Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Fransa Türk Birliyinin Astanasında

Fransa Türk Birliyinin Astanasında

01.11.2023 [11:20]

Fransa Afrikada dominant mövqeyini itirdikdən sonra dünyanın siyasi səhnəsində zəifləyən imicini düzəltməkdən ötrü yeni yollar axtarmağa davam edir.  Cənubi Qafqaza uğursuz müdaxilə cəhdindən sonra Makron rejimi anlamağa başlayıb ki, dünyanın siyasət dili heç də fransızca deyil. Hətta bəzi hallarda Avropa İttifaqının aparıcı qüvvəsi, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olmaq belə köməyə çatmır. Söhbət həm də Aİ ölkələrinin Rusiyaya tətbiq etdikləri iqtisadi sanksiyaların ağırlığının bir tərəfdən də onların öz üzərinə düşməsindən gedir.

Makronu Mərkəzi Asiyaya gətirən səbəblər

Rusiyadan təbii yanacaq alan Aİ ölkələri sanksiyalar qüvvəyə minəndən sonra enerji ehtiyaclarını alternativ bazarlar vasitəsilə ödəməyə başlayıb. Alternativ bazar tapmaq isə heç də asan və ucuz başa gəlmir. Təbii yanacaq idxalı və ixracı məsələləri ölkələrarası ticari əlaqələrdən tutmuş yüksək səviyyəli siyasi münasibətlərə qədər köklü dəyişikliklərə səbəb ola, hətta dövlətlərin müəyyən edilmiş strategiyasını, geosiyasi istiqamətini dəyişə bilər.

Məhz vurğuladığımız məqamlar üzündən Fransa Mərkəzi Asiya ilə yaxından maraqlanmağa başlayıb. Xəbər verildiyi kimi, prezident Emmanuel Makron Qazaxıstanda rəsmi səfərdədir, noyabrın 2-də isə o, Özbəkistana səfər edəcək.

Fransanın türk dünyasına aid maraqları nədən ibarətdir? 

Burada məsələ təkcə enerji layihələri və təbii yanacaqla məhdudlaşmır. Parislə adı çəkilən türk dövlətləri arasında ticarət-iqtisadi, investisiya və enerji əməkdaşlığı, logistika məsələləri ilə yanaşı, uranın alınması istiqamətində müzakirələr də aparılır. Fransa indiyədək urana tələbatını Nigerdəki yataqları istismar etməklə ödəyirdi. Daha önəmli fakt isə ondan ibarətdir ki, Niger yataqlarından çıxarılan radioaktiv maddəni emal edərək öz ölkəsinə daşıyan fransız şirkətləri ekoloji cəhətdən çirkləndirdikləri əraziləri təmizləmirdi də. Elə bu səbəblərdən Niger xalqı üsyana qalxaraq, fransız qoşunlarını ölkədən qovdu. Yanlış xarici siyasəti ucbatından uransız, qazsız, enerjisiz və müttəfiqsiz qalan Fransanın indi kürəyini söykəməyə bir ovuc qaraqışqırıqçı ermənidən başqa heç kimi yoxdur. Əlbəttə, məşhur aforizmdə də deyildiyi kimi, siyasətdə əbədi dostlar və düşmənlər olmur, siyasət aləmində  yalnız maraqlar əbədidir. Odur ki, istənilən cinahdan baxanda Fransanın Azərbaycan və Türkiyəyə münasibəti, Ermənistanla qeyri-təbii yaxınlığı Makron politikasının məntiqsiz olduğunun əyani sübutudur. İndi, necə deyərlər, “quyruğu qapı arasında qalan” Fransa Mərkəzi Asiya ilə yaxınlaşmağa ehtiyac duyur. Hələ Makronun Orta Asiya səfərindən öncə Fransanın Prezident  Administrasiyasından mediaya bildirilib ki, rəsmi Paris Qazaxıstanı, eləcə də Özbəkistanı islahatlar və modernləşmə yolunda dəstəkləyir, bu ölkələrlə  tərəfdaşlığın şaxələndirilməsinə hazırdır. Fransızlar bu ölkələrin müstəqilliyini və suverenliyini, eləcə də Avropa İttifaqı ilə daha da yaxınlaşma meyillərini dəstəkləyirlər.

