Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Uzaq, ...yaxın Hindistan

Uzaq, ...yaxın Hindistan

02.09.2010 [10:03]

Bu ölkədə Azərbaycanla əməkdaşlığa hər zaman böyük maraq var
ötən həftə keçmiş sovet respublikalarını təmsil edən bir qrup jurnalist Hindistanın Xarici İşlər Nazirliyinin dəvəti ilə bu ölkədə səfərdə oldu. Səfərin əsas məqsədi Hindistanın son illərdə əldə etdiyi nailiyyətləri KİV vasitəsi ilə həmin ölkələrin xalqları, eləcə də, iş adamları ilə paylaşmaq, gələcək iqtisadi əlaqələr üçün zəmin hazırlamaq idi. Bu da səbəbsiz deyil. çünki sovetlər birliyinin dağılmasından təqribən 20 il keçməsinə baxmayaraq, Hindistanın keçmişdə SSRİ-nin tərkibində olmuş respublikalarla əlaqələri heç də arzuolunan səviyyədə deyil. Başqa sözlə desək, atom silahlarına və fəzada özünün kosmik peykinə malik olan, eləcə də, son illərdə informasiya texnologiyaları sahəsində uğurlar əldə edən Hindistan sürətlə inkişaf edən ölkələr sırasında yer almağa səy göstərsə də, regionun ən yaxın ölkələrilə belə kifayət qədər iqtisadi əlaqələr qura bilməyib. Ciddi rəqabət apardığı çinlə müqayisədə, sözügedən bölgədə hələ də özünə satış bazarı təmin etməyə nail olmayıb. Bunun isə həm obyektiv, həm də subyektiv səbəbləri var...
Bitib tükənməyən yolçuluq
Səfərdən bir gün öncə Hindistanın ölkəmizdəki səfiri cənab Debnat Şou Azərbaycandan gedən jurnalistləri qəbul etdi. Bizim Hindistana səfər edən ilk jurnalist qrupu olduğumuzu xatırladan diplomat, buna çox sevindiyini bildirdi və uğurlu yolçuluq arzuladı. Hindistanda Azərbaycanla əməkdaşlığa böyük maraq olduğunu xatırladan diplomat, bizim bu ölkəyə səfərimizdən sonra hazırlayacağımız materialların ölkələrimiz arasında bir növ körpü rolunu oynayacağını, iqtisadi əlaqələrin genişlənməsinə zəmin yaradacağına inandığını vurğuladı. Amma, iqtisadi əlaqələrin genişlənməsində mövcud infrastruktur, kommunikasiya şəbəkəsinin mövcudluğu vacib şərtdir. çünki, heç bir iş adamı pulunu və vaxtını uzun-uzadı yolçuluğa xərcləməkdə, saatlarla müxtəlif ölkələrin hava limanlarında oturub uçuş saatını gözləməkdə maraqlı deyil. Bunlar bir yana, əgər söhbət hansısa istehsal vasitələrindən, tez xarab olan istehlak mallarının daha qısa bir müddətdə satış bazarlarına çıxarmaqdan gedirsə, bu zaman məsələ daha da ciddiləşir. Belə ki, əgər Hindistan tərəfi yaxın qonşu ölkələri olan Orta Asiya respublikaları, eləcə də, Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək niyyətindədirsə, o zaman həmin ölkələrə birbaşa hava reyslərinin açılması haqda düşünməlidir.
Bunu qeyd etməyimiz heç də təsadüfi deyil. Məsələ burasındadır ki, azərbaycanlı jurnalistlər bu ölkəyə Bakı-İstanbul- Nyu-Delhi marşrutu ilə yollanmışdı. özü də, İstanbulun Ataturk hava limanında 5 saat gözləməklə. Biz hələ şükürlü idik. Necə olsa da, Türkiyəni özümüzə ikinci Vətən sayırıq- dilimiz bir, qanımız bir. Qazaxıstandan olan jurnalistlər isə oraya gəlmək üçün Astanadan Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabiyə uçmuş, bir o qədər yolu da təkrar geriyə qayıdaraq Hindistana gəlmişdilər. Tacikistan jurnalistləri isə Əfqanıstana uçmuş, hələ üstəlik Kabul hava limanında amerikan əsgərlərinin avtomat qundaqlarının altından keçmək “şərəfinə nail olmuşdular”. Söylədiklərimizin iş adamlarında hansı təəssüratlar yaradacağını bilməsək də, bu, reallıqdır...
