Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İrəvanda ali təhsilli milli pedaqoji kadr hazırlığı (1954-1988)

İrəvanda ali təhsilli milli pedaqoji kadr hazırlığı (1954-1988)

06.12.2022 [10:32]

Cəlal Allahverdiyev

filologiya üzrə fəlsəfə doktoru, dosent

II yazı

SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il və 10 mart 1948-ci il tarixli məlum qərarları ilə 100 min azərbaycanlı öz tarixi torpaqlarından deportasiya edilməli  idi. Amma Ermənistanın şovinist hakimiyyəti bu əlverişli “tarixi” şəraitdən istifadə edərək deportasiyaya məruz qalan azərbaycanlıların sayını 150 minə çatdıra bilmişdi. 1948-1953-cü illərdə azərbaycanlı əhali ilə yanaşı, onlara məxsus olan bir sıra mədəni-maarif ocaqları da deportasiyaya məruz qalmışdı. İrəvanda fəaliyyət göstərən azərbaycanlı qadınlar klubunun, azərbaycanlı qızlar məktəbinin, Azərbaycan teatrının, Ermənistan Şura Yazıçıları Cəmiyyətinin nəzdində yaradılmış Türk yazarlar bölməsi və bir sıra ümumtəhsil məktəblərinin də fəaliyyəti dayandırıldı. O cümlədən, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsi də deportasiyaya məruz qaldı. ll Dünya müharibəsindən sonra azərbaycanlıların öz doğma torpaqlarından kütləvi deportasiyası ermənilərin xalqımıza qarşı həyata keçirdiyi siyasətin ən müdhiş nəticəsi idi.

Ermənilərin azərbaycanlılara qarşı dövlət səviyyəsində apardığı soyqırımı siyasəti, deportasiya aksiyası təkcə İrəvanda Azərbaycan ictimai-siyasi mühitinə deyil, eyni zamanda, ədəbi-mədəni mühitinə də böyük zərbə vurmuşdur. İrəvan Türk Pedaqoji Texnikumunun və İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycana köçürülməmişdən bir ay əvvəl Ermənistanın Maarif Naziri 7 oktyabr 1948-ci il tarixli 719 nömrəli əmr imzalayır. Həmin əmrdə göstərilir ki, “İrəvanda Azərbaycan dilində fəaliyyət göstərən təhsil müəssisələrinin Azərbaycan SSRİ-yə köçməsi ilə əlaqədar olaraq, həmin təhsil müəssisələrində işləyən  müəllim kontingenti 7 oktyabr 1948-ci ildən etibarən işdən azad edilsinlər”. Beləliklə, İrəvanda Azərbaycan ictimai-siyasi,ədəbi-mədəni mühitinin aparıcı nümayəndələri olan Mehdi Kazımov, Həbib Məhəmmədzadə, Adil Axundov, Mirəli Seyidov, Fərhad Fərhadov, Bülbül Kazımova, Əşrəf Bayramov,

İsmayıl Şükürzadə, Bəhlul Yusifov, Əsgər Cəfərov, Zaman Vəliyev və başqaları 1948-ci il deportasiyasına məruz qaldılar. Mehdi Kazımov, Əşrəf Bayramov, Əyyub Babayev, Səkinə İsmayılova pedaqoji fəaliyyətlərini indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində davam etdirmişdilər. Ümumiyyətlə, adlarını qeyd etdiyimiz və etmədiyimiz deportasiyaya məruz qalmış bir çox ziyalıların Azərbaycan elm, mədəniyyət, ictimai-pedaqoji fikrin inkişafında misilsiz xidmətləri olmuşdur.

