Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Heydər Əliyev – ən böyük dissident

Heydər Əliyev – ən böyük dissident

13.04.2023 [10:41]

1969-cu ildən başlayaraq 1987-ci ilə qədər Kommunist Partiyasında ən böyük dissident mən idim

Heydər Əliyev

Fransız politoloqu Aland de Eskarın Heydər Əliyevə ünvanladığı bir fikri var: “Cənab Əliyev! 1982-ci ildə Sizin Kremlə gəlişinizlə Sovetlər Birliyinin Yaxın Şərqdəki siyasəti kökündən dəyişdi, ona yeni impuls verildi”. Bu, bir qərblinin qurucu lider haqqında söylədiyi həqiqətdir. Belə ki, Heydər Əliyev tarixə adını bu dönüşün müəllifi kimi yazdıra bildi. Mədəniyyət və Ədəbiyyatda yeni mərhələ yaratmağı bacardı. O, ilk növbədə, ədəbiyyatı sxolast bolşevik şüurun və vulqar sosioloji psixologiyanın məhvərində fırlanmaqdan azad etdi. Xalq şairi Zəlimxan Yaqubun “Əbədiyyət dastanı”ında Heydər Əliyevin həmin dönəmdə sovet imperiyasının daxilində apardığı mücadilə poetik şəkildə əksini tapıb.

İlahi! Gör bu yerdə

O kimlərlə döyüşüb,

Çox əliqanlılarla,

Hakimlərlə döyüşüb.

Cavidi sərt Sibirin

Şaxtasında çürüdən,

Böyük Əhməd Cavadı

Gilə-gilə əridən,

Başımızın üstündən

Göydən odlar ələyən,

Müşfiqi bir gecədə

Al-qanına bələyən...

Zalım, qan ocağının dağıtdı yuvasını,

Təmizlədi ruhunu,

Dəyişdi havasını.

... Qan tökənin gözləri

Oyum-oyum oyuldu,

Bügünkü dövlətinin

Sağlam özül daşları

O kişinin əliylə

Bax o zaman qoyuldu!

Bu məqamda bir məsələni də vurğulamağa ehtiyac var. Heydər Əliyev yalnız qorumurdu, yalnız himayə etmirdi, yalnız cəsarət aşılamırdı. O, həm də sahib çıxmağı bacarırdı. Gücünün yetdiyi qədər milli-mənəvi dəyərlərin qorunmasına çaba göstərirdi. Bu barədə əlbəttə, kifayət qədər təcrübə və bacarığı vardı, amma onlarla bahəm (və daha əsas!) millətinə və xalqına can yanğısı vardı. Heydər Əliyev Sovet epoxası dövründə hakimiyyətdə olduğu illərdə, yəni, 1969-cu ildən 1982-ci ilə qədər nəhəng bir imperiyanın daxilində müstəqil Azərbaycanı addım - addım qurmağa, yaratmağa çalışdı. Qısaca ifadə etməyə çalışsaq: dissident siyasəti! Ümummilli liderin 1969-1982-ci illər ərzindəki fəaliyyətini bu iki sözün birləşməsi uğurlu və dəqiq ifadə edir. Böyük ədəbiyyatşünas alim Yaşar Qarayevin “Müstəqillik dövrünün milli öndəri” məqaləsində yaxşı bir fikir var. Müəllif yazır ki, 60-cı illərə qədər Azərbaycanda “dissident” olmaq mümkün idi. Yəni, şair və yazıçıların buna “imkanları” var idi. 1969-cu ildən sonra bu imkan aradan qaldırıldı. Bəziləri təəccüb edir ki, niyə Azərbaycanda “altmışıncıların” sandıqdan, yasaqdan çıxan əsərləri olmadı? Çünki sandığa ehtiyac olmadı. Hətta Moskvada, mərkəzi jurnallarda çap edə bilmədikləri əsərlərini yazıçılar Bakıda çap edirdilər... Akademik İsa Həbibbəyli doğru olaraq, “XX əsrin yetmiş-səksəninci illərindən etibarən Azərbaycanda milli istiqlal ədəbiyyatının yeni mərhələsi yaranmışdır”, - yazır. Xalq yazıçısı Anar - “Xatırlayıram ki, yalnız Moskvanın deyil, hətta Pribaltika kimi sərbəst, müstəqil fikrə alışmış regionların belə, ziyalıları bizim bəzi kitabları oxuyanda, tamaşa və filmlərimizi görəndə onların yasaqlanmamasına təəccüb edirdilər”, - deyə heyrətini gizlətmir. Nizami Xudiyev mətbuatda çıxışında bu məqama toxunmağı vacib bilir: “Keçmiş sovet məkanında “dissident ovu” aparıldığı illərdə, əslində, ən böyük dissident Azərbaycanın rəhbəri