Yaşıllığa qərq olmuş şəhər
Raciv Qandi adına Nyu-Delhi beynəlxalq hava limanına çatan andan ingilis dilində orta səviyyədə danışmağı bacarmağımıza baxmayaraq, bizim üçün rus dilini bilən tərcüməçinin ayrıldığını, üç nəfərin hər biri üçün ayrıca minik avtomobilinin ayrılmasını görəndə, bu ölkədə Azərbaycanla əməkdaşlığa necə böyük önəm verildiyini, eləcə də, səfərin yüksək səviyyədə təşkil olunduğunu anladım.
Avtomobil karteji qalacağımız “Taj Palace” otelinə istiqamət götürdü. Pəncərədən şəhəri seyr edirik. Nyu-Delhi, Avropanın, eləcə də, Asiyanın əksər paytaxtlarından tamamilə fərqlənir. Şəhər sanki yaşıllıqların qoynuna qərq olub. Yol bolu hündür tikililər, demək olar ki, gözə dəymir. Məşhur otel markalarının adları yazılmış 3-4 mərtəbəli binalara təəccüblə baxdığımı görən tərcüməçi şəhərdə göydələnlərin tikintisinin rəsmən qadağan olunduğunu bildirir. Səbəbini isə paytaxtın seysmoaktiv zonada yerləşməsi ilə izah edir. Yalnız prezident sarayı, parlament binası və müxtəlif istiqamətlərdə yeni inşa olunan bir neçə mehmanxana yaşıllıqlar qoynundan boylanaraq, sanki digərlərinə acıq verirmiş kimi, şəhərin “nizamını” pozurdu. Şəhərin tropik iqlim qurşağında yerləşməsi ağacların yaxşı inkişaf etməsinə, binaların damlarınadək qalxmasına səbəb olub. 12 milyondan artıq insanın yaşamasına rəğmən, paytaxtın ərazisi kifayət qədər böyükdür. Müxtəlif yerlərdə hasara alınmış ayrıca yaşıllıq zonalarında isə meymunlar və quşlar “firavan” həyat sürürlər.
Kontrastlar ölkəsi
Rəsmi statistikaya görə, ölkədə 1 milyard 100 milyon əhali yaşayır. Bu isə dünya əhalisinin təqribən beşdə biri deməkdir. Başqa sözlə, bu sayda insanı yedirib, işlə təmin etmək, onların sosial təlabatı və s. ehtiyaclarını ödəmək, heç də asan məsələ deyil. Məhz, bu səbəbdən də, əhali təbəqəsi arasındakı kontrast özünü aydın şəkildə büruzə verir. ümumilikdə götürdükdə, Hindistan varlılar və kasıbların yaşadığı bir ölkədir. Burada nisbətən varlılar zavod və fabriklərin, iri müəssisələrin sahibləridir. Onlar nisbətən bahalı avtomobillər sürür, daha çox paytaxtın kənarlarında yaşamağa üstünlük verirlər. Bir qədər normal əməkhaqqı alanlar isə şəhərin mərkəzi hissəsində bələdiyyələrin balansında olan evlərdə yaşayırlar. Onlar daha kiçikhəcmli avtomobillərdə gəzirlər. Nyu-Delhinin küçələrində eyni zamanda həsirdən, polietilendən özünə çadır qurub yaşayanlar da az deyil. Heç bir yerdə işləməyən bu insanlar günlərini dilənməklə, kiminsə verdiyi sədəqələr hesabına yaşamaqla keçirirlər. Doğrudur, rəsmilər həmin insanların Pakistan, Əfqanıstan və Banqaledeşdən gəlmiş miqrantlar olduğunu bildirirlər. Amma, bununla belə, küçələrindəki basırıq, maşın tıxacları paytaxt şəhəri haqda zəngin təəssüratların üstündən bir andaca xətt çəkir. Hələ üstəlik gözümüzün öyrəşmədiyi avtomobillərdə sükanın sağ tərəfdə olması, yollarda sol tərəfli hərəkət, ötmə zolağının sağ tərəfdə yerləşməsi əcnəbiləri lap çaş-baş qoyur.
