Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qədim Şəki müasir inkişaf və tərəqqi yolunda

Qədim Şəki müasir inkişaf və tərəqqi yolunda

30.07.2009 [09:39]

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin uğurla icrası bütün bölgələr kimi Şəkidə də böyük nailiyyətlərin əldə olunmasına təkan verib
Azərbaycanın ən qədim şəhərlərindən biri
Şəki haqqında danışarkən öncə bir vacib məqamı-Azərbaycanda ilk müstəqil xanlığın əsasının məhz Şəki xanı Hacı çələbinin dövründə qoyulduğunu qeyd etmək lazımdır. Şəki orta əsrlərə aid mənbələrdə Şaki, Şəka, Şakki və s. kimi adlandırılıb. Şəki şəhəri uzun müddət Nuxa da adlanıb. Qədim müəlliflərdən biri olan Ptolomey Alban şəhərləri içərisində “Niqa” adlı yaşayış məntəqəsinin olduğunu qeyd edib. A.Bakıxanovun yazdığına görə Nuxa şəhəri yerinin vəziyyətinə görə həmin Naxiya və Naciya şəhəridir ki, qədim tarixlərdə Şirvan şəhərlərindən sayılıb. A.Y.Krimski Niqanın sonrakı Nuxa olması mülahizəsinə şərik çıxır. Lakin XIX əsrin başlanğıcında həmin mülahizənin əleyhdarları da var idi. Akademik V.Dorn belə hesab edirdi ki, Niqa Liberiya ilə Alazan arasında olan sahədə yerləşib və onu Nuxa ilə eyniləşdirmək olmaz. “Nuxa” sözünün antik dövrdən bəlli olan Niqa məskəni ilə bağlılığı hələ mübahisəli bir məsələdir.
Şəki adı eramızdan əvvəl VII əsrdə Qara dənizin şimal sahillərində Dərbənd keçidi vasitəsilə Cənubi Qafqaza, oradan da Kiçik Asiyaya hərəkət edən sak tayfalarının adı ilə bağlı olub. Onlar Cənubi Qafqazda ən yaxşı torpaqları tutaraq bu yerlərə Sakasena adını veriblər. Sakların məskunlaşdığı ərazilərdən biri də Şəki idi.
I əsrdə Şəki Qafqaz Albaniyasının ən iri şəhərlərindən birinə çevrilib. Qədim Kiş Alban məbədi də məhz bu ərazidə yerləşirdi. İnzibati cəhətdən Qafqaz Albaniyası 11 vilayətə bölünüb ki, bunlardan biri də Albaniyanın şimal-qərbində yerləşən Şəki vilayəti olub. Ərəb istilası ərəfəsində Şəki Azərbaycanın mühüm siyasi və iqtisadi əhəmiyyətə malik olan şəhərlərindən biri olub. Ərəb işğalları nəticəsində Şəki əyaləti III əmirliyin tərkibinə daxil edilib. Xilafətin zəiflədiyi bir dövrdə Şəkidə müstəqil knyazlıq yaranıb. XIV əsrin I yarısında Hülakilər dövləti iflasa uğradıqdan sonra Şirvanşahlar dövləti ilə yanaşı Şəki də müstəqillik qazanıb və Orlat nəsli hakimiyyətə gəlib. 1551-ci ildə şah Təhmasib Şəkinin müstəqilliyinə son qoyub. Şəki Səfəvilər dövlətinə birləşdirilib. 1743-cü ildə yaranmış Şəki xanlığı Azərbaycan xanlıqları içərisində ən güclü feodal dövləti olub.
1772-ci ildə Kiş çayınin daşması nəticəsində qədim Şəki şəhəri, demək olar ki, tamamilə məhv olub, şəhər əhalisinin bir qismi tələfata uğrayıb, bir qismi başqa yerlərə köçüb gedib, bir qismi isə indiki şəhərin yerləşdiyi ərazidə məskən salıb.
1805-ci il Kürəkçay müqaviləsinə əsasən Şəki xanlığı Rusiyadan vassal asılılığına düşüb. 1813-cü il Gülüstan sülh müqaviləsi ilə ərazi qəti şəkildə Rusiyaya birləşdirilib. 1819-cu ildə Şəkidə xan üsul-idarəsi ləğv olunub. Xanlığın əvəzinə Şəki əyaləti yaradılıb.
