Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Sülh, yoxsa müharibə?

Sülh, yoxsa müharibə?

04.02.2022 [10:25]

NATO-nun Rusiyaya cavabı bilindi - bundan sonra nə olacaq?

Taleh Ağaverdiyev

Ötən ilin ikinci yarısından etibarən dünyanın diqqəti Rusiya ilə NATO arasında münasibətlərin kəskinləşməsinə yönəlib. Bəşəriyyət III Dünya müharibəsinə həmişəkindən daha yaxındır. Əgər əvvəllər hərbi münaqişə uzaq ehtimal kimi görünürdüsə, indi təhlükə daha yaxındır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi səhifəsində xarici işlər nazirinin müavini Sergey Ryabkovun dekabrın 15-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridə təhvil verdiyi Rusiya ilə ABŞ və NATO arasında təhlükəsizlik təminatlarına dair saziş layihələri dərc edilib. Bu sənədlərə əsasən, Şimali Atlantika alyansı Ukrayna və Şərqi Avropa, Zaqafqaziya və Mərkəzi Asiyanın digər dövlətləri ərazisində istənilən hərbi fəaliyyətdən imtina etməlidir. Həmçinin Rusiya və NATO qarşı tərəfin təhdid kimi qiymətləndirəcəyi şərait yaratmayacağı ilə bağlı yazılı təminat verməlidirlər. Yanvarın 26-da isə Moskvaya ABŞ və NATO-nun təhlükəsizlik zəmanəti təkliflərinə məxfi yazılı cavabı göndərilib. Rusiya Xarici İşlər Nazirliyi Qərb tərəfdaşlarının tələbinə hörmət edərək sənədləri açıqlamayıb. Bununla belə, İspaniyanın “El Pais” nəşri fevralın 2-də ABŞ və NATO-nun Rusiyanın təkliflərinə məxfi cavabının tam mətnini dərc edib. Söhbət ingilis dilində iki sənəddən gedir: dörd səhifədə Alyansın cavabı və beş səhifədə Vaşinqtonun cavabı.

ABŞ və NATO Rusiyanı Avropada adi silahlı qüvvələr haqqında Müqaviləyə əməl etməyə, o cümlədən silahlı qüvvələrin sayı və yerləşdirilməsi barədə məlumat verməyə çağırıb. Moskva 2007-ci ildə NATO-nun uyğunlaşdırılmış sənədi ratifikasiyadan imtina etməsi səbəbindən bu müqaviləyə əməl olunmasına moratorium qoymuşdu.

ABŞ-ın cavabında deyilir ki, Birləşmiş Ştatlar Rusiya ilə Ukraynada hücum xarakterli raket sistemləri və qüvvələrinin yerləşdirilməsinin məhdudlaşdırılmasına dair qarşılıqlı öhdəlikləri müzakirə etməyə, eləcə də orta və qısa mənzilli raketlər sahəsində silahlara nəzarət məsələləri üzrə dialoqa başlamağa hazırdır.

Birləşmiş Ştatlar Rusiyanı Tomahawk qanadlı raketlərinin olmadığını təsdiqləmək üçün Polşa və Rumıniyadakı Raket Hücumundan Müdafiə obyektlərində yoxlamalar aparmağa dəvət edib. Bir şərtlə ki, Rusiya Federasiyası Alyansın seçimi ilə bu ölkədə iki raket baza üçün oxşar şəffaflıq tədbirləri təklif etsin.

Həmçinin Ağ Ev Kremlə qitələrarası nüvə silahlarının yeni növlərini silahlara nəzarət sazişlərinə daxil etməyi təklif edir. Birləşmiş Ştatlar hesab edir ki, tərəflər 2026-cı ilin fevralında bitdikdən sonra strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılması üzrə tədbirlər haqqında Rusiya Federasiyası ilə ABŞ arasında sazişi əvəz etməli olan yeni sazişləri müzakirə etməlidirlər.

Bununla yanaşı, ABŞ-ın yazılı cavabında qeyd olunur ki, Rusiya Ukraynaya qarşı güc nümayişini və aqressiyasını artırdıqca bu, ABŞ və onun müttəfiqlərinin müdafiə mövqeyini daha da gücləndirəcək. Yazılı cavabda bildirilir ki, ABŞ və müttəfiqləri Avroatlantik regionun təhlükəsizliyini möhkəmləndirən səyləri dəstəkləyir və inanır ki, narahatlıq doğuran məsələlərlə bağlı dialoqun aparılması səmərəli nəticələr verə bilər.

NATO göndərdiyi sənəddə bəyan edir ki, müdafiə ittifaqıdır və Rusiya üçün təhdid yaratmır. Sənəddə bildirilir: “NATO qarşıdurmaya can atmır. Lakin biz Avropa və Şimali Amerikada müttəfiqliyimiz və təhlükəsizliyimizin əsaslandığı prinsiplərdən güzəştə gedə bilmərik və getməyəcəyik.”.

Gərginlik və fikir ayrılıqlarının dialoq və diplomatiya yolu ilə həll olunduğuna inandığını qeyd edən NATO müttəfiqləri təhdid və güc istifadəsinin qəbulolunmaz olduğunu qeyd edir və bildirirlər ki, Rusiyanın Ukraynada və ətrafında, həmçinin Belarusda hərbi qüvvələrini toplaması səbəbsiz və əsassızdır, ona görə də müttəfiqlər Rusiyanı deeskalasiyaya çağırırlar. Bəyan edilir ki, Ukrayna münaqişəsi Minsk razılaşması çərçivəsində və razılaşdırılmış formatlar vasitəsilə həll olunmalıdır.

