Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Bu gün diplomatiya yenidən qurulacaq...

Bu gün diplomatiya yenidən qurulacaq...

11.03.2022 [10:35]

Müharibədən, xaosdan və böhrandan qurtulmaq üçün

Nurlan QƏLƏNDƏRLİ

Belə bir deyim var: müharibə siyasətin zorakı vasitələrlə davamıdır. Bəşəriyyətin çoxəsrlik təcrübəsi göstərir ki, savaş diplomatik imkanların tükəndiyi, yaxud diplomatiyanın həll yolu olmadığı zaman başlanır. Müharibə hərb meydanında bitsə də, mübarizə yenə də diplomatiya masasında davam edir. Diplomatiyanın bitməsi isə... toqquşma - qarşıdurma, ziddiyyət, krizis və tənəzzül deməkdir.

Gözləntilər özünü doğrultmadı

II Dünya müharibəsindən sonra bəşəriyyət sülhə, sabitliyə və təhlükəsizliyə ümidli idi. Düşünülürdü ki, artıq bütün tərəflər - güc və səlahiyyət sahibləri cahanı fəlakətə sürükləyən müharibənin qorxunc mənzərəsindən dərs alıblar - nəticə çıxarıblar. Daha bütün problemlərin, ən kəskin məsələlərin və mübahisələrin həlli yolları diplomatik kanallarda mövcuddur. Amma gözləntilər özünü doğrultmadı, beynəlxalq münasibətlərin hegemon qüvvələri müharibəni - hərb yolunu istisna etmədilər. 

Diplomatiya böhranı və dialoq zərurəti

Bu gün dünyada güc mərkəzlərinin sərt geostrateji mübarizəsi fonunda diplomatiya böhranı müşahidə edilir, desək, yanılmarıq. Xüsusilə də, XXI əsrin üç onilliyi lokal və regional qarşıdurmalarla səciyyəvidir. Yaxın Şərqdə “siyasi qiyamət” müşahidə edilir - ölkələrin sərhədləri qanla yenidən cızılır, lidersizləşdirmə, mənəviyyatsızlaşdırma, dövlətsizləşdirmə əməliyyatı aparılır. Liviya, Suriya, Misir, Tunis, İraq və başqa dövlətlər “geosiyasi tort”un ayrı-ayrı dilimləridir. Postsovet - MDB məkanının da geosiyasi palitrası dövlət çevrilişləri, “rəngli ssenari”lər, inqilab və xaos planları ilə “rəngarəng”dir. Nəhayət, hərbi-siyasi qarşıdurma Avropaya da sıçrayıb, Rusiya-Ukrayna müharibəsi beynəlxalq münasibətlərdə diplomatiya böhranının növbəti və ən kəskin fazasını təşkil edir. Bəzi ekspertlər bu savaşı III Dünya müharibəsi kimi səciyyələndirir, digərləri isə yeni dünya nizamının formalaşdığını qeyd edirlər. Amma bütün hallarda növbəti Dünya müharibəsi də diplomatik masada başa çatmalıdır.  Və siyasi böhran aradan qalxmadan - yeni diplomatiya qurulmadan yeni dünya düzəni formalaşdırmaq mümkün deyil. Qərbin və Şimalın diplomatik imkanlarının tükəndiyi, siyasi fəallığının fayda və nəticə vermədiyi şəraitdə yeni təşəbbüslərə ehtiyac var. Belə təşəbbüslər müsbət imicə, bəlli, aydın niyyətə və etimada malik qüvvələr tərəfindən gəlməlidir. Ən əsası, buna dialoq platformasının yaradılması ilə nail olmaq mümkündür.

“Türkiyənin Davosu” vacib platforma kimi...

Bu baxımdan, Türkiyədə öz işinə başlayan Antalya Diplomatiya Forumu (ADF) müstəsna əhəmiyyətə malikdir. Forum nəzər yetirdiyimiz aktual çağırışlar, regional və qlobal problemlər fonunda  bu il “Diplomatiyanı Yenidən Quraq” (Recoding Diplomacy) adı ilə keçirilir.  Yəni dünyada hərbi-siyasi böhran mövcuddur, mövcud diplomatik kanallar tıxanıb, o səbəbdən diplomatiya yenidən qurulmalıdır. Təbii ki, “Türkiyənin Davosu” adlandırılan bu regional miqyaslı, qlobal məzmunlu toplantıda dövlət və hökumət başçılarının, nazirlərin, regional və beynəlxalq təşkilatların təmsilçilərinin, nüfuzlu siyasətçilərin, ekspertlərin, elm və iş adamlarının, media nümayəndələrinin iştirakı bəşəriyyət üçün aktual olan problemlərin fikir və təcrübə mübadiləsi əsasında, dialoq müstəvisində çözülməsi üçün vacib töhfə hesab oluna bilər. Bu, mövqeyi üst-üstə düşməyən, gərginlik yaşayan ölkələr üçün də dialoq imkanları yaradan önəmli təşəbbüs, anlaşma üçün etibarlı zəmindir.  Bütün bunları nəzərə alaraq qeyd edə bilərik ki, ADF Dünya İqtisadi Forumu, Münhen Təhlükəsizlik Konfransı, Doha Forumu kimi əhəmiyyətli platformalarla eyni sırada dayanan, hətta bəzi cəhətlərinə görə onlardan üstün olan diplomatiya arenasıdır.