1840-cı ildə Kaspi vilayətinin tərkibində Şəki qəzası yaradılıb. Qəza 1846-cı ildən Şamaxı quberniyasının tərkibinə daxil olub və Nuxa qəzası adlandırılıb.
XIX əsrin II yarısında çar hökumət orqanları şəhəri idarə etmək üçün onu iki məhəlləyə - Şəki və Qışlaq məhəllələrinə bölüb. Bu dövrdə Qışlağın ərazisi hələ şəhər ərazisi ilə birləşməmişdi. Qala, qala ətrafı, ticarət və sənaye müəssisələri olan hissəsi şəhərin mərkəzi hesab olunur və iki hissəyə bölünürdü: yuxarı və ya ticarət hissəsi, aşağı və ya erməni hissəsi. Şəhər ətrafı hissələri Yuxarıbaş, Gəncəlibaşı və Nuxa -Qışlaq hesab edilirdi. Yuxarıbaş hələ XVIII əsrin sonu XIX əsrin əvvəllərində Qaladan şərqə doğru salınmışdı.
Şəki ərazisi getdikcə böyüdüyü üçün çar hökumət orqanları şəhərdə əlavə iki inzibati məhəllə yaradıb və 1860-1865-ci illərdə şəhər artıq iki deyil, 4 məhəlləyə bölünüb.
1859-cu ildə Nuxa qəzası Bakı quberniyasının, 1868-ci ildə isə Yelizavetpol quberniyasının tərkibinə daxil edilib. 1920-ci il may ayının 5-də Şəkidə sovet hakimiyyəti qurulub. 1930-cu ildə Azərbaycan SSR-in inzibati ərazi bölgüsündə dəyişiklik edilib və Nuxa rayonu təşkil olunub. 1963-cü il yanvar ayının 4-də Nuxa rayonu ləğv edilərək ərazisi Vartaşen (indiki Oğuz rayonu) rayonuna verilib, respublika tabeçiliyində Nuxa şəhəri yaradılıb. 1965-ci ildə yenidən müstəqil Nuxa rayonu təşkil edilib. 1968-ci ildən ərazi Şəki şəhəri adlanmağa başlayıb.

Tarixi-memarlıq abidələri ilə zəngin diyar
Azərbaycanın təkcə ictimai-siyasi deyil, mədəni həyatında da özünəməxsus rol oynayan, elm, incəsənət, mədəniyyət, hərb və digər sahələrə öz imzalarını atan insanların dünyaya gəldiyi Şəki tarixi-memarlıq abidələri ilə də məşhurdur. Belə ki, rayon ərazisində Şəki Şəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Şəki xanı Hacı çələbinin dövründə (1743-1755) tikilmiş Şəki Qalası - Narınqala, Hacı çələbi xanın nəvəsi Hüseyn xanın dövründə 1761-1762 -ci illərdə istifadəyə verilmiş Şəki Xan sarayı, XVIII-XIX əsrlərdə şəhərdə inşa edilmiş Yuxarı Karvansara və Aşağı Karvansara, XVIII əsrə məxsus olan Giləhli məscidi, 1745-1750-ci illərdə Hacı çələbi xan tərəfindən tikdirilən Xan məscidi, XVIII-XIX əsrlərdə tikilmiş ömər Əfəndi məscidi, XVIII-XIX əsr abidəsi olan Cümə məscidi, Kiş məbədi, “Gələrsən-görərsən” qalası kimi qədim memarlıq abidələri var. Bundan başqa, Şəkidə Dövlət Dram Teatrı, Dövlət Rəsm Qalereyası, 7 muzey, 81 mədəniyyət abidəsi, 2 mədəniyyət və istirahət parkı, 25 mədəniyyət evi və saray, 45 klub, 87 kitabxana, 5 uşaq musiqi və incəsənət məktəbi fəaliyyət göstərir.

