Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Minasız Azərbaycan naminə səylərimizi birləşdirək” mövzusunda konfrans keçirilib

“Minasız Azərbaycan naminə səylərimizi birləşdirək” mövzusunda konfrans keçirilib

02.11.2022 [17:53]

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində QHT-lər işğaldan azad olunmuş ərazilərdən minaların təmizlənməsi ilə bağlı “Minasız Azərbaycan naminə səylərimizi birləşdirək” mövzusunda konfrans keçirilib.

Konfransda Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.

Konfransı açılış nitqi ilə başlayan Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov bildirib ki, Azərbaycanın azad olunmuş ərazilərində işğal dövründə Ermənistan tərəfindən basdırılmış tank və piyada əleyhinə minaların hazırda insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaratması və bu vəziyyətə son qoyulması ilə bağlı beynəlxalq ictimaiyyətə dəfələrlə bəyanat və çağırışlar ünvanlayıb. A.Allahverənov qeyd edib ki, azad edilmiş ərazilərimizdə mövcud olan mina problemi məcburi köçkünlərin doğma yurdlarına qayıdışını ləngitməklə yanaşı, çoxsaylı insanların həyatına son qoyub və ya ömürlük əlillik dərəcəsi almalarına səbəb olub. Bundan əlavə, bildirilib ki, məcburi köçkünlərin öz doğma yurdlarına Böyük qayıdışı “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” proqramının mühüm tərkib hissəsi, onun vacib komponentidir. Azərbaycanın münaqişədən zərər çəkmiş ərazilərinə keçmiş məcburi köçkünlərin davamlı və təhlükəsiz şəkildə köçürülməsi vəzifəsi Dayanıqlı İnkişaf Məqsədləri ilə birbaşa uzlaşır və bu sahədə həyata keçirilən dövlət siyasətinin əsas sütunlarından biridir.

Konfransda çıxış edən qeyri-hökumət təşkilatlarının rəhbərləri – Umud Mirzəyev, Hafiz Səfixanov, Anar Xəlilov, Ramil İsgəndərli, Xalid Kazımov, Xatirə Vəliyeva, Asəf Quliyev, Cəsarət Hüseynzadə, Əhməd Abbasbəyli, Faiq İsmayılov, Mehriban Abdullayeva, Rəfail Becanov, Əkrəm Bəydəmirli, Vüqar Əhmədov və Rey Kərimoğlu bildiriblər ki, hazırda işğaldan azad olunan torpaqlarımızda tikinti-quruculuq işləri ilə yanaşı, ərazilərin minalardan təmizlənmə prosesi davam etdirilir. Tikinti işlərinin sürətlə aparılmasına, həm də kommunikasiyaların çəkilməsinə maneə yaradan yalnız  minalardır. Təəssüf ki, düşmən sözügedən əraziləri 30 il ərzində mina və partlamamış sursat məzarlığına çevirib. Sirr deyil ki, bu gün də minalar və müharibələrin qalıqları dünyanın bir çox bölgəsində sülhə, insanların həyat və sağlamlığına, inkişafına və tərəqqisinə ən ciddi təhdid və maneələrdən biri olaraq qalır. Təbii ki, beynəlxalq miqyasda mövcud olan bu cür problem məhz qlobal səviyyədə səylərin birləşdirilməsini şərtləndirir. Biz, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları  Ermənistanın törətdiyi müharibə cinayətlərinin beynəlxalq qurumlar tərəfindən araşdırılmasını, ərazilərin minalanması və xəritələrin təqdim edilməməsinə hüquqi-siyasi qiymət verilməsini və beynəlxalq ictimaiyyətdən, beynəlxalq təşkilatlardan Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlərə görə cəzalandırılmasını tələb edirik.

Çıxışlardan sonra konfrans qarşılıqlı diskussiya şəkilində davam edib.

Konfransın yekunu olaraq Qeyri-hökumət təşkilatları adından BƏYANAT səsləndirilib.

