Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / BMT İrana missiya göndərir

BMT İrana missiya göndərir

26.11.2022 [10:38]

Beynəlxalq aləm rəsmi Tehrana qarşı tədbirləri sərtləşdirir

İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar iki aydan çoxdur davam edir. İranın rəsmi mənbələri 2500-ə yaxın aksiya iştirakçısının həbs olunduğunu açıqlayıb. Onların 4-ü barəsində edam hökmünün çıxarılmasına dair məlumatlar yayılıb. Qarşıdurmalarda ölənlərin sayı isə yüzlərlədir.

İran rejimi törətdiyi əməllərin beynəlxalq aləmə yayılmasının qarşısını almaq üçün bütün gücünü səfərbər edib. Ən əsası isə İranda internetə giriş bloklanıb. Bildirilir ki, İranın repressiv molla hökuməti xalqın gecə etirazlarından qorxaraq bütün ölkə boyunca internetə girişi məhdudlaşdırıb. Bununla belə, dünya ictimaiyyəti baş verənlərdən xəbərdar olur və kəskin reaksiya bildirir. Artıq bu ölkədə etirazçılara tutulan divanla bağlı bir sıra beynəlxalq təşkilat qətnamə qəbul edib, bu məsələni pisləyib. Yeri gəlmişkən, BMT-nin İnsan Haqları Şurası İranda etiraz aksiyaları zamanı insan hüquqlarının pozulması hallarını araşdırmaq üçün beynəlxalq missiyanın yaradılması haqqında qətnamə qəbul edib. Sənədə 47 nümayəndə heyətindən 25-i dəstək verib. 6 ölkə, o cümlədən, Ermənistan, Çin və Kuba qətnamənin əleyhinə səs verib, 16 dövlət bitərəf qalıb. Missiyanın vəzifəsi 2022-ci il sentyabrın 16-da başlayan etirazlarla bağlı İranda insan hüquqlarının pozulması ilə bağlı müstəqil araşdırma aparmaq olacaq. Missiyadan Şuranın 2023-cü ilin yayında keçiriləcək 53-cü sessiyasına öz işi barədə şifahi məlumat verməsi də tələb olunacaq.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Turk bildirib ki, İranda insan haqları böhranı yaşanır. Hakimiyyət rejimə qarşı çıxan dissidentləri sıxışdırır. Turk BMT-nin İnsan Haqları Şurasının xüsusi iclasında İranda insan haqlarının pozulması ilə bağlı müstəqil, qərəzsiz və şəffaf araşdırmalara çağırıb. “Əldə etdiyimiz məlumata əsasən, İranda etiraz aksiyaları zamanı uşaqlar da daxil olmaqla 14 min nəfər saxlanılıb, 300-dən çox insan öldürülüb. Qətlə yetirilənlərdən 40-ı uşaqdır”.

Onun sözlərinə görə, Məhsa Əmininin qətlinə etiraz olaraq İranın 31 əyalətinin 150 şəhərində və 140 universitetində etiraz aksiyaları keçirilib. Etnik azlıqların yaşadığı regionlar daha çox qurban veriblər. Ali komissar deyib ki, etnik azlıqların parlamentdəki nümayəndələri etiraz aksiyalarını zorakılıq yolu ilə yatırdığına görə İran hakimiyyətini tənqid edib. Turk vurğulayıb ki, İranda dəyişiklik qaçılmazdır. Onun fikrincə, irəliyə doğru yol əhatəli islahatlardan keçir: “Cəmiyyətlər daim inkişaf edir və dəyişir. Heç bir cəmiyyət bir anda mövcud ola bildiyi müddətcə daşlaşa bilməz. Xalqın iradəsinə zidd olaraq bunu etməyə cəhd etmək əbəsdir. Mən İranda hakimiyyətdə olanları davamlı inkişafın tərkib hissəsi olan fundamental ifadə, birləşmə və toplaşma azadlıqlarına tam hörmət etməyə çağırıram. İran xalqı ilə öz ölkəsinin gələcəyi ilə bağlı baxışları haqqında danışın”.

