Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Beynəlxalq ictimaiyyət Ermənistandan tələb etməlidir!

Beynəlxalq ictimaiyyət Ermənistandan tələb etməlidir!

10.02.2024 [10:35]

XİN: Azərbaycan beynəlxalq hüququn ciddi pozuntularına görə cəzasızlığa son qoymaq istiqamətində səylərini davam etdirəcək

Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Cənubi Qafqazda sülh, təhlükəsizlik  və əməkdaşlıq mühitinin yaranması üçün geniş imkanlar açılıb. Bu məqsədlə Azərbaycan Ermənistana sülh sazişi imzalamağı təklif edib. Qarşı tərəf isə sözdə sülhdən danışsa da, əməldə tam əksini nümayiş etdirir. Belə ki, rəsmi İrəvan müxtəlif bəhanələrlə sülh sazişinin imzalanmasını uzadır. Nə qədər paradoksal olsa da, 30 il işğalçı siyasət yürütmüş, dəhşətli hərbi cinayətlər törətmiş Ermənistan indi ölkəmizi işğal və digər cinayətlərdə ittiham etməyə çalışır. Bu məqsədlə müxtəlif beynəlxalq instansiyalara müraciət edir, eləcə də ölkəmizə qarşı şər-böhtan kampaniyası aparır.

“Yalan ayaq tutar, amma yeriməz”

Buna misal olaraq fevralın 8-də Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasına həsr olunmuş mərasimdə bu ölkənin  xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanı hədəf alan bəyanat səsləndirməsini də göstərmək olar. Belə ki, Mirzoyan  guya Ermənistanın “konstruktiv yanaşmalarının heç də həmişə adekvat cavab almadığını” qeyd edərək, Azərbaycanın müvafiq siyasi iradə və aydın öhdəlik nümayiş etdirməsinin vacibliyini iddia edib. O, “Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmaq və Ermənistan üçün Roma Əsasnaməsini ratifikasiya etməkdə məqsəd Azərbaycanı hərbi cinayətlərə görə məsuliyyətə cəlb etməkdir” deyərək açıq-aşkar erməni xislətini, erməni riyakarlığını nümayiş etdirib. 30 il torpaqlarımızı işğal altında saxlayan, Xocalı soyqırımını törədən, işğal etdiyi ərazilərdə hər şeyi məhv edən və 1 milyon insanı öz yurdlarında yaşamaqdan məhrum edən bir ölkənin nazirinin bu fikirləri ən azı beynəlxalq ictimaiyyəti aldatmaq və məsuliyyətdən yayınmaq cəhdidir. Əslində isə Mirzoyanın təmsil etdiyi ölkə həmin cinayətlərə görə cavab verməlidir. Onun Haaqadakı çıxışından sonra bu atalar sözü yada düşür: “Yalan ayaq tutar, amma yeriməz”.

Yeri gəlmişkən, Azərbaycanın Xarici İşlər Nazirliyi A.Mirzoyanın məlum açıqlamalarını qətiyyətlə rədd edərək pisləyib. Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, A.Mirzoyanın çıxışı Ermənistanın Roma Statutuna qoşulmasının bu qurumlardan öz əsassız iddiaları, bədxah hərəkətləri, nifrət təbliğatı, dezinformasiya və beynəlxalq hüququn yanlış təfsiri üçün istifadə etmək cəhdi olduğunu bir daha nümayiş etdirir. Beynəlxalq birliyin Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını ala bilməməsi və 30 ilə yaxın müddətdə ərazilərimizin işğalına son qoyulmaması, Ermənistan tərəfindən kütləvi vəhşiliklər və insanlıq əleyhinə cinayətlər törədilməsinə, Ermənistanın müharibəni qızışdıran bəyanat və hərəkətlərini davam etdirməsinə maneçilik törətməməsi bu ölkədə cəzasızlıq hissinə təkan verib.

Mirzoyanın Haaqa yalanları...

“Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialarını davam etdirməsi, o cümlədən azərbaycanlılara qarşı irqi ədavəti qızışdırması və təşviq etməsi yalnız beynəlxalq hüququn norma və prinsiplərinin pozulması deyil, həm də Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycan Ermənistana qarşı iş üzrə 2021-ci il 7 dekabr tarixli müvəqqəti qərarı əsasında üzərinə götürdüyü öhdəliklərə ziddir. Ermənistanın uydurma tarixi rəvayətlərə və irqçi ideologiyaya əsaslanan qeyri-qanuni ərazi iddialarını reallaşdırmaq məqsədilə təcavüzü zamanı törətdiyi hərbi cinayətlərə, on minlərlə dinc sakini vəhşicəsinə qətlə yetirməsinə, həyata keçirdiyi genişmiqyaslı etnik təmizləməyə və işğal altında olan minlərlə şəhər, qəsəbə və kəndin yerlə-yeksan edilməsinə görə məsuliyyət daşıdığının beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana xatırlanması və bunun məsuliyyətini tələb etməsi vacibdir”,-deyən A.Hacızadə bildirib ki, Azərbaycan tərəfi beynəlxalq hüququn ciddi pozuntularına görə cəzasızlığa son qoymaq, qanunun aliliyinin təşviqi, regionda sülh, təhlükəsizlik və sabitliyin qurulması, möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirəcək.