Bildirilib ki, Avroatlantikanın təhlükəsizliyinin təminatı istiqamətində irəliləyişlər üçün aşağıdakı təkliflər reallaşdırılmalıdır:

- Riskləri azaltmaq, şəffaflığı və proqnozlaşdırmanın mümkünlüyünü təbliğ edən hərbi kommunikasiya kanallarının tam istifadəsi;

- NATO və Rusiyanın nümayəndəliklərinin qarşılıqlı şəkildə Moskva və Brüsseldə mövcudluğunu bərpa etmək;

- Təcili əlaqənin saxlanılması üçün mülki qaynar telefon xəttinin yaradılması ilə bağlı Rusiyanın təklifi üzərində işləmək.

Sənəddə Avropanın təhlükəsizliyi ilə bağlı qeyd olunur ki, bütün ölkələr suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipinə əməl etməlidir. “NATO və Rusiya arasında stabil və proqnozlaşdırıla bilən münasibətlər hamımızın ortaq marağındadır”, - cavabda qeyd olunub.

Ümumiyyətlə, ABŞ və NATO Rusiyanın suallarına birbaşa cavab vermədi, sadəcə öz mövqeyini ifadə etdi.  Rusiya prezidenti Vladimir Putinin qeyd etdiyi kimi, ABŞ və NATO Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə cavab verərkən Moskvanın fundamental tələblərinə məhəl qoymadı. Dövlət başçısı diqqətə çatdırdı ki, Moskva üç əsas tələbə adekvat cavab görməyib: NATO-nun genişlənməsinin qarşısını almaq, Rusiya sərhədləri yaxınlığında zərbə silah sistemlərini yerləşdirməkdən imtina etmək və blokun Avropadakı hərbi infrastrukturunu 1997-ci ildəki vəziyyətə qaytarmaq.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yanvarın 27-də qeyd edib ki, Kreml ABŞ-ın cavabı ilə bağlı nəticə çıxarmağa tələsmir. Eyni zamanda, Kreml sözçüsü təhlükəsizlik təminatları üzrə dialoqun davam etdirilməsi perspektivinin olduğunu bildirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, ABŞ-ın reaksiyası ikinci dərəcəli mövzularla bağlı olsa belə, ciddi dialoqun başlanğıcına ümid etməyə imkan verir.

Diplomatiyada danışıqlar çox vaxt hansısa maksimalist bəyanatlar və ya tələblərlə başlayır. Qərb üçün Rusiyanın təklifləri indi kifayət qədər radikal görünür, lakin danışıqların ilkin mərhələlərində kəskin fikir ayrılıqları normadır. 1972-1975-ci illərdə Helsinki Sazişləri üzrə danışıqlar zamanı da belə olmuşdu: tərəflərin ortaq məxrəcə gəlməsi çox vaxt apardı. Yən? presedentlər olub və razılaşma həmişə mümkündür. İlk kimin güzəştə gedəcəyini və danışıqlar prosesinin necə olacağını demək çətindir. Amma biz hər iki tərəfin Ukraynada genişmiqyaslı müharibənin qarşısını almaq istəyini görürük.

Qərb üçün NATO, belə demək mümkünsə, xeyirli qüvvədir, Avropada sülhün və asayişin əsasıdır. Rusiya isə tam əks fikirdədir: NATO-nun genişlənməsi Moskvaya verilən vədləri pozub, Alyansın özü qeyri-sabitlik və müharibə mənbəyidir. Ona görə də Ukraynanın NATO-ya daxil olması mövzusu Rusiya üçün çox önəmlidir. Moskva əmindir ki, bu, Avropada vəziyyəti daha da gərginləşdirəcək.

Ekspertlərin qənaətinə əsasən, tərəflər Qara dənizdə təlimlərin keçirilməsi, orta və qısa mənzilli raketlərin yerləşdirilməməsinə dair ilkin razılığa gələ bilərlər. Üstəlik, dərc olunmuş mətndən görünür ki, ABŞ bu sahədə müzakirələr aparmaqda və hətta müəyyən tədbirlər görməkdə maraqlıdır. Əgər tərəflər qarşılıqlı etimad yarada bilsələr, o zaman bu məsələlərlə bağlı ciddi danışıqlar aparmaq mümkün olacaq. Amma təbii ki, hökumətlərin faktiki mövqelərində ictimaiyyətə məlum olandan daha çox nüans ola bilər. İşlərin necə olduğunu ancaq danışıqların iştirakçıları dəqiq bilir.

Aydındır ki, indi Kreml söz sahibidir - gediş növbəsi Moskvadadır. Konkret bir məsələdə razılığa gəlmək üçün prezidentlər arasında dialoqa ehtiyac olacağı heç də istisna edilmir. Ümid etmək olar ki, tərəflər sonda razılığa gələcək və böyük fəlakətin qarşısını almaq mümkün olacaq. Və bu məsələdə həm NATO-nun üzvü olan, həm də Rusiya ilə sıx əlaqələrə malik qardaş Türkiyəyə də böyük ümid bəslənir.

Paylaş:
Baxılıb: 910 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30