ötən il mühüm hadisələrlə yadda qalıb
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndan (2004-2008-ci illər) irəli gələn vəzifələr əvvəlki illərdə olduğu kimi 2008-ci ildə də Şəkidə uğurla icra olunub. ötən ilin ən mühüm ictimai-siyasi hadisələrindən biri ümummilli liderimiz, xalqımızın böyük oğlu Heydər Əliyevin 85 illik yubileyinin keçirilməsi olub. Şəki şəhər İcra Hakimiyyəti başçısının 2008-ci il aprel ayının 7-də imzaladığı sərəncama əsasən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Ulu öndər Heydər Əliyevin 85 illik yubileyi Şəkidə geniş şəkildə qeyd olunub. Keçirilən bütün tədbirlərdə şəkililər ümummilli liderə sevgi, hörmət və ehtiramlarını, dövlətə və dövlətçiliyə sadiqliklərini bir daha nümayiş etdirib.
2008-ci ildə rayonun həyatında ən mühüm hadisələrdən biri isə Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Şəkiyə səfəri olub. ötən ilin sentyabrında Şəkidə olan dövlətimizin başçısı Dünya Bankının və Azərbaycan hökumətinin birgə həyata keçirdiyi “Tibbi xidmətlər sahəsində islahatların aparılması” layihəsi çərçivəsində inşa olunan Şəki Mərkəzi Rayon Xəstəxanasının 100 çarpayılıq yeni korpusunun təməlqoyma mərasimində və Şəkinin ən iri heyvandarlıq müəssisəsi olan “Aqro-İndastrit” MMC-nin rayonun Orta Zəyzid kəndində, keçmiş Kökəltmə birliyinin ərazisində tikilmiş müasir tipli süd emalı zavodunun açılışında iştirak edib.
Heydər Əliyev Fondu Şəki məktəblilərini də diqqətdə saxlayıb
Onu da qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən Şəki məktəblilərinə də pay düşüb. Daha doğrusu, Şəki şəhərinin 1 və 6 saylı məktəbləri, həmçinin, rayonun Kosalı, Aşağı Kəldək, Oraban, Qozlubulaq kənd məktəbləri məhz həmin layihə çərçivəsində tikilib. Eyni zamanda, şəhərin 10 saylı məktəbinin əlavə 1 yeni korpusu də layihə çərçivəsində istifadəyə verilib.
Prezident İlham Əliyevin 2006-cı ildə ölkəmizin şimal-qərb bölgəsinə səfəri çərçivəsində isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Şəkinin İnçə kənd orta məktəbində olub. Mehriban xanım şagirdlərlə görüşüb, onlara yaxşı oxumağı tövsiyə edib, dərslərində uğurlar arzulayıb və məktəblilərlə xatirə şəkli çəkdirib. Sonra Mehriban xanım Əliyeva 1937-ci ildə tikilən, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində əsaslı təmir olunan və hazırda 500-dən çox uşağın təhsil aldığı bu məktəbin ayrı-ayrı sinif otaqlarına baş çəkib, dərslərin gedişi, təhsil prosesi ilə maraqlanıb, kitabxanaya baxıb. Bildirib ki, fond tərəfindən kitabxanaya latın qrafikası ilə nəşr edilmiş dərsliklər, digər ədəbiyyat hədiyyə olunub. Müəllimlər Azərbaycanın gələcək nəsillərinin sağlam və savadlı böyüməsi üçün Heydər Əliyev Fondunun və onun prezidentinin gördüyü işləri yüksək qiymətləndiriblər.
Həmin vaxt, həmçinin, Şəki şəhər qarışıq tipli uşaq evində olan Mehriban xanım Əliyeva uşaq evinin şəraiti və şagirdlərin dərs prosesi ilə maraqlanıb. Məlumat verilib ki, 1936-cı ildə yaradılan və hazırda 80 nəfəri əhatə edən uşaq evində 37 nəfər, o cümlədən, 22 pedaqoji işçi çalışır. Mehriban xanım binanın istilik sistemi ilə maraqlanıb, mətbəxi gəzib, uşaqlara verilən yeməyin keyfiyyətinə, yataq otaqlarına baxıb. Heydər Əliyev Fondu tərəfindən uşaqlar üçün bayram süfrəsi də açılıb. Onlara müxtəlif hədiyyələr paylanıb.

