Xalq öz liderinə arxa-dayaq oldu!
16.03.2023 [10:14]
“Mən bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmayacaq, onların xatirəsi qəlbimizdə əbədi yaşayacaq. Gənclərimiz və gələcək nəsillər onların qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaq”
Aslan Aslanov
(Əvvəli ötən saylarımızda)
Mən həmin illərdə AZƏRTAC-da işimizin necə gərgin, necə çətin olduğunu dedim. Deyim bunu da biləsiniz: heç kim bu çətin işdən yoruldum, usandım demirdi. Biz kasetlərdən Heydər Əliyevin səsinə qulaq asıb sözbəsöz kompüterlərdə yığır, dönə-dönə oxuyurduq, korrekturasına, redaktəsinin nizamına diqqət yetirirdik. Sübh tezdən bu materialların dərc olunduğu qəzetlər poçt göyərçinləri kimi ölkənin hər yerinə çatırdı. İnsanlar onu maraqla oxuyub bir-biri ilə paylaşırdılar. Deyilənə görə, hətta bir qəzet gün ərzində neçə-neçə ailəyə oxumaq üçün verilirdi.
Bir qədər əvvəl qeyd etdiyim kimi, bütün xalq prezident seçkilərini səbirsizliklə gözləyirdi. Seçkilərə hazırlıq dövründə ayrı-ayrı idarə və müəssisələrin, iri zavod və fabriklərin kollektivləri Heydər Əliyevlə görüşmək istəyir və bu barədə səlahiyyətli orqanlara müraciətlər edirdilər. Prezidentliyə namizədliyi irəli sürülmüş Ulu Öndər sentyabrın 20-də hüquq-mühafizə orqanlarının nümayəndələri, ertəsi gün isə Milli Elmlər Akademiyasında ziyalılar qarşısında çıxış etdi. Sentyabrın 22-də Ali Sovetin binasının böyük salonunda respublika gənclərinin nümayəndələri ilə keçirilən görüş də indiki kimi yadımdadır. O vaxt Azərbaycan Gənclər İttifaqının sədri işləyən Sahib Ələkbərovun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən həmin görüşdə gənclərin çox maraqlı çıxışları, ölkənin gələcəyinə dair yaradıcı fikirləri, təklifləri Heydər Əliyev tərəfindən böyük rəğbətlə qarşılandı. Gənclərin bu fəallığını görəndə, ağıllı fikirlərini eşidəndə hiss olunurdu ki, Ulu Öndər bu ağır günlərin yorğunluğunu sanki bir anlıq unudur, mənən rahatlıq tapırdı.
Təxminən üç saatdan çox davam edən görüşdə Heydər Əliyev ölkənin hazırki ictimai-siyasi vəziyyət, gənc müstəqil Azərbaycan Respublikasında elm, təhsil, hərbi vətənpərvərlik, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə vacib proqramlar barədə gənclərə ətraflı məlumat verdi, qarşıda duran vəzifələrdən danışdı. Sahib Ələkbərovun moderatorluğu ilə keçən həmin maraqlı görüş sonrakı illərdə də tez-tez xatırlanırdı.
Heydər Əliyev sentyabrın 28-də Bakı Kondisionerlər Zavodunda paytaxt sənaye müəssisələrinin əmək kollektivləri nümayəndələrinin mitinqində çıxışı zamanı deyirdi: “Mənim üçün bu zavodda olmaq, bu binada olmaq çox əzizdir. Bura mənim doğma yerimdir”.
Bu zavodunun Bakıda tikilməsi heç də asanlıqla başa gəlməmişdi. Onun tikintisi ilə bağlı həm sovet hökuməti, həm də Yaponiya tərəfindən çox ağır şərtlər irəli sürülmüşdü. Deyilənə görə, əslində ittifaq respublikalarının bir çoxu kondisioner zavodu tikməkdə çox maraqlı idi. Amma şərtlər çox ağır olduğundan buna risk etmədilər. Zavod həm dünya standartları səviyyəsində, həm də çox qısa müddətdə (iki il yarıma) tikilib başa çatdırılmalı idi. Digər tərəfdən, Kremldə bir çoxları Heydər Əliyevin təklifinə hər vəchlə mane olurdular. Onlar bu zavodun tikintisinin Azərbaycan Respublikasına etibar edilməsinə dair sovet rəhbərliyinin müvafiq qərar imzalamasına yol verməmək üçün nəyə desən əl atırdılar.