Fransa mediası isə bu səfərin detalları barədə müzakirələrdə əsas diqqəti Rusiya faktoruna yönəldib. Fransız şərhçilərin fikrincə, Ukrayna müharibəsi Mərkəzi Asiya ölkələrinin əsas iqtisadi və hərbi tərəfdaşı olan Rusiya Federasiyasının regionda təsirini hiss olunacaq dərəcədə zəiflədib. Ekspertlər iddia edirlər ki, ABŞ və Avropa Birliyi ilə yanaşı, Çin və Türkiyə kimi regional güclər də bu “nüfuz yarışında” iştirak edirlər. Bütün bunları nəzərə alan Fransa prezidenti Mərkəzi Asiyaya sənaye və xarici ticarət nazirləri ilə birgə səfər etmək qərarına gəlib. Təsadüfi deyil ki, Makronu Qazaxıstan səfəri boyunca Fransanın iri enerji şirkətləri və sənaye müəssisələrinin rəhbərləri də müşayiət ediblər.

Qazax mediasının yaydığı məlumatda bildirilir ki, 2024-cü ilə qədər ölkədə fransız dili öyrədən məktəblərin açılması planlaşdırılır.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ötən il noyabrın əvvəlində, Özbəkistan prezidenti Şavkat Mirziyoyev isə ötən il həmin ayın sonunda Parisə səfər etmişdilər.

Turanın uranı

Həmin səfər zamanı Qazaxıstanla Fransa arasında 2030-cu ilə qədər iqtisadi-ticarət və investisiya əməkdaşlığına dair yol xəritəsi təsdiq olunub. Fransa Qazaxıstan iqtisadiyyatına 17 milyard dollar həcmində sərmayə qoymaqla beş ən böyük investor ölkə sırasında yer alıb. “Akorda” saytının yazdığına görə, Qazaxıstan və Fransa səhiyyə, qida sənayesi, enerji, mədənçıxarma, yüngül sənaye, tikinti, aerokosmos və maşınqayırma sahələrində birgə səmərəli layihələr həyata keçirir. 

Özbəkistan da Fransa ilə əməkdaşlığı genişləndirməkdə maraqlı görünür. Ötən il prezident Şavkat Mirziyoyev Fransa səfərindən 6 milyard dollarlıq müqavilələr portfeli ilə qayıtmışdı. Bu müqavilələrin əksəriyyəti enerji sektoruna aid idi. Enerji layihələri isə həm Fransa, həm də Özbəkistan üçün olduqca vacib məsələdir.

Hazırda isə bu məsələlər Fransanın iqtisadi maraqları baxımından olduqca vacib mövqedə dayanır. Rusiyalı ekspertlərə görə, Makron Mərkəzi Asiyadan əsasən uran tədarükünün artırılması ilə bağlı danışıqlar aparmağı hədəfləyib. İş ondadır ki, Fransada istehsal olunan elektrik enerjisinin 80 faizdən çoxu atom elektrik stansiyalarının payına düşür. Avropa Parlamentinin üzvü Terri Mariani RİA Novosti agentliyinə açıqlamasında bildirib ki, Fransanın “Electricite de France” (EDF) korporasiyasına nüvə reaktorlarının istehsalı üçün ildə təxminən 10 ton uran filizi lazım olur. Qeyd etdiyimiz kimi, Fransa hökuməti Niger və digər Afrika ölkələrində bazarın itirilməsindən sonra fransız şirkətlərinin ehtiyac duyduğu xammalı Qazaxıstan və Özbəkistandan uran tədarükünü artırmaqla kompensasiya etməyi nəzərdə tutur. Bunun müqabilində Fransa hər iki türk respublikasında atom elektrik stansiyaları tikməyi və uranın emalı texnologiyasını müasir avadanlıqlarla asanlaşdırmağı təklif edir.

Azərbaycan yol verərsə...

Bu danışıqlarda ikinci və daha önəmli bir məsələ Mərkəzi Asiyadan alınan uranın daşınması ilə bağlıdır. İş burasındadır ki, Paris Qazaxıstan və Özbəkistan uranını  ya Rusiya, ya da Azərbaycan vasitəsi ilə daşımağa məcburdur. Çünki radioaktiv maddə təhlükəsizlik mülahizəsiylə ancaq quru yolu ilə daşına bilər.

