Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / “NATO 3.0” modeli...

“NATO 3.0” modeli...

14.02.2026 [09:54]

Avropa ilə ABŞ alyans çərçivəsində əməkdaşlığın yeni mərhələsinə  hazırlaşır

Avropa ilə ABŞ Şimali Atlantika Alyansı (NATO) çərçivəsində əməkdaşlığın yeni mərhələsinə  keçməyə hazırlaşır. ABŞ-ın müharibə nazirinin müavini Elbric Kolbi NATO-nun Baş Qərargahında keçirilən alyansın müdafiə nazirlərinin iclasından əvvəl jurnalistlərə açıqlamasında bildirib ki, Avropa və ABŞ-ın NATO çərçivəsində birgə fəaliyyəti asılılıq prinsipi deyil, bərabərhüquqlu tərəfdaşlıq əsasında qurulmalıdır və bu, yeni “NATO 3.0” versiyasının formalaşmasına gətirib çıxarmalıdır.

Kolbi qeyd edib ki, 2025-ci ildə ABŞ Prezidenti və NATO-nun Baş katibinin liderliyi ilə alyans daxilində yenidən qiymətləndirmə aparılıb, Avropanın NATO-nun ənənəvi müdafiəsinə rəhbərlik etməsi ideyasına real və səmimi bağlılıq yaranıb. Pentaqon rəhbərinin müavini əlavə edib ki, NATO-nun tərəfdaşlıq üzərində qurulmuş “NATO 3.0” modelinə keçidi təşkilatın ilkin məqsədinə qayıdışı ifadə edəcək: “Həqiqətən möhkəm tərəfdaşlıq fəaliyyəti üçün əsas var. Bunun üçün NATO-nu asılılıq üzərində deyil, tərəfdaşlıq üzərində qurulmuş, alyansın başlanğıc məqsədinə geri dönməsini təmin edən bir növ “NATO 3.0”-a çevirməliyik”.

Bərabərhüquqlu tərəfdaşlığa əsaslanan yeni konsept

Qeyd edək ki, “NATO 3.0” alyansın müdafiə və çəkindirməyə fokuslandığı, Avropanın konvensional müdafiədə rəhbər rolu oynadığı, ABŞ-dan asılılıq əvəzinə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan yeni konseptidir. Bu yanaşma, 2025-ci ildə ABŞ və NATO rəhbərliyinin təşəbbüsü ilə başlayan köklü islahatların davamıdır. Belə ki, bu konsept 2025-ci ildə ABŞ Prezidenti Donald Trampın və Mark Ruttenin NATO Baş katibi kimi fəaliyyəti sayəsində yaranan yeni yanaşmanı əks etdirir.

“NATO 3.0”-ın əsas xüsusiyyətlərinə gəlincə, vurğulandığı kimi, bu ilk növbədə asılılıq deyil, tərəfdaşlığı özündə ehtiva edir. Yəni,  Avropa ölkələri müdafiə xərclərini və məsuliyyətini artıraraq, ABŞ-ın birbaşa dəstəyinə olan yüksək asılılığı azaltmalıdır. İkincisi, Avropa dövlətləri konvensional (ənənəvi) müdafiənin əsas hərəkətverici qüvvəsinə çevrilməlidir.  Bundan başqa, “NATO 1.0”-a qayıdış: Alyansın ilk yaranma məqsədinə-birgə müdafiə və çəkindirməyə  fokuslanmasıdır. Burada realizm və praqmatizm də ön sıralarda dayanır. Yəni, ABŞ-ın milli müdafiə strategiyasına uyğun olaraq daha çevik və real təhdidlərə əsaslanan müdafiə strukturu formalaşmalıdır.

ABŞ Avropadan tələb edir

Nəzərə alaq ki, ABŞ Avropanın təhlükəsizlik məsuliyyətini daha çox öz üzərinə götürməsini tələb edərək, NATO-da struktur islahatları və komandanlığın avropalı zabitlərə təhvil verilməsini istəyir. Bu islahatlar çərçivəsində, Neapol və Norfolkdakı Birləşmiş Qüvvələr Komandanlığı avropalıların rəhbərliyinə keçəcək, ABŞ isə daha aşağı statuslu, lakin əməliyyatlar üçün vacib olan Hərbi Hava, Dəniz və Quru Qoşunları Komandanlıqlarını idarə edəcək.

Əsas islahat tələbləri və struktur dəyişiklikləri ondan ibarətdir ki, Avropa Mərkəzli Komandanlığında ABŞ dominantlığını azaltmaq üçün NATO-nun hərbi rəhbərliyində avropalı müttəfiqlərin, o cümlədən yeni üzvlərin rolu artırılır. Vaşinqton bəyan edib ki, bu islahatlarda məqsəd NATO-nu dağıtmaq deyil, Avropanın təhlükəsizlik xərclərinin və məsuliyyətinin təkcə Amerika vergi ödəyiciləri deyil, həm də Avropa ölkələri arasında tarazlaşdırılmasıdır. Əməliyyat strukturuna gəlincə,  ABŞ alyans daxilində Hərbi Hava, Dəniz və Quru Qoşunları komandanlıqlarını özündə saxlayaraq strateji rolu davam etdirməyi nəzərdə tutur.

