Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Avropa İttifaqı yeni transformasiyaya gedir?

Avropa İttifaqı yeni transformasiyaya gedir?

23.06.2022 [10:37]

Ursula fon der Leyenin son təklifi “köhnə qitə”ni yenidən parçalaya bilər

Pərviz SADAYOĞLU

Rusiyaya tətbiq edilməsi nəzərdə tutulan 6-cı sanksiya paketi ətrafında formalaşan qeyri-müəyyənlik Avropa İttifaqını əməlli-başlı çətinə salıb. Bəzi dövlətlərin açıq, bəzilərinin isə gizli şəkildə bu prosesə “mane” olması anti-Rusiya koalisiyasının bütün gücünü Kremllə “mübarizəyə” səfərbər etməsinə imkan vermir. Belə ki, Aİ üzvü olan bəzi dövlətlərin veto hüququndan istifadəsi Rusiyaya qarşı sanksiyaların daha aktiv formada həyata keçməsini “əngəlləyir”. Təbii ki, veto qoyan ölkələr milli mənafelərindən çıxış edərək öz addımlarını arqumentləşdirirlər. Amma bu, Rusiyaya qarşı qlobal və bütün sferalar üzrə “müharibə” aparmaq istəyən güclərin maraqlarına uyğun gəlmir.

Bunun nəticəsidir ki, Aİ problemin kökündən həlli üçün üsullar axtarmaqdadır. Məsələn, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin “Politico” nəşrinə müsahibəsində səsləndirdiyi son təklif buna misal ola bilər. AK rəhbəri bildirib ki, Avropa İttifaqının xarici siyasət qərarlarının qəbulunda yekdillik prinsipindən imtina edilməsinin vaxtı çatıb. Bu, müəyyən geosiyasi hadisələrə daha çevik reaksiya vermək ehtiyacından qaynaqlanıb. Onun sözlərinə görə, İttifaq xarici məsələlərdə ixtisaslı səs çoxluğuna keçməlidir. AK rəsmisi onu da vurğulayıb ki, Avropa İttifaqı ayrı-ayrı üzvlərin onları bloklamaq hüququna görə aktual məsələlərlə bağlı operativ qərar vermək imkanını itirir.

Qeyd edilməlidir ki, bu cür çağırışlar artıq bir ildən çoxdur ki, aktualdır. Əgər xanım fon der Leyenin “təklifi” həyata keçərsə, alyansın bütün üzvlərinə təsir edəcək qərarların qəbulu üçün sadə səs çoxluğu belə kifayət etmiş olacaq. Bəs bu dəyişiklik, İttifaqın fəaliyyətinə hansı təsirləri göstərəcək?

Aİ “etirazçıları”n prosesə təsir imkanlarını məhdudlaşdırır

“Politico” nəşri qeyd edir ki, fon der Leyenin təklifləri xarici siyasətin başqa aspektinə də aid ola bilər. Məsələn, konkret dövlətə qarşı sanksiyaların tətbiqi ilə bağlı Aİ-nin ortaya qoyduğu mövqeyə qarşı səsləndirilən əks fikirlər Aİ-nin işini “yubadır”. Brüsselin Moskvaya qarşı sanksiyalar paketlərinin razılaşdırılmasında bir sıra çətinliklərlə üzləşdiyi sirr deyil və bu, Avropa bürokratiyasının tanınmış simalarının da narazılığına səbəb olub. Hətta Aİ-yə üzv ölkələrin Rusiyaya qarşı altıncı sanksiyalar paketi məsələsi ilə bağlı debatların keçirilməsi bunun göstəricisidir. Macarıstan lideri Viktor Orbanı sənədi imzalamağa inandırmaq üçün Brüssel bir neçə həftə gözləmişdi, çünki siyasətçi bunu ölkəsinin enerji təhlükəsizliyinə təhdid hesab edirdi. Cənab Orban altıncı paketi hələ də “tarixi səhv” hesab edir.

Görünən odur ki, Brüsselin gələcəkdə Orbanın timsalında demarşlara dözmək üçün səbri və gücü tükənir. “Etirazçı ölkələrə” daha yüksək təsir edilməsi üçün də tədbirlər nəzərdə tutula bilər. Qərbin siyasi ekspertləri bu cür ölkələrin Aİ-dəki bir sıra hüquqlarının məhdudlaşdırılması ehtimallarını irəli sürürlər.

Avropa İttifaqı üzvlərin bərabərlik hüququnu pozacaqmı?