Rusiyalı mütəxəssislər hesab edirlər ki, atom elektrik stansiyalarında emal üçün nəzərdə tutulan uran maddəsi iri qurğularla və yalnız adı çəkilən marşrutlar vasitəsilə tədarük edilə bilər. Beləliklə, Makron uran layihəsini  reallaşdırmaqdan ötrü Astana və Daşkəndlə razılaşdıqdan sonra Bakı və Moskva ilə də danışıqlar aparmalı olacaq. Nəzərə alsaq ki, Fransa son vaxtlar həm Azərbaycanla, həm də Rusiya ilə münasibətləri korlayıb, dağıtdığı körpüləri yenidən qurmaq Makron üçün elə də asan başa gəlməyəcək. Bütün hallarda Mərkəzi Asiyanı nüfuz dairəsində saxlamağa çalışan ruslar hesab edirlər ki, hər iki türk dövləti öz ərazilərində AES-lərin tikintisi ilə bağlı “Rosatom”a daha çox etimad göstərir.

Rusiyanın bu iddiasına baxmayaraq reallıq fərqlidir. Astana 20 ildən artıqdır Atom Elektrik Stansiyasının tikintisinin mümkünlüyünü müzakirə edir, Daşkənd isə cəmi beş ildir bu barədə məsələ qaldırıb. Lakin ortada hələ də əməli iş görünmür. Bu da o deməkdir ki, qazaxlar və özbəklər “Rosatom”la əməkdaşlıq etməyə o qədər də can atmırlar.

Rusiya mediasının məlumatına görə, Qazaxıstan ilin sonunadək atom elektrik stansiyasının tikintisində hansı xarici şirkətin podratçı kimi çıxış edəcəyinə qərar vermək niyyətindədir. Bu barədə Qazaxıstan Atom Elektrik Stansiyalarının baş direktoru Timur Jantikin danışıb.

Siyasi şərhçilərin fikrincə, Makronun Mərkəzi Asiyaya səfəri Fransanın iqtisadi məsələlərlə yanaşı, beynəlxalq arenada və regional kontekstdə öz mövqelərini gücləndirməsi baxımından da vacibdir.

Türk-firəng sövdələşməsi baş tutacaqmı?

Ekspertlər qeyd edirlər ki, Makronun bu səfəri bir neçə aspektdən nəzərdən keçirilə bilər. Birincisi, hazırda ənənəvi təsir dairələrini itirərək Afrikadan bütün cəbhələrdə geri çəkilməyə məcbur olan Fransanın qlobal mövqeyini bərpa etməkdir. Afrikadan qovulmaq Parisin beynəlxalq imicinə və çəkisinə ciddi zərbə oldu. İndi ölkəsini Mərkəzi Asiyada, Qazaxıstan və Özbəkistanda aktivləşdirmək istəyən Makron bununla Parisin güclü olduğunu, xarici iqtisadi və siyasi əlaqələrini şaxələndirdiyini nümayiş etdirməyə, özünü geniş şəbəkəyə malik qlobal oyunçu kimi göstərməyə çalışır.

Rusiya mediası isə Fransa prezidentinin bu səfərini daha çox Qərbin Mərkəzi Asiyada artan fəallığı kontekstində dəyərləndirir. Yəni, ruslar Fransa prezidentinin bölgəyə gəlişini Aİ-nin işartıları kimi görür və səfərin detallarına olduqca diqqətli yanaşırlar. Ümumiyyətlə, Fransa özünü bu regionda texnoloji cəhətdən inkişaf etmiş bir ölkə kimi qələmə verir. Rusiya mediası yazır ki, Qazaxıstan da, Özbəkistan da Fransa ilə iş birliyinə getməzdən öncə yaxşıca düşünməlidir. Çünki Fransa ilə Mərkəzi Asiya ölkələri arasında əvvəllər imzalanmış çoxmilyardlıq müqavilələrin əksəriyyəti indiyədək yerinə yetirilməyib. Ekspertlərin fikrincə, imzalanan sənədlərə bu səbəbdən ciddi yanaşılmalı, onların nə dərəcədə etibarlı olduğu, reallığa uyğunluğu, həyata keçirilməsi planları və digər məsələlər nəzərə alınmalıdır. 

Murad Köhnəqala

Paylaş:
Baxılıb: 720 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30