Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Milli Məclisin plenar iclasında...

Milli Məclisin plenar iclasında...

08.05.2024 [10:22]

Deputatlar Mehriban Əliyevaya təbrik ünvanladılar

Mayın 7-də Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası keçirilib. Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 18 məsələnin müzakirəsi daxil edilib.

Əvvəlcə Milli Məclis Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 20 ili tamamlanması ilə əlaqədar fondun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu göndərib.

Bu təkliflə Milli Məclisin sədri Sahibə Qafarova çıxış edib. Deputatlar təklifi dəstəkləyib.

S.Qafarova çıxış edərək bildirib ki, mayın 10-da Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 20 ili tamam olur: “Fondun yaradılması milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gəlib. Bu gün milyonların sevgisini qazanmış Fondun nailiyyətlərinin təməlində Fondun rəhbəri Mehriban xanım Əliyevanın böyük zəhməti və fədakarlığı dayanır. Onun humanizmi və səmimiyyəti Fondun hamıya yaxşı tanış olan simasını müəyyən edir.

Fondun fəaliyyətində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, 30 illik işğal dövründə dağıdılmış abidələrimizin bərpa edilməsi də əsas istiqamətlərdən biridir. Fondun vitse-prezidenti Leyla Əliyeva Xocalı soyqırımının tanıdılması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əvəzsiz işlər görüb.

Fondun bir çox ölkələrdə şöbələri fəaliyyət göstərir. Bu gün Azərbaycanın yumşaq gücünü təcəssüm etdirən Heydər Əliyev Fondu humanizm fondu kimi qəbul olunur”, - deyə sədr bildirib.

Mətbuat köşkləri təyinatı üzrə istifadə olunmur

Deputat Sabir Rüstəmxanlı bildirib ki, Bakının küçələrində qəzet köşklərində siqaret satılmasına hamı göz yumur: “Bu köşklərdə hər şey satılır: siqaret, saqqız. Halbuki bunlar qəzet, mətbuat köşkləridir”.

Təklif: “Tütün və tütün məmulatı haqqında” qanuna təklif edilən dəyişiklik geri qaytarılsın

Deputat Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında bildirib ki, qanun layihələri sui-istifadəyə dair ekspertizadan keçirilməlidir: “Bu qanunda hüquqların əsassız məhdudlaşdırılması müşahidə edilir, qeyri-bərabərlik yaradılır. Mən istəyərdim Azərbaycanda heç kim siqaret çəkməsin. Ötən iclasda elektron siqaretin Azərbaycanda qadağan edilməsi təklif olundu. 

Mən bunu araşdırdım, gördüm ki, elektron siqaretlər sağlamlığa az ziyanlı siqaretlər imiş. Yəni biz deyirik, elektron siqareti qadağan edək, hamı keçsin normal siqaretə? Marketlərdə artıq qızlar alıcılara açıq şəkildə siqaret təklif edir. Təklif edirəm ki, ən azı COP dövründə siqaretin reklamını yığışdırsınlar. Hesab edirəm bu qanun layihəsi geri qaytarılmalı, mütləq ekspertizadan keçirilməlidir”.

Sonra “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsi (üçüncü oxunuş), “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Veteranlar haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Peşə təhsili haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) səsvermə əsasında qəbul edilib.

Daha sonra “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi, “Tütün və tütün məmulatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), “Qida təhlükəsizliyi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), Vergi Məcəlləsində, Gömrük Məcəlləsində, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) səsverməyə çıxarılaraq təsdiqlənib.

Ardınca “Dövlət qulluğu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş), Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində və “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), Əmək Məcəlləsində və Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş), Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş), İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) səsvermə əsasında qəbul edilib.

Beləliklə, Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başa çatıb.

Günel ABBAS

Paylaş:
Baxılıb: 169 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31