Quruculuq-abadlıq işlərinin yeni mərhələsi
Bütün regionlar kimi Şəkidə də 2008-ci ildə yenidənqurma, tikinti-quruculuq və abadlıq işləri davam etdirilib. Belə ki, Şəki rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi, Vergilər Nazirliyinin xidmət terminalı, yerli televiziyanın yeni inzibati binası tikilərək istifadəyə verilib, Turan və Cəfərabad kənd sahə xəstəxanalarının yerli ambulator binalarının tikintisi davam etdirilib. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Şin çayı üzərində ümumi uzunluğu 1350 metr olan körpünün, Baş Göynük və Kiçik Dəhnə kəndlərində 640, Dərəcənnət kəndində 240 şagird yerlik məktəb binalarının tikintisi davam etdirilib, 3500 yerlik şəhər stadionunun yenidən qurulması başa çatdırılıb.
Küçə və xiyabanların, prospektlərin, həmçinin, yerli əhəmiyyətli yolların abadlaşdırılması daim gündəmdə saxlanıb, bir sıra yollarda əsaslı təmir və asfaltlama işləri görülıb, şəhərin əsas küçə və prospektlərində müasir işıqlandırma sistemlərinin quraşdırılması davam etdirilib. Qaraməryəm-İsmayıllı-Balakən magistral avtomobil yolunun yenidən qurulması ilə əlaqədar olaraq Şəki Olimpiya İdman Kompleksindən başlayaraq 3,4 km. məsafədə yeni yol tikintisinə başlanıb.
Heydər Əliyev adına parkın genişləndirilməsi istiqamətində işlər başa çatdırılıb, burada yaşıllıqlar salınıb, xidmət sahələri, attraksionlar quraşdırılıb, açıq teatr meydanı yaradılaraq sakinlərin ixtiyarına verilib. Bu gün Heydər Əliyev parkı şəhər sakinlərinin ən sevimli istirahət yerinə çevrilib. Cari ildə Şəkidə musiqili fontanlar, saatlar, büstlər quraşdırılıb. Heydər Əliyev muzeyi ətrafındakı parkda, İcra Hakimiyyəti qarşısındakı meydanda, M.Füzuli adına parkın filialında, N.Nərimanov küçəsində hovuzlar tikilib, ətrafı abadlaşdırılıb. Bundan başqa, şəhərdə 19 ədəd fontanlı hovuz quraşdırılıb. Bunlardan 12 ədədi qranitdəndir. Quraşdırılmış fontanlı, fəvvarəli hovuzların ümumi sahəsi 2230 m2-dir. Bu fontanların quraşdırılmasına 2 milyon manat vəsait sərf edilib. Şəhərin digər park və meydanlarının yenidən qurulması istiqamətində işlər davam etdirilir.
Sahibkarlığın inkişafı üçün konkret tədbirlər həyata keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daxili siyasətinin əsas istiqamətlərindən biri də sahibkarlığın inkişaf etdirilməsidir. Bu məqsədlə Şəkidə bir sıra konkret tədbirlər həyata keçirilib. Eyni zamanda, 2008-ci ildə rayonda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunan məhsul və xidmətlərin ümumi məbləği 205 milyon 636 min manat olub. Bu göstərici 2007-ci ilə nisbətən 38,2 faiz, 2003-cü illə müqayisədə isə 3,8 dəfə çoxdur. Əhalinin həyat səviyyəsinin yüksəlməsini xarakterizə edən göstəricilərdən biri də adambaşına düşən məhsul istehsalıdır. 2008-ci ildə Şəkidə adambaşına düşən məhsul istehsalının məbləği əvvəlki ilə nisbətən 37,3 faiz artaraq 1,209 manat təşkil edib.
2008-ci ildə rayonda əsas kapitala qoyulan investisiyalar 90,6 faiz, tikinti - quraşdırma işlərinin həcmi 42 faiz, pərakəndə əmtəə dövriyyəsi 41 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 38 faiz artıb. İl ərzində rayonda 245 fərdi yaşayış evi, 51 müxtəlif təyinatlı obyekt, o cümlədən, 4 məktəb binası inşa edilib. Həmin müddət ərzində 9 kiçik dövlət müəssisəsi və obyekti hərraclar vasitəsilə icarəyə verilib, 8 qeyri-yaşayış sahəsi isə icarəçilər tərəfindən özəlləşdirilib. Bunun müqabilində dövlət büdcəsinə 174,102 manat vəsait ödənilib.
