Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Qlobal trendlər sırasından çıxarılsa da...

Qlobal trendlər sırasından çıxarılsa da...

15.06.2023 [11:10]

Buşəhrdə iki atom elektrik stansiyasının inşası hansı məqsədə xidmət edir?

İran nüvə fəaliyyətini genişləndirir.  Ölkənin cənubunda - Buşəhrdə daha 2 yeni atom elektrik stansiyasının inşasına qərar verib. Bununla bağlı məlumatı Buşəhr vilayətinin başçısı Əhməd Məhəmmədizadə yayıb. Vilayət rəsmisi qeyd edib ki, bu məqsədlə 1500 təsərrüfata malik Halileh və Bəndərgah kəndlərinin sakinlərinin başqa yerlərə köçürülməsinə ehtiyac var. Onun sözlərinə görə, sakinlərə lazım olan torpaq sahələri veriləcək. Əhməd Məhəmmədizadə, həmçinin Buşəhr vilayətindəki idarə və təşkilatların şəhərdən kənara köçürülməli olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Buşəhr İranın cənubunda bir ostandır. Mərkəzi eyniadlı şəhərdir. Ostanın ərazisi 23.191 km-dir. Bir neçə il bundan əvvəl aparılmış rəsmi siyahıyaalmaya əsasən ostanda 886.267 nəfər əhali yaşayır.

Müasir trendlərdən geri qalan İran

İranın yeni atom elektrik stansiyalarının inşasına qərar verməsi heç bir halda rəğbətlə qarşılana bilməz ki, bu da bir sıra mühüm amillərlə şərtlənir. Əvvəla, İranın həyatına nəzər saldıqda bu ölkənin bütün sahələrdə qlobal trendlərdən, müasir çağırışlardan geri qaldığının şahidi oluruq. Bu, enerji sahəsində də belədir. İranın zəngin təbii resursları olsa da, burada indiyədək dərin emal sənayesi qurulmayıb, ölkənin gəlirləri əsasən xammal satışından əldə olunan vəsaitlərə hesablanıb. Hazırda isə kollektiv Qərbin sanksiyaları ilə üzləşən İran enerji resurslarını ixrac etməkdə də çətinlik çəkir və bu səbəbdən də ölkədə kəskin maliyyə çatışmazlığı yaşanır.

Buşəhrdə iki yeni atom elektrik stansiyasının inşasına qərar verilməsi dünyadakı yeni meyillərin İrana hələ də sirayət etmədiyinin daha bir göstəricisidir. Artıq xeyli müddətdir ki, atom elektrik stansiyalarının inşası yeni qlobal trendlər sırasından çıxarılıb. Dünyada enerji istehsalında yeni bir dönəm başlayıb. Belə ki, atom elektrik stansiyalarının öz yerini bərpa olunan mənbələrdən elektrik enerjisi istehsal edən infrastruktura verməsi prosesinin sürətləndiyinin şahidi oluruq. Öz növbəsində qlobal enerji böhranı transformasiyaya sürətləndirici təsir göstərir. 2027-ci ilədək bu sahədə dünyada ümumi güc artımı indiki səviyyəni iki dəfə üstələyəcək. Beynəlxalq Enerji Agentliyinin “Bərpa olunan enerji 2022” hesabatına görə, dünyada bərpa olunan enerji mənbələrinin gücü 2027-ci ilə qədər 2 400 QVt artaraq 5 650 QVt-a çatacaq. Bu, dünyada son 20 ildəki artıma bərabərdir. Qarşıdakı 5 ildə qlobal elektrik enerjisinin qoyuluş gücündəki artımın 90 faizi yaşıl enerji mənbələri hesabına reallaşacaq. 2025-ci ildə bərpa olunan enerji mənbələrinin kömürü geridə qoyaraq ən böyük elektrik enerjisi mənbəyi olacağı bildirilir. Hesabata əsasən, ABŞ və Hindistan 2022-2027-ci illər ərzində günəş enerjisi sektoruna 25 milyard dollara qədər investisiya yatıracaq. Hazırda böyük iqtisadiyyata malik Çin bərpa olunan enerji sahəsində dominant mövqeyə malikdir.

Dünyadakı “yaşıl enerji”yə sürətli transformasiyalara baxmayaraq, İran enerji istehsalında atom elektrik stansiyalarına üstünlük verdiyini iddia edir. Ancaq bu sahə ilə bağlı reallıqlar heç də ürəkaçan deyil. Məsələn, son on ildə atom elektrik stansiyalarının tikintisi və saxlanması xərcləri 30 faiz artıb. Paralel olaraq külək və günəş stansiyalarının tikintisinin xərcləri isə 90 faizə qədər azalıb. Bundan əlavə, böyük atom elektrik stansiyaları çox da səmərəli deyil: Yüksək qiymətə başa gələn atom elektrik stansiyasının operatoru hasilatı maksimum səviyyədə saxlamağa çalışır. Buna baxmayaraq, atom elektrik stansiyalarının həyat dövrü üçün istehsal dəyəri bütün istehsal növləri arasında ən yüksək olaraq qalır (1 MVt/saat üçün 129-198 dollar).