Mitinqdə bu barədə danışan Heydər Əliyev dedi: “Bu zavodun tikintisinə 1973-cü ildə başladıq. Ondan qabaqki dövrdə böyük müqavimətlərə sinə gərərək öz mülahizələrimizin üstündə durub zavodun məhz Bakıda tikilməsinin vacibliyini sübut etdik. Bu müəssisəni iki ildə tikib başa çatdırmağa dair verdiyimiz sözə sizinlə birlikdə hamımız - Azərbaycanın o vaxtkı fəhlələri, inşaatçıları, mühəndisləri, mütəxəssisləri ilə birlikdə əməl etdik. Nəhəng müəssisənin inşasını vaxtında başa çatdırdıq və beləliklə, bütün dünyaya (mən bunu tam məsuliyyət hissi ilə deyirəm) sübut etdik ki, Azərbaycan xalqı böyük xaruqələr yaratmağa qadirdir və Azərbaycan xalqının daxilində böyük istedad, böyük elmi-texniki potensial var”.
Nəhayət, ölkə əhalisinin səbrsizliklə gözlədikləri seçki günü gəlib çatdı. 1993-cü il oktyabrın 3-də sübh tezdən ən ucqar kəndlərdən, yaşayış məntəqələrindən tutmuş paytaxt Bakıyadək hər yerdə insanlar böyük şadyanalıq və inamla seçki məntəqələrinə gəlirdilər. Bir-birini təbrik edən, gözaydınlığı verən insanlar uca Tanrıya dualar edirdilər ki, bu seçki bütün ölkəyə, xalqımıza firavanlıq, xoş güzəran gətirsin, torpaqlarımız işğaldan azad olunsun.
Bəli, xalq öz liderinə arxa-dayaq oldu, onun ətrafında sıx birləşməyə yekdil qərar verdi. Heydər Əliyev seçicilərin tam əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi.
Andiçmə mərasimində Ulu Öndər böyük inamla deyirdi: “Mən bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmayacaq, onların xatirəsi qəlbimizdə əbədi yaşayacaq. Gənclərimiz və gələcək nəsillər onların qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaq”.
Heydər Əliyev həmişə olduğu kimi bu dəfə də vədinə və sözünə sadiq qaldı. Xalqımızın dahi övladı, vaxtilə siyasi hakimiyyət elitasının zirvəsində qərar tutan, dövrünün ən parlaq siması olan Heydər Əliyev nəyə qadir olduğunu bir daha bütün dünyaya - dostlarımıza da, bədxahlarımıza da sübut etdi.
1969-1982-ci illərdə qurduğu abad, firavan Azərbaycandan 1993-cü ildə Heydər Əliyevə ağır miras qalmışdı. Respublika səbatsız və təsadüfi rəhbərlərin xalqa zidd siyasəti nəticəsində daxili və xarici düşmən təxribatları üçün poliqona çevrilmişdi. Xəyanət və satqınlıq ucbatından torpaqlarının bir hissəsi işğal olunmuş, yüz minlərlə soydaşımızın öz doğma yurdlarından didərgin düşdüyü ölkə - mənzərə belə idi.
Hakimiyyət davası, cinayətkarlıq və terrorçuluq, qorxu və sabaha inamsızlıq, Qarabağın əliyalın azərbaycanlı əhalisinin silahlı Ermənistan ordusu qarşısında köməksizliyi, şəhər və kəndlərimizin yerlə-yeksan edilməsi, ordu quruculuğuna cinayətkarcasına biganə münasibət, iqtisadi təxribatlar, millli strateji sərvətlərin talan olunması, tayfabazlıq və dövlət mafiyası o dövrdəki hakimiyyətin xarakterik cizgiləri idi.