6 illik fasilədən sonra 1954-cü ilin aprel ayında Ermənistanın müvafiq qurumları tərəfindən X.Abovyan adına İrəvan Dövlət İnstitutunun Azərbaycan bölməsinin yenidən bərpa olunması haqqında qərar qəbul edilir. Pedaqoji institutun bərpa olunan Azərbaycan şöbəsi ilk ildə fizika-riyaziyyat, Azəbaycan dili və ədəbiyyat fakültələri ilə fəaliyyətə başlamışdı. Sonrakı illərdə isə tarix, təbiət və coğrafiya, pedaqogika və ibtidai məktəb metodikası ixtisasları üzrə müəllim kadrları hazırlayan yeni fakültələr təşkil edilmişdi. İnstitutda Azərbaycan dili və ədəbiyyatı ixtisasından başqa ,bütün ixtisaslar müvafiq erməni kafedralarında təmsil olunmuşdu. Kafedraya əvvəllər görkəmli yazıçı, ədəbiyyatşünas alim Əkbər İrəvanlı rəhbərlik etmişdir. İrəvan Dövlət İnstitutunun 1954-cü ildə yenidən bərpa edilən Azərbaycan şöbəsində dərs demək üçün ilk dəvət edilən müəllimlərdən biri görkəmli tədqiqatçı-alim, pedaqoq, əməkdar müəllim Lətif Talıb oğlu Hüseynzadə olmuşdur. O 1954-cü ildən 1970-ci illərə qədər burada dərs demişdir. İnstitutun kadr potensialının formalaşmasında, tədris prosesinin yüksək səviyyədə təşkil olunmasında Azərbaycan şöbəsinin müdiri işləmiş Əkbər İrəvanlının da xidmətləri olmuşdur. Azərbaycan dili və ədəbiyyatı kafedrasında müxtəlif vaxtlarda Lətif Hüseynzadə, Məsim Məmmədov, Hüseyn İsmayılov, Aidə Salahova, Məhərrəm Hüseynov, Mehdi Həsənov, Məhərrəm Bayramov, Şövkət Kərimov, Vilayət Əliyev, baş müəllimlər Zoya Səfərova, Cahangir Hüseynov, Kifayət Qasımova, Azər Bayramov və başqaları fəaliyyət göstərmişdilər.1962-1966-cı illərdə institutun Azərbaycan şöbəsində İsmayıl İsmayılov Azərbaycan dili fənnini tədris etməklə yanaşı,eyni zamanda pedaqoji təcrübənin rəhbəri vəzifəsində çalışmışdır. İrəvan Dövlət Pedaqoji İnstitutu 1954-cü ildə fəaliyyətə başlayanda kifayət qədər pedaqoji ustalığa malik müəllimlər cəlb edilmişsə də, artıq sonraki illərdə institutun Azərbaycan şöbəsində dərs deyən müəllimlərin sayı xeyli artmışdır. Əməkdar rəssam Cabbar Quliyev təsviri sənət, incəsənət tarixi və estetika (1961-1988), tarix elmləri namizədi İsrafil Məmmədov-tarix (1964-1988), Sabir Səfərov-fəlsəfə (1967-1988), böyük ədəbiyyatşünas, istedadlı pedaqoq İbrahim Xəlilov-Azərbaycan ədəbiyyatı(1970-1974), baş müəllim Fərrux Rzayev - pedaqogika (1964-1988), Həsən Səfərov-siyasi iqtisad (1980-1988), psixologiya elmləri doktoru, professor Əkbər Bayramov-psixologiya, görkəmli ədəbiyyatşünas, ictimai-siyasi xadim Hidayət Orucov-19 və 20-ci əsr Azərbaycan ədəbiyyatından dərs demişdilər.

İrəvan Pedaqoji İnstitutunun Azərbaycan bölməsinin səmərəli fəaliyyət göstərməsində, tədris prosesinin təşkilində, milli pedaqoji kadrların hazırlanmasında Azərbaycandan, xüsusən Bakıdan dəvət olunmuş bir sıra görkəmli alimlərin-akademik Məmməd Cəfər Cəfərov, akademik Əli Sultanlı, AMEA-nın müxbir üzvləri Əbdüləzəl Dəmirçizadə, Əziz Mirəhmədov, Maqsud Cavadov, filologiya elmləri doktorları, professorlar Xalid Əlimirzəyev, Yəhya Seyidov, Abbas Zamanov, İnayət Bektaşi, Aydın Hacıyev, Mürsəl Həkimov, Alməmməd Alməmmədov, Firudin Hüseynov, Nizami Xudiyev, Zeynal Tağızadə, Müseyib Məmmədov, Vaqif Arzumanlı, Hüseyin Əhmədov, Bayram Əhmədov, elmlər doktoru Elməddin Əlibəyzadə, dosentlər Məmmədbağır Hidayətzadə, Bilal İbrahimov, Yunus Məmmədov, Azər Hüseynov, Qənbər Hüseynov  və başqalarının böyük əməyi olmuşdur. Adlarını qeyd etdiyimiz bu görkəmli ziyalılar müxtəlif illərdə institutun Azərbaycan şöbəsində ayrı-ayrı ixtisasların ən mühüm məsələləri ilə bağlı mühazirələr oxumuşlar. Mütəxəssis hazırlığının keyfiyyətini yüksəltmək məqsədilə bu görkəmli ziyalıların dediyi mühazirələr bu gün də tələbələrin yaddaşından silinməmişdir.

Filologiya elmləri doktoru, professor Fərhad Fərhadov, iqtisad elmləri doktoru, professor Rəhim Allahverdiyev, tarix elmləri doktorları, professorlar Mehdi Erivanski, tarix elmləri namizədləri İsmayıl Şükürzadə və Bəhlul Yusifovun da elmi-pedaqoji fəaliyyətləri institutun Azərbaycan şöbəsi ilə sıx bağlı olmuş, yüksək ixtisaslı milli pedaqoji kadrların hazırlanmasında böyük fəaliyyət göstərmişdilər.

İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində elm, ədəbiyyat və mədəniyyət xadimləri ilə keçirilən görüşlər tələbələrə xoş təsir bağışlamaqla yanaşı, onların dünya görüşünün formalaşmasında böyük rol oynayırdı. 1967-ci ildə Azərbaycanın müxtəlif elm və təhsil müəssisələrində çalışan alimlərin tarix elmləri doktoru, professor İosif Striqunov, AMEA-nın Nizami adına Dil və Ədəbiyyat institutunun şöbə müdiri, filologiya elmləri namizədi Mirəli Seyidov, tarix elmləri namizədləri Süleyman Məmmədov, Oktay Əfəndiyev və başqalarının İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan şöbəsinin müəllim və tələbələri ilə görüşləri çox maraqlı keçmiş,kollektivə böyük təsir bağışlamışdı. Mirəli Seyidov çalışdığı institutun fəaliyyəti və üzərində işlədiyi “Əxilik”, Oktay Əfəndiyev uzun illər Şah İsmayıl Xətai haqqında apardığı tədqiqatlar, Süleyman Məmmədov Böyük Oktyabra həsr edilmiş əsərlər və qarşıdakı yaradıcılıq fəaliyyəti barədə çıxışlar etmişlər.

İnstitutun Azərbaycan şöbəsinin tədrisin təşkilindəki uğurları, eyni zamanda, elmi işlərin də daha yüksək səviyyədə qurulmasına real imkan yaradırdı. Bunun da nəticəsində institutun Azərbaycan şöbəsində aparılan elmi tədqiqat işləri tədricən genişlənirdi. 1966-cı ildə İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasının ilk dəfə hazırladığı “Elmi əsərlər” adlı məqalələr toplusu nəşr olunmuşdur ki, burada da filologiya elmləri namizədləri, dosentlər, Lətif Hüseynzadənin, Əkbər İrəvanlının və müəllimlərdən Əli Dalqılıcovun məqalələri öz əksini tapmışdı.

1970-ci illərdə İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan şöbəsinin elmi-pedaqoji fəaliyyətinin ən ahəngdar və məhsuldar illəri olmuşdur. Belə ki, bir sıra kafedralarda azərbaycanlı müəllimlərin elmi-tədqiqat əsərləri nəşr edilmiş, bir neçə dissertasiyalar müdafiə edilmişdir. 1969-cu ildə Mehdi Həsənov, 1972-ci ildə İsrafil Məmmədov, 1974-cü ildə Məsim Məmmədov və Sabir Səfərov, 1982-ci ildə Məhərrəm Hüseynov uğurla müdafiə etmişdilər.

İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsinin fəaliyyət göstərdiyi 28 il ərzində yüzlərlə məzun təhsil sahəsində fədakarcasına çalışmış, elmin, mədəniyyətin inkişafına öz önəmli töhfələrini vermişlər. Pedaqoji institutun Azərbaycan şöbəsinin adlı-sanlı məzunları arasında AMEA-nın müxbir üzvü Zərifə Budaqovanın, filologiya elmləri doktorları Bağır Bağırovun, İsrafil Abbasovun, İbrahim Bayramovun, Rüfət Hüseynzadənin, tarix elmləri doktoru, professor Hüseyn Əmirovun, filologiya elmləri namizədləri dosent Mehdi Həsənov, dosent Aidə Salahova, dosent Zəhra Əliyeva, uzun müddət İrəvanda azərbaycanlı qızlar məktəbinin direktoru işləmiş, keçmiş SSRİ Ali Sovetinin deputatı olmuş, maarif xadimi Rəziyə Abdullayeva, şair Əli Vəkil, Xalq artistləri Mübariz Tağıyev, Elmira İsmayılova, jurnalis-şair Nəsib Qaramanlı, tanınmış yazar Kamil Məmmədov və başqalarının adları vardır. Uzun müddət Ermənistanda Maarif Nazirliyində azərbaycanlı məktəblər üzrə inspektor vəzifəsində çalışmış əməkdar müəllim Nurəddin İbrahimov da İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsinin yetirmələrindəndir.

Qərbi Azərbaycanda azərbaycanlı məktəblərinin ali təhsilli pedaqoji kadrlarla təmin edilməsində mühüm rol oynamış və orada yaşayan azərbaycanlıların ali təhsil aldığı-İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan şöbəsi 1988-ci ildə Ermənistandan azərbaycanlıların kütləvi şəkildə köçürülməsi zamanı məcburi olaraq öz fəaliyyətini dayandırdı.

Paylaş:
Baxılıb: 93 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Neft ucuzlaşıb

30 Yanvar 09:45

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31