Bakının təşəbbüsləri - sülhə, təhlükəsizliyə və əməkdaşlığa töhfə

Antalya Diplomatiya Forumunda təmsil olunan Azərbaycan da hər zaman konstruktiv ideyalarla və faydalı təşəbbüslərlə çıxış edir, sülh, sabitlik tərəfdarı olduğunu nümayiş etdirir. İlk növbədə qeyd edilməlidir ki, qalib Azərbaycanın yaratdığı reallıqlar həm də yeni təhlükəsizlik mühiti və əməkdaşlıq platformasıdır. Postmüharibə dövründə Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasının - sülh müqaviləsinin imzalanmasının, kommunikasiyaların bərpasının vacibliyini daim vurğulayır. Bu, eyni zamanda, Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına etibarlı zəmin yaradır. Paralel olaraq Bakı və Ankaranın birgə təşəbbüsü olan “3+3” formatında yeni əməkdaşlıq platforması bütün tərəflər üçün siyasi və iqtisadi mənfəət vəd edir. Bütün bunlar öz növbəsində Avrasiyada hərbi-siyasi qarşıdurmanın öz yerini konstruktiv münasibətlərə verməsi, yeni diplomatiyanın qurulması baxımından önəmlidir.

Qeyd olunanlarla yanaşı, Rusiya-Ukrayna qarşıdurması fonunda - regional gərginliyin pik həddə çatdığı dönəmdə Azərbaycanla təmaslar və Bakının fəal rolu xüsusi olaraq nəzərə çarpır. Müxtəlif ölkələrin rəhbərlərinin mükəmməl geosiyasət bilicisi, təcrübəli siyasətçi və dövlət xadimi olan Prezident İlham Əliyev ilə bu məsələlər ətrafında müzakirələr aparması Azərbaycanın regionun geosiyasi gündəliyini formalaşdıran əsas qüvvələrdən biri olduğunu göstərir. Rusiya ilə Ukrayna arasında hərbi-siyasi qarşıdurmanın aradan qaldırılmasında Ankara ilə yanaşı, Bakının vasitəçi ola biləcəyi, prosesə mühüm töhfə verəcəyi ifadə edilir. Bu da təsadüfi deyil və bir sıra amillərlə əlaqədardır. Əvvəla, Azərbaycana etibarlı tərəfdaş kimi böyük inam və etimad var. Ölkəmiz bu gün bir-biri ilə əks mövqelərdə - zidd qütblərdə dayanan tərəflərlə hər hansı bir gərginliyə malik deyil, əksinə, qarşılıqlı faydalı və bərabərhüquqlu tərəfdaşlığa sahibdir. Digər tərəfdən, Azərbaycan bundan öncə dəfələrlə dialoq və işbirliyi məkanı olduğunu təsdiqləyib. Güc mərkəzlərinin nümayəndələrinin görüşü Bakıda baş tutub, regional və beynəlxalq təhlükəsizliyə dair mühüm müzakirələr aparılıb. Eyni zamanda, Azərbaycan beynəlxalq hüquqa hörmət və riayət olunmasının tərəfdarıdır. Uzun müddət Ermənistanın işğalçı və terrorçu siyasətindən əziyyət çəkən Azərbaycan hər zaman beynəlxalq hüquq normalarına riayət olunmasını vacib prinsip kimi əsas götürüb, indi də belədir. Bütün bunlar diplomatiyanın yenidən qurulmasında açar rolunu oynayan geosiyasi koordinatlardan birinin Bakı olduğunu təsdiqləyir.

Nəticə etibarilə, dünya yeni nizam axtarışında, diplomatiyanın yenidən qurulması çağırışı qarşısındadır. Bakı ilə Ankara isə bəşəriyyət üçün bu taleyüklü məsələdə öz tarixi-siyasi məsuliyyətini dərk edərək vacib təşəbbüslərlə çıxış edir, ortaq geosiyasi iradə nümayiş etdirir. İndi söz sırası, hərəkət etmək, təşəbbüs göstərmək növbəsi qarşıdurma tərəflərindədir - sülh və təhlükəsizlik üçün, diplomatiyanı yenidən qurmaq naminə!

Paylaş:
Baxılıb: 1135 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30