2008-ci ildə Şəkidə 12 sahibkarlıq subyektinə 5600 min manat həcmində kredit ayrılıb.

İşsizlik problemi həll edilir
2008-ci ildə Şəkidə 6571 yeni iş yeri açılıb. Onlardan 679-u daimi, 5892-si müvəqqəti və mövsümi iş yerləridir. ümumiyyətlə, 2003-cü il oktyabr ayının 1-dən 2009-cu il yanvar ayının 1-nə kimi rayonda 26073 yeni iş yeri açılıb. Onlardan 5538-i daimi iş yerləridir. İşsiz əhalinin məşğulluğunun təmin olunmasında “Əmək yarmarka”ları xüsusi əhəmiyyət kəsb edir. ötən ilin iyun ayında keçirilən “Əmək yarmarka”sında 420 nəfər iştirak edib, göndəriş verilmiş vətəndaşların hamısı işlə təmin olunub. Rayonun ən iri istehsal müəssisəsi olan “Şəki-İpək” ASC-də yeni istehsal sahəsi, pambıq sap əyirmə sexinin quraşdırılması başa çatıb. İllik istehsal gücü 1700 ton pambıq sap olan bu sexdə 120 nəfər daimi işlə təmin olunub. Müəssisədə yeni, daha məhsuldar xam ipək istehsal edən baramaaçan dəzgahlar quraşdırılaraq istifadəyə verilib. çin Xalq Respublikasından gətirilən bu avadanlıqlar məhsulun keyfiyyətini yüksəltməklə yanaşı, burada çalışan insanların əməyini də yüngülləşdirməyə imkan yaradıb.
2008-ci ildə Şəkidə illik istehsal gücü 2 mln. kv.m olan yeni istehsal müəssisəsi - tikinti-quraşdırma işlərində geniş tətbiq olunan Sendviç panelləri istehsal edən müəssisə fəaliyyətə başlayıb.

Əhalinin sosial təminatı yaxşılaşdırılıb
2008-ci ildə əməkhaqları, pensiyalar və ünvanlı sosial yardımların məbləğinin artırılması, bu sahədə fəaliyyət göstərən infrastrukturun yenidən qurulması əhalinin sosial müdafiəsinin daha etibarlı şəkildə təminatına səbəb olub. Şəki Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin yeni istifadəyə verilmiş inzibati binası əhaliyə göstərilən xidmət səviyyəsinin daha da yaxşılaşdırılmasına imkan verib.
2008-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunan 24 mənzilli yaşayış evi istifadəyə verilib. 2 nəfər Qarabağ müharibəsi əlilinə, 6 nəfər isə Böyük Vətən Müharibəsi əlilinə “Oka” markalı minik avtomobilləri hədiyyə verilib.
ümumiyyətlə, Şəki Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 2008-ci il ərzində 3079 aztəminatlı ailəyə 1776000 manat məbləğində müavinət ödənilib. Pensiyaçı vətəndaşların hüquqlarının qorunması, onlara qayğı göstərilməsi, pensiyaların vaxtlı-vaxtında alınmasını təmin etmək üçün lazımi tədbirlər görülüb. Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsi 2008-ci ildə 26323 nəfər əmək pensiyaçısına xidmət göstərib.

Kommunal xidmət sahələrinin fəaliyyəti günün tələbləri səviyyəsinə çatdırılıb
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının əhatə etdiyi bütün illərdə olduğu kimi, 2008-ci ildə də Şəkidə kommunal xidmət sahələrinin fəaliyyətinin günün tələbləri səviyyəsinə çatdırılması üçün müəyyən işlər görülüb, elektrik enerjisi və təbii qazla təchizatın səviyyəsinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanıb. İstismar müddətini başa vurmuş elektrik daşıyıcı avadanlıqlar, transformatorlar əsaslı təmir və yeniləri ilə əvəz olunub. İstehlak olunmuş elektrik enerjisinin dəyərinin ödənilməsində müsbət irəliləyişlər əldə edilib.
