Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Hər axşam xalq şousu - Darıxan avtobusa minsin

Hər axşam xalq şousu - Darıxan avtobusa minsin

27.11.2021 [10:33]

Sürücü və sərnişin mədəniyyəti barədə bizdən bizə şikayətim var

Bütün yaradıcı insanlar kimi mənim də hərdən tükənmişlik sindromum olur. Amma gözəl Bakımızda Allah dərd verirsə, dərmanını da mütləq göndərir. İlham pərilərimi tapmaq üçün təbiət qoynuna qaçmağa ehtiyac qalmır. Elə əhalinin işdən çıxan saatında ictimai nəqliyyata minirəm, beynim başlayır xalq yaradıcılığından bəhrələnməyə. Ondan sonra hansı mövzuda istəyirsən yaz, yarat. Avtobusda  nələrdən danışmırlar ki... Sosial şəbəkələrdə gün ərzində yayılan bütün xəbərlərin qısa icmalı şərhlə verilir, hələ  üstəlik, tanımadığın dayıların, xalaların qışqıra-qışqıra telefonla danışdıqları qohum-əqrəbalarının problemlərini də eşidirsən, sirrini, sözünü də. Olur el bizim, sirr bizim.

Azərbaycan əhalisinin demək olar ki, yarısı paytaxtda yaşayır. Bu yarısının yarısı da marşrut avtobuslarıyla  hərəkət etməyə  məcburdur. Hər axşam işdən çıxanda hər dayanacağa yalan olmasın, Lüksemburqun əhalisi qədər adam toplaşır. Bir xarici vətəndaş kənardan izləsə, elə bilər mitinq keçirilir.

“Gələn avtobuslarda neçə adam var?” sualına cavab tapmaq  müşkül məsələdir. Çünki hamı elə bərk-bərk qucaqlaşır, elə səliqəli şəkildə kompaktlaşır ki, nəinki əl-ayaqları tərpənmir, heç başları da sağa-sola dönmür. İnanmayan axşam saat 6-da şəhərətrafı qəsəbələrdən birinə gedən hər hansı avtobusa minsin, əgər bacarırsa.

Basabasda avtobusa girmək bir hünərdirsə, yer tapıb oturmaq ikiqat hünərdir. Qapılar açılan kimi, hər kəs oturmaq uğrunda yarışa başlayır. Bir- birilərini itələyə-itələyə, darta-darta hərə özünə bir yer edir. Avtobusun sürücüsü çıxış nöqtəsində bütün yerlər dolmayınca, ayaqüstə dayanan şəxsləri də üst-üstə qalayıb “ikinci mərtəbəni” yaratmayınca mühərriki işə salmır. Bizim sürücülərimizin hamısı Devid Koperfild kimi möcüzə göstərməyi bacarır. 60 nəfərlik avtobusa 200 adamı yığmaq sehrbazlıq deyilsə, bəs nədir? Üstəlik, sürücülərimizin tıxaclı küçələrdə avtobusu Şumaxer kimi idarə etmək məharətləri də var. Peşəkarlığın hansı mərhələsindədirlər, deyə bilmərəm, bir onu deyə bilərəm ki, həyatınıza rəng qatmaq istəyirsinizsə, hər axşam mütləq avtobusa minin. Xalq yaradıcılığının müxtəlif nümunələrinin hansı şəraitdə yaranmasının şahidi olacaqsınız.

Sürücü bir ucdan qışqırır: “Ay camaat, arxa qapıya sıxlaşın da, nə var bu ön qapıda. Əşşi sıxlaşın, yığaq da bu camaatı, bərəkət tökülüb qalıb küçələrdə (“bərəkət” deyəndə müştəriləri nəzərdə tutur). Sıxlaşın!”. İçəridə üst-üstə yığılmış adamların üstünə bir mərtəbə də sərnişin yığıb yola davam edir. Hər yeni dayanacaqda tələb edir ki, sərnişinlər mehriban olsunlar. Yox, mehribanlığa söz yoxdur, bir-birinə qaynaq olmuş, qucaqlaşmış vətəndaşların münasibətləri mehribanlıq həddini çoxdan keçib. Bu basabasda sürücü qayda-qanundan da danışmağı unutmur: “Düşmək istəyənlər arxa qapıya keçsinlər, ön qapıdan düşməyə icazə yoxdur!”. İçəridə nəfəs almaq zülm, bir də maska taxmaq məcburiyyəti... Bilmirsən havasızlıqdan boğulub ölmək yaxşıdır, yoxsa virusa yoluxmaq.

Evdən çıxıb, hər gün gəldiyim avtobusa minirəm. Sürücü addımbaşı hər dayanacaqda saxlayıb sərnişin yığır. Avtobus çalxalana-çalxalana var gücüylə gedir. Yırğalanan sərnişinlər “Allah-Allah” deyə-deyə qalıblar. Sürücünün  yüksək  səslə oxutduğu meyxanaçı bağırır “Vəziyyətim əladı, halım bombadı”.