NATO-ya münasibətdə skeptik mövqeyi ilə tanınan Donald Tramp Avropa ölkələrinin təkcə müdafiə xərclərini artırmasını deyil, həm də bu vəsaitləri Amerika hərbi sənayesinə yönəltməsini istəyir. Ona qarşı çıxan Fransa prezidenti Emmanuel Makron isə Avropa İttifaqının ABŞ-dan asılılığını azaltmalı və ümumavropa müdafiə sektorunu inkişaf etdirməli olduğunu vurğulayır.  Vaşinqton bir neçə dəfə NATO-nun Avropadakı üzvlərinə müraciət edərək, alyansı dəstəkləmək üçün ABŞ-dan daha çox silah və sursat almalarını tələb edib.

Yenidən hakimiyyətə qayıdan Tramp fəaliyyətə başladığı ilk vaxtlarda NATO üzvlərindən müdafiəyə ÜDM-in 5 faizinin ayırmalarını tələb etmişdi. İndiyədək  bu göstərici 2 faiz təşkil edirdi. “Bloomberg”in mənbələrinə görə, amerikalılar Avropanın ABŞ silahlı qüvvələri ilə daha yüksək səviyyədə operativ uyğunluğa nail olması və Amerika müdafiə şirkətlərinə daha çox sərmayə yatırması halında bu tələbi yumşalda biləcəklərini bildiriblər.  Raket sistemləri, sursatlar, kibersilahlar və digər sahələrdə uyğunluğu artırmaq üçün Avropa ölkələrinin daha çox Amerika müdafiə şirkətləri ilə müqavilə bağlaması tələb olunur. Tramp daha əvvəl onu da bəyan etmişdi ki, NATO-nun 2 faizlik müdafiə xərci tələbinə əməl etməyən ölkələr Rusiya tərəfindən hücuma məruz qalsa, ABŞ onları qorumaq niyyətində deyil: “Xeyr, mən sizi müdafiə etməyəcəyəm. Hətta onlara (Rusiyaya) istədiklərini etməyə icazə verəcəyəm. Siz borclarınızı ödəməlisiniz”.

Pentaqonun rəhbəri Hegset də bildirib ki, ABŞ artıq Avropanın təhlükəsizliyinin zəmanətçisi kimi çıxış edə bilməz. Vaşinqtonun tənqidlərindən sonra NATO-nun Avropa müttəfiqləri alyans üçün xərclərini müəyyən qədər artırsalar da, bu, ABŞ-ı qane etmir. Vaşinqton ardıcıl şəkildə bildirir ki, Avropa ölkələrinin əksəriyyəti müdafiə sahəsinə kifayət qədər vəsait ayırmır. ABŞ ümumi NATO müdafiə xərclərinin təxminən 70 faizini qarşılayır və bu göstərici “ədalətsiz yük bölgüsü” kimi qiymətləndirilir. Bir çox siyasətçilər, xüsusilə Qərbi Avropadan olan politoloqlar Vaşinqtonun mövqeyini daha çox siyasi təzyiq aləti kimi dəyərləndirirlər. Onların fikrincə, bu bəyanatlar əsasən Avropa üzvlərini müdafiə xərclərini artırmağa vadar etmək məqsədi daşıyır. 

“Bu yükü biz öz üzərimizə götürməliyik”

ABŞ-ın bu mövqeyinə qarşı olan əsas dövlətlərdən biri Fransadır. Bu ölkə Avropada hegemonluq rolunu oynamaq üçün özünü qitədə güc mərkəzlərindən biri kimi təqdim etməyə çalışır. Təsadüfi deyil ki, prezident Makron uzun müddətdir Avropanın məhz Avropa istehsalı olan silahları almasının vacibliyini vurğulayır. “Financial Times” nəşrinə müsahibəsində o, Aİ-nin öz müdafiə sənayesini mümkün qədər tez və fəal şəkildə inkişaf etdirməsinin vacib olduğunu bildirib. Bu məqsədlə dövlət investisiyalarının artırılmasını, ortaq satınalmaların təşkilini və Avropa ölkələri arasında müdafiə sənayesi sahəsində transsərhəd birləşmələrin həyata keçirilməsini təklif edib. Onun fikrincə, bu, hazırda parçalanmış olan sektoru konsolidasiya edərək, qlobal rəqabətə davamlı iri müdafiə şirkətləri yaratmağa kömək edəcək. 

Makron Avropanın ABŞ silahlarından asılılığını azaltmalı olduğunu bildirərək, Aİ ölkələrinə Fransız-İtaliya istehsalı olan SAMP-T hava hücumundan müdafiə sistemini almağı təklif edib. Onun sözlərinə görə, bu sistem bir sıra Aİ ölkələrinin istifadəsində olan Amerikanın “Patriot” kompleksindən daha üstündür: “Ola bilsin ki, bəzi şəxslər hələ də müdafiə xərcləri ilə bağlı rəqəmlər üzərində mübahisə aparmaqda davam edirlər. Lakin biz tam inteqrasiya olunmuş Avropa müdafiə, sənaye və texnoloji bazasını yaratmalıyıq. Əgər ABŞ-dan asılılığımızı daha da artırsaq, 20 ildən sonra Avropa suverenliyini təmin edə bilməyəcəyik”. Bununla belə, Makron Avropanın müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmalı olduğunu qəbul edir:  “Tramp Avropaya deyir: “Bu yükü siz daşımalısınız”. Mən isə deyirəm: Bu yükü biz öz üzərimizə götürməliyik”. 

Göründüyü kimi, mövcud vəziyyət NATO daxilində islahatları qaçılmaz edir. Uzun illər ABŞ-ın müdafiə çətirinin altına yığışan Avropa ölkələri özlərinin müdafiə qabiliyyətini artırmalıdır.  

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 193 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28