Atom elektrik stansiyalarının tikintisini canlandırmaq da asan deyil. Bu, uzun və bahalı prosesdir. İranın buna gücünün çatacağını heç ehtimal etmək də mümkün deyil. Xatırladaq ki, bu ölkə böyük gəlirlər gözlədiyi Şimal-Cənub dəhlizinin 150 kilometr uzunluğunda Rəşt-Astara dəmir yolu xəttinin inşasını uzun illər ərzində tamamlaya bilmədi. Həmin infrastruktur obyektinin inşasını Rusiya öz üzərinə götürüb. Cəmi 150 kilometr uzunluğunda dəmir yolu xəttini tikməyə gücü çatmayan İran iki atom elektrik enerjisinin inşasına vəsaitləri haradan tapacaq, görəsən?

Dünya ölkələrini getdikcə daha çox dərəcədə atom elektrik stansiyalarının istismarından çəkindirən digər mühüm faktor isə fəsadları çox böyük olan qəzalardır. Atom elektrik stansiyalarında baş verən qəzaları hər hansı bir dağıntı ilə müqayisə etmək mümkün deyil. 1979-cu ildə ABŞ-ın Tri-Meyl-Aylend Atom Elektrik Stansiyasında, 1986-cı ildə Ukraynanın Çernobıl və 2011-ci ildə Yaponiyanın Fukusima-1 AES-lərdə qəzalar baş verdi. Bu qəzalar nəticəsində böyük coğrafiyalarda ekosistemə və genefonda ciddi ziyan dəydi. Aradan on illər ötsə də, hələ də AES-lərdə baş verən qəzaların fəsadları tam şəkildə aradan qaldırılmayıb. Məhz elə bu səbəbdən də dünyanın ayrı-ayrı ölkələri atom elektrik stansiyalarının istismarını məhdudlaşdırmaq yolu tutublar - getdikcə daha çox ölkədə köhnələn, sıradan çıxan atom elektrik stansiyaları yeniləri ilə əvəzlənmir. Bu sırada inkişaf etmiş Almaniya dünyaya nümunə sərgiləyir. Bütün bunların müqabilində İranın enerji istehsalında köhnə nüvə texnologiyalarına üz tutması suallar doğurur.

Dünyanın çağırışlarına məhəl qoymur...

Cidanı çuvalda gizlətmək mümkün deyil. Əslində, atom elektrik stansiyalarının inşasına qərar verən mollakratiyanın gerçək niyyəti də ortadadır. Rejim israrla bunun elektrik enerjisi istehsalı məqsədilə edildiyini desə də, gerçək mahiyyət tamam fərqlidir. Çox doğru olaraq bu ölkədə atom elektrik stansiyalarının inşası qərarının mollakratiyanın nüvə silahı yaratmaq planlarının tərkib hissəsi olduğu qənaəti ifadə olunur. Beynəlxalq birlik rejimi nüvə silahı əldə etmək istəyindən vaz keçməyə çağırır. İran isə belə çağırışlara məhəl qoymur. 2015-ci ilin iyul ayında İranla 5+1 formatında (BMT TŞ-nin beş daimi üzvü və Almaniya) ortaq geniş çalışma planı üzrə müqavilə imzalandı. 20 il üçün nəzərdə tutulan müqaviləyə əsasən, İran müəyyən edilmiş miqdarı keçməmək və atom enerjisindən  dinc məqsədlərlə istifadə etmək  barədə öhdəlik götürdü. Tehran rejiminin uranı 3,67 faizədək zənginləşdirməsinə və maksimum 300 kq uran istehsal etməsinə “yaşıl işıq” yandırılırdı. Razılaşmaya əsasən, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik müntəzəm olaraq İran ərazilərində nüvə texnologiyası üzrə fəaliyyət göstərən bütün laboratoriya və müəssisilərə nəzarəti həyata keçirəcəkdi. Beləliklə, 16 yanvar 2016-cı ildə nüvə çalışmalarına görə İrana tətbiq edilən sanksiyalar aradan qaldırıldı.