ötən il Göybulaq, Cəfərabad, Qırxbulaq, Köbər Zəyzid və öryət kəndlərinin 1200 ev təsərrüfatı təbii qazla təmin edilib. 2008-ci ildə əhaliyə keyfiyyətli poçt rabitəsi xidməti göstərilib, poçt rabitəsinin bütün sahələrinin fasiləsiz işləməsi təmin edilib. 6 saylı şəhər poçt şöbəsi və Baş Göynük kəndində yeni poçt şöbələri fəaliyyətə başlayıb.
Yaponiyanın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Müqaviləsi” layihəsi çərçivəsində şəhərin yuxarı hissəsindəki təxminən 300 il əvvəl inşa olunmuş “Taclıq” su kəmərinin təmiri və bərpası başa çatdırılıb. ümumi uzunluğu 7 km. olan kəmərin bərpası üçün Yaponiya səfirliyi ilə “Şəki Vətəndaş Cəmiyyəti” QHT arasında qrant müqaviləsi imzalanıb. Su kəmərinin təmir-bərpası nəticəsində 4000 nəfərə yaxın əhalinin uzun müddətdən bəri davam edən su probleminə son qoyulub. çapağan kəndi ərazisində Küngütçay üzərində ümumi uzunluğu 80 m. olan yeni körpü istifadəyə verilib. Bu körpü çapağan kəndinin 5 kəndlə əlaqəsinin daha da yaxşılaşmasına imkan yaradacaq.

Təhsil, səhiyyə və idman diqqət mərkəzindədir
Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında, Şəki tibb məktəbi, pedaqoji, musiqi texnikumları və Dövlət Texniki Kollecində, Şəki Avtomobil məktəbində, eyni zamanda, Şəki şəhərinin 100 ümumtəsil məktəbində, 61 məktəbəqədər uşaq müəssisəsində təhsil sisteminin tədrisi, təlim, tərbiyə prosesinin yüksək səviyyədə təşkili daim diqqət mərkəzində saxlanıb, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “ümumtəhsil məktəblərinin əsaslı təmiri və yeni məktəb binalarının tikintisi üzrə Dövlət Proqramı” çərçivəsində şəhər 10 saylı orta məktəbin əsas korpusu və şəhər 3 saylı orta məktəbin binası əsaslı təmir olunaraq şagirdlərin istifadəsinə verilib.
Növbəti illərdə Şəkidə 14 yeni məktəb binasının tikilməsi, 42 məktəbin isə əsaslı təmir olunması nəzərdə tutulub. Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardım Proqramı” çərçivəsində 17 saylı orta məktəb üçün 150 yerlik əlavə tədris korpusu tikilib istifadəyə verilib.
2008-ci il Şəkinin səhiyyə işçiləri üçün olduqca əlamətdar olub. Ona görə ki, Prezident İlham Əliyev Azərbaycanın şimal-qərb bölgəsinə səfəri çərçivəsində Şəkidə olub, Şəki Mərkəzi Rayon Xəstəxanasının yeni binasının təməlqoyma mərasimində iştirak edib. Şəki şəhərinin girəcəyində, Olimpiya İdman Kompleksinin yaxınlığında inşa ediləcək bina Dünya Bankının və Azərbaycan hökumətinin birgə layihəsi olan “Tibbi xidmətlər sahəsində islahatların aparılması” layihəsi çərçivəsində tikilir və dəyəri 15 milyon dollardır. Layihənin həyata keçirilməsi üçün Şəki, Qax, Ağdaş, İsmayıllı və Abşeron pilot rayonlar kimi seçilib. Layihəni Dünya Bankı, Azərbaycan hökuməti, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, YUNİSEF və Dünya Səhiyyə Təşkilatı maliyyələşdirir. Binanın 2011-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub.
Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar Səhiyyə Nazirliyinin xüsusi tədbirlər planına uyğun olaraq Şəki Bölgə Qanköçürmə mərkəzində qanvermə aksiyası keçirilib. Yunanıstan hökumətinin dəstəyi ilə Şəkidə səhiyyə sahəsi ilə bağlı müxtəlif layihələr həyata keçirilməsi ötən ildə də davam etdirilib. Akademik Zərifə Əliyeva adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun bir qrup əməkdaşı Şəkidə olub, göz xəstəliklərindən əziyyət çəkən 100 nəfərə yaxın xəstəni müayinə edib, 17 xəstə üzərində cərrahiyyə əməliyyatı aparılıb.
Azərbaycanın digər ərazilərində olduğu kimi Şəkidə də bədən tərbiyəsi və idmanın inkişafına yüksək diqqət və qayğı göstərilib. Bu gün Şəkidə Olimpiya İdman Kompleksi, İdman Sağlamlıq Mərkəzi, stadion, üzgüçülük hovuzu var. Bütövlükdə şəhərdə 179 idman qurğusu fəaliyyət göstərir. Bədən tərbiyəsi və idmanla məşğul olanların sayı ildən-ilə artır.

Turizmin inkişafı iqtisadiyyatın inkişafına təkan verib
ötən illərdə olduğu kimi 2008-ci ildə də Şəkidə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülüb. Burada hər il 70 min nəfər turizm xidmətindən istifadə edir. Turizmin inkişafı iqtisadiyyatın inkişafına, əhalinin işlə təmin olunmasına, nəqliyyat, rabitə, ticarətin inkişafına güclü təkan verib. Belə ki, “ümid”, “Şəki safarisi”, “Cənnət bağı” turizm istirahət mərkəzləri istifadəyə verilib, “Təpəbaşı” nekropolunda son tamamlama işləri başa çatdırılıb. Bu nadir mədəniyyət abidəsi artıq şəhərin turizm marşrutuna daxil edilib.
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və Şəki şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş milli atüstü oyunlar festivalı və Prezident Kuboku uğrunda çövkən milli oyunları keçirilib. 2008-ci ildə İslam Konfransı Təşkilatına üzv olan ölkələrin “İpək yolu” layihəsində iştirak edən turizm operatorları Şəkinin turizm potensialı, habelə, iqtisadiyyatı, mədəniyyəti, görməli yerləri, tarix və memarlıq abidələri ilə tanış olmaq məqsədilə Şəkiyə səfər ediblər.
2008-ci ilin ən mühüm mədəni hadisəsi isə iyunun 28-də Şəkidə keçirilən “Şəki-qədim sivilizasiyalar diyarı” adlı beynəlxalq tədbir olub. Şəki şəhər İcra Hakimiyyətinin, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Mədəniyyət və Turizm Nazirliyi ilə birgə təşkil etdiyi bayramda ölkəmizdə fəaliyyət göstərən 27 xarici ölkənin səfirləri, səfirliklərin əməkdaşları, habelə, elm və incəsənət adamları, millət vəkilləri iştirak ediblər.

Şəkidə kənd təsərrüfatının aparıcı sahələrindən biri taxılçılıqdır
Şəkinin relyefi, zəngin iqlimi, əkinə yararlı və məhsuldar torpaqları burada kənd təsərrüfatının bir çox sahələrinin inkişafına müsbət təsir göstərib. Rayonun ümumi torpaq sahəsi 243275 hektardır. Bu torpaqların 149384 hektarı kənd təsərrüfatına yararlı torpaq hesab olunur. Yerdə qalan torpaqların 20435 hektarını qış otlaqları, 11851 hektarını yay otlaqları, 49510 hektarını isə meşə fondu təşkil edir. Həyata keçirilən aqrar islahatlar nəticəsində 109625 hektar torpaq sahəsi dövlət mülkiyyətinə, 61500 hektar torpaq isə şəxsi mülkiyyətə verilib.
Rayonun kənd təsərrüfatında aparıcı sahələrdən birini taxılçılıq təşkil edir. Taxılçılığın inkişafı istiqamətində həyata keçirilən uğurlu tədbirlər nəticəsində 2008-ci ildə Şəkinin tarixində ilk dəfə olaraq 211 min ton taxıl istehsal olunub. Bu, əvvəlki illə müqayisədə 100 min ton çoxdur.
