Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / ABŞ defoltun astanasında

ABŞ defoltun astanasında

09.05.2023 [10:56]

Dünyanın supergüc dövləti sayılan ABŞ-ın defolt təhlükəsi ilə üzləşməsini ilk baxışda təsəvvür etmək belə çətindir. Ancaq ölkənin iqtisadi potensialı hər nə qədər güclü olsa da, burada da defoltu şərtləndirən şərait yaranıb. Bununla bağlı ABŞ-dan gələn xəbərlərdə hətta ölkənin ehtimal olunan defoltla üzləşəcəyi tarix də açıqlanır. Bunun cəmi bir neçə aydan sonra - 2023-cü ilin iyul-sentyabr aylarında baş verə biləcəyi əsaslandırılır.

Defolt və onu şərtləndirən amillər

Defolt (Default) - borclar üzrə faiz və ya əsas məbləğin ödənilməsinə dair öhdəliyin yerinə yetirilməsi imkanının olmamasıdır. Bu zaman iqtisadi subyekt tərəfindən pul və borc öhdəliklərindən qismən, yaxud tam imtina edilir. Adətən, ağır maliyyə böhranları səbəbindən iqtisadi subyektlər, xüsusilə dövlət defolta əl atır. Aşağı inkişaf səviyyəli ölkələr fiskal imkanların məhdudluğu üzündən daxili borc öhdəlikli maliyyə alətlərinin geri alınmasından, eləcə də xarici borc öhdəliklərindən qismən, yaxud tam imtina etmiş olur ki, bu da dövlət borcunun defoltu adlanır. Defoltun texniki, korporativ, suveren kimi növləri fərqləndirilir.

Dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ öz tarixində ilk dəfə real defolt riski ilə 2021-ci ilin payızında üzləşib. Həmin dövrdə Konqresin Nümayəndələr Palatası hökumətin borclanmasına dair həddin götürülməsi üzrə qanun layihəsinin lehinə səs verib (219-un 212-nə səs çoxluğu ilə). Bu və digər tədbirlər ABŞ-ın öz maliyyə öhdəliklərini vaxtında yerinə yetirə bilməsi üçün 2022-ci ilin dekabrına qədər hər hansı yuxarı hədd olmadan əlavə borc cəlb etməsinə imkan yaradıb. Ümumiyyətlə, ABŞ Konqresi 1960-cı ildən bəri 78 dəfə borc limitinin götürülməsinə dair qanun layihələri qəbul edib. Sonuncu belə hal 2019-cu ildə baş verib. Ən dramatik vəziyyətlərdən biri isə 2011-ci ildə yaranıb və “Standard&Poors” reytinq agentliyi tarixdə ilk dəfə ABŞ-ın kredit reytinqini aşağı salıb.

ABŞ-da cari ilin yayında gözlənilən növbəti defolt riski xarici borc öhdəliyi limitinin keçilməsi ilə bağlıdır. Ölkədə xarici borc öhdəliyi limitinin cari ilin yanvarında keçildiyi bildirilir. Artıq ölkənin xarici borcu 31,4 milyard dollardan çoxdur ki, bu da “qırmızı xətt” sayılır.  Həmçinin dövlət büdcəsinin kəsiri də artmaqda davam edir. Büdcə kəsirinin 2024-cü ildən 2033-cü ilə qədər ildə təxminən 2 trilyon dollar olacağı proqnozlaşdırılır. Bildirilir ki, kəsir 2033-cü ilə qədər 2,851 trilyon dollara və ya ÜDM-in 7,3%-nə çatacaq. Verilən məlumata görə, 2023-cü maliyyə ili üçün büdcə kəsiri 1,410 trilyon dollar səviyyəsində proqnozlaşdırılır ki, bu da 2022-ci ilin göstəricilərini üstələyir. Boşluq ABŞ prezidenti Cozef Baydenin tələbə borclarını silmək planlarına görə genişlənib. Daha əvvəl “American Greatness” yazıb ki, indiyə qədər 31,5 trilyon dolları keçmiş ABŞ dövlət borcunun artan həcmi yaxın gələcəkdə ölkənin federal büdcəsinin tamamilə çökməsinə səbəb ola bilər.

ABŞ-da indiki halda borc öhdəliyi limitinin keçilməsinin dayanıqlı olmayan fiskal siyasət ucbatından yarandığı bildirilir. Ekspertlər ABŞ-ın xarici borcunun artmasında Ukraynaya dəstəyin az rol oynamadığı versiyasını da əsaslandırırlar. Ukraynaya dəstək fonunda Pentaqonun xərcləri artır və beləliklə də, ölkə əlavə borclanmaq reallığı ilə üz-üzə qalır.  Qeyd edək ki, ABŞ indiyədək Ukrayna büdcəsini dəstəkləmək məqsədilə böyük həcmlərdə vəsaitlər ayırıb. Ukrayna həmçinin ABŞ-dan genişmiqyaslı hərbi dəstək alır. Elə bu günlərdə ölkə Ukraynaya yeni hərbi yardım paketi ayırıb. ABŞ dövlət katibi Antoni Blinken yeni 300 milyon dollarlıq paketə raket sistemi sursatları, haubitsa artilleriya sistemi və mərmilər, tank əleyhinə raketlərin daxil olduğunu bildirib. A.Blinken ABŞ və müttəfiqlərinin Rusiya müharibəni bitirənə qədər Ukraynaya dəstəyi davam etdirəcəklərini də vurğulayıb.