Heydər Əliyev olmuşdur”.  Bütün bunlar Heydər Əliyevin azad sözə, azad dəyərlərə, milli varlığın ifadəsinə yaratdığı imkanın müstəsnalığı idi ki, bütün bunlar da sonucda müstəqil Azərbaycanın yaranması ilə nəticələndi.

Azərbaycanın dəyərlərini dünyaya tanıtdırmaq və 1937-ci ildə ziyalılığın sındırılmış vüqarını dirçəltmək, reabilitasiya etmək Heydər Əliyev diplomatiyasının çıxış nöqtəsini təşkil etmişdir. Nə qədər gerçəkləşə bildi bu missiya? Zənnimizcə, bütün hallarda bənzərsiz fədakarlıq nümunəsi meydana qoyuldu. Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Cəfər Cabbarlı kimi klassik sənətkarlarımızın keçirilən yubileyləri, onlara qoyulan abidələr, haqlarında yazılan kitablar, tədqiqat əsərləri, həmmüasiri olduğu şair və yazıçılara rəğbəti, onlarla ünsiyyəti, qayğısı, məhrəm rəftarı bu böyük missiyanın, bu böyük islahat dalğasının əsas təzahürləri idi. İstər ölkə daxilində gedən siyasi proseslərə, məhəlli ziddiyyətlərə, istərsə də dünya siyasətində Azərbaycana qarşı aparılan əks təbliğatlara, mürəkkəb diplomatik çəkişmələrə baxmayaraq və onlara önəm verməyərək, Heydər Əliyev SSRİ adlanan nəhəng imperiyanın daxilində müstəqil Azərbaycanın dəyərləri uğrunda inad və inamla mübarizə apardı.

Hakimiyyətinin birinci dönəmində Heydər Əliyevin irəli sürdüyü nəzəri-ideoloji prinsiplərin şairlərin yaradıcılığına bilavasitə təsiri olmuşdur. Şairlər, yaradıcı adamlarla tez-tez görüşən

Heydər Əliyevin onlarla ünsiyyət zamanı səsləndirdiyi hər hansı fikirlər bu yaradıcı şəxslər üçün enerji və güc mənbəyinə çevrilmiş, impuls yaradan qüvvə olmuşdur. Məsələn, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz poeziyasının oynaq ritmi, həyəcan, çağırışa köklənən üslubu Heydər Əliyev siyasətinin poeziyaya qazandırdığı cəsarət ruhu üzərində qərar tuturdu. Milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində bu şairlərin böyük rolu olmuşdur. Həmçinin tarixi-mədəni dəyərlərə ehtiram və ana dilinin saflığının qorunması onların fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edirdi. Akademik İsa Həbibbəyli “Milli istiqlal şairi Bəxtiyar Vahabzadə haqqında söz” məqaləsində yazır: “Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan Respublikasının rəhbəri kimi azərbaycançılıq istiqamətində dövlət səviyyəsində həyata keçirdiyi genişmiqyaslı tədbirlər ölkədə milli-mənəvi özünüdərkə və bu ideala xidmət edən ədəbiyyata geniş meydan açmışdır. Fikrimizcə, həmin dövrdən, yəni, XX əsrin yetmiş-səksəninci illərindən etibarən Azərbaycanda milli istiqlal ədəbiyyatının yeni mərhələsi yaranmışdır. Xalq şairi Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz, Sabir Rüstəmxanlı və başqaları yeni dövr Azərbaycan milli istiqlal ədəbiyyatının yaradıcıları kimi meydana çıxmışlar. Bu sahədə Bəxtiyar Vahabzadənin özünəməxsus böyük xidmətləri vardır”.

