Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Yeni dünya nizamına aparan yol - Malta konfransı...

Yeni dünya nizamına aparan yol - Malta konfransı...

03.12.2022 [11:00]

Soyuq müharibənin bitdiyi və yeni dünya nizamının elan edildiyi ötən 33 ildə siyasi, hərbi proseslər yeni forma alıb

33 il öncə - 1989-cu ilin dekabrın 3-ü yeni dünya düzəninin qurulduğu gün kimi tarixə yazıldı. Belə ki, 1989-cu il dekabrın 2-3-də, Berlin divarının uçurulmasından bir ay keçməmiş ABŞ prezidenti Corc Buşla Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçov arasında Maltada zirvə görüşü keçirildi. Bu, 1988-ci ilin dekabrında ABŞ-ın o vaxtkı prezidenti Reyqanın iştirakı ilə Nyu-Yorkda keçirilən görüşdən sonra ABŞ dövlət başçısı ilə SSRİ-nin birinci şəxsinin ikinci görüşü idi. Görüş zamanı fövqəldövlətlərin liderləri soyuq müharibənin başa çatdığını elan etdilər. O dövrün müşahidəçiləri Malta sammitini Stalin, Ruzvelt və Çörçilin müharibədən sonrakı dünya planlarını müzakirə etdikləri 1945-ci il Yalta Konfransından sonra ən mühüm sammit adlandırırdılar.

Yaltadan Maltaya...

1945-ci il fevralın 2-də - II Dünya Müharibəsinin sona yetməsinə aylar qalmış SSRİ-nin rəhbəri İosif Stalin, Böyük Britaniyanın baş naziri Uinston Çörçill və ABŞ prezidenti Franklin Ruzveltin iştirakı ilə baş tutan Yalta Konfransı dünyada yeni siyasi nizamın qurulmasını şərtləndirmişdi. Bu isə özlüyündə yeni qütblərarası savaşı - 44 il uzanacaq “Soyuq Müharibə”ni ortaya çıxardı. Məhz 1989-cu ilin Malta görüşü 1945-ci il Yalta Konfransında qəbul edilmiş bir çox qərarların ləğvi ilə yadda qaldı.

Hadisələri qabaqlamadan qeyd edək ki, həmin dövrdə ABŞ-ın bir sıra aparıcı simaları, ən başda isə prezident Buşun milli təhlükəsizlik üzrə müşaviri Brent Soukroft Malta görüşünün keçirilməsinə qarşı idilər və bunu “vaxtından əvvəl” kimi qiymətləndirirdilər. Lakin Fransa prezidenti Fransua Mitteran, Böyük Britaniyanın baş naziri Marqaret Tetçer, digər Avropa liderləri və ABŞ Konqresinin aparıcı üzvləri prezident Buşu sovet rəhbəri ilə görüşməyin zəruriliyinə inandıra bildilər. Sammit zamanı heç bir rəsmi müqavilə imzalanmadı. Görüşün əsas məqsədi isə iki fövqəldövlətə - SSRİ və ABŞ-a Avropanı dörd onillikdə parçalayan dəmir pərdənin dağıdılması ilə Şərqi Avropada baş verən sürətli dəyişiklikləri müzakirə etmək imkanı yaratmaq idi. Vurğulandığı kimi, bir çox siyasi analitiklər sammiti soyuq müharibənin sonu kimi qiymətləndirdilər. Bəli, sammit iki qütb arasında əvvəlki dövrdəki ziddiyyətlərin azalmasına (tam aradan qaldıra bilmədi) səbəb oldu və Şərqlə Qərb münasibətlərində dönüş nöqtəsinə çevrildi. Sammit zamanı Buş sosialist düşərgəsi ölkələrində yenidənqurma siyasətini və digər islahatları dəstəklədiyini bildirdi. Görüşdən sonra mətbuat konfransında çıxış edən Qorbaçov dedi: “Dünya bir eranı tərk edib yeni bir dövrə qədəm qoyur. Biz uzun bir səyahətin başlanğıcındayıq. Bu, davamlı sülh dövrünə aparan yoldur. Zorakılıq təhdidləri, inamsızlıq, psixoloji və ideoloji mübarizə - bütün bunlar indi unudulmalıdır. Mən ABŞ prezidentini əmin etdim ki, heç vaxt Birləşmiş Ştatlara qarşı müharibəyə getməyəcəyəm”.

Prezident Buşun cavabı da yaddaqalan oldu: “Biz davamlı sülh ideyasını həyata keçirə və Şərqlə Qərb arasında münasibətlərdə etibarlı əməkdaşlığa nail ola bilərik. Məhz burada, Maltada Qorbaçovla mən həmin gələcəyin əsasını qoymuşuq”.