Araşdırma missiyasının yaradılması prosesin inkişafına hansı təsirləri göstərəcək? Bu, İran üçün yeni sanksiyaları aktuallaşdıra bilərmi?

Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlyas Hüseynov deyib ki, BMT-nin İnsan Haqları Şurası İrandakı vəziyyətin araşdırılması ilə bağlı bir müddətdir ki, iş aparır. Bununla bağlı əvvəlcədən məlumatlar verilmişdi. Hətta İrandakı hüquq və azadlıqların pozulmasına etiraz olaraq BMT-nin İnsan Haqları Şurasının Cenevrədə yerləşən mənzil-qərargahının qarşısında insanların toplaşması da gözlənilirdi, buna çağırışlar edilirdi: “İran rejimi nə qədər çalışsa da, istənilən halda, İranda baş verənləri gizlətmək mümkün deyil. Bu gün açıq, şəffaf və informasiya texnologiyaları dövrüdür. Bu baxımdan hansısa dövlətin internetə məhdudiyyətlər tətbiq etməsi, regiondakı prosesləri ört-basdır etmək niyyətləri puça çıxır. Nəticədə, dünya ictimaiyyəti baş verənlərlə bağlı məlumat alır. İran da istisna deyil. Nümayişlərin zorakılıq üsulu ilə yatırılması, etirazçılara atəş açılması, onların qətlə yetirilməsi araşdırılmalı mövzudur. Çünki söhbət sərbəst toplaşqmaq və söz, fikir azadlığından gedir. İranda repressiv bir rejim fəaliyyətdədir və bu rejim güc yolu ilə qorxu, xof yaymaq hesabına ayaqdadır”.

İ.Hüseynovun fikrincə, İranın bir müddət öncə İraqa müdaxiləsi, İraqın bəzi bölgələrini raket atəşinə tutması da daxili etirazları sakitləşdirmədi. Əksinə, insanlar bunun bir bəhanə olduğunun fərqindədirlər. “İnsanlar anlayırlar ki, əsas məqsəd diqqəti yayındırmaq yönündədir. Düşünürəm ki, məhz BMT-nin proseslərə müdaxilə etməsi olduqca əhəmiyyətlidir. Bu, digər regional təşkilatların İrana qarşı daha sərt sanksiyaları nəzərdən keçirməsinə zəmin yarada bilər. Düzdür, İran artıq sanksiyalar altında yaşamağa öyrəşib, bununla belə, dünya birliyinin vahid fikirdən çıxış etməsi olduqca vacibdir. Eyni zamanda, İran BMT çərçivəsində də bəzi pozucu və destruktiv qüvvələrlə, ölkələrlə əməkdaşlıq edir. Bu isə onunla bağlı məsələnin BMT TŞ-da müzakirəsini, hətta qərar qəbul edilməsini sual altına salır. İran öz xarici siyasətini bu günü nəzərə alaraq formalaşdırıb”, - deyən politoloq əlavə edib ki, proseslər nəticə etibarı ilə daha böyük dəyişikliklərə belə yol aça bilər: “Bəzi analitiklərin fikrincə, etnik dözülməzlik, insanların təqiblərə məruz qalması sonda İranın parçalanmasına gətirib çıxara bilər. İddialara görə, mərkəzi hakimiyyətə qarşı muxtariyyət və ya müstəqillik tələblərinin də irəli sürülmə ehtimalları mövcuddur. Bu çox böyük və ciddi plandır. Bu plan zaman-zaman dünya mətbuatında analitik məqalələrdə yer alıb. Fikrimcə, proseslərin inkişafının istiqaməti hazırkı iğtişaşların məcrasından, miqyasından və digər dövlətlərin bu nümayişləri müdafiə etməsindən asılı olacaq”.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 256 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Neft ucuzlaşıb

30 Yanvar 09:45

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31