Diqqət eləsək, Bəxtiyar Vahabzadənin bütün yaradıcılığından bir xarakterik obraz keçir - üsyankar, çılğın, mübariz, vətən sevdalı, dil aşinası, həyat mücahidi... Hətta sovet dönəmində yazdığı ilk poemalarında belə dinə, cəhalətə, istibdada qarşı kəskin üsyan var.  “Mərziyə”, “Bağışlayın, səhv olub” poemalarında  daha çox dini xürafatın, mövhumatın tənqidi, dil məsələlərinin aktuallanması əsas yer tutur ki, bu da şairin maarifçilik ideallarından zəmin alırdı. Şairin 1970-ci illərdə yazdığı “XX əsrin adamı” şeirində isə sovet ideologiyasına açıq-aşkar üsyan qaldırılır və etiraf edək ki, ancaq o dövrdə özünü arxalı, güvənli hesab edən şair qələminin gücü yetərdi bu şeirləri yazmağa:

Gözüm şüşə, dişim qoyma,

Qıçım taxta,

Arzuları vurdu şaxta,

Qanım qara laxta-laxta

Kişilikdən bir əsər yox,

Özüm axta

Sözüm saxta.

Yalanlara əl çalıram.

Alçaldıqca ucalıram.

Sözüm iki,

Üzüm iki.

Mən əyriyə düz deyirəm,

Gecəyə gündüz deyirəm.

... Əməlsiz də keçib gedər

Təki bollu sözün olsun.

Ağ yalanı qıpqırmızı

Demək üçün sözün olsun

Protokol, söz oğluyam

Mən əsrimin öz oğluyam.

Yaxud X.R.Ulutürk “Afrikanın səsi” şeirində estetik ovqatın çaları artıq dəyişmişdi. Bu poeziyadan ətrafa kükrəyən, püskürən odlu nəfəsin enerjisi yayılırdı:

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram!

Qolumdakı zəncirləri qıram gərək! Qıram! Qıram!

Azadlığı istəmirəm bir həb kimi, dərman kimi,

İstəyirəm Səma kimi, Günəş kimi! Cahan kimi!

Çəkil, çəkil, ey qəsbkar!

Mən bu əsrin gur səsiyəm;

Gərək deyil sısqa bulaq,

Mən ümmanlar təşnəsiyəm!

Şairin tədqiqatçıları dönə-dönə qeyd etmişlər: şeirin ilkin adı “Azadlıq” olub və milli varlığın ağrılarından qurtulmaq üçün haray çəkən şairin düşüncələrini ifadə edir. Xəlil Rzanın sovet dövründə yazılan əksər şeirləri millilik, türklük ruhu üzərindədir və təsadüfi deyil ki, şairin müstəqillik illərində yazdığı şeirlərdən poetik ovqat baxımından fərqlənmir. Bu ovqatı poeziyaya qazandıran qüvvənin adı nə idi bəs? Əlbəttə ki, Heydər Əliyevin dissident siyasətinin gücü. Xalq yazıçısı Elçinin “Dünya axirət əkini...” məqaləsində bu məqama vurğu salan bir çox məqamlarla qarşılaşırıq: “80-ci illərin əvvəllərində Azərbaycanda milli təfəkkürün, özünəqayıdışın ayrı-ayrı fərdlər arasında yox, bir küll halında oyanma dövrü idi. Yalnız elə Hüseyn Cavidin cənazəsinin Sibirdən gətirilib, doğma yurdda torpağa tapşırılması faktını xatırlayaq. Yaxud 1981-ci ildə Azərbaycan Yazıçılarının VII qurultayındakı sözün yaxşı, sağlam mənasında millətçilik əhvali-ruhiyyəsi, “İran Azərbaycanı” ifadəsinin “Cənubi Azərbaycan” ifadəsi ilə əvəz olunmasının rəsmiləşdirilməsi...”