Bir nəfər qışqırır ki, yavaş sürsün. Sürücü özünü eşitməməzliyə vurur. Başqa biri “dayan, düşüm” desə də, sürücü meyxana ritmləri altında başını yelləyə-yelləyə yoluna davam edir. Üstəlik, siqaretin tüstüsünü də içəri fısqırdır.

 Gərəksiz söz yığınından, bozbaş iyi verən musiqidən cana gəlmiş sərnişinlərdən biri əsəblərini cilovlaya bilmir, sürücüyə bozarır. Sürücü ondan da betər bozarır. “Burada camaatın anası-baysı var, yoxsa düşüb payını verərdim”.

 Mübahisə qızışır, bayaqdan “camaatın anasını-baysını” özünə qalxan eləmiş sürücünün yadına daha ana-bacılar düşmür. Ağıza alınmayan şəkildə söyüşlər havada uçur. Bax beləcə, xalq şousu hər gün davam edir. Hər gün daha rəngli, daha çılğın. Avtobus sürücüləri cənnəti qazanmış adamlardılar. Yüksək mədəniyyətlərinə, imanlarına görə yox, ölüm saça-saça sürdükləri avtobuslarda imana gətirdib Allaha yalvartdıqları, dua etdirdikləri sərnişinlərin sayına görə.

İnsafən deyim ki, bütün avtobuslarda  vəziyyət eyni deyil. Bakubuslar gətiriləndən sonra sürücü mədəniyyəti ilə bağlı problem demək olar ki, qalmadı.

Amma sərnişin mədəniyyəti ilə bağlı problemlərimiz davam etməkdədir. Deyəcəksiniz, nə olub bizim sərnişin mədəniyyətimizə? Xalqımızın böyüyə hörmət anlayışı var və bu gözəldir. Avtobusa bir yaşlı adam girdimi, mütləq şəkildə gənclər qalxıb yer verirlər. Amma iş o həddə çatıb ki, yer verməyəndə gənclər qınaq obyektinə çevrilir, yaşlılar hörməti zorla tələb edirlər. Məsələn, avtobusa minmiş 50-60 yaşlı sağlam bir qadın gənc oğlanın və ya qızın başının üstündə durub başlayır deyinməyə. “İndiki cavanlarda ar-abır, böyüyə-kiçiyə hörmət qalmayıb, yer vermirlər. Görünür, evlərində də anaları ilə belə rəftar eləyirlər”. Əslində, bilir ki, bu manipulyasiyadan sonra gənc mütləq ayağa qalxacaq.

Deyinirlər, lakin heç düşünmürlər ki, bu cavan uşaq bəlkə bütün günü ayaqüstə iş görmüş, yorulmuş, xəstələnmiş, ağrımış ola bilər. Gənc olması bədəni dəmirdəndir, dərdi-səri yoxdur, demək deyil.  Yaşlı insanlar işdən deyil, hansısa gəzintidən, qonaqlıqdan qayıdırlarsa, bütün günü işləyib yorulmuş gəncin ona  yer vermək kimi bir öhdəliyi yoxdur.

Yaponiyada, Avropada yaşlılara avtobusda yer təklif etmək, onları təhqir etməyə bərabər tutulur. Həmin şəxs özünü əldən-ayaqdan düşmüş kimi hiss edər deyə, kimsə-kimsəyə bu hörməti etmir.

Bu günlərdə qarşılaşdığım başqa bir maraqlı hadisəni xatırlayıram. Avtobusa 70 yaşlarında, ziyalı görünüşlü, nurlu siması olan bir kişi daxil oldu. İçəridə elə də çox adam yox idi. Bir neçə cavan qalxıb, yaşlı adama yer təklif etdi. Kişi mədəni bir şəkildə “oturmayacam, oğlum” deyincə ortayaşlılar israr etdilər. “Oturun siz, onlar cavandırlar, dözərlər”. Bu qədər israrlar qarşısında həmin şəxs bir qədər əsəbi, bir qədər də yarızarafat deyindi. “Ay balam, həkim mənə ayaqüstə dayanmağı, bol-bol yeriməyi tapşırıb, istəmirəm, əl çəkin!”.

 Məlum məsələdir ki, ictimai nəqliyyatda yaşlılar, uşaqlı analar, hamilə qadınlar, əlillər üçün nəzərdə tutulmuş  xüsusi oturacaqlar var. Lakin çox zaman bu oturacaqları sağlam və bu kateqoriyaya dəxli olmayan şəxslər zəbt edirlər. Hamımızın rahat getmək, komfortlu hərəkət etmək haqqı var. Amma bu avtobuslarda gedilən yol da əbədiyyətə qədər davam etmir ki, bundan ötrü haqq tapdayasan, kimisə incidəsən. Bəzən qızıl ortanı tapmaqda çətinlik çəkirik. Ya həddi aşırıq, ya da həddən aşağıda dayanırıq.

Bir dahi demişdi ki, dünyanı dəyişməyə gücün çatmırsa, özünü dəyiş. Ətrafdakılara münasibətlərimiz dəyişsə, özümüz  üçün  əziyyətə çevirdiyimiz bu həyatı daha rahat yaşaya bilərik.

İlhamə Rəsulova

 

 

Paylaş
Baxılıb: 228 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31