Lakin İsrailin və digər ölkələrin əldə etdikləri kəşfiyyat məlumatları ilə sübut olundu ki, İran beynəlxalq birliyi aldatmaq yolu tutub və razılaşmanın şərtlərini pozaraq uranın daha dərin zənginləşdirilməsi istiqamətində gizli fəaliyyətini davam etdirir. Sonradan ölkənin müəssisələrində uranın yol verilən həddən artıq dərəcədə zənginləşdirildiyini  İran rəsmilərinin özləri də etiraf etmək məcburiyyətində qaldılar. 2020-ci il aprelin 17-də İran Natanzdakı nüvə obyektində uranın zənginləşdirilməsinə 60 faiz səviyyəsində, 22 dekabr 2022-ci ildə isə Fordo obyektində uranın yenə də 60 faizədək zənginləşdirilməsinə başladığını elan edib. İranın Atom Enerjisi Təşkilatının sözçüsü Bəhroz Kamalvəndi ölkəsinin uranın zənginləşdirilməsi istiqamətində kifayət qədər uzağa getdiyini otaya qoyan açıqlama ilə çıxış edib. Sitat: “İndiyədək İslam Respublikası 60 faizlik zənginləşdirmə həddini aşa bilməyib”.

İran rəsmilərinin özlərinin də etiraf etdikləri rəqəmlərdən də məlum olduğu kimi,  razılaşmanın şərtləri İran tərəfindən kobud şəkildə pozulub. Buna cavab olaraq ABŞ-ın sabiq prezidenti Donald Tramp 2018-ci ilin may ayının 8-də öz ölkəsinin birtərəfli qaydada ortaq geniş çalışma planı üzrə müqavilədən çıxdığını bəyan etdi. Mövqeyini əsaslandıra bilməyən rejim də müqavilə üzrə bəzi öhdəliklərini yerinə yetirməyəcəyini açıq şəkildə bildirdi.

Bir qədər bundan əvvəl isə Tehrandan, həmçinin İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxa biləcəyi ilə bağlı xəbərlər gəlib. Bununla bağlı açıqlamanı İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian verib. Bildirilir ki, Tehran rejimi Avropa Parlamentinin İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terrorçu qurum kimi tanımasına cavab olaraq belə bir addım atmaq qərarına gəlib.  Qeyd edək ki, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi 1970-ci ildə qüvvəyə minib. Hazırda 191 ölkənin iştirakçısı olduğu saziş nüvə silahının yayılmaması, nüvə enerjisindən mülki məqsədlər üçün istifadə və nüvə silahlarından imtina edilməsi prinsiplərini nəzərdə tutur.

Əslində isə İran məlum razılaşmanın şərtlərini pozmaqla uranın daha dərin zənginləşdirilməsinə nail olub.

AEBA-nın baş direktoru Rafael Qrossi İranın bir neçə dəfə yuxarıda bəhs olunan razılaşmanın şərtlərini kobud şəkildə pozması barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, əslində, bu sazişin özü də mənasını itirib və diplomatik səylər heç bir nəticə verməyib. “Danışıqların tərəfi olan ölkələrin heç biri bu sənədin “ölü” olduğunu bəyan etməsə də, hər kəs onun mənasız olduğunu bilir”, - deyə AEBA-nın baş direktoru bəyan edib. R.Qrossi  Brüsseldə Avropa Parlamentinin sessiyasında İranın nüvə silahı istehsal etmək üçün kifayət qədər materiala malik olduğunu bildirib. O qeyd edib ki, artıq bu ölkə 70 kiloqram çəkisində uranı 60 faiz və əlavə olaraq, daha 1 tonu 20 faiz zənginləşdirə bilib. Beləliklə, İran çox tez bir zamanda nüvə silahına malik ola bilər və bu istiqamətdə işlərin 90 faizini başa çatdırıb.

Son günlərdə isə transmilli mediada İranın uranı təhlükəli həddədək zənginləşdirdiyi barədə manşet xəbərləri yayılıb. “Bloomberg” daha əvvəl adı açıqlanmayan iki yüksək rütbəli diplomata istinadla bildirib ki, İranın nüvə obyektlərində təftiş keçirən beynəlxalq müfəttişlər  84 faiz zənginləşdirilmiş uran aşkar ediblər. Bu faktı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin özləri də təsdiqləyiblər.

Müşahidə edilən proseslər fonunda çox doğru olaraq belə qənaət ifadə olunur ki, İranda fobiya yaşanır. Bu ölkə mühafizəkar siyasət həyata keçirir, regionda davamlı şəkildə təhlükəsizliyə təhdidlər yaradır, terrora dəstək verir və özünün əsas güc mərkəzlərindən biri qismində qəbul edilməsinə çalışır. Mollakratiya belə çirkin siyasətin nə vaxtsa bədəlinin ödənilməsi məqamının yetişəcəyinin fərqindədir. Rejim atom elektrik stansiyalarının inşası bəhanəsi ilə nüvə fəaliyyətini genişləndirməklə əslində, bir tərəfdən, özünü qorumaq qayğısına qaldığını düşünür, digər tərəfdən isə  təhdid siyasətini genişləndirmək imkanlarını artırmaqla bağlı planlar qurur.

M.FEYİZLİ

Paylaş:
Baxılıb: 699 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30