Bütün bunlara rəğmən ölkə inkişaf edir. Paytaxtda aparılan abadlıq işləri, yol və körpü tikintisinə heyrətlənməmək olmur.
Tezliklə Nyu-Delhi şəhəri Böyük Britaniya imperiyasını dağılmasının 50 illiyi münasibətilə, bu imperiyanın tərkibində olmuş ölkələrin (52 ölkə) Olimpiya oyunlarına ev sahibliyi edəcək. ölkə bu mötəbər idman bayramına ciddi hazırlaşır və paytaxt əsl tikinti meydançasını xatırladır. Yeni stadionlar, oyun meydançaları inşa olunur, küçələrin səkilərinə bəzək daşları döşənir, gül-çiçəklər əkilir.
Yeni inşa olunan rahat yollarla mərkəzə doğru irəlilədikcə, az əvvəl gördüyün kasıb insanların acı mənzərəsini belə unudursan.
Hindistanda Azərbaycana maraq böyükdür
Otelin önündə bizi Xarici İşlər Nazirliyinin məsul işçiləri qarşılayır. Hind qonaqpərvərliyinə söz ola bilməz. Lap filmlərdə gördüyümüz kimi, hər birimizin alnına hansısa maddədən hazırlanan qırmızı xal qoyulur, boynumuza gül çələngi taxılır. öyrənirik ki, digər ölkələrdən olan jurnalistlər artıq buradadırlar.
XİN tərəfindən təşkil olunan ziyafətdə, demək olar ki, əsasən Azərbaycanla bağlı suallar səslənirdi. Hiss olunurdu ki, Hindistanda Azərbaycanla əməkdaşlığa böyük önəm verilir. Azərbaycandakı iqtisadi inkişaf, əhalinin sosial vəziyyətin yaxşılaşdırılması istiqamətində hökumətin həyata keçirdiyi islahatlarla maraqlanırdılar. Azərbaycandakı söz və mətbuat azadlığı, dövlətin mətbuatın inkişafına göstərdiyi dəstəklə bağlı məlumatları təkcə hind tərəfi deyil, həm də Orta Asiya respublikalarını təmsil edən jurnalistlər həmkarlarımız da maraqla dinləyirdilər. Bunlar, sanki onlar üçün bir əlçatmaz arzu idi.
Axşam ziyafətini tez yekunlaşdırmaq lazım idi. Proqrama əsasən, sabah tezdən bizi uzun yolçuluq gözləyirdi. Dincəlməliydik, dünyanın 7 möcüzələrindən biri sayılan Tac Mahal kompleksini ziyarət etmək üçün Aqra şəhərinə yollanacaqdıq.
Müsəlman memarlığının şah əsəri-Tac Mahal
Paytaxtdan 5 saatlıq yol qət etdikdən sonra Aqraya çatırıq. çox da böyük olmayan bir şəhərdir. Daha çox bizim aqrar rayonlarımızı xatırladır. Ətrafda düyü zəmiləri, qarğıdalı tarlaları, bostan bitkilərinin əkildiyi sahələr görünür. Aqra yüksək tolerantlığın hökm sürdüyü şəhərdir. Yol boyu biri o birindən çox da fərqlənməyən dini tikililər bir-birini əvəzləyir. Bələdçinin sözlərinə görə, əgər tikili ağ rəngdə, onun üzərində boz və ya sarı bayraq varsa, deməli o indus məbədi; bina yaşıl və ağ rəngdə, üstündəki bayraq isə yaşıl rəngdədirsə-müsəlman məscidi, tikili digər rəngdədirsə-xristian kilsəsidir.