Pentaqonun verdiyi açıqlamada paketə Yüksək Performanslı Artilleriya Raket Sistemi (HIMARS) sursatlarının, 155 mm-lik haubitsa sistemi və mərmilərin, 120, 80 və 60 mm-lik minaatan mərmilərin, TOW və AT-4 tank əleyhinə raketlər ilə “Hydra-70” hava raketlərinin daxil olduğu bildirilib. Paketə atıcı silahların sursatları, partlayıcı maddələr və ağır texnika ilə söküntü üçün nəzərdə tutulmuş avtomobil daşıyıcıları, texniki xidmət avadanlıqları və ehtiyat hissələri əlavə edildiyi vurğulanıb.

Bütün bunlar ABŞ-ı böyük həcmlərdə borclanmaya sürükləyir. Vəziyyət ciddi hal alıb. Müqayisə üçün bildirək ki, 2008-ci ildə ABŞ-ın borcu ölkənin ÜDM-nin təxminən 40%-ni təşkil edib. İndiki templərlə bu rəqəmin 2023-cü il ərzində 125%-dək yüksələcəyi ehtimal olunur.

Proqnozlaşdırılan fəsadlar

Artıq bir neçə aydır ki, ABŞ-da ehtimal olunan defolt riski ilə bağlı həyəcan təbili çalınır. Mütəxəssislər qısamüddətli və uzunmüddətli defoltların fəsadlarının da fərqli olacağını proqnozlaşdırırlar. Ağ Evin saytında dərc olunan məqalədə bildirilir ki, qısamüddətli defolt ölkə iqtisadiyyatına az təsirlə ötüşəcək. Uzunmüddətli defoltun baş verəcəyi təqdirdə isə bunun fəsadları kifayət qədər ağır olacaq.  Belə ki, uzun sürən defolt ssenarisi nəticəsində 8 milyon insan işini itirəcək, işsizlik 5% artacaq və ÜDM illik müqayisədə 6,1% azalacaq.

Bundan əlavə, federal və yerli hökumətlər genişləndirilmiş işsizlik sığortasına vəsait xərcləmək imkanına malik olmasalar, köməksiz qalacaqlar. Administrasiyanın fikrincə, bu, əhali üçün bank kreditləri ilə bağlı problemlərə səbəb olacaq, çünki maliyyə institutları faiz dərəcələrini kəskin artırmağa məcbur olacaqlar.

Uzunmüddətli defoltun ABŞ üçün siyasi fəsadları da ağır olacaq. Defolt istənilən ölkənin beynəlxalq nüfuzunun zədələnməsi anlamına gəlir. Xatırladaq ki, C.Bayden administrasiyası ölkədə 12,6 milyon iş yerlərinin yaradılması və işsizliyin son 50 ildə ən aşağı səviyyəyə endirilməsi ilə öyünür. Uzunmüddətli defoltun baş verəcəyi təqdirdə bütün bu nailiyyətlərdən imtina olunacağı qaçılmaz hala gələcək.

Hansı çıxış yolları var?

Hökumət defoltdan yayınmaq üçün ənənəvi üsula əl ataraq borc limiti tavanının növbəti dəfə yüksəldilməsi təklifi ilə çıxış edir. Maliyyə Nazirliyi bəyan edib ki, borclanma limitləri genişləndirilməsə, ölkənin dövlət borcuna xidmət yay aylarında mümkünsüz ola bilər. Anons edilir ki, qanunverici hakimiyyət bəhs olunan tavanı atırmayacağı təqdirdə hökumət digər öhdəliklərini də yerinə yetirmək imkanından məhrum qalacaq.  ABŞ prezidenti C. Bayden bildirib ki,  ölkənin dövlət borcu son 200 ildə yığılıb. Dövlət başçısı ABŞ-ın defoltunun fəlakət olacağını söyləyib. Bayden hesab edir ki, hadisələrin bu cür inkişafının qarşısını almaq üçün Konqres heç bir şərt olmadan dövlət borcunun tavanının artırılmasını təsdiq etməlidir.

Lakin ölkənin borc limiti tavanının yenidən artırılması barədə təkliflər heç də birmənalı qarşılanmır. Respublikaçılar partiyasını təmsil edən 43 deputatdan ibarət qrup dövlət borcunun tavanının artırılması ilə bağlı razılığa gəlməkdən imtina edib. Respublikaçılar borc tavanı limitinin yüksəldilməsinin ABŞ-ın daha çox həcmdə borclanması anlamına gəldiyini bildirirlər. Onlar belə bir qənaəti ifadə edirlər ki, daha çox borclanmaya getməkdənsə, alınan borcların daha səmərəli istifadə edilməsinə və nəzarət mexanizminin gücləndirilməsinə ehtiyac var. Xatırladaq ki,  hələ yanvar ayında ABŞ Konqresində Respublikaçılar partiyasının üzvləri ölkənin dövlət borcunun səviyyəsinin dollar ifadəsində sabit dəyərlə əlaqələndirilməsindən imtina etmək təşəbbüsü ilə çıxış ediblər. Bunun əvəzinə onlar borc - ÜDM nisbətinə keçidi israr edirlər. O da təklif olunur ki, prezident administrasiyası dövlət xərclərini əhəmiyyətli dərəcədə azaltmalı və büdcə islahatları aparmalıdır. Hələlik müzakirələr davam etsə də, ortaq məxrəcə gəlinməyib. ABŞ-ın gələcəyi isə həm də bu ortaq məxrəcin mümkün qədər tez tapılmasından asılıdır. ABŞ-ın defolta uğrayacağı təqdirdə elə dünyada da çox şey dəyişəcək.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 727 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30