Azərbaycan xalqının yaddaşına müasir, müstəqil Azərbaycan dövlətinin banisi kimi əbədi həkk olunmuş ulu öndər Heydər Əliyev öz yeni tarixi missiyasına məhz belə ağır, mürəkkəb şəraitdə başlayırdı. Ölkənin müqəddəratının sual altında olduğu bir dövrdə Azərbaycan xalqının öz taleyini Heydər Əliyevə etibar etməkdə yanılmadığını Ulu Öndər hakimiyyətə qayıdışının elə ilk aylarından sübuta yetirdi. Ölkəni bir neçə il ərzində taqətdən salan hərc-mərcliyə, hakimiyyət böhranına qısa müddətdə son qoyuldu. Sabitlik və əmin-amanlıq təmin edildi, siyasi və iqtisadi böhranın, erməni təcavüzünün Azərbaycanın dərinliklərinə irəliləməsinin qarşısı alındı. Ən başlıcası isə insanlarda gələcəyə inam yarandı. Bu inamın fəlsəfəsini o dövrdə meydana gəlmiş “xalq-Heydər” və “Heydər-xalq” deyimi çox aydın şəkildə təcəssüm etdirirdi. Beləliklə, 1993-cü il Azərbaycanın müasir tarixinə yeni dövrün başlanğıcı, qurtuluş anı kimi daxil oldu. Qüdrətli dövlət xadimi Heydər Əliyev çox böyük müdrikliklə ölkənin inkişaf vektorunu müəyyənləşdirdi, strateji hədəfləri dəqiqləşdirdi, mükəmməl xarici siyasət konsepsiyası işləyib hazırladı.
Xarici tərəfdaşlarımız sonralar etiraf edirdilər ki, Heydər Əliyev dövlətin xarici siyasət konsepsiyasını Azərbaycanın Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən körpü rolunu möhkəmləndirən, modernləşmənin əsasını qoyan konsepsiyanı son dərəcə tarazlaşdırılmış şəkildə quraraq, onu beynəlxalq inkişafın qlobal meylləri ilə əlaqələndirə bildi.
1993-cü il prezident seçkilərindən dərhal sonra başlanan müasir, milli Azərbaycan dövlətinin qurulmasının yeni mərhələsi ölkədə yaranmış ağır siyasi-iqtisadi böhranın yaratdığı dərin problemlər, respublikamızın ərazi bütövlüyü və dövlət müstəqilliyi üçün real təhlükə, həm də bu təhlükənin sönməyən ocağa çevrilməsi üçün xarici qüvvələr tərəfindən açıq-aşkar göstərilən cəhdlərin hansı nəticələr verə biləcəyi dərin təhlil tələb edirdi.
Digər tərəfdən, xalqı ölkənin ərazi bütövlüyünün və bərpası üçün ayağa qaldırmaq zərurəti yaranmışdı. Ona görə də Prezident Heydər Əliyev noyabrın 2-də dövlət radio və televiziyası ilə xalqa müraciət etdi. Bu müraciət xalq-iqtidar birliyinin yaranması və möhkəmlənməsi işinə çox güclü təkan oldu.
Bu məqamda 1990-cı illərin əvvəllərində Azərbaycanda çox məşhur olan Mirzə Xəzərdən aldığım müsahibə yadıma düşdü. Oxucu yəqin ki, xronoloji ardıcıllığı pozmağımı bağışlayar.
İnternetdə vikipedia azad ensiklopediyasında onun haqqında məlumata bir daha nəzər saldım: Mirzə Kərim oğlu Mikayılov 1947-ci ildə Azərbaycanın Göyçay rayonunda doğulub. Dağ yəhudisi olan Mirzə Xəzər radio jurnalisti, publisist, naşir, Bibliyanın, “Əli və Nino” romanının tərcüməçisi kimi həm bir sıra Qərb ölkələrində, həm də doğulub təhsil aldığı Azərbaycanda çox məhşur idi. Onun 20 Yanvar faciəsi zamanı televiziya, radio və qəzetlərin tamamilə qapadıldığı bir vaxtda sovet qoşunlarının Bakıda və bir sıra rayonlarda dinc insanlara qarşı törətdikləri vəhşiliklər barədə xəbərləri peşəkar jurnalist, Vətəni üçün canından keçməyə hazır olan rəhmətlik Elmira Əhmədova ilə birlikdə dünyaya çatdırması heç kimin yadından çıxa bilməz.