Malta sammitində SSRİ-nin Şərqi Avropa ölkələrinin işlərinə qarışmaması, Almaniyanın birləşdirilməsi və Baltikyanı respublikalara münasibətdə SSRİ-yə güzəştlər haqqında prinsipial razılaşmalar əldə edildi. Buna cavab olaraq Amerika lideri SSRİ-də gedən yenidənqurmaya şifahi dəstək verməklə öz “vəzifəsini” yerinə yetirmiş oldu. Və prezident Buşun söz açdığı “gələcək” isə, deyəsən, artıq gəlib...

Çoxgedişli “kombinasiya” - yeni dünya düzəni üçün zəmin...

Malta konfransından sonrakı siyasi, hətta hərbi proseslər yaranan yeni siyasi situasiyaya uyğun şəkildə inkişaf etdi. Qərb Malta görüşü nəticəsində başlatdığı planı pillə-pillə irəlilətməyə başladı:

- İlk növbədə SSRİ-nin dağılması Qərbin soyuq müharibədə qəti qələbəsini reallaşdırdı;

- Şərqi Avropa ölkələri sürətli şəkildə sosializm quruluşundan kapitalizm quruluşuna keçid dövrünü yaşadı. Bu, Qərbin yeni dünya nizamı siyasətində ən mühüm ştrixlərdən sayılırdı. Qərb özünə yeni iqtisadi, siyasi və hərbi “müttəfiqlər” yaradırdı. Bəli, tapırdı yox - məhz yaradırdı...;

- NATO-nun Şərqi Avropa vasitəsilə Rusiya sərhədlərinə qədər genişləndirilməsi planına start verildi. Günümüzün Ukrayna-Rusiya hərbi qarşıdurmasının da əsas səbəblərindən sayılan bu plan məhz Malta görüşünün “mirası” sayıla bilər;

- Zəif Rusiya və digər post-sovet ölkələri, eləcə də sosializm quruluşuna malik digər ölkələrin əsas silahdan - nüvə silahından imtinası - onların nüvəsizləşdirilməsi planı həyata keçirilməyə başladı.

Burada yalnız sonuncu müddəa özünü uğurla nəticələndirə bilmədi. 1990-cı illərin sonunda zəif Yeltsin Rusiyasının güclü Putin Rusiyası ilə əvəz olunması Malta görüşünün uzunmüddətli nəticələrindən sayıla biləcək sözügedən prosesi yarıda dayandırdı. Bu mənada Qərbin “gücü” yalnız Ukraynaya çatmışdı.

Yeni dönəmdə yeni strategiya - soyuq müharibədən lokal müharibəyə keçid

Eyni zamanda, Malta görüşü ilə yaranan yeni beynəlxalq nizamda ikiqütblü dünyanın birqütblü dünya ilə əvəz olunması prosesinə start verilmişdi. Ard-arda Yaxın Şərq, Mesopotamiya, Şimali Afrika və bəzi Ərəb regionlarında milli dövlətlərin ləğvinə, başqa sözlə “hakimiyyət dəyişikliyinə” başlanıldı. Bu isə yeni dönəmdə yeni strategiyası - soyuq müharibədən lokal müharibəyə keçidi təmin etdi. Diqqət yetirsək, soyuq müharibənin bitdiyi və yeni dünya nizamının elan edildiyi ötən 33 ildə siyasi, hərbi proseslər artıq yeni forma alıb. Eyni zamanda, bu nizamda müdaxilə vasitələri də dəyişib:

- Demokratiya - son 33 ildə təbliğ edilən bu məfhum özünün mənşə mənasını tam itirib. Transformasiyaya uğrayan demokratiya artıq fərqli maraqların əsas silahı kimi müdaxilələrin ən mühüm “açarına” çevrilməyə başladı;

- Lokal müharibələr - soyuq müharibənin ləğvinə qədərki qarşıdurmaların ünvanı və tərəfləri bəlli idi - məsələn, SSRİ ilə ABŞ arasındakı Əfqanıstan mübarizəsi bunun bariz sübutudur. Yeni nizamda isə, artıq “döyüşən tərəflər” bəzi hallarda görünmürdü. Hətta bu qlobal proses yeni “tərcümədə” “vətəndaş qarşıdurması”, “xalq etirazı” kimi də qələmə verilirdi. Milli hakimiyyətlərin ləğvi prosesi fərqli adlar altında aparılırdı. Buna da misal olaraq “Ərəb baharı”nı göstərmək olar.

Nəticə etibarı ilə, Malta konfransı dünyanın “dəngələrini” dəyişdi. Dəyişikliklər isə hələ də yekunlaşmayıb. Yeni nizamın dayaqları hələ də kövrəkliyini qoruyur...

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 181 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Son 5 ay ...

03 Fevral 11:02

Sosial

Ədəbiyyat

Allahı qoruyan şair

03 Fevral 10:56

Siyasət

İRR camaşırxanası...

03 Fevral 10:47  

Siyasət

Siyasət

Siyasət

Daha bir şans

03 Fevral 10:12

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28