Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Şarl Mişelin Mərkəzi Asiya turu...

Şarl Mişelin Mərkəzi Asiya turu...

28.10.2022 [10:30]

Avropa İttifaqı Şurası prezidentinin bu regiona səfərinin məqsədi nədir?

Nardar BAYRAMLI

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Mərkəzi Asiya regionuna səfər edib. Regiona səfər çərçivəsində Şarl Mişel regionun bəzi ölkələrinin liderləri ilə görüşüb. Burada diqqətçəkən məqamlardan biri isə Avropa İttifaqının Mərkəzi Asiya regionunun enerji resurslarından faydalanması məsələsidir. Bu baxımdan, Mişelin Qazaxıstana səfəri zamanı aparılan müzakirələr maraq doğurur.  Qazaxıstana səfər zamanı Şarl Mişel və dövlət başçısı Kasım-Jomart Tokayev Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun imkanlarını müzakirə ediblər. “Mövcud geosiyasi vəziyyəti nəzərə alaraq, prezident Tokayev və prezident Mişel qlobal istehsal və təchizat zəncirlərini asanlaşdırmaq üçün Avropa və Mərkəzi Asiya arasında mövcud beynəlxalq nəqliyyat dəhlizlərinin genişləndirilməsinin və inkişafının vacibliyini qeyd ediblər. Onlar, həmçinin, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təklif etdiyi imkanlar və onun daha da inkişaf etdirilməsi variantları, regionda digər nəqliyyat əlaqələrinin rolunu müzakirə ediblər”, - Avropa İttifaqı Şurasının yaydığı məlumatda deyilir.

Məlumdur ki, Rusiya-Ukrayna münaqişəsi fonunda Aİ və rəsmi Moskva bir-birinə qarşı təzyiq vasitəsi kimi neft-qaz amilindən istifadə edirlər. Belə olan halda, Avropa İttifaqı Mərkəzi Asiya ölkələrinin enerji resurslarından istifadə etmək imkanlarını axtarır. Şarl Mişelin Mərkəzi Asiyaya səfərini şərh edən Milli Məclisin deputatı Kamran Bayramov qəzetimizə açıqlamasında bildirib ki, Avropa İttifaqı üçün Mərkəzi Asiyanın neft-qaz ehtiyatları cəlbedicidir. Qazaxıstan və Türkmənistan bu baxımdan böyük ehtiyatlara malikdir. Onun sözlərinə görə, hazırda Rusiyanın enerji asılılığından xilas olmağa çalışan Avropa İttifaqı Mərkəzi Asiya ölkələri ilə bu sahədə əməkdaşlığı genişləndirmək niyyətindədir: “Şarl Mişelin Qazaxıstana səfəri də bu kontekstdə dəyərləndirilməlidir. Əslində, bir neçə ay öncə bu səfərin anonsu verilmişdi. Artıq səfər reallaşıb və müzakirələr başlayıb. Prosesin necə yekunlaşacağını isə gələcək göstərəcək”.

Millət vəkili qeyd edib ki, burada əsas məqamlardan biri Mərkəzi Asiya qazının Avropaya nəqli məsələsidir: “Avropa İttifaqı üçün Mərkəzi Asiya qazınım hansı marşrutla ixrac edilməsi də çox önəmlidir. Bu məsələdən söz düşmüşkən, əlbəttə ki, Avropa üçün Azərbaycanın tranzit imkanlarından istifadə edilməsi çox cəlbedicidir. Məlumdur ki, Avropa İttifaqı Azərbaycan qazının da nəqlinə maraqlıdır və Cənub Qaz Dəhlizi vasitəsilə proses gerçəkləşib. Bu ilin iyul ayında Avropa Komissiyası rəhbərinin ölkəmizə səfəri zamanı enerji sahəsində strateji tərəfdaşlığa dair imzalanmış memoranduma əsasən qarşıdakı illərdə ölkəmiz Avropaya qaz ixracını artıracaq. Bununla yanaşı, ölkəmiz həm də Mərkəzi Asiya qazının Avropaya ixrac edilməsi üçün də böyük tranzit imkanlarına malikdir. Çünki Avropa İttifaqı Mərkəzi Asiyanın enerji resurslarını nə Rusiya, nə də İran ərazisindən nəql edilməsinə maraqlı deyil. Belə olan halda, ən optimal variant məhz Azərbaycandır. Bu amil ölkəmizə iqtisadi dividentlərlə yanaşı, siyasi dividentlər qazandıracaq”.