Fon der Leyenin bu təklifi həqiqətən də Aİ-də parçalanma ehtimalı yaratmırmı? Və ya bu addımın atılması Aİ-nin monoton bir ittifaqa çevrilməsini şərtləndirməyəcəkmi? Bir çox siyasi mütəxəssislərin fikrincə, “demokratiyanın beşiyi” sayılan və bir çox hallarda nümunə göstərilən Avropa bununla geriyə addım ata bilər. Beləliklə, yeni siyasi reallıqda Avropa İttifaqı bərabərhüquqlu birlik formatından çıxaraq fərqli status alacaq. Belə ki, kiçik və ya iddiasız ölkələrin maraqları nəzərə alınmayacaq, əksinə, böyük güclərin hansısa ölkələrə və ya təşkilatlara qarşı “hikkələri” vahid Avropanın mövqeyi statusunu daşıyacaq. Bu, nə dərəcədə doğru və hüquqidir?

İkinci bir tərəfdən, öz arqumentlərini əsaslandıra bilməyən bəzi Avropa dövlətləri təzyiq yolu ilə istəklərinə çatmaq niyyətindədir. “Valday” klubunun proqram direktoru Timofey Bordaçevin fikrincə, fon der Leyenin təklifi Aİ-nin xarici siyasət kursuna tərəddüdlə yanaşan ölkələri “qorxutmaq” cəhdindən başqa bir şey deyil. “Bu, Aİ səviyyəsində siyasi intriqa elementidir. Xarici siyasət məsələlərində yekdillik prinsipinin dəyişdirilməsi Avropaya inteqrasiyanın məhvinə doğru daha bir addım demək olacaq. Nəticələr ölkələrin suveren hüquqlarına mənfi təsir göstərə bilər. Fon der Leyenin sözləri elitanın fikirlərini önə çəkmək və ümumi sıralarda qərarlaşan Macarıstan kimi ölkələri qorxutmaq cəhdi kimi qəbul edilməlidir”, - Bordaçev bildirib.

Yekdillik prinsipindən də yekdilliklə imtina edilməlidir

Xatırladaq ki, bu kimi müzakirələr Aİ-də ilk deyil. Yekdil mövqe prinsipinin “təhlükələri” hələ 2018-ci ildə müzakirə olunub. Hətta Almaniya Xarici İşlər Nazirliyi Avropa Komissiyasının keçmiş sədri Jan-Klod Yunkerin bu prinsipin ləğvi ilə bağlı təklifini açıq şəkildə dəstəkləmişdi. Yunker də bildirirdi ki, Aİ-ni parçalamaq istəyən bəzi üzv dövlətlər məhz yekdillik prinsipindən istifadə edirlər. Son dörd il ərzində isə belə çağırışlar daha da intensivləşib. Xanım fon der Leyen dəyişikliklərin əsas lobbiçilərindən biri sayılır. Maraqlıdır ki, bu məsələnin həlli də hazırda yekdillik tələb edir. Nəzərə alaq ki, Polşa və Macarıstan hələ o dövrdən yekdilliyin ləğvinə açıq şəkildə müxalifədədir. Digər tərəfdən, Lissabon müqaviləsinə bu cür əhəmiyyətli düzəlişlər etmək üçün bütün Aİ dövlətləri birləşməli, bu müddəadan yekdilliklə imtina etməlidir. Bu isə hazırkı şəraitdə praktiki cəhətdən mümkün deyil. Çünki müqaviləyə yenidən baxılması uzunmüddətli prosesə çevriləcək. Hər bir ölkə bu məsələni ayrı-ayrı daxili auditoriyada müzakirə etməli, daha sonra isə ümumi mövqeyə gəlinməlidir. Bu baxımdan, AK rəsmisinin təklifinin rəsmiləşmə şansı o qədər də çox deyil.

Timofey Bordaçev də məsələyə münasibət bildirərkən dəyişikliklərin edilməsi prosesinin bir neçə il uzana biləcəyinə əmin olduğunu deyib: “Yekdillik prinsipindən imtina etmək üçün yeni hökumətlərarası komissiya formalaşdırılmalı və toplaşmalıdır. Bu proses bütövlükdə beş ildən yeddi ilə qədər davam edə bilər. Hətta sonda da belə bir dəyişikliyin mümkünlüyü istisna oluna bilər”.

Aİ-nin siyasi iflası elan edilir?

Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq Yeganə Hacıyeva bildirib ki, Aİ formalaşan ilk günlərdən bir neçə üzvün diktəsi ilə ümumi qərarların qəbulu istiqamətində müəyyən təkliflər səsləndirilmişdi. Bu təkliflərdən biri təxminən BMT TŞ-nın daimi üzvlərinin səlahiyyətləri formasındakı formatla bağlı idi. Bu format sonradan müxtəlif dövrlərdə müxtəlif formalarda gündəmə gətirildi. Politoloqun sözlərinə görə, əvvəlki dövrdə bu təkliflərə diqqət olduqca az olsa da, indiki dövrdə buna marağın artdığını müşahidə edirik: “Fransa, Niderland, İsveçrə, hətta Avropa İttifaqının siyasi mərkəzi sayılan Brüsselin özü faktiki olaraq Aİ-nin bütün imkanlarından faydalanmağa cəhd göstərirlər. Hətta Aİ-nin ciddi postlarında belə əksər hallarda Hollandiya, Fransa, Finlandiya kimi dövlətlər təmsil olunur. Məntiqi sual yaranır ki, bu dövlətlər Aİ-nin fəaliyyətində nə qədər faydalıdırlar? Və ya Aİ-nin çoxşaxəli təhlükəsizlik məsələsində bu dövlətlərin rolu nə qədər faydalıdır?”

Y.Hacıyevanın fikrincə, Rusiya ilə Ukrayna arasında müharibənin başlamasının ardından Aİ özünün bəzi üzvlərinə müstəsna hüquqlar tanıyıb. “Konkretləşdirsək, Aİ Almaniyaya tanıdığı səlahiyyətləri və haqları Çexiya və Macarıstanın nümunəsində digərlərinə tanımaq istəmədi. Qurum bu gün Almaniyaya enerji və qaz diversifikasiyası məsələsində güzəştlər edirsə, bu haqq digərlərinə verilmir. Qarşılığında isə Aİ Macarıstandan özünün milli və dövlət maraqlarını görməzdən gəlməyi, hətta kənara qoymağı tələb edir. Görünən budur ki, son proseslərin fonunda İttifaq yenindən köhnə mövzuya müraciət etməyə cəhd göstərir”, - deyən politoloq onu da bildirib ki, bu, əslində Aİ rəsmiləri tərəfindən İttifaqın siyasi təsisat olaraq siyasi iflasının elan edilməsidir. İrəli sürülən təklif heç bir halda müstəqil və bərabər şərtlər altında üzvlüyə razı olmuş ölkələrə sərf etməyəcək: “Həmin dövlətlər bir neçə ölkənin onların müqəddəratının həlli ilə bağlı qərarlar vermək hüququnu tanımayacaq. Bu isə nəticədə narazı dövlətlərin Aİ-dən çıxmasını şərtləndirəcək və “Brexit”dən sonra Aİ-nin yenidən parçalanmasına yol açacaq. Qeyd edim ki, Aİ-nin bir neçə üzvünün bütün qurumun adından qərar verməsi məsələsi bəzi ölkələr tərəfindən artıq aktiv şəkildə müzakirə edilib. Fransa, Hollandiya, Finlandiya, İsveç və bəzi dövlətlər arasında belə bir razılaşma var. Nəzərə alınmalıdır ki, Aİ-nin təhlükəsizliyinin və monolitliyinin gələcək perspektivi birbaşa bu qərardan asılı olacaq. Hazırda təşkilat daxilində gedən transformasiyanın şahidiyik. Bunun davam etməsi isə Aİ-nin uzunmüddətli perspektivdə hazırki formatının dağılmasına gətirib çıxaracaq. Ola bilsin ki, yeni istiqamətlər üzrə başqa formatlar formalaşacaq. Hazırda gündəmdə olan təkliflər çoxdur və bu təkliflər arasında daha çox lobbiçiliyi aparılan seçiləcək. Ümumən İttifaqın ticari əlaqələri vahid çətir altında saxlanıla bilər. Amma siyasi və təhlükəsizlik anlamında müəyyən transformasiyalara gediləcək. Çünki bu qaçılmazdır. Bütün üzvlərin maraqlarının qorunmadığı bir qurum hamıya lazım olmayacaq. Məsələn, Macarıstan Aİ-nin cənub-şərq qapılarından biridir və qurumun enerji təhlükəsizliyində mühüm rol oynayır. Hətta belə bir ölkəyə qarşı sanksiyalar çağırışının səsləndirilməsinin şahidi olduq. Hazırki təklif də bu çağırışlardan biridir”.

Paylaş:
Baxılıb: 137 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

13 il öncə...

25 İyun 10:35

Xəbər lenti

Siyasət

MEDİA

Prezident bu gün

Prezident bu gün

25 İyun 10:11

Xəbər lenti

Siyasət

4-cü səfər...

25 İyun 10:01  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30