Müsəlman memarlığının incilərindən olan Tac Mahal kompleksinə daxil oluruq. Bura yüksək səviyyədə mühafizə olunur. Giriş qapısında əli avtomatlı keşikçilər dayanıb. Ziyarətçilər bir-bir xüsusi cihazlar vasitəsi ilə yoxlanılaraq içəri buraxılır. ümumiyyətlə, ziyarətçilər üçün biletin qiyməti təqribən 20 ABŞ dollarına bərabərdir. Təqribi hesablamalara görə, gün ərzində kompleksə 20-30 min ziyarətçi gəlir. Mədəniyyət Nazirliyinin balansında olan bu kompleksin dövlət büdcəsinə hansı həcmdə gəlir gətirdiyini hesablamaq heç də çətin deyil.
Tac Mahal 332 il Hindistanda hökmdarlıq etmiş, Babur şahın qurduğu Babur İmperatorluğunun (1526-1858-ci illər) dövründə, Cahan şahın (1593-1666) göstərişi ilə nəhəng Cumna çayının sağ sahilində inşa olunub.Türk memarlarının yaratdığı bu tikili dünyanın ən gözəl, ən möhtəşəm türbəsidir. ümumiyyətlə, Hindistanda Baburlular dövrünün memarlıq xarüqələri çoxdur, amma Tac Mahal onlardan ən möhtəşəmidir, müsəlman memarlığının şah əsəridir. Dünyada heç bir türbə, heç bir memarlıq əsəri Tac Mahal qədər gözəl, möhtəşəm və məşhur deyil.
Rəvayətə görə, Cahan şahın arvadı Ərcümənd banu gözəlliyi, zəkası, yaxşı əməlləri ilə bütün imperatorluğun könlünü fəth etmiş, ən çox seçilən sultan olduğundan xalq arasında Mümtaz Mahal kimi adlandırılıb. Cahan şah ona hələ 16 yaşındaikən aşiq olmuş, evlənmək üçün 5 il gözləmişdi. Cahan şah çox sevdiyi arvadını getdiyi hər yerə aparır, onun fikirlərini, zövqünü əsas götürürdü.
Bu həssas, ağıllı və gözəl qadın 1631-ci ildə 14-cü uşağını dünyaya gətirərkən vəfat edib. Cahan şah arvadının ölümünə yas saxladığı səkkiz gün ərzində yemək-içməkdən imtina edib, evdən bayıra çıxmayıb. Doqquzuncu gün mənzilinin qapısını açıb bayıra çıxdığı zaman saçlarının ağappaq olduğu, xeyli qocaldığını görüblər.
Həssas, həqiqi aşiq, vəfalı hökmdar ölüncəyə qədər qəlbində yaşadacağı sevgili arvadı üçün bir türbə tikdirməyi qərara alır. Bu türbə saf eşqi simvollaşdıracaq şəkildə gözəl, qəlb açan, eyni zamanda, möhtəşəm olmalı idi. Bunun üçün bütün var-dövlətindən keçməyə belə hazır idi. Bu məqsədlə İstanbuldan memarlar gətirdir. Gələnlər Memar Sinanın tələbələrindən olan memar Məhməd İsa Əfəndi və onun dəstəsi idilər.
Məhməd İsa Əfəndinin aylarca çalışaraq planını cızdığı Tac Mahalın tikintisində son dərəcədə parlaq, ağ mərmər işlədilir. Bu mərmərdən tikilən möhtəşəm qübbənin yerdən yüksəkliyi 82 metrdir. Qübbənin üzərindəki qızıl aypara bu yüksəkliyi daha da artırır. Türbənin ağ mərmərdən dörd minarəsi var, başqa sözlə, tikili hər tərəfdən eyni cür görünür. Türbənin tikintisinə 1631-ci ildə başlanılır və düz 19 il sonra inşaat işləri başa çatdırılır.