Politoloq Şəbnəm Həsənova isə hesab edir ki, Şarl Mişelin Mərkəzi Asiyaya səfəri təkcə neft-qaz məsələsi ilə bağlı deyil. Onun fikrincə, Avropa İttifaqı, Qərb bu regionu da Rusiyanın təsirindən uzaqlaşdırmaq istəyir: “Aydın görünən mənzərədir ki, dünya nizamının yenidən formalaşdırılması, təhlükəsizlik arxitekturasının yenidən qurulması istiqamətində Rusiya və Qərb arasında açıq mövqe savaşı gedir. Qərb Ukraynadan başqa digər ərazilərdən, aktorlardan da Rusiyanın əleyhinə istifadə etmək üçün əməli addımlar ortaya qoyur. Lakin belə məqamda daha mühüm olan məsələ bu ərazilərin, o ərazilərdə yerləşən ölkələrin ikinci cəbhənin açılmasına olan reaksiyası, yanaşmasıdır. Mərkəzi Asiya Rusiyaya qarşı növbəti cəbhənin açılması üçün ən əlverişli variantlardan biridir. Bu baxımdan da Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Mərkəzi Asiyaya səfəri, Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayevlə və Tacikistan prezidenti Emoməli Rəhmonla görüşü təsadüf olmadığı qədər, daha dəqiq desək, məqsədlidir. Mərkəzi Asiya ilə əlaqələri dərinləşdirərək Rusiyanın təsir dairəsindən qoparmaq bu gün qarşıda duran əsas məqsədlərdən biridir. Düşünürəm ki, indiki mənzərə İkinci Dünya Müharibəsindən sonrakı mənzərədən əsaslı şəkildə fərqlənir. Belə ki, türkdilli dövlətlərin artıq təsir altında qalmadan öz yollarını tutması, birləşməsi, güclərini bir yerə qoyaraq eyni amala və məqsədə xidmət edən əsaslı addımların atılması üçün zəmin var və bunun da effektiv şəkildə realizə edilməsi istiqamətində görünən və görünməyən olmaqla konkret addımlar atılır”.

Həmsöhbətimiz deyib ki, Cənubi Qafqaz qlobal əhəmiyyətli bölgə olduğundan Qərb həm də bu regionda da olduqca maraqlıdır. Öz maraqlarını həyata keçirmək baxımından regionun ən ələgələn dövləti Ermənistandır. Gürcüstan mövqeyini bəlli etdi. Belə ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili hökumətin iclasında Gürcüstanda ikinci cəbhə, ikinci müharibənin olmayacağını, gürcü xalqının sülh, sabitlik və inkişaf istədiyini bildirdi. Azərbaycana gəldikdə isə politoloq hesab edir ki, həm Cənubi Qafqazın aparıcı ölkəsi kimi, həm də Mərkəzi Asiya dövlətlərinin Cənubi Qafqazda gördüyü güclü, etibarlı və etimad bəslənən aktor kimi öz dəst-xətti var. Buna qətiyyətli mövqeyə təkan verən amil isə əldə etdiyimiz Zəfər, bu Zəfər sonrası Prezident İlham Əliyevin uğurlu diplomatik gedişləridir. Ümumiyyətlə, illər ərzində Cənubi Qafqaz ölkələrinin Avropa İttifaqı ilə münasibətlərini qurmasında fərqli yanaşmaları və baxışlarının olduğu vaxtda Azərbaycan hər zaman balanslaşdırılmış xarici siyasət kursuna önəm verdi. Bizim qırmızı xəttimiz dövlət olaraq ərazi bütövlüyümüzlə yanaşı, həm də xalq və cəmiyyət olaraq dəyərlərimiz oldu. Bu baxımdan da, Avroatlantik strukturlarla münasibətləri dərinləşdirmək xarici siyasətimizin prioritet istiqaməti olsa da, tam Avropaya inteqrasiya xəttini tutmuruq.

Ş.Həsənova qeyd edib ki, hazırda bizim üçün ən vacib məsələ Ermənistanla sülh müqaviləsinin imzalanmasıdır: “Buna gedən yol sərhədlərin delimitasiya və demarkasiya məsələsidir ki, bu da sırf iki dövlətə aid məsələdir. Aİ Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh sazişinin hazırlanması prosesində iştirak edir. Lakin Aİ-nin sərhədlərin dəqiqləşdirilməsi prosesində iştirakını Azərbaycan istəmir. Eyni zamanda, ATƏT kimi qərəzli mövqe nümayiş etdirən Avropa təşkilatlarının fəaliyyətinə də Azərbaycanın cavabı qətidir. Hətta çətin, kritik olan indiki reallıqlar kontekstində də Azərbaycan Prezidenti İlham Əliyevin tutduğu yol milli maraqlarımızın maksimum təmin edilməsinə istiqamətlənib. 2022-ci ilin 22 fevralında “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”,  2022-ci ilin 18 iyul tarixində isə “Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. Eyni zamanda, Azərbaycan hər zaman ən ali səviyyədə elan edir ki, enerji resurslarımız siyasətin əlində alət deyil. Azərbaycan dövlətinin tutduğu orta xətt, uğurlu mövqeyi onun müstəqil dövlət statusunda bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq xətti üzərində dayanır. Mövcud mövqeyimiz reallığa uyğun və perspektivlidir”.

Paylaş:
Baxılıb: 766 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30