Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Ərdoğanın Bakı səfəri: Türkiyə-Azərbaycan birliyi yeni səviyyədə

Ərdoğanın Bakı səfəri: Türkiyə-Azərbaycan birliyi yeni səviyyədə

15.04.2014 [09:26]

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın bələdiyyə seçkisindən sonra ilk olaraq Azərbaycana səfər etməsinin səbəbləri çoxdur. İki qardaş dövlət arasında müxtəlif sahələr üzrə əməkdaşlıq yüksək səviyyədədir. Bununla yanaşı, dünyada geosiyasi vəziyyət sürətlə dəyişir. Meydana yeni şərtlər çıxır. Bəzi hallarda ölkələrin təhlükəsizliyinə təhdidlər olur. Bir sıra regionlarda müşahidə edilən gərginliklərin geniş məkana yayılması ehtimalından danışılır. Bütün bunların fonunda R.T.Ərdoğanın Azərbaycana gəlişi ekspertlərin və analitiklərin böyük marağına səbəb olub. Tərəflərin apardıqları müzakirələr bunun səbəbsiz olmadığını göstərdi.
Ankara-Bakı xəttində yeni perspektivlər
Azərbaycan-Türkiyə münasibətlərinin Cənubi Qafqazın geosiyasi dinamikasına böyük təsiri vardır. Bölgədə real balans bu dövlətlərin əməkdaşlığından birbaşa asılıdır. Baş nazir Rəcəb Tayyib Ərdoğanın Bakıya son səfərinə həmin gerçəklik müstəvisində yanaşanda maraq doğuran bir sıra məqamları görmək mümkündür.
Ekspertlər, ilk növbədə Türkiyənin Baş nazirinin bələdiyyə seçkilərindən dərhal sonra Azərbaycana gəlməsinə diqqət çəkirlər. Burada əsas amil kimi iki ölkənin çox yaxın olması vurğulanır. Şübhəsiz, bu fikirdə həqiqət yükü böyükdür. Eyni zamanda, R.T.Ərdoğanın bu səfərinə qlobal miqyasda cərəyan edən geosiyasi proseslərin dinamikası kontekstində baxmaq lazımdır. İlk olaraq Ukraynada müşahidə edilən ziddiyyətli hadisələrin postsovet məkanı miqyasında verə biləcəyi əks-sədaları diqqətə almaq gərəkdir.
Konkret desək, Baş nazirin Azərbaycana gəlişi Cənubi Qafqaza da ciddi təsiri ola biləcək son geosiyasi proseslərin məzmunu ilə də əlaqəli görünür. Hər şeydən əvvəl, təhlükəsizlik məsələləri, enerji siyasəti və iqtisadi əməkdaşlığın perspektivləri üzərində dayanmağa ehtiyac vardır. Ankara və Bakı həmişə bu istiqamətlərdə geniş əməkdaşlıq ediblər. Yeni vəziyyətin yaranması meydana əlavə faktorlar çıxarıb. Onların nəzərə alınması çox vacibdir. Prezident İlham Əliyev R.T.Ərdoğanla keçirdiyi görüşdən sonra təşkil edilən mətbuat konfransında həmin kontekstdə mövcud vəziyyəti dəqiq ifadə edib: “Biz bütün sahələrdə qardaş, dost kimi birgə fəaliyyət göstəririk. Bugünkü səfər əsnasında apardığımız danışıqlar və etdiyimiz söhbətlər bir daha bizim birliyimizi təsdiq edir. Biz siyasi sahədə müttəfiqik. Bu gün dünyada ikinci belə ölkələr tapılmaz ki, bir-birinə Türkiyə-Azərbaycan kimi yaxın olsunlar” (bax: Prezident İlham Əliyevin və Baş nazir Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı / AzərTAc, 4 aprel 2014).
Azərbaycanın dövlət başçısı fikirlərini inkişaf etdirərək konkret misallarla iki ölkənin əməkdaşlığının inkişaf perspektivlərini göstərib. Belə ki, Azərbaycan növbəti 7-8 il ərzində Türkiyə iqtisadiyyatına əlavə olaraq təqribən 20 milyard dollar sərmayə yatıracaq (bax: əvvəlki mənbəyə). Bu, ölkənin xaricə yatırdığı ən böyük sərmayədir. Bütövlükdə isə iki dövlət arasında ticarət dövriyyəsinin 15 milyard manata çatdırılması nəzərdə tutulub (bax: Durmaq yox, yola davam / “Azərbaycan” qəzeti, 9 aprel 2014).
Türkiyə Azərbaycanın qeyri-neft sektoruna ən çox sərmayə qoyan ölkədir. Qardaş dövlətin iş adamları istehsal, telekommunikasiya, inşaat, mətbuat, qida, təhsil, səhiyyə, bank, nəqliyyat və digər sahələrdə geniş fəaliyyət göstərirlər. Ankara Azərbaycan ordusunun güclənməsində aktiv surətdə iştirak edir. Hərbi əməkdaşlıq yüksək səviyyəyə qalxıb (bax: Azərbaycan-Türkiyə münasibətləri dostluq və qardaşlıq prinsiplərinə əsaslanır / “Yeni Azərbaycan” qəzeti, 9 aprel 2014).
Şübhəsiz, bunlar ciddi məqamlardır. Lakin müzakirə edilən məsələlər içərisində strateji əhəmiyyəti daha böyük olan bir məsələni ayrıca vurğulamaq gərəkdir. Söhbət iki liderin enerji layihələrini regional çərçivədən çıxararaq dünya miqyaslı layihələrə çevirməklə əlaqədar əldə etdikləri razılıqdan gedir.