Artıq Cahan şah qocalmışdı və imperatorluğu oğlu idarə edirdi. Cahan şah ölümündən sonra, vəsiyyətinə uyğun olaraq, arvadının yanında dəfn edilir. Cahan şah və Mümtaz Mahalın tabutları üst qatdadır. Qübbənin altında olan bu tabutlarda mərmər oymaçılığının ən gözəl nümunələri işlənilib. Tabutların olduğu yerdə insan ağzından çıxan hər səs möhtəşəm qübbədə yeddi dəfə əks-səda verir. Sənət əsəri kimi ayrıca bir xəzinə olan Tac Mahalın divarları həqiqi xəzinə daş-qaşlarıyla örtülüdür. Yüz minlərcə əqiq, sədəf, füruzə qoyulmuş divarlarında 42 zümrüd, 142 yaqut, 625 brilyant, 50 çox böyük inci var. Türbənin tikintisi üçün 47 milyon qızıl lirə xərclənib və divarlardakı cəvahiratlar buna daxil deyil. Hündürlüyü 75 metrə çatan, ağ və çəhrayı mərmərlərdən tikilmiş 4 minarəli bu abidə, tərəflərinin mütənasibliyi, ideal simmetriyası və hədsiz gözəlliyi ilə insanları valeh edir.
Vətəndən uzaqda onun qoxusunu almaq nə qədər də xoşdur
Növbəti gün səfər proqramındakı boşluqdan istifadə edərək, bir saatlığa icazə alıb Azərbaycanın Hindistandakı səfirliyinə baş çəkirəm. ümumiyyətlə, Nyu-Delhidə diplomatik korpus üçün ayrıca torpaq sahəsi ayrılıb və demək olar ki, bütün səfirliklər həmin ərazidə yerləşir. Lakin bizim səfirlik, onlara nisbətən daha sonrakı illərdə fəaliyyətə başladığından, bir növ onlardan ayrı düşmüşük, amma sağ olsunlar, yenə də şəhərin mərkəzi hissəsində bizə torpaq sahəsi ayırıblar.
Yaşıllıqlar qoynunda, hündür ağaclarla əhatə olunmuş həyətdən boylanan üçmərtəbəli bina və onun üzərində dalğalanan üçrəngli, ay-ulduzlu möhtəşəm bayrağımız. Qərib ölkədə bu mənzərəni görmək nə qədər də xoş və qürurvericidir. Azərbaycanın mülkiyyəti olan bu torpağa ayaq basıram. Qapıda səfirliyin əməkdaşları qarşılayır, sonra səfirimiz Tamerlan Qarayev görünür.
Səmimi söhbət edirik. Otağa xurma və çay gətirilir. Səfərə çıxdığımdan orucumu pozduğum üçün çay içəsi oluram. Bəlli olur ki, Ramazan ayı başlanandan Tamerlan müəllim də oruc tutur. Səfər proqramımıza uyğun olaraq axşam paytaxtı tərk edib, təyyarə ilə Heydərabad şəhərinə yollanacağımızı bilən səfir təəssüflənir. Sən demə, eyni saatda səfirliyimizdə diplomatik korpusun nümayəndələri üçün iftar süfrəsi açılacaqmış. Səfirlikdə çalışan əməkdaşların xanımları hətta plov belə dəmləyiblər, dolma büküblər, paxlava, şəkərbura bişiriblər. Bir sözlə, qonaqlara Azərbaycanın zəngin mətbəx nümunələri təqdim olunacaqmış. Qismət deyilmiş. Az bir müddətdə olsa belə, buradan Vətənin qoxusunu almaq nə qədər də xoş idi. Dəqiqələrin nə qədər tez keçdiyini belə hiss etmirsən. Əməkdaşlarla sağollaşıb səfirliyi tərk edirəm.