Sənəddə deyilir:

"Ermənistan bütün tarixi dövrlərdə Azərbaycanın mülki əhalisinə münasibətdə beynəlxalq hüququn prinsip və normalarına qarşı hərəkət etmişdir. Onlar istər I Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində terror hadisələrini, Azərbaycan əhalisinə qarşı soyqırım istəklərini heç vaxt gizlətməmişlər və dinc Azərbaycan əhalisinin qətlinə səbəb olmuşlar. Hətta 2020-ci il Vətən müharibəsinin bitməsinə baxmayaraq, ölkəmizin mülki şəxslərini hədəfə alan və Ermənistan tərəfindən törədilən mina terroru bu gün də davam etməkdədir.

Otuz il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan Ermənistan  bu torpaqlarda 1 milyondan çox mina basdırmışdır. Əsasən Ermənistan və başqa ölkələrin istehsalı olan bu minaların partlaması nəticəsində təkcə Vətən müharibəsindən sonra keçən iki il ərzində 267 nəfər Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb. Bu günədək minaların təmizlənmə prosesi zamanı on minlərlə mina və partladılmamış hərbi sursat tapılaraq məhv edilmişdir. Azərbaycan hökuməti dəfələrlə Ermənistandan mina xəritələrini tələb etsə də, Ermənistanın buna cavabı adekvat olmamışdır. Ermənistan tərəfindən verilən mina xəritələri isə ümumi minalanmış ərazilərin çox kiçik faizini əhatə etmişdir və həmin sənədlərdə verilən məlumatın dəqiqliyi və etibarlılığı çox aşağı səviyyədədir.  

Bu gün Azərbaycan Respublikası işğaldan azad olunmuş ərazilərdə quruculuq və bərpa işlərini öz daxili resursları hesabına görür. İşğal dövründə dağıdılmış bu ərazilərin işğalçılar tərəfindən minalarla çirklədirilməsi və işğaldan azad olunmuş bu torpaqların minalardan təmizlənmə prosesinin uzun müddət çəkməsi bərpa prosesini ciddi şəkildə ləngidən amillərdən biridir. Zamanında Ermənistanın bu hərbi cinayətə getməsi perspektivdə həm də mümkün quruculuq işlərinə zərbə vurmaq məqsədilə baş vermişdir. Təəssüf hissi ilə qeyd edirik ki, azad edilmiş ərazilərimizdə mövcud olan mina problemi bu gün həm bərpa prosesini və məcburi köçkünlərin doğma yurdlarına qayıdışını ləngidir, həm də bir terror hadisəsi olaraq çoxsaylı insanların həyatına son qoyur və ya ömürlük əlillik dərəcəsi almalarına səbəb olur.

Ermənistanın Azərbaycana qarşı törətdiyi və əsasən dinc sakinləri hədəfə alan mina terroru bütövlükdə bəşəriyyət əleyhinə yönəlmiş hərbi cinayət, sülhə və sabitliyə ciddi təhlükədir. Hər bir partlayan mina sadəcə kiminsə həyatına və sağlamlığına son qoymur. Bu, yalnız mina təsirinə birbaşa məruz qalmışlar və onların yaxınları ucun faciə deyil. Bu, eyni zamanda, yeni nifrət dalğalarının mənbəyidir. Bununla yanaşı mina terroru Azərbaycan və Ermənistan arasında davamlı sülh üçün münbit şəraitin əldə edilməsinin qarşısını alır. Minalar müharibə və zorakılıq toxumlarıdır, və biz dünyanın bütün xoşməramlı insanlarından dəstək istəyir, mütərəqqi qüvvələri mina terroruna qarşı mübarizə aparmaq üçün birləşməyə çağırırıq.

Bu səbəbdən biz, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara üz tutaraq, Ermənistanın törətdiyi müharibə cinayətlərinin beynəlxalq qurumlar tərəfindən araşdırılmasını, ərazilərin minalanması və xəritələrin təqdim edilməməsinə hüquqi-siyasi qiymət verilməsini və beynəlxalq ictimaiyyətdən, beynəlxalq təşkilatlardan Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlərə görə cəzalandırılmasını tələb edirik".

Paylaş:
Baxılıb: 628 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31