çələbixan qəsəbəsi yaxınlığında inşa olunan üzüm emalı müəssisəsinin fəaliyyətə başlaması isə üzümçülüyün inkişafına əhəmiyyətli şəkildə təsir göstərəcək. “Aqroinvestkom” MMC-nin inşa etdiyi şərab zavodunun ümumi dəyəri 7 milyon avrodur. 4 ha. ərazini əhatə edən zavodda üzüm emalı sexi, inzibati bina və yardımçı tikililər inşa edilib. Zavodda İtaliyanın “Bella Doffola SPA” şirkətinə məxsus ən müasir texnoloji avadanlıqlar quraşdırılıb. Müəssisə ildə 2 min ton üzüm emal etmək gücünə malik olacaq. İstər əkinçilikdə, istərsə də heyvandarlıqda məhsul istehsalının dinamik inkişafının təmin edilməsində suvarma işlərinin təşkili mühüm əhəmiyyət kəsb edir. Məhz bunu nəzərə alaraq rayonda əkin sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq, su itkisinin qarşısını almaq məqsədilə mövcud suvarma şəbəkəsində təsərrüfatlararası və təsərrüfatlardaxili kanallarda təmizləmə və bərpa işləri görülüb, 31 min hektardan çox əkin sahələrində suvarma işləri aparılıb. Şəki şəhərindən 70 km. məsafədə, Cəyirli kəndinə yaxın ərazidə axan Əlicançay üzərində inşa edilən su bəndi nəticəsində rayonun uzun illər quraqlıq problemi ilə uzləşən 4 min ha. artıq sahəsinin suvarılması mümkün olacaq. Eyni zamanda, həmin ərazidə yerləşən bir sıra kəndlərin içməli su ilə təchizatı daha da yaxşılaşacaq.

YAP Şəkidə xalqın birmənalı dəstəyini qazanan yeganə partiyadır
Qədim tarixə və ənənələrə malik Şəki eyni zamanda ictimai-siyasi proseslərdə fəallıq göstərir. Belə ki, ölkənin hər yerində olduğu kimi Şəkidə də prezident seçkiləri yüksək fəallıq şəraitində keçib. 2008-ci il oktyabrın 15-də böyük ruh yüksəkliyi ilə seçki məntəqələrinə gələn şəkililər Ulu öndər Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyevə səs veriblər. 2009-cu il martın 18-də Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsində də şəkililər yüksək fəallıqla iştirak edib, ölkəmizin, ictimai həyatımızın daha da demokratikləşməsinə xidmət edən bu mühüm məsələyə öz müsbət münasibətlərini bildiriblər.
Təbii ki, bu fəallıqda Yeni Azərbaycan Partiyası Şəki şəhər təşkilatının da payı var. 1993-cü ilin martın 6-dan fəaliyyət göstərən YAP Şəki şəhər təşkilatı özündə 97 ilk ərazi təşkilatını və 8116 nəfər üzvü birləşdirir. Şəhər təşkilatının sədri Həsən Həsənovun sözlərinə görə, onlardan 3678 nəfəri qadınlar, 2314 nəfəri isə gənclərdir. Xüsusilə də, son vaxtlar gənclərin partiyaya axını güclənib. ötən ilin oktyarbında keçirilən prezident seçkilərində, bu ilin martında baş tutan referendumda xüsusi fəallığı ilə seçilən şəhər təşkilatı hazırda qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlaşır. Seçkilərlə bağlı xüsusi tədbirlər planı da hazırlanıb ki, bütün işlər məhz həmin sənəd əsasında aparılır.
Həsən Həsənov onu da deyib ki, dövlətə və dövlətçiliyə sədaqətləri ilə seçilən şəkililər bundan əvvəlki seçkilərdə olduğu kimi bu seçkilərdə də YAP-ın namizədlərinə səs verəcək: “Bu gün ağı-qaradan seçməyi bacaran şəkililərin bələdiyyələrə və hakim partiyaya olan müsbət münasibəti məhz belə deməyə əsas verir. çünki YAP Şəkidə gerçək fəaliyyət göstərən və xalqın birmənalı dəstəyini qazanan yeganə partiyadır”.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 1953 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30