Anar “Şəxsiyyətin miqyası” məqaləsində yazır: “Xatırlayıram ki, yalnız Moskvanın deyil, hətta Pribaltika kimi sərbəst, müstəqil fikrə alışmış regionların belə ziyalıları bizim bəzi kitabları oxuyanda, tamaşa və filmlərimizi görəndə onların yasaqlanmamasına təəccüb edirdilər”.

Nəriman Həsənzadənin “Mənim ədəbi taleyim” kitabında oxuyuruq: “Akademik Milli Dram Teatrında “Bütün Şərq bilsin” pyesimin tamaşasıydı. Teatrın baş rejissoru və tamaşanın rejissoru Mərahim Fərzəlibəyovla yanaşı, oturmuşduq. Azərbaycan KP MK-nın Büro üzvləri Heydər Əliyev başda olmaqla tamaşaya baxmağa gəlmişdilər. Nərimanov rolunda çıxış edən xalq artisti Məlik Dadaşov monoloq dediyi yerdə, birdən “yaşasın, böyük rus xalqı”, “böyük rus xalqına eşq olsun” kimi pyesdə olmayan sözlər işlətdi. Mərahimlə mən bir-birimizin üzümüzə baxdıq və heç bir söz demədik. Tamaşadan sonra Məlik müəllimdən soruşdum ki, niyə belə dedin? Axı əsərdə elə sözlər yox idi. Cavab verdi ki, səhnənin ortasında Azərbaycan, azadlıq, neft, millət haqqında misraları deyəndə, Büro üzvlərindən ikisi üzümə elə sərt baxdı ki, özümü itirdim, dediyim misralar ağzımda yarımçıq qaldı. Tez özümdən əlavələr etdim. Belə bir mühitdə Heydər Əliyev həm özü cəsarət göstərirdi, həm də bizi cəsarətə səsləyirdi.

Bu mənada, haqlı səsləndirilən bir fikirlə razılaşmamaq olmur: “Keçmiş sovet məkanında “dissident ovu” aparıldığı illərdə əslində ən böyük dissident Azərbaycanın rəhbəri Heydər Əliyev olmuşdur” (Nizami Xudiyev). Bunu Heydər Əliyevin özü də bilirdi və bəyan etməkdən çəkinmirdi. Xalq yazıçısı Anarın “Yaşamaq haqqı” kitabında belə bir epizod yer alıb: “Qurultayda Heydər

Əliyevin çıxış etdiyi iclası mən aparırdım və belə bir replika atdım:

- Heydər müəllim, bir dəfə “Ən böyük dissident elə mən özüm olmuşam” dediniz.

- Tamamilə doğrudur, - dedi Heydər Əliyev və: - Düzdür, mən şeir yazmıram, roman və ya hekayələr yazmıram. Ancaq 1969-cu ildən başlayaraq 1987-ci ilə qədər Kommunist Partiyasında ən böyük dissident mən idim, - deyə əlavə etdi”.

 Heydər Əliyevin qoruduğu, arxasında dayandığı işlərin, əsərlərin yaddaş və tarixlə bağlı hər qatında milli tariximizin, milli varlığımızın nəfəsi duyulurdu. Bu qatlar tarix, dil, azadlıq idealları, istiqlal vuruşu idi. O səbəblər ki, Heydər Əliyev onlarda insan, zaman, torpaq, yaddaş, əxlaqla bağlı çeşidli, milli-mənəvi məsələlərin bədii təcəssümünü görürdü, onları qoruyurdu, hər yerdə və həmişə humanist başlanğıcdan çıxış edərək dünya nizamına aparan yolları ayırd etməyə, onları insanlara nişan verməyə çalışırdı.

ELNARƏ AKİMOVA,

YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru,

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda şöbə müdiri

Paylaş:
Baxılıb: 483 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31