Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Nizami Cəfərov: “Prezidentin dedikləri dünya azərbaycanlılarının hissiyatıdır”

Nizami Cəfərov: “Prezidentin dedikləri dünya azərbaycanlılarının hissiyatıdır”

26.11.2022 [10:25]

“İran faktiki olaraq özünü idarə edə bilmir”

Yeganə BAYRAMOVA

Dünən Prezident İlham Əliyev ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib. Ölkə başçısı konfransdakı çıxışı zamanı bir sıra mühüm məqamlara toxunub. Prezident qeyd edib ki, İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, lakin azərbaycandilli məktəblər yoxdur: “Azərbaycanda tədrisin rus dilində aparıldığı 340 məktəb fəaliyyət göstərir. Bununla yanaşı, respublikada 10 məktəbdə tədris gürcü dilindədir. Gürcüstanda 116 azərbaycandilli məktəb var. İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, ancaq Azərbaycan dilində tədrisin olduğu məktəb yoxdur. Bu necə ola bilər? Əgər kimsə deyir ki, bu, daxili işlərə müdaxilədir, biz bunu tamamilə rədd edirik. Azərbaycanın xarici siyasəti gün kimi aydındır - biz heç bir dövlətin daxili işinə qarışmamışıq və qarışmırıq”.

Dövlətimizin başçısı, həmçinin bildirib: “Biz İran məktəblərində Azərbaycan dilində tədris məsələsini ona görə qaldırırıq ki, əks təqdirdə, ana dilində danışan İran azərbaycanlıları dilin ədəbi komponentini itirirlər və Azərbaycan dili sadəcə məişət səviyyəsində qalır”.

Azərbaycan Prezidenti bütün xalqın mövqeyini bildirdi

Ölkə başçısının bəyanatını “Yeni Azərbaycan”a şərh edən millət vəkili, akademik Nizami Cəfərovun sözlərinə görə, uzun illərdir ki, tək Azərbaycanın yox, həmçinin Türkiyənin İrana münasibəti yüksək mədəniyyət çərçivəsində olub: “Cənab Prezident ADA universitetində qeyd etdiyi bütün fikirlərdə tarixə istinad edir. Dövlət başçısı tarixi əsası olmayan heç bir söz demir. İrana münasibətdə Türkiyə və Azərbaycan hər zaman müəyyən məsələləri gözləyiblər. Lakin İranın son zamanlardakı təxribatları artıq deqradasiyadan xəbər verir. İran artıq faktiki olaraq özünü idarə edə bilmir, dövlət səviyyəsində tam bir məntiqsizlik nümayiş etdirir. Ölkədə hər cür perspektivi itirməkdən irəli gələn başıpozuqluluq yaranıb. Biz də cənab Prezidentin söylədiyi kimi, belə bir vəziyyətdə, belə bir dövlətdə öz xalqımızı başlı-başına buraxa bilmərik. Azərbaycan Prezidentinin dediyi sözlərin tərifi və fəlsəfəsi bundan ibarətdir: Bu cür idarəçilik səviyyəsində xalqımızı din adından danışıb dindən xəbəri olmayanların ümidinə buraxa bilmərik. Ümumiyyətlə, bütün dünya dövlətləri belədir: Dünyada hər hansı bir xalq dövlət yaradıbsa, həmin dövlət o xalqın bütün dünyada insan hüquqları səviyyəsində taleyi ilə məşğul olmalıdır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, hər bir azərbaycanlı müstəqil Azərbaycan dövlətinə öz ata yurdu kimi baxmalıdır. İndi biz nə edək ki, İranın coğrafi baxımdan böyük bir hissəsi azərbaycanlılarındır? Dünyada insan hüquqları adlı mühüm bir anlayış var. Biz insan hüquqları səviyyəsində İrandakı azərbaycanlılar üçün məsuliyyət daşıyırıq. Bu məsələ bizim dövlətimizin etnik funksiyasından, səlahiyyətindən irəli gəlir. Məsələn, Rusiya prezidenti istənilən zaman cəsarətlə deyə bilir ki, dünyanın harasında ruslar yaşayırsa hüquqları pozulduğu an onların mənafeyini müdafiə etməliyik. İrandakı azərbaycanlıların hüquqları nəinki pozulub, artıq uzun illərdir ki, tanınmır. Cənubi Azərbaycandakı soydaşlarımız ana dilində təhsil almaq hüquqlarından məhrumdurlar. Burada on milyonlarla azərbaycanlıdan, müstəqil Azərbaycan Respublikasının sayından 2 dəfə çox azərbaycanlılardan söhbət gedir. Halbuki İran vaxtilə azərbaycanlıların idarə etdiyi dövlət olub. Ona görə də Azərbaycan Prezidenti bütün xalqımızın, ziyalılarımızın, tarixin nə olduğunu başa düşənlərin hər birinin mövqeyini və fikrini ifadə edərək ADA-da bu məsələyə toxundu. Bu ideya, bu düşüncə və bu mübarizədə cənab Prezidentin, dünya miqyaslı intellektualımızın, böyük şəxsiyyətimizin ardınca gedirik. Hər zaman olduğu kimi yenə bilirik ki, bu mövzuda da zəfər bizimdir!”.