Hindistanın Heydərabadı
Hindistanın cənub-şərqində yerləşən bu şəhər ölkənin nəhəng sənaye və ticarət mərkəzidir. 11 milyonluq şəhərin sakinlərinin təqribən 35%-ni müsəlmanlar təşkil edir. Paytaxtdan xeyli fərqlənir-burada tikililər daha sıx, binalar daha möhtəşəmdir. Heydərabad, ölkənin son illərdə informasiya texnologiyaları (İT) sahəsində əldə etdiyi nailiyyətlərilə fəxr etdiyi bir mərkəzdir. Burada bir neçə sənaye şəhərciyi fəaliyyət göstərir. Hindli milyonerlər ölkəni təbliğ etmək, yüksək texnologiyaları ölkəyə gətirmək üçün pullarını belə əsirgəmirlər, buraya çoxlu sərmayələr yatırmaqdan çəkinmirlər. İnanırlar ki, bu gün onların yatırdıqları sərmayələr sabah ölkənin inkişafına, cəmiyyəti irəli aparacaq savadlı nəslin yetişməsinə, yeni -yeni iş yerlərinin açılmasına səbəb olacaq. Təbii ki, biznesin öz qanunları olduğundan, burada müəyyən şəxsi maraqlar da yox deyil. Hər halda, əgər bu gün hindli bir gənc, ingilis dilində təhsil alaraq, dünyanın aparıcı universitetlərinin alimlərinin mühazirələrini dinləyirsə, İT mərkəzinin kitabxanasındakı 40 mindən artıq ədəbiyyatdan elmin sirlərinə yiyələnirsə, bunun nəyi pisdir ki? Yaxud sənaye şəhərciyindəki inkubatorlarda dünyanın müxtəlif ölkələrindən gəlmiş iş adamları öz biznesini yaradırsa, sonra həmin üstün təcrübəni öz ölkəsinə aparırsa, bu azmıdır?
Digər şəhərlərdən fərqli olaraq, Heydərabadda mağaza və dükanlar gecə saatlarınadək çalışırdı. Sonradan öyrəndik ki, bizim səfərimiz Ramazan ayına təsadüf etdiyindən, belədir. Axşam saat 21 radələrində iftarlarını açan müsəlman əhali şəhərə çıxıb dükan bazarlardan növbəti gün üçün alış-verişlərini edirlər.
Ginnesin Rekordlar kibatına düşmüş “Ramoji film” studiyası da bu şəhərdədir. Doğrudur, şəhərdən bir qədər aralıda, dağlar qoynunda yerləşir. Ərazisi bizim bütöv bir rayon boyda olan bu kinostudiyanın həyətində daha nələr yoxdur? Maketdən quraşdırılan evlər, dəmir yol stansiyası, qatarlar, parklar, hind filmlərindən seyr etdiyimiz gül-çiçəkli bağ-bağçalar, döyüş səhnələrinin çəkildiyi bütöv bir küçə, yaxud yaşayış məntəqəsinin maketi və s. Bələdçinin sözlərinə görə, ərazi o qədər böyükdür ki, burada gün ərsində eyni vaxtda 8 film çəkmək mümkündür və bu zaman səs effektləri bir-birinə maneçilik törətmir. Odur ki, dünyanın bir sıra ölkələrinin kinostudiyaları, hətta ABŞ-ın məşhur “Hollivud” kinostudiyası müəyyən filmlərini çəkmək üçün burada ərazi kirayələyir.
Heydərabad, eyni zamanda, böyük əczaçılıq müəssisələrinin yerləşdiyi şəhərdir. Burada istehsal olunan müxtəlif adda və çeşiddə dərmanlar dünyanın əksər ölkələrinə ixrac olunur.
ümumiyyətlə, bu şəhərdə iştirakçısı olduğumuz bütün görüşlərdə hindli iş adamlarının Azərbaycanla əməkdaşlığa daha çox meyil göstərdiyinin, ölkəmizə sərmayə yatırmağa çalışdıqlarının şahidi olduq. Bu istəyin nə vaxt və necə reallaşacağını isə zaman göstərəcək. Əsas odur ki, bu istək var.
Hindistana səfərimizin digər məqamları haqda növbəti yazılarımızda ətraflı söhbət açacağıq.
Səlim LOÄžMANOÄžLU,
Bakı-Nyu-Delhi-Aqra-Heydərabad.
Paylaş:
Baxılıb: 1339 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30