Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / İraqda yeni hakimiyyət formalaşır

İraqda yeni hakimiyyət formalaşır

15.10.2022 [11:02]

Rəsmi Bağdad nəyi dəyişəcək?

İraqda müstəqil namizəd Əbdüllətif Məhəmməd Camal Rəşid prezident seçilib. Məlumata görə, İraq parlamentində keçirilən sessiyanın ikinci turunda 269 deputat iştirak edib. Səsvermə nəticəsində Əbdüllətif Məhəmməd Camal Rəşid 162 səslə ölkənin yeni prezidenti olub. Rəşid İraq Məclisində and içərək vəzifəsinin icrasına başlayıb. Qeyd edilməlidir ki, Rəşid seçkilərin ikinci turunda Kürdüstan Vətənpərvərlər Birliyinin (KYB) namizədi, keçmiş prezident Berhem Salihlə yarışıb. Yeni prezident hökuməti formalaşdırmaq vəzifəsini isə Şiə Koordinasiya Qüvvələrinin namizədi Məhəmməd Şia əl-Sudaniyə həvalə edib.

Prezident Rəşid, baş nazir Sudani...

1944-cü ildə Şimali İraqın Süleymaniyyə şəhərində anadan olan Əbdüllətif Rəşid 1968-ci ildə Liverpul Universitetinin İnşaat Mühəndisliyi fakültəsini bitirib. O, Mançester Universitetində doktorluq dərəcəsi alıb. 1969-1971-ci illərdə Süleymaniyyə Universitetində dərs deyib. Siyasi karyerasına 1960-cı illərdə Kürdüstan Demokrat Partiyasına (KDP) qoşularaq başlayan Rəşid 1966-cı ildə qurulan Kürdüstan Vətənpərvərlər Birliyinə (KYB) qatılıb. Səddam Hüseyn hakimiyyətinin devrilməsinin ardından 2003-2010-cu illərdə İraqın Su Ehtiyatları naziri vəzifəsində çalışan Rəşid 2010-cu ildə İraqın keçmiş prezidenti Cəlal Tələbaninin müşaviri və şəxsi katibi vəzifəsinə təyin olunub. Əbdüllətif Rəşid Tələbaniyə ən yaxın adam kimi tanınır.

Yeri gəlmişkən, ötən il İraqda keçirilən növbədənkənar ümumi seçkilərdən sonra hökumətin qurulması ilə bağlı siyasi partiyalar arasında konsensus əldə olunmamışdı və seçkilərin qalibi Müqtəda Əs-Sədrin başçılıq etdiyi Sədr Qrupunun deputatları iyun ayında istefa vermişdilər. Sədrin siyasətdən getməsinə etiraz olaraq tərəfdarları parlamenti zəbt etdikdən sonra isə parlament uzun müddət toplana bilmədi.

Məhəmməd Şia əl-Sudaninin baş nazir vəzifəsinə təyinatı isə parlament tərəfindən də dəstəklənib. Keçmiş baş nazir Mustafa əl-Kazımi bütün siyasi qüvvələri hökumətin formalaşmasında əməkdaşlığa çağırıb. Əl-Sudani yeni hökumətin tərkibini yaxın günlərdə təqdim edəcək. Xatırladaq ki, Əl-Sudani Maysan əyalətində mahal qubernatoru və qubernator vəzifələrində çalışıb. Bundan başqa, o, 2003-cü ildən sonra müxtəlif dövrlərdə Əmək naziri, eyni zamanda Kənd Təsərrüfatı, İmmiqrasiya naziri, Sənaye və Ticarət və Maliyyə naziri vəzifələrində çalışıb.

“İraqın siyasi cəhətdən möhkəmlənməsinə ehtiyacı var”

Yaxın Şərq regionunun mühüm strateji nöqtələrindən sayılan və qardaş Türkiyə ilə sərhəddə yerləşən İraqın gələcək inkişafının istiqamətləri mühüm maraq doğurur. Son 20 il ərzində baş verən siyasi kataklizmləri də nəzərə alsaq, yeni prez?dentin fəaliyyətinin hansı nəticələr doğuracağı açıq suallardandır. Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Qabil Hüseynli bildirib ki, İraqın siyasi cəhətdən hələ də möhkəmlənməyə ehtiyacı var. Vaxtilə İraqda hakimiyyətin zəifliyi və kövrəkliyi bəzi dövlətlərin bundan sui-istifadə etməsində böyük rol oynayırdı: “Məsələn, İraq şiələri başqa ölkələrin diqtəsi ilə işləyirdi. Amma bu vəziyyət artıq dəyişməkdədir. İraq üzərində Səudiyyə Ərəbistanın təsiri xeyli dərəcədə artıb. Müqtəda Əs-Sədrin siyasətdən gedişində də bu amil böyük rol oynayıb”.

Politoloqun sözlərinə görə, İraqda parlament idarə sistemi mövcud olduğu üçün prezident elə də böyük səlahiyyətlərə malik deyil. İcra hakimiyyətinin ən yüksək orqanı Nazirlər Kabinetidir. “Ölkənin idarə olunması ilə də bilavasitə Nazirlər Kabineti məşğul olur. Prezident isə dövlətin simvoludur. Bir sıra məsələlərdə - xüsusilə, xarici ölkələrə səfərlərdə və ya xarici ölkə rəhbərlərinin İraqa səfərlərində protokol üsulu ilə qarşılama və yolasalma mərasimlərində iştirak edir. O cümlədən, ölkə parlamentinin qəbul etdiyi bir sıra qərarları da prezident imzalayır. Amma təyinatlar, kadr seçimi Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Son dövrlərdə İraqda idarə­etmə formasını dəyişmək, parlamentli respublikanı prezident üsul-idarə forması ilə əvəzləmək istəyirlər. Bu, hələ ki, baş tutmur və yaxın vaxtlarda da baş tutacağı görünmür. Bununla belə İraqın sabitliyi ildən-ilə daha da möhkəmlənmiş kimi görünür. Ən əsası ölkənin daxili sabitliyi möhkəmlənir. Artıq dindən siyasi alət kimi istifadə edən dairələrin fəaliyyəti xeyli dərəcədə məhdudlaşdırılıb”, - deyən politoloq Türkiyə ilə İraq arasındakı münasibətlərin də yaxın qonşuluq münasibətləri çərçivəsində inkişaf etdiyini bildirib. Onun fikrincə, bir sıra məsələlərdə fikir ayrılıqları da mövcuddur: “Məsələn, İraqın əsasən şimal, o cümlədən mərkəzi əyalətlərində radikal PKK terrorçuları və onların uzantıları dərin kök salıblar. Həmin ərazilərdən isə mütəmadi olaraq Türkiyəyə yönəlmiş hücumlar təşkil olunur. Bu səbəbdən də Türkiyədə belə bir təsəvvür var ki, İraq hökuməti özünün bütün suveren torpaqlarına nəzarət edə bilmir, bu torpaqlardan Türkiyə üçün təhdidlər mövcuddur. Ona görə də Türkiyə tez-tez İraq ərəzilərində anti-terror əməliyyatları təşkil edir, terrorçuları zərərsizləşdirir. Bu əməliyyatlar isə terror hədəsininin miqyasının azalmasına səbəb olur. Ümumilikdə isə, Türkiyə ilə İraq arasındakı münasibətlərdə elə də bir gərginlik yoxdur və münasibətlər müsbət xəttlə inkişaf edir”.

PƏRVİZ

Paylaş:
Baxılıb: 834 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30