İran çox gözəl bilir ki, ermənilər heç kimdir!

Azərbaycan Prezidentinin çox güclü diplomat olduğunu vurğulayan N.Cəfərov qeyd edib ki, dövlətimiz heç bir zaman digər dövlətin daxili işinə qarışmayıb, bu siyasət Azərbaycana məxsus deyil: “Ölkə başçısının öyrəndiyi və təcrübədə tətbiq etdiyi fəaliyyət ümumi humanitar və dünya diplomatiyasının birgə yaşayış qaydalarının prinsiplərinə əsaslanır. Bu gün Azərbaycanın dünyada tutduğu yer İranı idarə edənlər üçün nümunə olmalıdır. İran haradan hara getdi və Azərbaycan haradan hara gəldi deyə yaxşı düşünsünlər. Ona görə də cənab Prezidentin İrandakı azərbaycanlıların öz dilində təhsil almasına dair söylədiklərinə heç kim irad tuta bilməz. Bütün dünyada insan hüquqları var. İran dünyanın bir hissəsini tutub orada yaşayan xalqlara zülm edə bilməz. İranın hazırkı siyasəti buna bənzəyir - sanki Misirdə hansısa bir dövlətin ağlına Misir ehramlarını uçurmaq gəlir. Kimsə desə ki, bu ehramlar uçurulmasın, çünki dünyanın böyük bir mədəniyyətidir, o zaman cavab verirlər ki, daxili işlərimizə qarışılmasın”. Eynilə də İranda Azərbaycan xalqı təhqir olunur, ermənilərə isə meydan açılır, ana dilində məktəblər, təhsil almaq hüquqları verilir. Niyə? Çünki bunların hər biri ikiüzlülükdür. İran çox gözəl bilir ki, ermənilər heç kimdir! Amma yerdə qalan digər xalqların kim olduğunu bilir, bu baxımdan da onların hüquqları pozulur.

Azərbaycan şairləri-Səməd Vurğundan başlamış Nəriman Həsənzadə, Bəxtiyar Vahabzadə, Məmməd Araza qədər Azərbaycanın Cənubuna aid şeirlər yazıblar. Onlar siyasətçi yox, şair idilər, Cənubdakı soydaşlarımızın hissiyatlarını etiraf edirdilər. Ölkə başçısı var olsun ki, bu məsələdə heç zaman tələsməyib və indi əsaslı iradəni göstərir, çünki artıq zamanıdır. Azərbaycan Prezidenti nəyi nə zaman edəcəyini çox gözəl bilir. Ona görə İran özünü yığışdırsa yaxşı olar!”.

İran Azərbaycan dilinin qarşısını almaqda acizdir.

N.Cəfərov vurğulayıb ki, İran nə etsə də, Azərbaycan dilini aradan qaldıra bilməyəcək:

“Biz istəmirik ki, İranda Azərbaycan dili məişət dili səviyyəsində olsun. Çünki Azərbaycan dili Məhəmməd Füzulinin, Molla Pənah Vaqifin, Şah İsmayıl Xətainin, əslən Cənubi Azərbaycandan olan Mirzə Fətəli Axundovun dilidir. Bu dil nəticə etibarilə Şimaldan Səməd Vurğunun, Cənubdan Məhəmməd Hüseyn Şəhriyarın dilidir. İranda Azərbaycan dilinə aid qadağanı saxlamaq mümkün deyil, bu cür təzyiqlər, yəni dilin ədəbi səviyyədə işlənməsinə olunan təzyiq dövlət siyasəti səviyyəsindəki mədəniyyətsizlik, hətta tərbiyəsizlikdir. İran necə dövlətdir ki, bir xalqın mədəniyyətini və qolunu qırır? Bunun cəzasını çəkəcəklər. İran Azərbaycan dilinin qarşısını almaqda acizdir. Bu gün bütün dünyada İranın Azərbaycan xalqına münasibəti xüsusi hadisə-aqressiya, faşizm kimi göstərilir. Dünyanın hanısa bir yerində kimsə Məhəmməd Hüseyn Şəhriyarı açıb oxuyacaq, necə ki, indi də oxuyurlar. Onlar Azərbaycan dilinə münasibətdə nələrin baş verdiyini çox gözəl biləcəklər. Ona görə də əminəm ki, İranda ana dilimizdə təhsillə bağlı məsələ tez zamanda həllini tapacaq. Təbii ki, burada böyük və hərbi-siyasi aksiyadan söhbət getmir. İran özünə yığışsın və soydaşlarımıza icazə versin ki, öz adi və insani hüquqlarına sahib olsunlar, bu insanları pərən-pərən salmasınlar. Hazırda nə qədər Cənubi azərbaycanlı İranın əleyhinə danışır, hakimiyyəti təhqir edir. Buna nə ehtiyac var, bu nə siyasətdir? Azərbaycan Prezidentinin sözlərini dünya azərbaycanlılarının hissiyyatı kimi başa düşürük. Bu gün müasir dünyada insan hüquqları ilə bağlı hissiyyatlar rəsmi inzibati tələb kimi irəli sürülür”.

Paylaş:
Baxılıb: 194 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Neft ucuzlaşıb

30 Yanvar 09:45

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31