Dünya miqyaslı layihələr: əməkdaşlığın səmərəli modeli
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzrum və Trans-Anadolu (TANAP) neft-qaz kəmərlərinin bu cür statusa malik olması bütövlükdə regionun geosiyasi mənzərəsini yeniləşdirəcək. Hazırda postsovet məkanında baş verən siyasi və geosiyasi hadisələrin işığında bu məsələ kifayət qədər aktual görünür. Əsas isə odur ki, iki türk dövləti regional əməkdaşlığın qlobal miqyasda faydalı tərəfdaşlığa dəstək olmasını təmin etmək məqsədini qarşıya qoyublar. Çünki enerji layihələrinin qlobal miqyasda status alması ilk növbədə əməkdaşlıq və təhlükəsizliyə xidmətdir.
Bütövlükdə dünyada müşahidə edilən iqtisadi, maliyyə, siyasi, geosiyasi, mədəni və hərbi proseslərin fonunda Azərbaycan və Türkiyə liderlərinin bu addımı nümunəvidir. Təsəvvür edək ki, Azərbaycan və Türkiyə bütün məsələləri qarşılıqlı-faydalı və bərabərhüquqlu əməkdaşlıq müstəvisində həll etməyin sivil modelini təklif edirlər. Deyək ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini də həmin kontekstdə görür. Hazırda bəzi dövlətlərin başqa ölkələrin ərazilərini zəbt etməklə hansısa məqsədə çatmaq niyyətində olduğu bir zamanda türk dövlətlərinin bu iradəsi həqiqi demokratiklikdən və sülhsevərlikdən xəbər verir. Hesab edirik ki, dünya bu mesajı lazımi dərəcədə qiymətləndirməlidir.
Sirr deyil ki, Qərb və Rusiya enerji təhlükəsizliyi məsələsində fərqli baxışlara malikdirlər. Onlar arasında həmin aspektdə müəyyən münaqişə də müşahidə edilir. Tərəflər bir-birlərinin maraqlarını tam nəzərə almaq istəmirlər. Bu səbəbdən dünyanın müxtəlif regionlarında, o cümlədən postsovet məkanında təhlükəli vəziyyət meydana çıxmaqdadır. Maraqlıdır ki, Azərbaycan və Türkiyə bu gərginliyin azalması və bütün tərəflərin real əməkdaşlıq etməsinin konkret modelini ortaya qoyurlar. R.T.Ərdoğanın Bakı səfərinin mühüm strateji tərəfini həmin məqam təşkil edir.
Bu kontekstdə enerji dəhlizləri məsələsinə iki qardaş dövlətin liderlərinin münasibətini başqaları üçün örnək hesab etmək olar. Azərbaycan və Türkiyə nəqliyyat və enerji dəhlizinin daha səmərəli nəticələr verməsinə nail olmaq qərarına gəliblər. Qlobal geosiyasi kontekstdə bu prosesin ümumi təhlükəsizlik və əməkdaşlığa çox böyük bir töhfə olduğunu dərk etmək lazımdır.
Müqayisə üçün deyək ki, Ermənistan və ya Gürcüstan bu istiqamətdə hansı addımları atırlar? Yerevan, ümumiyyətlə, bu barədə düşünmür. Onun əsas işi müxtəlif böyük dövlətlərə özünü baha satmaqdan ibarətdir. İndiyə qədər bu cırtdan ölkənin regional əməkdaşlıqla bağlı real bir layihə irəli sürdüyü görünməyib. O halda Ermənistan qlobal təhlükəsizliyə və əməkdaşlığa hansı töhfəni verə bilər?
Gürcüstan bir qədər fərqli siyasət yeridir. Lakin bu dövlətin də əsas məqsədi hazırda özünün varlığını birtəhər qoruyub saxlamaqdan ibarətdir. Bu ölkənin parlamentinin sədri David Usubaşvili Tallində açıq bildirib ki, əgər Gürcüstanı NATO-ya qəbul etməsələr, o, müstəqilliyini itirəcək (bax: Usupaşvili preduprejdaet po povodu PDÇ NATO / “Civil Georgia”, 14 yanvar 2014).
Qonşu dövlətlərin bu cür qayğıları fonunda Azərbaycanın qlobal dünya miqyasında təsiri olan enerji layihələri və dəhlizlərindən danışması və bu istiqamətdə konkret fəaliyyət göstərməsi, təbii ki, ciddi uğurdur. Bu məsələdə Türkiyə-Azərbaycan əməkdaşlığının xüsusi yer tutması isə ayrıca geosiyasi əhəmiyyəti olan məqamdır.
Bütün bunlar Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfərinin strateji məqamlarla sıx bağlı olduğunu göstərir. Türkiyədəki seçkidə Baş nazirin rəhbərlik etdiyi partiyanın qələbə qazanması Ərdoğanın mövqeyinin möhkəm olduğunu göstərir. Bu siyasətçi verdiyi sözlərə əməl edə bilir. Bu səbəbdən Bakıda əldə edilən razılıqların konkret reallaşması şansının yüksək olduğunu demək mümkündür.
Newtimes.az

Paylaş:
Baxılıb: 1498 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30