstdə son illərdə Azərbaycanla Mərkəzi Asiyanın önəmli dövlətlərindən olan Özbəkistan arasında münasibətlərin dərinləşməsi məmnunluq doğurur. Respublikamızın bu ölkə ilə əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatında intensiv şəkildə inkişaf edir. Deyə bilərik ki, Azərbaycanın və Özbəkistanın siyasi dialoqu, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmalarının qarşısında hansısa bir maneə yoxdur. Prezident İlham Əliyev bu günlərdə  Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə Özbəkistanı Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiq kimi səciyyələndirib. Dövlətimizin başçısı vurğulayıb ki, bizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Sevindirici haldır ki, dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir.

Əlaqələrin getdikcə daha da möhkəmlənməsində liderlərin dostluq münasibətlərinin və onların  mütəmadi hal alan qarşılıqlı səfərlərinin önəmini xüsusi qeyd edə bilərik. Budəfəki səfərədək son bir il yarım ərzində beş yüksəksəviyyəli səfər baş tutub. Bütün bunlar münasibətlərin yüksək dinamikasını əyani şəkildə göstərir. Keçən ilin avqustunda Prezident İlham Əliyevin  Özbəkistana dövlət səfəri baş tutub, bu ilin iyulunda isə Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib. Bu tarixi səfərlər zamanı onlarla mühüm sənəd, o cümlədən Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol Xəritəsi” və digər sənədlər imzalanıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, bütün bu qarşılıqlı səfərlər Azərbaycan-Özbəkistan münasibətlərinin həm ikitərəfli əsasda, həm də Mərkəzi Asiya və Xəzər regionu da daxil olmaqla, vahid coğrafi məkanda yeni tərəfdaşlıq imkanlarının reallaşdırılması baxımından bütün sahələrdə möhkəmləndirilməsinə əhəmiyyətli təkan verib.

İki ölkənin münasibətlərinin inkişaf strategiyasının müəyyənləşdirilməsində 2023-cü ilin avqustunda təsis edilmiş Ali Dövlətlərarası Şura da xüsusi rol oynayır.  Şura artıq qarşılıqlı dövlət səfərləri çərçivəsində 2024-cü il avqustun 22-də Daşkənddə və 2025-ci il iyulun 2-də Bakıda iki iclas keçirib.

Müxtəlif istiqamətləri əhatə edən sıx əməkdaşlıq

Liderlərin qətiyyətli siyasi iradələri sayəsində münasibətləri strateji müttəfiqllik səviyyəsinə yüksələn Azərbaycanla Özbəkistan arasında əlaqələr çoxvektorlu olması ilə səciyyələnir. Qardaş ölkə Azərbaycanın ərazi bütövlüyünü dəyişməz olaraq dəstəkləyib. Özbəkistan həmçinin postmüharibə dönəmində Azərbaycanın işğaıdan azad etdiyi ərazilərdə həyata keçirdiyi bərpa-quruculuq işlərinə dəstək verən dost ölkələr sırasında yer alır. Özbəkistan Prezidentinin təşəbbüsü əsasında Füzulidə böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan və hazırda təxminən 600 şagirdin təhsil aldığı məktəbin tikintisi həyata keçirilib.

Ölkələrimiz arasında əməkdaşlıq təkcə ikitərəfli formatda deyil, həm də beynəlxalq platformalarda uğurla inkişaf edir. Belə ki, Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının fəal üzvləridir və türk birliyinin möhkəmləndirilməsinə mühüm töhfələr verirlər. Bundan əlavə, iki ölkə arasında münasibətlər BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir.

Siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi-ticari əməkdaşlığın dinamikası da davamlı olaraq artır. Hər iki tərəf qarşılıqlı əməkdaşlığı genişləndirmək üçün əhəmiyyətli səylər göstərir, yeni layihələr irəli sürür və birgə təşəbbüslərin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. Bu gün Azərbaycanda təxminən 120 Özbəkistan investisiyalı kommersiya təşkilatı qeydiyyatdan keçib və iqtisadiyyatın müxtəlif istiqamətlərində - sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində uğurla fəaliyyət göstərir. Qarşılıqlı ticarət sürətli templə inkişaf edir. Belə ki, 2024-cü ildə əmtəə dövriyyəsi 252 milyon ABŞ dolları təşkil edib və 2025-ci ilin yanvar-sentyabr aylarında bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artaraq 319 milyon ABŞ dollarına çatıb.

Sərmayələr sahəsində əməkdaşlıq da möhkəmlənməyə davam edir. 2023-cü ildə həm ölkələrimizin daxilində, həm də üçüncü ölkələrdə sərmayə qoyuluşunu nəzərdə tutan ümumi kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti yaradılıb.

Nəqliyyat və enerji əməkdaşlığının böyük perspektivi var

Ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən biri şaxələndirilmiş nəqliyyat və logistika infrastrukturunun inkişafı, tranzit imkanlarının genişləndirilməsidir. Bu sahədə ölkələrimizin Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda iştirakı xüsusi əhəmiyyətə malikdir və onun çərçivəsində Azərbaycan Özbəkistan və Mərkəzi Asiya dövlətləri üçün mühüm tranzit ölkə qismində çıxış edir. Son illərdə Orta Dəhliz vasitəsilə ixrac imkanlarının və daşımaların artması xüsusi strateji əhəmiyyətə malikdir. 2024-cü ildə ölkələrimiz arasında tranzit daşımaların həcmi 2023-cü illə müqayisədə 18 faizdən çox artaraq 1,3 milyon tonu keçib. 2025-ci ilin ilk doqquz ayında bu rəqəm təxminən bir milyon tona çatıb ki, bu da nəqliyyat mübadilələrində dinamik artımı nümayiş etdirir.

Böyük həcmlərdə investisiya qoyuluşu hesabına yaradılan müasir nəqliyyat infrastrukturu, o cümlədən ticarət donanması, yaxın illərdə gücü 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və ölkənin doqquz beynəlxalq hava limanı Azərbaycanın qlobal nəqliyyat və logistika qovşağı kimi rolunu gücləndirən amillərdir. Bundan əlavə, Zəngəzur Dəhlizinin (Tramp marşrutu) açılması bütün region dövlətlərinə, o cümlədən də dost Özbəkistana böyük fayda gətirəcək.

Enerji əməkdaşlığının da  böyük perspektivi var. Belə ki, energetika sektorunda əməkdaşlıq və “yaşıl enerji”nin inkişafı da prioritet istiqamət olaraq qalır. SOCAR Özbəkistana Azərbaycanın neft məhsullarını və neft-kimya məhsullarını ixrac edir. 2016-cı ildən bəri “OZLITINEFTGAZ” İnstitutunun və “SOCAR NIPI Nefteqaz”ın bazasında yaradılan “Neftegaztexnologiya” birgə müəssisəsi uğurla fəaliyyət göstərir. 2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin inteqrasiyasına və bərpaolunan enerji mənbələrinin təşviqinə yönəlmiş bir sıra strateji sazişlər, memorandumlar imzalayıblar ki, bu da regionun davamlı inkişafı və enerji əməkdaşlığını gücləndirmək üçün yeni perspektivlər açır.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 94 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Səssiz qatil...

19 Noyabr 08:30

Sosial

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Qarşılıqlı etimad

18 Noyabr 17:31

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Sarsılmaz dostluq

18 Noyabr 16:00

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Tarixi qərar!

18 Noyabr 11:13  

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Mədəniyyət

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30