İcma: Ermənistan hakimiyyəti öz diplomatlarına heç cür nəzarət edə bilmir, ya da...

Qərbi Azərbaycan İcması da A.Mirzoyanın bəyanatına münasibətini açıqlayıb. İcmadan bildirilib: “Ermənistanın xarici işlər nazirinin Haaqada etdiyi çıxış onu göstərir ki, ya Ermənistan hakimiyyəti öz diplomatlarına heç cür nəzarət edə bilmir, ya da elə özü onlara gecə-gündüz Azərbaycan əleyhinə danışmaq, böhtan atmaq tapşırığı verib və bir növ, rol bölgüsü aparıb”. Qeyd olunub ki, Ermənistanın 30 il ərzində beynəlxalq təşkilatların qərarlarını qulaqardına vurması, hətta onlara kinayə ilə yanaşması fonunda bu gün elə həmin erməni diplomatlarının BMT Təhlükəsizlik Şurasından, Beynəlxalq Ədalət Məhkəməsindən, Fransa Senatından, Litva XİN-dən, Rasmus Kanbak, Lindsi Snell kimi irqçi və muzdlu mirzələrdən, saman çöpündən mədəd umması onların düşdüyü acınacaqlı vəziyyətin bariz göstəricisidir.

Beləliklə, A.Mirzoyanın Haaqa yalanları bütövlükdə Ermənistanın məlum destruktiv siyasətinin növbəti təzahürüdür. Əslində, Mirzoyan ölkəsinin Azərbaycana qarşı 30 illik işğalçılığı dövründə törətdiyi cinayətlərə görə hansı cəza gözlədiyini düşünməlidir. Çünki həmin cinayətlər unudulmayıb və dövlətimiz həmin cinayətləri sənədləşdirir və beynəlxalq məhkəmələrə müraciət edəcək.

Roma Statutuna qoşulan İrəvanı nə gözləyir?

Digər tərəfdən, rəsmi İrəvan Roma Statutunu ratifikasiya etməklə hansı vəziyyətə düşdüyünü düşünməlidir. Erməni tərəfi nəzərə almalıdır ki, bu addım Rusiya tərəfindən kəskin etirazla qarşılanıb. Məlumdur ki, Beynəlxalq Cinayət Məhkəməsi ötən ilin mart ayında Rusiya Prezidenti Vladimir Putini Ukraynada törədilmiş hərbi cinayətlərə görə cavabdeh olmaqda ittiham edərək həbsinə order verib. Həmin il oktyabrın 3-də isə Ermənistan parlamenti Roma Statutunu ratifikasiya edib və bu il fevralın 1-də isə rəsmən bu sənədə qoşulan ölkə olub. Hakimiyyət nümayəndələri  bu sənədin Rusiyaya qarşı yönəlmədiyini iddia edirlər. Amma məlumdur ki, Ermənistan Roma Statutuna qoşulduqda Beynəlxalq Cinayət  Məhkəməsinin çıxardığı qərarlar bu ölkə tərəfindən də icra olunmalıdır. Hələ İrəvan bu barədə niyyətini bəyan etdikdə Rusiya XİN açıqlama yayaraq Ermənistanın bu qərarının qəbuledilməz olduğunu bildirmişdi. Çünki Rusiya Prezidenti V.Putin Ermənistana səfər edərsə, Roma Statutuna əsasən, bu ölkədə həbs olunmalıdır.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu (Roma Əsasnaməsi) 15 iyun 1998-ci il və 17 iyul 1998-ci il tarixləri arasında Birləşmiş Millətlər Təşkilatı Konfransının İtaliyanın paytaxtı Romada qəbul etdiyi Beynəlxalq Cinayət Məhkəməsinin Qurulması haqqında sənəddir. Sənədi 139 dövlət imzalasa da, 124 dövlət ratifikasiya etmişdi. Ermənistanla isə onların sayı 125-ə çatdı. Rusiya illər öncə Roma Statutunu imzalasa da, parlamentdə təsdiqləməyib. Ardınca, 2016-cı ilin noyabrında prezident Putin Rusiyanın Roma Statutunda iştirakdan imtinası ilə bağlı sərəncam imzalayıb. Artıq Rusiya rəsmiləri tərəfindən İrəvana dəfələrlə xəbərdarlıq edilib. Ona görə də, Mirzoyan həm də ölkəsinin Rusiya tərəfindən cəzalandırılacağını unutmamalıdır.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 177 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Saxta üz kremləri...

21 Fevral 11:14

Xəbər lenti

Mənəviyyat bayrağı

21 Fevral 10:44

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29