Mən “Əli və Nino” romanının tərcüməsini də sonralar Azərbaycan jurnalında oxumuşdum. Amma bilmirdim ki, bu romanın tərcüməsini ona yazıçı Yusif Səmədoğlu sifariş edib. Hətta tərcüməçiyə çatacaq pul Mirzə Xəzərin xahişi ilə 20 Yanvar şəhidlərindən birinin ailəsinə verilibmiş.
1993-cü ili payızında Mirzə Xəzər Bakıya gəlmişdi. Oktyabrın 14-də mənə tapşırıq verildi ki, Prezident Aparatına gəlib ondan müsahibə götürməyin məsləhətdir. O vaxt Azərbaycanda Mirzə Xəzərin adı və səsi hamıya çox yaxşı tanış olsa da, əlavə məlumat tapmaq indiki qədər asan deyildi.
Deyilən vaxtda Prezident Aparatında oldum. Məni Mirzə Xəzərə təqdim etdilər, çox gülərüzlə qarşıladı və dedi ki, özüm də istəyirdim rəsmi dövlət agentliyinə müsahibə verim. Xahiş etdi ki, söhbət çox uzun çəkməsin, çünki bir azdan Prezident Heydər Əliyev onu qəbul edəcək.
Ona birinci sualım uzun ayrılıqdan sonra Vətənə gəlməsinin onda yaratdığı hisslər və təəssüratı barədə oldu.
Sualıma belə cavab verdi:
- On doqquz ildən çoxdur ki, Azərbaycandan çıxmışam. Vətənə gəlmək, onu yenidən görmək çoxdankı arzum idi. Bunun üçün fürsət tapa bilmirdim. Nəhayət, arzum çin oldu. Vətənə gəldim, Azərbaycan Prezidenti Heydər Əliyevin andiçmə mərasimində iştirak etdim. Sevinirəm ki, yenidən doğma Bakının havasını uduram, küçələrini gəzirəm.
Vaxtın azlığını nəzərə alıb əsas mətləbə keçdim:
- Ermənistanın işğalçı, cinayətkar hərəkətinin ört-basdır edilməsində xaricdəki erməni diasporunun mənfur rolu göz qabağındadır, sizcə, Qərbdə Azərbaycan diasporunun yaradılmasına nə mane olur?
Cavabı belə oldu:
- Bilirsiniz, Amerikada, habelə Avropanın hər yerində Azərbaycan cəmiyyətləri çoxdur, yeni-yeni cəmiyyətlər də fəaliyyətə başlayır. Amma bunun səmərəsi o qədər də çox deyil. Çünki siyasi baxışlar müxtəlifdir. Hər cəmiyyət özünün rəğbət bəslədiyi ideologiyaya üstünlük verir. Bu da pərakəndəlik yaradır. Ona görə də Azərbaycan diasporunun formalaşması böyük çətinliklər doğurur. Bu cəmiyyətlərin fəaliyyətinin bir istiqamətə yönəldilməsinə ciddi ehtiyac var.
Mirzə Xəzərlə söhbətimiz təxminən yarım saat çəkdi. Aramızda xoş münasibətlər yarandı. Prezidentin köməkçisi yaxınlaşıb onu cənab Prezidentin qəbuluna dəvət etdi. Sonralar Prezident Heydər Əliyevin bir sıra xarici ölkələrə səfərləri zamanı biz onunla dəfələrlə görüşdük. Əslində o, həmişə azərbaycanlı jurnalistlərlə bir yerdə olurdu, onların əksəriyyəti ilə yaxşı münasibətləri vardı.
(Ardı var)
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

